525.Az

"Venera Adonisin ölümünə yas tutur" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Venera Adonisin ölümünə yas tutur" - <b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Gülbən Abdullayevadır. Onunla rəssam Tomas Villebortsun "Venera Adonisin ölümünə yas tutur" əsərindən danışmışıq.

Tomas Villeborts flamandlı barokko rəssamı idi. O, Antverpen məktəbinin nümayəndəsi, niderlandlı rəssam və qravüraçı Cerard Seqersin tələbəsi olub.

Rəssam  Antverpendə yaşayıb-yaradıb. O, karyerasına Cerard Seqersin emalatxanasında assistent kimi başlayıb, Seqersdən işıqla işləməyin texnikasını mənimsəyib. Təhsil aldıqdan sonra rəssam öz emalatxanasını qurub. Onun işinə böyük tələbat olub və Avropanın müxtəlif yerlərindən sifarişlər gəlib.

 

- Gülbən xanım, rəsmin yaranma tarixçəsi haqqında nə bilirik?

- 1641-1654-cü illərdə rəssam "Venera və Adonis" mövzusunda silsilə rəsmlər yaradır. Haaqa hökmdarı Frederik Henri tərəfindən ölkə iqamətgahını bəzəmək əmri verilir. "Adonisin ölümünə yas tutan Venera" süjeti bir neçə dəfə təsvir edilib. Bu variantlardan biri Radişevski Muzeyində nümayiş etdirilir.

Venera və Adonisin sevgi hekayəsi Roma şairi Ovidin "Metamorfozlar" poeması sayəsində məşhurlaşıb. Veneraya gözəllik, cismani sevgi və məhsuldarlıq ilahəsi kimi hörmət edilirdi. Rəvayətə görə, o, Kitera adasının yaxınlığında dəniz köpüyündən çıxıb və sonra külək onu Kiprə aparıb. İlahənin ayağı hara dəyirdisə, orda güllər açırmış.

Sevgi tanrısı Kupidin oxuna görə Venera yer üzündəki bir insana - Adonisə aşiq olur.  O, Kipr kralı Kinira və öz qızı Mirranın oğlu idi. Həmin  faciə baş verənə qədər sevgililər xoşbəxt idi. Bir gün  ov zamanı bir çöl donuzu Adonisi ölümcül yaralayır.

- Əsərin kompozisiyası necədir?

- Villeborts fiqurları elə düzür ki, onlar dünyanın harmoniyasını və əmin-amanlığını simvolizə edən üçbucaq kimi görünür. Eyni zamanda, üçbucağın içərisində bədənlərin vəziyyəti və personajların jestləri qırıq xətlər əmələ gətirir və ahəngdarlığı pozur. Rəsmin ziddiyyətli rəng palitrası xaos və gərginlik hissini saxlayır - rəssam qırmızı və mavinin isti, soyuq çalarlarından yan-yana istifadə edib. Belə möhtəşəm mifoloji kompozisiyalar Villeborts emalatxanasının vizit kartı idi.

- Tablo hazırda harada saxlanılır?

- "Venera Adonisin ölümünə ağlayır" tablosu 1885-ci ildə İmperator Ermitajının hədiyyəsi olaraq Radişşev muzeyinə daxil olub. Müəllifin imzası olan süjetin ilk variantı hazırda Berlin yaxınlığındakı Yaqdşloss Qrunevald qəsrindədir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Rəsam bu əsərdə Veneranın ölməkdə olan sevgilisinin əzabını göstərir. Ovidə görə, ilahə saçını və paltarını cırmağa, əzaba layiq olmayan əlləri ilə sinəsinə vurmağa, taleyi məzəmmət etməyə başlayır. Rəssam onu qucağında Adonisin meyitini tutan vəziyyətdə təsvir edib. Veneranın yanında kiçik sevgi tanrısı Kupid var. Villeborts onun dözülməz kədərini təsvir edib. Balaca Kupid onun yanında ağlayır. Şəklin sol tərəfində gördüyümüz ov iti və ov quşu isə baş verən hadisənin nişanəsidir.

Aytac SAHƏD

 





09.08.2023    çap et  çap et