525.Az

Səsi ürəkləri kaman kimi titrədən aşıq - Qəzənfər Paşayev yazı


 

Səsi ürəkləri kaman kimi titrədən aşıq - <b style="color:red"> Qəzənfər Paşayev yazı</b>

Məktəb yaradan, artıq klassikləşən ustad aşıqlarımızın sənət dünyası zəngin olub. Onların hər biri möhür vurduğu aşıq havaları məlahətli səsi və təkrarolunmaz havaları ilə yaddaşlara həkk olunub.

Aşıq Şakirin "Şirvan şikəstəsi"ni, "Nə bağ bildi, nə bağban", "Bala nərgiz" kimi havalarını unutmaq olarmı? Mən indi də onun qeyri-adi səsinin, oxuduğu havaların xiffətini çəkirəm.

Borçalı Aşıq mühitinin ən görkəmli nümayəndələrindən biri Aşıq Kamandarın "Baş müxəmməs"i, "Cığalı təcnis"i, "Osmanlı divanisi" indi də qulaqlarımda səslənir. Onun gur səsi məclisləri təlatümə gətirirdi.

Tovuz Aşıq məktəbinin yetişdirdiyi qüdrətli saz-söz ustadı İmran Həsənov ölkəmizdə Koroğlu aşığı kimi məşhur idi. Gədəbəy Aşıq məktəbinin yetişdirdiyi Aşıq İsfəndiyar Rüstəmov "Baş sarıtel", "Müxəmməs" və "Qaraçı havaları"nı oxuyanda cəhcəhindən, qəlblərə məlhəm olan səsindən doymaq olmurdu. Onlar görkəmli ustad aşıqlar kimi tarixə düşüblər. Aşıq sənətindən söhbət düşəndə onlar mütləq yad edilir.

Belə sənətkarlardan biri də unudulmaz Əkbər Cəfərov idi. Onun "Əkbər gözəlləməsi", "Əkbər dübeyti" aşıqların dillər əzbəridir.

Aşıq Əkbərin oxuduğu "Heydəri" havasını hələlik az-çox ona bənzər oxuyan başqa bir aşığımız yoxdur. Bu, zil səs və ifaçılıq məharəti tələb edən havadır. Əkbərin səsini dinləmiş hər bir kəs deyə bilər ki, onun səsi möcüzə idi. O möcüzə səslə o, müğənni də, opera solisti də ola bilərdi.

Adətən aşıqlar zil, orta və bəm kökdən birində uğur qazana bilirlər. Əkbər isə bu üç kökün hər birində məharətini göstərə bilirdi. Təsadüfi deyildir ki, "Böyük dayaq" və "Ögey ana" filmlərində "Cəlili" və "Mirzəcanı" havalarının ifası Əkbər Cəfərova həvalə olunmuşdu.

Musiqi aləminə balabanla qədəm qoyan Aşıq Əkbər ustad aşıqlar Yusif Yusifov, sonra isə Mirzə Bayramov kimi görkəmli ustadları müşayiət edirdi. Aşıq sənətinin sirlərini bu böyük ustadlardan öyrənir və aşıqlığa başlayanda heç bir çətinliklə üzləşmir. İstedadlı gənc aşıq İmran Həsənovla birgə ən ağır məclisləri belə uğurla yola verirlər. Hər ikisi 1957-ci ildə Moskvada əvvəlcə Ümumittifaq, sonra isə Tələbələrin və Gənclərin VI Ümumdünya festivallarının "Qızıl medal"ına layiq görülüblər.

Aşıq Əsəd və Aşıq Mirzədən sonra Tovuzda səngiyən Aşıq sənəti Əkbər və İmranın sayəsində yenidən əvvəlki gəlhagəl dövrünü yaşadı. Obrazlı şəkildə desək, Aşıq Əsəd və Aşıq Mirzə boşluğu Aşıq Əkbər və Aşıq İmran cütlüyü ilə dolduruldu.

Aşıq Mikayıl Azaflı şair fəhmi ilə bu məqamı çox dəqiq tutmuşdur: "Əsədlə Mirzədən sonra Əkbərlə İmran bu sənətə gəlməsəydi, aşıqlıq cılız və ilhamı sönüklər tərəfdən tamam məhv edilərdi".

Danılmaz faktdır ki, Əkbər-İmran cütlüyü gənclərin Aşıq sənət aləminə meyl göstərməsinə, axınına təsir göstərmişlər.

Aşıq Əkbər məktəb yaratmışdır. Onun davamçılarının səsi təkcə ölkəmizdə deyil, Güney Azərbaycandan da gəlir. Professor Məhərrəm Qasımlının Mərkəzi Televiziyada Aşıq Əkbərin yaradıcılığına, yalnız onun oxuduğu havalara həsr olunmuş maarifləndirici verilişi deyilənləri təsdiqləyir. Az qala Əkbərin özü kimi oxuyan nə qədər davamçıları varmış.

Aşıq Əkbərin səsi, oxuduğu havalar Ulu öndərimizin də diqqətini cəlb etmişdi. Tovuz rayonunda Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirərkən Aşıq Əkbərin rəhbərlik etdiyi Tovuz aşıqları ilə görüşmüş, bu ulu sənət barədə fikir mübadiləsi aparmışdı. Novruz bayramı vaxtı Qoşa Qala qapısında Mikayıl Azaflının "Ağarmayın, ay saçlarım, amandı" aşıq havasına qulaq asdığını və mahnının ona dərin təsir etdiyini xatırlamışdı.

Onu da deyim ki, məndən cəmisi dörd yaş böyük olan Aşıq Əkbərlə dostluq edirdik. Mən Tovuza gedən kimi şəyirdi olmuş Aşıq Əlixanla axtarıb məni tapar və bığaltı gülümsəyərək deyərdi: "Eloğlu, sənə xudmani bir aşıq qonaqlığı verməyə gəlmişik".

Belə görüşlərin birində, qardaşım Ələsgər müəllimin evində Aşıq Əkbər Ulu öndərin onlarla görüşünü yada saldı və dedi ki, Heydər Əliyevin Aşıq sənəti barədə bilikləri bizi heyran qoymuşdu.

Yaşasaydı, 1990-cı ildə dünyasını dəyişən əvəzsiz sənətkarın 90 yaşını qeyd edəcəkdik.

Təəssüflər olsun ki, onun kimi məşhur aşığımız Şakir Hacıyev kimi Əkbər Cəfərov da sənətinin çiçəkləndiyi bir dövrdə - 57 yaşında dünyasını dəyişdi. Professor Məhərrəm Qasımlının dediyi kimi, görünür, ürəklə oxuyanlar, sənətini qəlbən sevənlər çox yaşaya bilmirlər. Həssas duyğuların fırtınası onları sənət dünyasında qərq edir.

Lakin nə qəm, belə xoşbəxt sənətkarlar heç vaxt unudulmur, xalqın qəlbində əbədi məskən salırlar.

Təsadüfi deyil ki, Qazax-Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz Rayon İcra Hakimiyyəti ilə birgə Aşıq Əkbər Cəfərovun adını daşıyan Tovuz Mədəniyyət Sarayında aşığın 90 illik yubileyini təntənəli şəkildə qeyd edəcək. Bu tədbirin özü də Aşıq Əkbər sənətinə verilən qiymətdir.

Dövlətimiz aşığın xidmətlərini layiqincə qiymətləndirib.

Tovuz Mədəniyyət sarayı onun adını daşıyır. Tovuzda adına küçə verilib.

Aşıq Əkbər, eləcə də Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmiş, Azərbaycan SSR "Əməkdar mədəniyyət işçisi" fəxri ada layiq görülmüşdür.

İllərlə öncə "Əkbərin bülbülü susduran səsi" adlı geniş məqaləm çap olunmuşdu. Əkbərin sənətinə, oxuduğu havalara bacardığım qiyməti vermişdim.

Lakin deməmişdim ki, Aşıq Əkbər o azsaylı sənətkarlardandır ki, həm zil, həm orta, həm də bəm kökdə məharətlə oxuyur. Onun səs əlvanlığı adamı heyran edir. Heç şübhəsiz, buna görədir ki, Əkbər oxuyanda səsi ürəyimizi kaman kimi titrədir.

 

 





11.08.2023    çap et  çap et