525.Az

Doğum gününü döyüş meydanında qarşılayan qəhrəman


 

Şəhid əsgər İbrahim Əliyevin xatirəsinə

Doğum gününü döyüş meydanında qarşılayan qəhrəman<b style="color:red"></b>

"Qayğısız uşaqlıq" deyirik. Və ya uşaqlara "qayğısız" deyirik, çünki hamı sənin qayğını çəkir, çəkməlidir. Sən kimsənin qayğısına qalmırsan, ya qalmalı deyilsən. Beləmi olub İbrahim Əliyevin uşaqlığı? Qayğısız dediyimiz uşaqlığını necə yaşayıb İbrahim? Qayğısızmı yaşayıb? Təbii ki, ata-ana qayğısı, sevgisi görüb. Məktəbdə müəllimlərin qayğısını hiss edib. Amma...

Amma bir uşaq kimi nə ürəyi istəyən oyuncağı, nə bahalı geyimi olub İbrahimin qardaşı İsgəndər kimi. İqlim Hərbi Sənaye zavodunda işləyən Nəcəfqulu Əliyev ailəni güclə dolandırdığından arada qayıqla dənizdə balıq ovuna gedərmiş. Bu da İbrahimin uşaqlığına sevincli günlər gətirməyib. 2003-cü ildə atası dənizdə itib və 72 gündən sonra nəşi tapılıb.

Bu, təkcə ata itkisi deyildi, həm də tənhalıq idi. Maddi çətinlik idi, böyük qayğılar idi. Anası Lalə Əliyeva 14 nömrəli Buzovna poliklinikasında xadimə işləyib oğlanları İbrahim və İsgəndəri böyütmək üçün. Qardaşlar 12-13 yaşlarından dərsdən sonra kiminin həyətində, kiminin bağında işləməli olublar, fəhləlik ediblər. Beləcə böyüyüb İbrahim. Yüksək təzyiqdən əziyyət çəkən anası Lalə xanım oğlunun şəhidliyindən 4 ay öncə infarktdan dünyasını dəyişib. Bəlkə də, tale ona övlad acısını yaşatmaq istəməyib...

Amma maddi çətinliklərlə böyüyən kasıb oğlanın zəngin ürəyi vardı. Bu ürək vətən sevgisiylə dopdoluydu. Bu sevgi onun xəzinəsi idi.     

Qardaşı İsgəndər Əliyev: "Həmişə işğalda olan torpaqlarımızdan danışardı. Elə orduya getmək istəyirdi. 2019-cu ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının  hazırlıq kursu"na vermişdi. MAXE olmaq istəyirdi. Həmin il qəbul etmədilər, gözləyirdi. "Birdən müharibə olsa, səni də aparacaqlar" dedim ona. "Elə onu istəyirəm. Birdən müharibə olar, məni aparmazlar, torpaqları mənsiz azad edərlər. Ürəyimə damıb ki, torpaqlarımızı azad edəcəyik, istəyirəm mənim də payım olsun" - cavabını verdi. Savaş başlayan kimi də getdi. İgid idi mənim qardaşım, qorxmaz idi".

Buzovnadakı 125 saylı məktəbdə oxuyub İbrahim. Doqquzillik təhsil alandan sonra ailənin maddi durumu çətin olduğundan işləməli olub. Kompüter öyrənib, onların təmiri və formatı ilə məşğul olub.

2012-ci ildə həqiqi hərbi xidmətini Ağdamda N saylı hərbi hissədə motoatıcı bölüyündə keçib. Qumbaraatan silahların bütün sirlərinə yiyələnib. Atıcı kimi birinci olub. Həqiqi hərbi xidmətini uğurla başa vurub. Əsgər yoldaşlarının, komandirlərin sevimlisi olub. Təmkini, intizamı, məsuliyyəti ilə seçilib.

Döyüşlərdə də fərqlənib İbrahim.

Döyüş yoldaşı Nurlan: "İbrahim mənim ürəyimdir. Canımın bir parçasını itirmişəm elə bil. Bütün döyüş yoldaşlarımız üçün belə idi. Müharibədir, birdən özünü çarəsiz kimi hiss etdiyin anlar olur. Ona baxanda güclü hiss edirdi adam özünü. O qədər cəsur, inamlı idi".

23 oktyabrda növbəti doğum gününü səngərdə keçirən İbrahimə "Eybi yox, İbrahim, qələbədən sonra sənə gözəl bir doğum günü keçirərik" deyən döyüş yoldaşlarına "Torpaqlar azad olunur. Hansınıza belə hədiyyə olub doğum günündə? Necə xoşbəxtəm, necə rahatam ki, 27 illik ömrüm hədər olmadı. Nə yaxşı ki, bu savaş mənim ömrümə yazıldı. 100 il yaşasan da, torpaqların əsirdisə, boşuna yaşayırsan əslində. Müharibədə bunu daha yaxşı anladım" - deyib igid əsgərimiz.

Deyirlər, insanın alın yazısı var, onu yaşayır. Belədirmi həqiqətən? İnsan özü heç nə yazmırmı taleyinə?

Məncə, insanın dünyaya gəlişidi onun alın yazısı, ömür kitabınısa özü yazır gördüyü işlərlə, məqsədi, arzuları, düşüncəsiylə.

İbrahim özü də yazmışdı: Hərbçi olmaq istəyirdi. Müharibədə torpaqlar uğrunda savaşmaq, şəhid olmaq... Özünə belə bir tale yazmışdı...

"Bax, doğum günümə qədər azad olunan torpaqlar həyatımın ən özəl, ən müqəddəs hədiyyəsi olacaq" - deyirmiş tez-tez. Elə oldu.

1993-cü il 23 oktyabrda Buzovnada dünyaya göz açmışdı İbrahim Nəcəfqulu oğlu Əliyev. İkinci Qarabağ savaşı başlayan kimi könüllü olaraq cəbhəyə getdi. İlk gündən Suqovuşan və Talış kəndi uğrunda gedən ən ağır döyüşlərdə iştirak etdi. Sonra Zəngilan, Cəbrayıl, Füzulinin azadlığı uğruna savaşdı. 2020-ci il oktyabrın 26-da Şuşa istiqamətində gedən çətin döyüşlərdə döyüş yoldaşı İsayev Ceyhun Rüstəm oğlu ilə birlikdə şəhid oldu.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbrahim Əliyev döyüşlərə qumbaraatan kimi qatılıb. Düşmənin neçə-neçə hərbi texnikasını, canlı qüvvəsini məhv edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.

"Şuşayacan getmək idi ən böyük arzusu. Şuşa istiqamətində gedən döyüşlərdə şəhid oldu. Şuşaya gedə bilmədi. Çox istərdim ki "Şuşanın azad olunmasına görə" medalına da layiq görülsün həmin döyüşlərdə şəhid olanlar kimi. Müdafiə Nazirliyinə də müraciət etmişəm. Baxacaqlar. Elə bilirəm qardaşım arzusuna çatacaq" - deyir İsgəndər Əliyev.

Əliyevlər ailəsinin yeganə üzvü indi İsgəndərdir. Təəssüf ki, qardaşa "Şəhid ailəsi" statusu verilmir... Ailənin yeganə üzvü İsgəndər maddi və mənəvi çətinlikləri ilə təkbətək qalsa da, qardaşının adına layiq olmağa, xatirəsini əziz tutmağa, yaşatmağa çalışır.

"Ən çətin döyüşlərdə də öndə olurdu. "Qorxmayın, 23 oktyabra qədər mənə heç nə olmayacaq. Biz qalibik. Torpaqların azadlığı uğrunda qalib kimi doğum günü keçirməyi xəyal edə bilərdim. Sonra şəhid olsam da, elə bilin ki, yenidən doğuldum" - deyirdi. Şəhid olanda inana bilmədik... İgid kimi öldü. Ölmədi əslində bizim üçün" - söyləyir döyüş dostları.

Döyüş dostların haqlıdır: ölmədin İbrahim. Özünün dediyin kimi, yenidən doğuldun. Bir ailədə dünyaya gəlmişdin. Bütün xalqın oğlu oldun.

Və qəfil düşündüm ki, doğum-ölüm tarixini qeyd edirik başdaşlarında. Şəhidlərin ölüm tarixi yoxdur axı... Onların şəhid olduğu tarixdən sonra sadəcə bir xətt qoymalıyıq. Sonsuzluğa gedən, sonu olmayan...

Kamalə ABİYEVA

 





10.08.2023    çap et  çap et