Məlum olduğu kimi, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə nizamlanmasına dair beynəlxalq sammit keçirilib. Sammitdə dünyanın 42 dövlətinin yüksək rütbəli diplomatları iştirak edib. Rusiyanın iştirak etmədiyi sammitin yekununda hər hansı bir sənəd qəbul olunmasa da, bütün iştirakçılar dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq qaldıqlarını bəyan ediblər. Sammitin davamlı olacağı nəzərdə tutulub. Növbəti müzakirələr payız aylarında planlaşdırılıb.
Tədbir iştirakçıları arasında ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, Türkiyə ilə yanaşı, BRİKS qrupunda təmsil olunan Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikası da olub.
Yeri gəlmişkən, Braziliya nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müşaviri Celso Amorim çıxışında bildirib ki, real danışıqlara bütün tərəflər, o cümlədən, Rusiya da daxil edilməlidir: "Ukrayna ən böyük qurban olsa da, əgər biz həqiqətən sülh istəyiriksə, Moskvanı hansısa formada bu prosesə cəlb etməliyik".
Vaşinqtonun nümayəndə heyətinə isə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan rəhbərlik edib. Sallivan çıxışında qeyd edib ki, bir suveren dövlətin başqa bir ölkəyə təcavüzü yolveril-məzdir və belə hallara son qoyulmalıdır. Ciddə sammiti məhz bu humanist mərama xidmət edir. O əlavə edib ki, tədbirin təşkilatçıları və iştirakçıları böyük tarixi missiya yerinə yetirirlər.
Qərb rəsmiləri və analitiklər Çinin danışıqlarda iştirakının təmin edilməsində Səudiyyə Ərəbistanı diplomatiyasının böyük rol oynadığını bildiriblər. Qeyd olunub ki, Ər-Riyad vasitəçi kimi çıxış etməklə, dünya səhnəsində daha böyük rola can atan hər iki tərəflə əlaqələrini qoruyub saxlayıb.
Almaniyanın xarici işlər naziri Annalena Berbok isə "Bild" nəşrinə müsahibəsində Ciddədə keçirilən sammitin Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdiyini söyləyib: "Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanlara da təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana qədər".
O, Ukrayna prezidentinin sülh formulunu dəstəklədiyini bildirib və qeyd edib ki, Zelenskinin düsturunda Rusiya qoşunlarının Ukraynadan çıxarılması əsas şərt kimi nəzərdə tutulub.
Tədbirdə on səkkiz aydır davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində iki xalqın böyük böyük itkilər verdiyi və münaqişəyə beynəlxalq hüquq normaları çərçivəsində son qoyulmasının vacibliyi vurğulanıb.
Rəsmi Moskva isə hesab edir ki, sammit münaqişənin taleyinə hansısa təsir göstərməyəcək.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Ciddə sammiti Azərbaycan üçün də önəmlidir. Onun sözlərinə görə, sammit iştirakçıları enerji qiymətlərində sıçrayışa səbəb olacaq Rusiya neft və qazının ixracına sanksiyaların sərtləşdirilməsini də nəzərdən keçiriblər.
R.Musabəyov bildirib ki, pandemiyanın yaratdığı tənəzzüldən çətinliklə çıxan qlobal iqtisadiyyat dərin resessiyaya düşə bilər: "Bu isə inkişaf etməkdə olan ölkələri sosial partlayışla təhdid edir, çünki eyni zamanda ərzaq qiymətlərində də artım müşahidə olunur. Yalnız Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər Rusiya neft və qazının azalan həcmlərini ən azı indiki səviyyədə saxlamaq üçün əvəz edə bilər".
Politoloq əlavə edib ki, Çin və Hindistanın dəstəyi ilə Ciddədən Moskvaya siqnal göndərilib: "Ukraynanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və Putin rejimi müharibənin dayandırılması məsələsində konstruktiv və real mövqe tutmalıdır. Əks halda, Rusiyanın siyasi və iqtisadi təcrid vəziyyəti daha da güclənəcək. Putin hökumətinin nə cavab verəcəyi məlum deyil. Bununla belə, Rusiya rublu vaxtından əvvəl kəskin enişlə reaksiya verərək, psixoloji baxımdan vacib olan mərhələyə - 1 dollar 100 rubla yaxınlaşdı".
çap et