525.Az

Yüz yaşlı jurnalın baş redaktoru - Əli Əmirlidən yubiley yazısı


 

 İntiqam Qasımzadə-80

Yüz yaşlı jurnalın baş redaktoru - <b style="color:red"> Əli Əmirlidən yubiley yazısı</b>

Azərbaycan ədəbi aləmində jurnal deyəndə ilk olaraq "Azərbaycan" jurnalı və əlbəttə, həmin jurnalın baş redaktoru İntiqam Qasımzadə yada düşür. Bu günlərdə 80 yaşını qeyd etdiyimiz baş redaktor ömrünün tən yarısını ədəbiyyatımıza 100 ildir güzgü tutan bu möhtəşəm jurnala həsr edib. "Azərbaycan" jurnalının var olmasında, yaşamasında, internet texnologiyalarının amansız basqısı dövründə də mümkün olan ədəbi səviyyəsinin saxlanmasında var gücü ilə çalışır. Müxtəlif illərdə bu jurnalda ədəbi işçi, tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini vəzifələrini icra edib. 1997-ci ildən isə  jurnalın baş redaktorudur. Onu da deyim ki, "Azərbaycan" jurnalına  dövrünün adlı-sanlı çox yazıçıları baş redaktorluq edib, amma 25 il dalbadal heç kəs baş redaktor kürsüsündə qərar tuta bilməyib. Onu da deyim ki, heç kəs kürsünü könüllü tərk etməyib.

İntiqam Qasımzadə çox çətin, hər bir cəhətdən mürəkkəb bir zamanda baş redaktor vəzifəsini boynuna götürməli oldu. Jurnalı həm maliyyə, həm də ədəbi material sarıdan təmin etmək lazım idi. Ölkənin ən yaşlı və ən nüfuzlu jurnalının ardıcıl şəkildə çıxması üçün o mürəkkəb zamanda baş redaktordan çeviklik, inadkarlıq, hətta fədakarlıq tələb olunurdu. Siyasi hadisələrin axınına düşmüş millət kitab-jurnal oxumağı yadırğamış, kitab ticarəti iflasa uğramış, nəşr olunan kitabların tirajı minimuma enmişdi. "Azərbaycan" jurnalı da "olum, ya ölüm" dilemması ilə üz-üzə qalmışdı. Bax belə bir vaxtda İntiqam Qasımzadə təmənnasız olaraq (o illər jurnalda əməkhaqqı yox dərəcəsində idi) jurnalı məhv olmaqdan qoruya bildi. Jurnaldan heç bir gəliri olmayan baş redaktor kitab nəşri ilə bağlı bir sıra layihələrdə tərtibçi, redaktor kimi iştirak etməyə məcbur olurdu. Şükür ki, o zaman Ulu öndər Heydər Əliyevin göstərişi ilə Yazıçılar Birliyinin bütün ədəbi orqanları kimi, "Azərbaycan" jurnalı da maliyyə sıxıntısından qurtardı. Bu gün də dövlətin maliyyə dəstəyi yüksək səviyyədə davam edir.

Əlbəttə, jurnal nəşri üçün maliyyə dəstəyi vacibdir, amma daha vacib olan jurnalın keyfiyyətli ədəbi materiallarla təmin edilməsi idi. Siyasi coşqunluq və bunun tam əksi olan ədəbi durğunluq şəraitində aylıq ədəbi məcmuəni yeni əsərlərlə təmin etmək, eyni zamanda, ənənəvi kursa sadiq qalaraq bədii "planka"nı saxlamaq çətin vəzifə idi. Baş redaktor kimi İntiqam Qasımzadə bu çətin vəzifənin də öhdəsindən gələ bildi. Yaşından, təcrübəsindən, ad-sanından, ədəbi statusundan asılı olmayaraq bütün yaradıcı insanların üzünə açdı jurnalın qapılarını. Son illərdə yaranan ən yaxşı əsərlər, əvvəllərdə də olduğu kimi, məhz "Azərbaycan" jurnalının səhifələrində dərc olundu. Hətta jurnalın fəaliyyətinə ağız büzənlər də sonradan anladılar ki, ən etibarlı, ən nüfuzlu ədəbi səhifə açılıb-bağlanan internet saytları deyil, məhz "Azərbaycan" jurnalıdır. Əslində, bu jurnalda çap olunmaq hər bir yazıçının istəyidir. Bu əvvəllər də belə olub, indi də belədir.

Təbiidir ki, jurnalda dərc edilən yazıların müəllifi baş redaktor deyil, jurnal cari ədəbi mənzərənin göstəricisidir. Əgər bu mənzərə hərdən cəlbedici olmursa, bunun günahı baş redaktorda deyil, o mənzərəni yaradanlardadır. Tam əminliklə deyə bilərəm, "Azərbaycan" jurnalına təqdim olunan heç bir yaxşı əsər geri qaytarılmır. Səbəb sadədir, hər bir ədəbi məcmuənin taleyi, nüfuzu onun səhifələrindəki əsərlərin keyfiyyəti ilə ölçülür. Odur ki, hər bir mətbu orqan, məhz yaxşı əsər sorağındadır, amma yaxşı əsəri tanıyan, duymağı bacaran redaktor gərəkdir. Bu məsələdə yüksək ədəbi zövqü, geniş mütaliəsi, mədəni aləmə yaxından bələdliyi, sözü duymaq qabiliyyəti, yaxşını pisdən ayırmaq üçün lazım olan redaktor fəhmi baş redaktor kimi İntiqam bəyin köməyinə gəlir.

Ən vacib olan məqamlardan biri də ədəbi jurnalın funksiya və spesifikasının doğru-düzgün yerinə yetirilməsidir. Ədəbi jurnal nə qəzetdir, nə tənqid dərgisi, nə sürüşkən başlıqlı yazılara qucaq açan internet saytı, nə də xəbərlər bülleteni. Ədəbi jurnalın, indiki halda "Azərbaycan" jurnalının əsas vəzifəsi çağdaş ədəbiyyatımızın ümumi mənzərəsini konkret bədii əsərlər vasitəsi ilə göstərməkdir. Həmin mənzərənin təhlili, qiymətləndirilməsi isə artıq tənqidin işidir.

"Azərbaycan" jurnalı və onun baş redaktoru haqqında bu sözləri deməkdə haqqım olduğunu düşünürəm. Çünki 1971-ci ildən başlayaraq mənim hekayələrim, povestlərim, romanlarım, axır iyirmi ildə isə pyeslərim, baş redaktorun kimliyindən asılı olmayaraq, ilk olaraq məhz "Azərbaycan" jurnalında işıq üzü görüb. Deməli, bu jurnalla əməkdaşlığımın az qala əlli yaşı var. Bu yarım əsrin qırx ilində yazımın qəhrəmanı İntiqam Qasımzadənin xüsusi yeri var.

Bizim tanışlığımız doğma "Azərbaycan" jurnalının redaksiyasında baş tutdu, elə orda da davam edir. Onda mən artıq xeyli vaxtdı jurnalın müəllifləri sırasındaydım, İntiqam Qasımzadə isə kinostudiyadan təzəcə gəlmişdi redaksiyaya. Sonralar bu tanışlıq dostluğa çevrildi, amma bu, iki kişinin adi dostluğu deyildi, bu, daha çox redaktor və yazıçı əməkdaşlığı üzərində qərar tutan dostluq idi. Artıq 1977-ci ildən başlayaraq mənim əsərlərim "Azərbaycan" jurnalında, məhz İntiqam Qasımzadənin sayəsində və onun redaktorluğu ilə dərc olunub. "Ehtiyat özək" adlı hekayəmin adının müəllifi də odur. Biz redaksiyadan kənarda nadir hallarda görüşürük, o da rast gələndən-gələnə. Redaksiya daxilində isə vaxtaşırı ən müxtəlif məsələlərdən saatlarla söhbət edir, müzakirə açır və deyim ki, sözümüz tutur, fikirlərimiz əksər hallarda üst-üstə düşür, bir-birini tamamlayır. Televiziya ekranına da ilk dəfə İntiqam bəyin Aleksandr Qriçlə birgə müəllifi və aparıcısı olduğu məşhur "Bayatı" verilişində çıxmışam. O zamanın ən baxımlı, populyar və uzunömürlü ədəbi verilişi daha geniş auditoriyanı əhatə etsin deyə rus dilində yayımlanırdı. İndinin özündə də çəkiliş öncəsi həyəcanımı xatırlayıram. Çox mürəkkəb mövzu idi: "Qrajdanstvennost v literature". Mövzunun çətin olması bir yana, teleekranda ilk müsahibəm rus dilində olmalı idi. Çətin olsa da, söhbəti yola verdik. Ertəsi gün "Azərbaycan" jurnalının rus dilini çox da yaxşı bilməyən o vaxtkı baş redaktoru rus dilimi çox bəyəndiyini demişdi mənə.

"Azərbaycan" jurnalında işləməklə bərabər, ömrünün müxtəlif dönəmlərində İntiqam Qasımzadə şair, tənqidçi, publisist, tərcüməçi, kinodramaturq kimi də istedadını göstərib. Kino mütəxəssisləri indinin özündə də təcrübəli ekspert kimi onun zövqü ilə hesablaşır, məsləhətlərinə qulaq asırlar. Onu da deyim ki, mənim üçün İntiqam bəyin yaradıcılığının ən maraqlı sahəsi onun kinodramaturq kimi fəaliyyətidir. Bu gün də davam edən kino yaradıcılığı iyirmidən çox sənədli və bədii-sənədli filmi əhatə edir. Onun ssenariləri əsasında Qara Qarayev, Tofiq Quliyev, Xəyyam Mirzəzadə, Vaqif Mustafazadə, Cahangir Cahangirov, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli kimi görkəmli şəxsiyyətlər haqqında çəkilmiş filmlər Azərbaycan kinematoqrafının hasil etdiyi yüzlərlə sənədli film arasında yüksək mədəni səviyyəsi, kino dilini gözəl bilməsi, obyekti dərindən duyması və tanıması ilə seçilir. Bir çox rusdilli müəlliflərimizin ssenariləri əsasında çəkilmiş məşhur filmlərimizin doğma dilimizdə səslənməsində də İntiqam Qasımzadənin rolu danılmazdır, baxmayaraq ki, həmin filmlərin titrlərində onun adı getmir.

Etiraf edim ki, Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edən "Nuri-didə Ceyhun" adlı pyesimi işləyəndə İntiqam bəyin Ceyhun Hacıbəyli haqqında yazdığı ssenaridən istifadə etmişəm. Pyesin ən vacib bir yerində dirəndiyimdə həmin ssenari dadıma çatmışdı. İntiqam bəyin Azərbaycan kinosuna yaxın bələdliyini, bu sahədə məhsuldar fəaliyyətini, ədəbi əsərlərə qiymət verərkən müsbət mənada prinsipiallığını nəzərə alaraq onu bir neçə il bu il 100 yaşını qeyd etdiyimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino fakültəsinin Dövlət Attestasiya Komissiyasının işinə sədr kimi dəvət etmişik.

İntiqam Qasımzadənin geniş diapazonlu yaradıcılığının müxtəlif sahələrindən danışmaq, söz açmaq olar, amma onun rəngarəng yaradıcılığı bir yana, redaktorluğu isə bir yanadır. İntiqam Qasımzadənin ədəbiyyatımızda əsas missiyası redaktorluqdur. Bəlkə ona görədir ki, bu nəcib peşəyə ömrünün qırx altı ilini həsr etmiş əziz dostum özünün 80 illik yubileyinin deyil, daha çox jurnalın 100 yaşının fərəhini yaşayır.

Bəli, İntiqam Qasımzadənin 80 yaşı tamam olur. Bu yaşında da o doğma jurnalın ağrı-acıları ilə, sevinci və kədəri ilə yaşayır, jurnalın səhifələrini zəif əsərlərdən qorumaq üçün bəzən mübarizə aparmalı, dirəniş göstərməli olur. İnanın, bu o qədər də asan iş deyil. Mən bu yolda İntiqam bəyə səbr, hövsələ, tükənməyən enerji, möhkəm sağlamlıq arzulayıram.

80 yaşın mübarək, əziz baş redaktor!

 

 





09.08.2023    çap et  çap et