525.Az

Modernizm - İmir Məmmədlidən esse


 

Modernizm - <b style="color:red"> İmir Məmmədlidən esse</b>

Başdan deyim ki, mən bütün ədəbi izmlərə və cərəyanlara nəyisə nədənsə ayırmaq cəhdi kimi baxıram. Bilmirəm, bu cür təhlilər və ayırmalar son nəticədə ədəbiyyata bir şey verir, ya yox. Ədəbi cərəyanlar və izmlər, güman ki, bu və ya digər yazıçının gətirdiyi yeni üslub çalarlarını təhlil etmək üçün tənqidçilərin tədbiq etdikləri metoddan doğan ad qoymalardır. Əslində bir həqiqət var: yazıçı ya yaxşı danışa bilir, ya da danışa bilmir (Bu konteksdə "danışmaq" sözünü yazmaq mənasında işlədirəm), başqa sözlə, o, oxucuya çatdırmaq istədiyi fikri, ideyanı ya aydın şəkildə çatdıra bilir, ya da çətinlik çəkir. Böyük alman filosofu Fridrix Nitşe "Zərduşt belə deyərdi" əsərində gözəl buyurur: "Şair (yazıçı) bulandırır öz sularını, bulandırır ki, çayı dərin görünsün". Bəli, belə də olur. İddialı şair və yazıçı sözün qarşısında öz acizliyini hiss edəndə, Nitşe dediyi hiyləyə əl atır. Bütün dövrlərdə fikrini aydın çatdıran müəlliflər sevilib və yadda qalıb. Bütün dövrlərdə iddialı, amma məhdud imkanlı ədəbiyyatçılar olub, fəqət əsərləri də özlərylə birlikdə ölüb gedib.

Buna rəğmən, ədəbiyyatda "izmlər" olub, cərəyanlar yaranıb, elmi-tənqidi mətnlərdə adı hallanıb. Bizdə, yəni Azərbaycan ədəbiyyatında bütün "İzmlərdən" fərqli olaraq modernizm və post modernizmin adları tez-tez çəkilir.

Maraqlıdır, nədir bu modernizm? Ədəbiyatçılar bu terminə müraciət edəndə nəyi nəzərdə tuturlar?

Azərbaycan ədəbi mühitində modernizm anlayışı barədə danışmazdan öncə bu terminin özünün düzgün başa düşülməsi, düzgün dərk edilməsi gərəkdir.

Bugünkü Azərbaycan ədəbiyyatına zaman etibarıyla ən yaxın olan ədəbiyyat sovet dönəminin ədəbiyyatıdır, başqa sözlə, çağdaş Azərbaycan ədəbiyyatı sovet Azərbaycan ədəbiyyatının davamıdır, istər-istəməz onun müəyyən xüsusiyyətlərini öz içində daşıyır. O da aydın məsələdir ki, modernizm bir ədəbi cərərayan kimi sovet ideologiyasının sərhədləri daxilində mənfi bir ədəbiyyat, incəsənət faktı kimi anlaşılırdı, sovet adamı, sovet yazıçısı belə şeylərə uymamalı idi. Həmin dövrün biblioqrafik mətnlərinə ötəri nəzər salsaq, görərik ki, sovet realizmi və modernizm az qala antonimlərə çevrilmişdilər. Digər sovet respublikalarında da olduğu kimi, Azərbaycan ədəbiyyatında da (incəsənətində də) sözügedən dövrdə modernizm ədəbiyyatda, incəsənətdə qəbuledilməz, süni, son dərəcə subyektiv, psevdopozisional və lazımsız ədəbi hadisə kimi qarşılanırdı.

Əgər Avropa ədəbiyyatının yaxın tarixinə nəzər salsaq, görərik ki, XX əsrin ortalarından ta səksəninci ilərə qədər modernizm bir kulturoloji anlayış kimi bu gün işlənilən mənada işlənilməyib, ədəbi-tənqidi mətnlərdə istifadə olunarkən bu söz hazırda verdiyi mənanı verməyib. Modern bir termin olaraq həmin dövrlərdə "nadir", "bənzərsiz", "orijinal" mənalarını verib. Yəni modern sözü ilə göstərilib ki, bu və ya digər mətn indiyə qədər olanlardan fərqlidir, bənzərsiz və orijinaldır. Sonradan bu termin yaradıcı insanın dünyagörüşünün, fəlsəfi konsepsiyasının spesifikliyini də əhatə etdi.

Əgər bu nöqteyi-nəzərdən yanaşsaq, sovet rejimi dövründə yazıb-yaradan böyük Azərbaycan nasiri İsa Muğanna da modernist yazıçıdır. Həmin dövrün siyasi rejimi bu termini qəbul etsə də, etməsə də, terminin əzəli məğzi-mənası baxımından nəinki bu yazıçımıza, hələ XIX əsr Azərbaycan ədəbiyyatının zirvələri Mirzə Fətəlli Axundova da Mİrzə Cəlil Məmmədquluzadəyə də bu adı (əzəli mənasında) yaraşdıra bilərik.

Bir şeyi də mütləq qeyd etməliyik ki, Azərbaycanda modernizmin (elə post-modernizmin də) bayraqdarı bədii ədəbiyyat hesab olunur, yəni biz modernizmdən (post-modernizmdən də) danışanda ilk növbədə ədəbiyyatı nəzərdə tuturuq, ancaq unutmamalıyıq ki, bizim səhnə sənətində də Hüseynağa Atakişiyev və Vaqif İbrahimoğlu kimi yenilikçi, sözün əsl mənasında modernist rejissorlarımız olub.

Düşünürəm ki, Azərbaycan ədəbiyyatında və incəsənətində modern meyilli yazıçıların (qoy, gənc yazarlarımızın sevdikləri termindən yan qaçmayaq, ara-sıra post-modernizm də deyək) ən böyük nailiyyəti sehrli dairədən, köhnə çərçivədən, yəni təkrarçılıqdan qaçmaq cəhdidir, bu, bəzən uğurla başa çatır, bəzən də cəhd olaraq qalır. 

 





10.08.2023    çap et  çap et