525.Az

Milli dəyərləri aşılayan araşdırıcı


 

Milli dəyərləri aşılayan araşdırıcı<b style="color:red"></b>

Sosial şəbəkədə Kamil Vəli Nərimanoğlunun 17 iyul 1946-cı ildə doğulduğu göstərilmişdi. Mən də çoxları kimi onu ad günü münasibətilə təbrik etdim. Üstündən heç yarım saat keçməmiş Kamil bəy yazdı: "Təşəkkür, qardaşım Əli Şamil bəy. Ancaq mənim doğum günüm avqustun 18-dir. 1946-cı il. Amma mən bugün də doğula bilərdim, başqa gün də. Nə fərq edər ki..."

Sənədlərimdəki yanlışlıqdan dost-tanış ilin müxtəlif vaxtlarında azı dörd dəfə məni ad günüm münasibətilə təbrik edir. Öncələr onlara etiraz edir, yanlışlıqları düzəltməyə çalışırdım. Sonra gördüm mənim yazdıqlarımı yadda saxlayanların sayı çox azdı. Hamı sosial şəbəkədə, sənədlərdə yazılanları oxuyanda məni ad günüm münasibətilə təbrik edir.  Gördüm belə yanlışlıq mənim kimi ucqar dağ kəndində doğulanlar üçün deyil, rayon mərkəzində doğulmuş Kamil Vəli Nərimanoğlu və bizim kimi yüzlərlə, minlərlə insanın sənədlərində də var. Hətta 1980-ci illərdə Bakıda doğulanların bəzilərinin yaş kağızı ilə doğulduğu gün arasında fərq olduğunu gördüm.

Bunun səbəbi ilə maraqlandım. Gördüm birinin valideyini uşağının ad gününü rahat qeyd etmək xatirinə, doğum tarixini istirahət və bayram günlərinə yazdırıb. Başqa birisinin anası analıq məzuniyyətini ona sərfəli vaxtda  alsın deyə övladının doğum gününü yanlış yazdırıb. Bir sözlə, müxtəlif səbəblərdən insanların ad günü doğulduğu günlə üst-üstə düşmür.

Kamil bəyin ad günü ilə doğum günü arasında fərqin səbəbini öyrənməyə cəhd göstərmədim. Bu, onun ömür yolunu öyrənən araşdırıcının işidir. Məni ad günü deyil, onun necə insan olması önəmlidir. Çünki dünyagörüşümün formalaşmasına doğulduğu gündən deyil, tanış olduğum gündən təsir göstərib.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika fakültəsinə qəbul olmuşdum. Kamil bəy də dilçiliyi özünə ixtisas seçmişdi, 4-cü kursda oxuyurdu. Filologiya fakültəsinə hər il 125-150 tələbə qəbul edilirdi. Tələbələrin hamısının bir-birini tanıması və dostluq etməsi mümkünsüz idi. Səninlə eyni kursda, uzaq başı bir kurs öndə, bir kurs sonda oxuyanları tanıya bilirdin. Kamil bəylə bizim aramızda üç kurs fərq vardı, üstəlik də, şöbələrimiz də ayrı idi. Kamil bəylə nə qohum idik, nə də bir kənddə, bir rayonda doğulmuşduq. Aşağı kursda oxuyanlar yuxarı kursda oxuyanlarla çəkingən davranırdılar. Bu xəsiyyət məndə də vardı.

Kamil bəyin ünsiyyətcilliyi, qayğıkeşliyi olmasaydı, bəlkə universiteti bitirənədək onu tanımayacaqdım. Elə diqqətçəkən tələbə deyildim. Konsomol təşkilatının seçkili orqanlarında, toplantılarında da iştirak etmirdim ki, yuxarı kursdakılar məni tanıyalar. Kamil müəllimin nədən mənimlə xoş münasibət qurduğunu bilmirdim. Məni isə ona doğru çəkən dərs əlaçısı olmaqla yanaşı, qəzetlərə məqalə yazmağı, radio verilişlərində çıxış etməyi, elmi-ictimai tədbirlərdə fəal iştirak etməyi idi. Qrup nümayəndələrinə, ictimai təşkilatlarda fəal iştirak etdiklərinə görə müəllimlərin əlaçılar sırasına qatdıqlarından uzaq olmağa çalışırdım. Bir qrup da vardı ki, bütün diqqətini oxumağa yönəldir, necə deyərlər, özünü toplumdan təcrid edir, əlaçı olmaq üçün dəridən-qabıqdan çıxırdı. Elələrinə hörmətlə yanaşsam da, onlarla da oturub- durmağa can atmırdım.

Fakültəmizdə filoloqlara nisbətdə jurnalistikada oxuyanların imzaları mətbuatda daha çox görünürdü, səsləri radio-televiziyada daha çox səslənirdi desəm, yəqin ki yanılmaram. Amma məni ictimai-siyasi işlərdə daha fəallıq edənlərlə, imzası daha çox görünənlərlə deyil, milli mövzuda söhbət etməyi sevənlərlə oturub-durmağa can atırdım. Əsasən qrup yoldaşlarımla bir yerdə olsam da, bizdən iki üç-kurs yuxarıda oxuyan Məmmədismayıl Mehdiyev, Nəsir Əhmədov, Vaqif Səmədov, Kamil Vəliyev, Cəlil Nağıyev və b. ilə söhbət etməyə can atırdım. 

Onlarla söhbətimizin əsas mövzusunu 1937-ci il repressiyasının qurbanlarının həyatı və yaradıcılığı təşkil edirdi. Mən Əmin Abidin həyat və yaradıcılığını öyrənməyə çalışsam da, Bəkir Çobanzadənin, Xalid Xəid Xocayevin, Abdulla Şərifovun, Artur Ziffeld-Simiryaqanın, Vəli Xuluflunun və b. haqqında daha çox bilgi almağa can atırdım. O dövrdə Həmid Araslı, Feyzulla Qazımzadə, Əziz Mirəhmədov, Məmmədhüseyin Təhmasib kimi yüksək dəyər verdiyimiz alimlər də vardı. Lakin biz onlardan çox, necə deyərlər, onların başının üstündən keçərək 1930-cu illərin araşdırıcılarını öyrənməyə can atırdıq. Görünür, çağdaşımız olan araşdırıcıları əlçatan hesab etdiyimizdən əlçatmazlara can atırdıq.

Kamil bəy ömrünü dilçiliyin hansısa bir probleminin dərindən öyrənən araşdırıcı olsaydı, həmin sahənin böyük mütəxəssisinə çevrilsəydi, minasibətlərimiz indiki kimi olmayacaqdı. Milli dəyərlərə önəm verməsi, söhbətlərini əsasən bu mövzuda qurması təkcə məni deyil, onlarla gənci Kamil bəyin ətrafına toplayırdı.

O, universiteti bitirdikdən sonra aspiranturaya qəbul olunduğundan fakültədə, kitabxanada, çayxanlarda görürdük. Universitetə təhsil ocağı olmaqla yanaşı, milli dəyərlərə önəm verən gənclərin tanış olduğu yeri kimi baxırdıq. Başqalarını deyə bilmərəm, mən çayxanada, kitabxanada, ayaqüstü söhbətlərdə, toplantılarda müəllimlərimdən və tələbə yoldaşlarımdan aldığım bilginin auditoriyalarda oxunan mühazirələrdən ala bilmədim. Çünki gənclər professorların bilmədikləri, yaxud da bilib deməyə cəsarət etmədikləri fikirləri daha cəsarətlə söyləyirdilər.

Bəzən bizdən 5-10 il öncə hansısa bir müəllimin söylədiyi cəsarətli fikir ağızdan-ağıza keçərək bizə çatdırı. Biz də onu özümüzdən sonrakılara ötürürdük. Belə ötürücü tələbələrdən və müəllimlərdən bir də Kamil bəy idi. Bu, heç də asan bir iş deyildi. Birincisi, auditoriyada müəllimin və ya tələbənin üstüörtülü dediyi fikri 50 tələbədən 3-4-ü başa düşürdü. Başa düşdüyünü başqalarına deməyin, onu təbliğ etməyin özü də bir cəsarət idi. Kamil bəy üsyançı deyildi. Sakit və səbirlə Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəylinin, Həsən bəy Zərdabinin, İsmayıl bəy Qaspıralının və b. yolunu davam etdirirdi.

Universiteti bitirib təyinatla Naxçıvana işləməyə getsəm də, milli dəyərli aydınlarımızla əlaqəmizi kəsmədim. Kamil bəy qeyri-rəsmi toplatınlarda olduğu kimi, dövlətin ciddi nəzarətində olan radio və televiziyadakı çıxışlarında, qəzet və jurnallara yazdığı məqalələrində əsas ağırlığı milli şüuru oyatmağa yönəldirdi. İmkanlardan da bacarıqla istifadə edir, yoruldum, bezdim demirdi.

1970-ci illərdə Azərbaycan radiosunun ən çox dinlənilən proqramlarından biri olan "Bulaq" verilişində Kamil bəy fəal iştirak edirdi. Peşəkar folklorçu alimlərlə "Bulaq" proqramının arasında elə bil uçurum vardı. Radioda gedən verilişlərdə səsləndirilən folklor nümunələrini araşdırıcılar görməzdən gəlirdilər. Bu uçurumu aradan qaldıranların önündə Kamil bəy gedirdi. Uzun süründürməçilikdən sonra 1980-ci ildə çap etdirə bildiyi "Elimizdən, obamızdan" kitabında radioda gedən folklor nümunələrindən bacarıqla istifadə etdi (Həmin nümunələr arasında mənim Naxçıvandan topladığım əfsanə, rəvayət, məsəl və s. də vardı. Çəkdiyim zəhmətin xalqa çatdırılmasını necə də sevinclə qarşıladım. Görüşəndə minnətdarlığımı Kamil bəyə bildirdim). Bu da kitabın oxunaqlığını artırdı və publisistikamıza yeni bir üslub gətirdi.

Soldan Əli Şamil, Moskvada yaşayan, türkmənistanlı, fəlsəfə elmlər namizədi Maya Kılıceva və azərbaycanlı 
professor Kamil Vəli Nərimanoğlu

 

Kamil bəy çayxana və yeməkxanada hesabı verməkdən, kitab mağazasına dost-tanışın aldığı kitabın pulunu verməkdən zövq alırdı.

Kamil Vəli Nərimanoğlu peşəkar dilçi olsa da, ədəbiyyatşünaslıqdan, dil tarixindən yazmağa daha çox meyl edirdi. Bunun üçün onun istər məqalələrinə, istər nəşr olunan kitablarına baxmaq kifayətdir. Dost, tanışla münasibət necə idisə, tələbələri ilə də eləydi. Bir dəfə də olsun tələbələrinin "Kamil müəllim məni imtanandan kəsdi" dediyini eşitmədim. Necə deyərlər, o, vicdanla, yüksək peşəkarlıqla dərsini deyərdi. Kim oradan nə götürərdi özü bilərdi. Öyrənmək istəməyənləri də çox məcbur etməzdi. Bilirdi ki, məcbur etməyin elə bir mənası yoxdur. Elm öyrənmək istəməyən ya gedib əzbərləyəcək, ya da kiməsə tapşırtdıracaq. Onun işi oxuyanlarla idi. Necə deyərlər, bar verəcək ağaca qulluq edən bağbanı xatırladırdı.

Kamil Vəli Nərimanoğlu Aksaray şəhərində Hoca Nəsrəddin konfransında 9-11.10.2008.

Milli düşüncəni təbliğ edən toplantıların çoxunda Kamil bəyi gördüm. 60-cı illər ədəbiyyatı haqqında yazdı, radio-televiziyada verilişlər apardı. Onların hamısında bir məqsəd vardı: adamlarda milli şüuru oyatmaq, Azərbaycanın müstəqilliyinə nail olmaq. 1987-ci ildən başlayaraq gizli dərnəklərdəki, çayxanalardakı söhbətlər marağa görə klublar adı altında mədəniyyət evlərinə, klublara daşındı, ardınca mitinqlər başladı. Kamil bəy, mitinqlərdə alovlu çıxış edənlərdən, topluma xitab edənlərdən olmadı. "Mən ziyalıyam, elmi, bədii yaradıcılıqla məşğul oluram, mitinqlərə gəlmək, çıxış etmək mənim işim deyil" deyənlərdən olmadı. Maarifçiliyi ilə, təşkilatçılığı ilə Azərbaycan Milli Azadlıq Hərəkatının öncüllərindən birinə çevrildi. Onun adı AXC İdarə Heyətinin və Məclisinin üzvləri siyahısında olmasa da, çoxları elə bilirdi ki, Kamil bəy də idarəedicilər sırasındadır.

Türk dünyasının təkcə araşdırıcıları ilə deyil, ictimai-siyasi xadimləri ilə də sıx əlaqə qurdu. Bakıda keçirilən bir çox türkoloji toplantılarda onun da əməyi oldu. Lakin əməyini heç vaxt gözə soxmadı, "mən, mən" demədi. Yazdığı "Azərbaycan dilinin poetik sintaksisi" (1981), "Dastan poetikası" (1984), "Sözün sehri" (1986), "Elin yaddaşı, dilin yaddaşı" (1987), "Bizim sözlər, gözəl sözlər" (1991), "Linqvistik poetkaya giriş" (1989) və b. kitablarını yalnız dilçiliklə məşğul olanlar deyil, müxtəlif peşə sahibləri böyük həvəslə oxudular.

Türkologiyanın inkişafında böyük əməyi olan Kamil bəy məhdud mənada dilçiliklə məşğul olmaqla işini bitmiş saymadı. Türkologiyamızın ən dəyərli əsərlərinin Azərbaycanda tanıdılmasında əməyi böyük oldu. Nəyi seçməyin, xalqa necə təqdim etməyin özü bir hünərdir. Yusif Balasaqunlunun "Qutatqu bilik" əsərini ön sözlə kütləvi tirajla nəşrinin, Məhəmməd Füzulinin "Türk divanının dibaçəsi"nin, Əlişir Nəvainin "İki dilin mübahisəsi" əsərinin hazırlanıb Azərbaycan oxucusuna çatdırılmasının səbəbkarı Kamil Vəli Nərimanoğlu olub.

(Ardı var)

 





10.08.2023    çap et  çap et