525.Az

Ədəbiyyat xadimi - Nizami Cəfərov yazır


 

Ədəbiyyat xadimi - <b style="color:red"> Nizami Cəfərov yazır</b>

Bu gün - 2023-cü ilin avqust ayının 12-də Azərbaycanın tanınmış ziyalılarından İntiqam Qasımzadənin nə az, nə çox, düz səksən yaşı tamam olur. İntiqam müəllimin tərcümeyi-halının (və ümumən taleyinin!) ən əlamətdar cəhətlərindən birincisi, görünür, gözəl Qarabağda - Şuşada dünyaya gəlməsidir. Atası Böyükağa Qasımzadə qırx ildən bir qədər artıq yaşasa da, oğlu İntiqamın həmişə fəxr edə biləcəyi çox zəngin bir mənəvi irs qoyub getmişdir. Və bu irs yalnız bədii yaradıcılıqdan - şairlikdən, tərcüməçilikdən, publisistikdan ibarət deyil, Böyükağa Qasımzadə II Dünya müharibəsi illərində hərbçi- komandir, siyasi rəhbər olmuş, xüsusi təyinatla İrana (Cənubi Azərbaycana) göndərilmiş, qayıtdıqdan sonra Yazıçılar İttifaqının mətbuat orqanlarında - "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan" jurnalında çalışmışdır. Əlbəttə, o, daha çox (və daha dəyərli) əsərlər yazıb-yarada bilərdi, bunun üçün kifayət qədər böyük istedadı da vardı, ancaq taleyin heç bir qanun-qaydaya sığmayan hökmləri var...

İntiqam Qasımzadə sovet dövrü Azərbaycan ziyalısının səciyyəvi həyat yolunu keçmişdir. Orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində təhsil almış, sonra EA-nın ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Ədəbi-tənqidi yaradıcılıq fəaliyyətinə də həmin illərdən başlamış, yeniyetməliyindən ona  ailə qədər yaxından tanış ədəbi mühitdə özünün sıravi bir şəxs olmadığını tezliklə təsdiq eləmişdir.

Azərbaycanın 60-cı, 70-ci, 80-ci illər ədəbi-ictimai prosesində biri digəri ilə gah ziddiyyət təşkil edən, gah da dialoqa gələn iki təmayül özünü çox qabarıq göstərirdi:  ədəbiyyatşünasların çoxu ya akademiyada, ya da ali məktəblərdə çalışır, yavaş-yavaş ədəbi tənqiddən  ədəbiyyat tarixinə və ya nəzəriyyəsinə keçirdilər, bəziləri isə aspiranturanı bitirəndən, yaxud namizədlik dissertasiyası müdafiə edəndən dərhal sonra ədəbi orqanlarda işləməyə, canlı ədəbi proseslərin mərkəzində olmağa can atırdılar. Və birincilərdən fərqli olaraq ikincilər özlərini ədəbiyyatın taleyi üçün bilavasitə cavabdeh saymaqdan çəkinmir, ədəbi döyüşlərin bu və ya digər dərəcədə "cəngavərlər"inə çevrilirdilər.

"Azərbaycanfilm" kinostudiyasında bir neçə il çalışdıqdan (qeyd edək ki, həmin kinostudiya bir sıra görkəmli Azərbaycan yazıçılarının böyük ədəbiyyata və incəsənətə gəlişini hazırlamışdı) sonra İntiqam Qasımzadə taleyini mötəbər "Azərbaycan" jurnalı ilə bağladı. Və 1976-cı ildən həmin jurnalda ədəbi işçi, tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini, 1997-ci ildən isə baş redaktor vəzifələrini məsuliyyətlə, istedadla, peşəkarlıqla yerinə yetirir. "Azərbaycan" jurnalının yüz illik tarixində İntiqam müəllimin xidmətləri, yəqin ki, yalnız kəmiyyətcə deyil, Böyük Ədəbiyyata xidmətin keyfiyyət göstəricilərinə görə də müstəsnadır ki, burada onun Şəxsiyyəti, xüsusilə ünsiyyətcilliyi və prinsipiallığı, şübhəsiz, öndə gəlir... Mən dəfələrlə şahidi olmuşam ki, "Azərbaycan"ın baş redaktoru bəyəndiyi əsəri hələ  çapa getməmiş o qədər fəxrlə təhlil edib dəyərləndirir, elə bil öz əsəridir. Yüksək zövqü olsa da, bu zövqü başqalarının "zövqsüzlüyü"nü sübuta sərf edənlərdən fərqli olaraq İntiqam Qasımzadənin baş redaktor olaraq ədəbi tələbləri ona yönəlir ki, hər hansı yaradıcılıq aktını (enerjisini!) vaxtında görüb qiymətləndirsin, bütün miqyası (və təfərrüatı!) ilə xalqın mənəvi dəyərinə çevirsin.

Həm Şəxsiyyət, həm də Ədəbiyyat Xadimi olaraq İntiqam müəllimin daxili zənginliyinin ən mühüm göstəricilərindən biri onun son dərəcə zəngin hadisə, portret, detallarla dolu yaddaşıdır. Və bu möhkəm və sağlam yaddaş ona görə bu qədər zədələnməmişdir ki, sahibi öz gənclik səmimiyyətini heç vaxt heç nəyə güzəştə getməmişdir.  Təbiətən zərif, həssas, ruhən incə olan İntiqam Qasımzadənin xarakterində, mahiyyətində elə prinsipial, hətta demək olar sərt təzahürlər gizlənir ki, məqamı düşəndə öz mövqeyindən bir addım belə geri çəkiləcəyinə ümid eləmək mümkün deyil. Bu isə "Azərbaycan" jurnalı kimi "ağırçəkili" bir ədəbi orqanın baş redaktoru "post"unda dayanan şəxs üçün çox gərəklidir.

Üstündən çox illər keçsə də, Aleksandr Qriçlə Azərbaycan televiziyasında rus dilində apardıqları "Bayatı" verilişinin təəssüratları cəmiyyətimizin, xüsusilə ədəbiyyat adamlarının xatirindən silinməmişdir. Və bu koloritli olduğu qədər də intellektual veriliş bizim ədəbi- mədəni fikir tariximizdə əbədi olaraq qaldı.

İş elə gətirdi ki, son illər mən İntiqam müəllimlə çox müxtəlif məclislərdə tez-tez görüşməli, sıx yaradıcılıq əməkdaşlığı eləməli oldum. Mir Cəlal hekayə müsabiqəsinin münsiflər heyətində birgə çalışdıq, Yazıçılar Birliyinin tədbirlərində iştirak etdik, yubileylərdə görüşdük... Və onun dünyaya gəldiyi Şuşa şəhərində ? Cıdır düzündə Vaqif Poeziya  Günlərinin "başmaq seyri"nə çıxıb Zəfərimizi qeyd elədik. İntiqam müəllimlə yoldaşlığın, dostluğun ləzzəti başqadı - hər yerdə və hər yaşda...  

 





14.08.2023    çap et  çap et