525.Az

Qəzetçilik məktəbi tələbə gözü ilə - Reportaj


 

Qəzetçilik məktəbi tələbə gözü ilə - <b style="color:red">Reportaj</b>

Fakültəmizin müəllimlərindən biri - bizə iki semestr dərs demiş Kənan Novruzovla birlikdə "Azərbaycan" nəşriyyatına doğru irəliləyirik. Buraya gəlməkdə məqsədimiz sözügedən binada yerləşən "Şərq" qəzeti redaksiyasında təcrübə keçməkdir. Niyə məhz "Şərq"? Bu suala elə müəllimimin fikirləri ilə cavab verim: çünki "Şərq" məktəbdir.

Yolboyu Kənan müəllim "Şərq" qəzetindən ağızdolusu danışır, özünün xeyli burada çalışdığını, siyasi jurnalist kimi bu redaksiyada yetişdiyini deyir. 

Hava son bir neçə gündə olduğu kimi, çox istidir. Amma bu, məni o qədər də narahat etmir. Fikrim gedəcəyim ünvanda, tanış olacağım adamlardadır. 

Binadan içəri girəndə mühafizə əməkdaşları hara getdiyimizi soruşur. Müəllim cəld "Akif müəllimin yanına gəlmişik" deyir. Akif Aşırlını - qəzetin baş redaktorunu nəzərdə tutur. O Akif müəllim ki, jurnalistika fakültəsinin tələbələrinin xeyli hissəsi onu yaxşı tanıyır, mətbuat tarixinə dair yazdığı kitablardan fəal istifadə edir. 

Liftlə yeddinci mərtəbəyə qalxırıq. Bina köhnədir. Hiss olunur ki, xeyli yaşı var. Amma belə - addım səslərindən cırıldayan döşəmədə gəzməyin də bir ayrı ləzzəti var. 

Redaksiyaya daxil oluruq. Foyedə kitablar, tarixi fotoşəkillər var. Diqqətlə onlara baxıram. Fotolar da çəkirəm. Marağımı hiss edən müəllimim "Bura həm muzeydir" deyir. 

İş otaqlarından birinə giririk. Bir neçə gənc - sonradan adlarını öyrəndiyim Aygün, Şücaət, Nihat və tələbə yoldaşım Şahanə işləyirlər. Müəllimim onlarla səmimi görüşür və məni təqdim edir. 

Qızlar cəld sorğu - sual edirlər. Siyasətə həvəsimin olmadığını deyirəm. Əməkdaşlardan biri "mənim kimisən, mən də siyasəti sevmirəm" sözləri ilə öz fikrini çatdırır. 

Kənan müəllim keçmiş iş yoldaşlarından Yusif müəllimin harada olduğunu soruşur. Məlum olur ki, baş redaktor müavini Yusif Nəzərli digər otaqda iclas keçirir. Yenə birlikdə otağa daxil oluruq. Burada da bir neçə əməkdaş var. 

İclas bitənə kimi gözləyirik. Fürsətdən istifadə edib kitablara, şəkillərə baxıram. Elə bil, bu redaksiyada tarixin izləri var...

Təxminən 15 dəqiqədən sonra baş redaktor müavini ilə söhbətimiz başlayır. Məni xoş qarşılayır. Ciddi görünsə də, mehriban adama oxşayır. Tövsiyələr verir, təcrübəsini bölüşür. Onu diqqətlə dinləməyə çalışıram. Arada bir də müəllimimə sarı baxıram. O da Yusif Nəzərliyə qulaq asır... Yusif müəllim mənə tapşırıq verir. Ən qısa vaxtda  hazırlayacağımı bildirirəm. Otağından çıxmaq istəyəndə gözüm qalaq- qalaq yığılmış qəzetlərə sataşır. "Götürə bilərəm?" - deyə soruşuram. Yusif müəllim bayaqkı mehribanlıqla "əlbəttə" deyir.

Ardınca sağollaşaraq redaksiyadan ayrılırıq. Öz - özümə düşünürəm ki, görəsən, Yusif müəllim həmişə, hətta yazılarda səhv olanda bu qədər mehriban olur? Kənan müəllimdən bu barədə soruşuram. Bir söz demir, sadəcə təbəssüm edir. Bu, marağımı daha da artırır. 

Hə, bir də Akif müəllimi görmədim axı. Sağlıq olsun, onununla da gələn dəfə tanış olaram. Yusif müəllim dedi ki, nə vaxt istəsən gəl, get. Metro qatarında olanda özümlə götürdüyüm qəzeti vərəqləyir, yazılara göz gəzdirirəm. Məqalələrimin, müsahibələrimin bu qəzetdə dərc olunacağı günü səbrsizliklə gözləyirəm.

Səbinə Elmanqızı,

BDU Jurnalistika fakültəsinin tələbəsi

 





11.08.2023    çap et  çap et