525.Az

Zəfər dolu fırtınalar var olsun!


 

Zəfər dolu fırtınalar var olsun!<b style="color:red"></b>

Barat VÜSAL
Azərbaycan Yazıçılar Birliyi Qazax Filialının sədri, Əməkdar incəsənət xadimi

Yazıçı Fərman Eyvazlının "Qaçaq Kərəm" romanında belə bir epizod var: "Şəhərdən Ürkməzliyə doğru uzanan torpaq yolda kəndə sarı bir atlı gedirdi. Ucaboylu, qarayanız, xoşsima kişi idi".

Bu sətirləri oxuduqca həmin xoş sima kişinin timsalında gözümün önünə, özünə, sözünə, nüfuzuna (eləcə də xoş simasına!) böyük hörmət bəslədiyim hərbçi və şair qardaşım Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanı kontr-admiral Sübhan Bəkirov-şair Sübhan Kamaloğlu gəldi. Özü-sözüdür, sözü-özüdür! F.Eyvazlı qeyd edir ki, "Ürkməz qorxmaz deməkdir. Bu adı əzəllərdə yadelli yağılara qarşı sinə gərib qılınc çalan elin igid oğulları qazanmışdı. Dışı dağlar, içi bağlar olan bu axar-baxarlı obanın arxasında Avey dağı qala kimi dayanmışdı. Sağ tərəfində Göyəzən dağı ucalırdı".

"Zəfər dolu fırtına" kitabının müəllifi hərbçi şair Sübhan Kamaloğlu məhz belə bir yerdə - Qazaxın Ürkməzli kəndində anadan olmuşdur. Ana babası da, ata babası da Qazax mahalının adlı-sanlı, sözükeçən, nüfuzlu ağalarından-kişilərindən olublar. Ana babasının M.Dilbazi nəslinə mənsub olmağı göstərir ki, Xalq şairi ilə qan qohumluğu da var.

Belə bir yerdə dünyaya göz açmaq özü ayrıca bir tale xoşbəxtliyidir. Bu yurd elə-belə yurd deyil!

Bu yurd bir ağır el nümunəsidir,

Sübhanın nəfəsi el nəfəsidir.

Aveydən yüksələn qartal səsidir,

Vardır namus, qeyrət, arı kəndimin!

Bu, həmin müqəddəs el nəfəsidir ki, Sübhandan qabaq əslən Qazaxdan olan "Rus topunun Allahı" adlandırılan Əlağa Şıxlinskini və mayor Mustafa ağa Arifi də şair eləmişdi. Onların hərbçi olmaqla yanaşı, şeir yazdıqları da məlumdur.

Sübhan Kamaloğlu da belə hərbçilərimizdəndir. "Zəfər dolu fırtına" onun 6-cı şeirlər kitabıdır.

"Zəfər dolu fırtına"nı sözün məcazi anlamında çoxdan gözləyirdik...

Bilirdik ki, bu fırtına bütün fırtınaları dəf etmək gücündədir. 30 ildi ki, ona həsrət qalmışdıq. Onu görmək üçün, qürurla, iftixarla demək üçün tələsirdik:

Salam, Qarabağım, qayıtmışam mən,

Qoynunda sürünən dumanam, çənəm.

Salam xarıbülbül, sənə həmdəməm,

Üçrəngli bayrağım, şərəfim,  şanım,

Zəfərin mübarək, Azərbaycanım!

 

Salam igid əsgər, yenilməz ordum,

Məhv etdin düşməni, azaddır Yurdum.

Şuşa yaylağında toy-busat qurdum,

Şadlanır, sevinir dağım-aranım,

Zəfərin mübarək, Azərbaycanım!

Sübhan Kamaloğlunun təzə çapdan çıxmış "Zəfər dolu fırtına" kitabı bu misralarla başlanır, zəfər dolu fırtınanın qüdrətindən söhbət açır, Vətənimizə, torpağımıza, bayrağımıza göz aydınlığı verir. Öyüncümüzü, sevincimizi belə bölüşür:

Gözün aydın, Cıdır düzü,

Təbiətin ayna gözü!

Al qoynuna bir də bizi,

Bu yerlərdə gəzək qoşa,

Biz qayıtdıq, əziz Şuşa!

Bu mübarək fırtına sevinc şadlıq gətirib özüylə. Bu sevinci hamıyla bölməyə hazırıq. Bu fırtınanın hər dalğası bir qartal qıyı, qartal sədasıdır. Bu səda deyir ki:

Ali Baş Komandan - öndə bir mayak,

Vətənimə dayaq, xalqıma dayaq.

Ay Sübhan, həmişə oyaq ol, oyaq,

Xaini tarixdən siləsən gərək!

Bu qartal qıyı, qartal sədası qalib, Müzəffər Ali Baş Komandanımızı, qalib ordumuzu, qalib yurdumuzu dönə-dönə alqışlamaqda, deməkdədir:

Həmişə sözünün üstündə duran,

Ali Baş Komandan, yaşa, min yaşa!

Düşmənin başına alov yağdıran

Ali Baş Komandan, yaşa, min yaşa!

 

Yazıldı tarixə qəhrəmanların,

Ellərə görk oldu əhdin, ilqarın.

Ulu öndərimin mərd yadigarı,

Ali Baş Komandan, yaşa, min yaşa!

Məhz bu Zəfər fırtınası payızımızı yaz eylədi. Bunun belə olacağını bir vaxtlar Ümummilli liderimiz Heydər Əliyev müjdələmişdi. Odur ki, S.Kamaloğlu yazır:

Xalqın üzü güldü, düşmən xar oldu,

Qələbə müjdəsi eldə car oldu.

Bu ilin payızı növbahar oldu.

Sən buna vermişdin söz, Ulu öndər!

S.Kamaloğlunun "Zəfər dolu fırtına" kitabı vətənpərvərlik hissləriylə aşıb daşan bir "fırtına"dır. Dalğaları, ləpələri Azərbaycana, yurda, doğma beşiyə, şairin anadan olduğu Qazaxa, doğma Ürkməzli kəndinə, onun dağına, aranına, çayına bulağına həsr etdiyi şeirlərin misralarıdır.

Bu "Dəniz qartalı" qartal kimi qanad çalıb üçmağı Aveyin, Göyəzənin zirvəsindəki qartallardan öyrənib. Yazdığı şeirlərlə əslində yol çəkirmiş o, Xəzərin fırtınalı qoynuna, vətənimizin az qala hər güşəsinə, həsrətində olduğu uşaqlıq aylarına, illərinə, doğma obaya -elə... Şair bunu bir şeirində belə təqdim edir:

Qələm əlimdədir, yazıram hələ,

Şeirimlə çəkmişəm yol bizim elə.

"Zəfər dolu fırtına" kitabını oxuduqca adam hiss edir ki, bu fırtına qopmaya bilərdimi? Ona görə qopdu ki, arxasında el dayandı, el durdu.

S.Kamaloğlu da yaxşı bilir ki, "İgid igid olmaz ha əlləşsə də, onun arxasında el gərək olsun!" Və biz qazandığımız böyük Zəfəri də arxasında el dayanan, xalq duran, özləri də başdan-başa "Zəfər dolu fırtına" kitabı olan oğulların, igidlərin sayəsində qazanmadıqmı?!

Mənim o yerlərdə sözüm, sazım var,

Bir ömür sazımı çalıb doymaram.       

misralarını bir hərbçi şairmi yazıb, yoxsa arxası öz elinə, əslinə-nəslinə bağlı el-oba aşiqimi?! Onun şeirlərinin canını, ruhunu daha çox müdrik fikirlər, nəsihətamiz, qürurverici düşüncələr, bütövlükdə xalq ruhu təşkil edir. Bu, aşağıda gətirdiyim misallardan da aydın görünür:

...Sübhan deyir: öyrən əsil-soyunu,

Zatsız-köksüz olanlardan uzaq ol!

 

...Deyin aranızda neçə adam var,

Dostunu tanıyan, yadını bilən?

 

...Sübhan, qan-tər tökməyənin,

El qeyrəti çəkməyənin,

Torpağa diz çökməyənin

Dizlərinə bıçaq batsın!

"Zəfər dolu fırtına" kitabı böyük zəfərimizin tərənnümünə həsr olunmuş şeirlərlə zəngindir. "Zəfər dolu fırtına"ya da, bu fırtınada  haqqında məhəbbətlə söz açılan elə-obaya, yola, lap hərbçi şairin özünə qoşulub demək istəyirsən, deməyi özünə borc bilirsən ki:

Odlar diyarına yaraşır Zəfər,

Azərbaycan deyən dillərə qurban!

Kim ki, ərənlərdən qalan yolun yolçusudur əsas mirasın da ərənlərdən qalma miras olduğunu yaxşı bilir, ona sahib çıxır. O mirası qoruyur, o yolu davam etdirir. Ərənlərdən qalan miras Yoldur, Könüldür, Amaldır, Kamaldır, Əsərdir. S.Kamaloğlu yeni kitabında bunları xüsusi vurğulayır, deməyi özünə borc bilir ki:

Dediyini düşün dərin,

Bil qədrini ləlin, zərin

Bizə miras Ərənlərin

Örnəyindən qalan da var.

Sübhan Kamaloğlunun özü də, sözü də, gözü-könlü də ərənlərdən qalma həmin mirasdır, örnəkdir.

Onun kitabını tam oxuyub başa çatanda sanki bir xalq Ozanının danışdığı qəhrəmanlıq, məhəbbət dastanının duvaqqapmasını eşitmiş oldum:

Ay Sübhan, bu xalqın sönməz işığı,

Burdadır Vətənin bil, yaraşığı.

Oxusun şeirimi ellər aşığı,

Sazında dillənən dillərə qurban!

 





10.08.2023    çap et  çap et