Müsahibimiz Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Televiziyasının Qarabağ üzrə bölgə müxbiri olmuş, həmin dövrdə baş verən hadisələri öz gözləri ilə görərək ilk lentə alanlardan biri - veteran jurnalist Allahverdi Əsədovdur.
- Allahverdi müəllim, gəlin söhbətimizə sizin jurnalistika sahəsini seçməyinizlə başlayaq. Bildiyim qədəri ilə o vaxt Leninqrad (indiki Sankt-Peterburq - red.) şəhərində hüquq təhsili almışdınız. Müsahibələrinizin birində bunu belə izah edirsiniz: düşündüm ki, Azərbaycanda hüquqşünas olmaq olmaz. Bəs Azərbaycanda jurnalist olmaq oldumu?
- Fikrimcə, oldu. Mən 1969-cu ildə Ağdamda 2 saylı məktəbi bitirmişdim. Sonra getdim Leninqrada və imtahan verib hüquq fakültəsinə qəbul olundum. Lenin də həmin fakültəni bitirmişdi. Sonra ailə vəziyyətimə görə təhsilimi yarımçıq qoyub qayıtdım. Amma sonradan qayıtmağıma çox peşman oldum. O vaxt mən gələndə Azərbaycanda jurnalistika fakültəsi, demək olar ki, yox idi, ilk dəfə açılırdı. Rəhmətlik Şirməmməd Hüseynov dekanı idi. Famil Mehdi, Cahangir Məmmədov orada oxuyurdular. Mən hələ orta məktəbdən hüquqşünas olmağı arzulamışdım. Ancaq etiraf edim ki, o vaxt Azərbaycandakı ümumi vəziyyət, bu sahədə olan rüşvətxorluq məni bu peşədən yayındırdı. Ona görə də getdim jurnalistikaya.
- Bəs jurnalistika sizi peşman etmədi ki?
- Yox, etmədi. Daha doğrusu, o haqda fikirləşməyə heç vaxtım olmadı. 1984-cü il sentyabrın 1-də Azərbaycan Televiziyasının Mil-Muğan-Qarabağ bölgəsi açıldı və məni oraya xüsusi müxbir təyin etdilər. Bir il keçməmiş Dağlıq Qarabağ bölgəsini də mənə verdilər. Dövlət Televiziyasında mənim 40 ildən artıq iş təcrübəm var. Dayanmadan 40 il işləmişəm. Mən heç vaxt mərkəzdə tapılmazdım, elə həmişə bölgədə idim. Görmədiyim, yaşamadığım qalmadı. Amma peşman deyiləm, bu sənəti sevirəm.
- 40 illik fəaliyyətinizdə nəyi heç vaxt unutmursunuz?
- Nədən danışım sizə, Xocalı faciəsindən, vertolyot faciəsindən, Şuşanın alınmasından, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan? Hansından danışım? Hamısı bir-birindən dəhşətli, hamısı bir-birindən faciəli. Onların heç biri unudulmaz. Hamısı məndə lentdədir. Çox təəssüf ki, bizim o hadisələr haqqında heç bir doğru-düzgün sənədimiz, materialımız yoxdur. Olanlar məhv edilib. Təəssüf ki, Birinci Qarabağ müharibəsi ilə bağlı çox yanlış məlumatlar, dəqiq olmayan bilgilər yayılıb.
- İndiki dövrdən o dövrə baxsanız, Birinci Qarabağ müharibəsini necə təsvir edərdiniz?
- O boyda sovet imperiyasının dağılması məhz Qarabağdan başladı. Əsas nöqtə ora idi. Mən erməniləri yaxşı tanıyırdım. Onlar ümumiyyətlə bizimkiləri qəbul etmirdilər. Deyir, düşmənə bir az da bələd olmaq lazımdır. İlk dəfə 1985-ci ildə oraya gedərkən nəsə mənə ürək qızdırdılar və mən başladım ermənilərlə birgə işləməyə. 1985-ci ildən etibarən yavaş-yavaş küçələrə axın başlamışdı. İlk dəfə qara bayraqların asılması, meydanlarda antiazərbaycan şüarlarının səslənməsi fakt idi, amma mən o vaxt bütün bunları material kimi göndərəndə deyirdilər, sən təxribat ilə məşğulsan, sovet dövlətində heç vaxt belə şeylər ola bilməz. Heç bir ölçü də götürülmürdü. Onlar da bir dəfə, iki dəfədən sonra axışdılar meydanlara və nəticə də göz qabağında. Nağıllardakı kimi bir günə yeddi kəndimiz getdi, sonra da dalbadal ərazilərimizi itirdik. İlk dəfə Ermənistandan gələnləri Şuşada yerləşdirdilər. Şuşa da o vaxt nə idi ki, heç nəyi yox idi. Həmin köçkünlər Şuşada yerləşməyə imkan tapmamış təzədən Mərkəzi Komitədən qərar verildi ki, onları Arana köçürün. Hamısını zorla otuzdurdular maşınlara və payladılar Azərbaycanın rayonlarına. Şuşanı təmiz boşaltdılar. Bu da bir siyasət idi.
- İlk qığılcımların şahidi kimi düşünürdünüzmü bu hadisələr necə böyük faciələrə səbəb olacaq? Görünürdümü o?
- Bəli, bu faciələri öncədən görürdüm. Çünki günbəgün artırdı və qarşısını kəsən də yox idi. Artıq arxayınlıq yaranmışdı. Məsələ ölçüsünü aşmışdı. Xankəndi, demək olar ki, təcrid olunmuşdu, yollar bağlı idi. Vilayət Partiya Komitəsinin binası dörd tərəfdən kanatlarla bağlanmışdı. Orada sovetin silahlı qüvvələri dururdu və qoruyurdular. Orada Viktor Petroviç Polyaniçko otururdu və Azərbaycanın bayrağı dalğalanırdı. Sonra təşkilatı oradan çıxartdılar. Onunla da kitab bağlandı. Ermənilər Polyaniçkodan qorxurdular. İlk dəfə Xocalıya rayon statusunu o verib. Hər həftənin bazar ertəsi bütün nazirlər Polyaniçkonun qəbulunda iclasda olurdular, hərəyə bir tapşırıq verirdi. Ermənilərin birinci məqsədi o idi ki, Polyaniçko buradan getsin. Orada qaldırılan şüarların böyük əksəriyyəti Polyaniçkoya qarşı idi ki, o, erməni xalqının düşmənidir, o, buradan getsin, öldürmək lazımdır və sair. Hətta onu otağında bir dəfə vurdular da, kontuziya aldı. Mən də orada idim. Yəni hadisələr bu cür inkişaf edirdi və ölçü də götürülmürdü.
- İlk dəfə necə, haradan başladı?
- Ağdamdan başladı, gecə-gündüz Ağdamı vururdular. Sonra isə Xocalı faciəsi yaşandı. Gözlər elə bir faciəni necə görməyə bilərdi? Biz onda Ağdamda idik. Yer-göy qaynayırdı, qan su yerinə axırdı. Gecə oraya girmək mümkün deyildi. Səhər ermənilər yolu açdılar ki, gəlin meyitlərinizi götürün. İlahi, elə dəhşətli bir mənzərə idi ki. Qarnı yarılıb uşağı çıxarılan qadın, başının dərisi soyulmuş adam, işgəncələr görmüş uşaq, körpə, qoca... Onların hamısı çəkilmişdi və mən 3 saatlıq həmin kaseti ilk dəfə Azərbaycan Televiziyasına gətirəndə dedilər ki, sən qəssabxana çəkmisən, bu nədir belə? O görüntüləri efirə vermədilər. Sonra dünyaya hay düşüb, dünya hiddətlənəndə dedilər ki, kaseti gətirin. Gətirdik, yenə efirə verilmədi, göndərdilər Moskvaya və kaset yoxa çıxdı. O qədər elə kasetlər yoxa çıxıb ki. Vertolyot hadisəsi, Kəlbəcərə hücum, Tərtər hadisələri - heç birinin çəkilmiş kasetləri yoxdur. Adicə kameramız belə yox idi. O qədər böyük əziyyətlər hesabına çəkirdik ki. Operator belə tapılmırdı, yerli gənclər kömək edirdilər bizə. Çəkib verirdik, başına nə oyun açırdılarsa, yoxa çıxırdı. Hadisələr o qədər sürətlə inkişaf edirdi ki, nəfəs almağa imkan olmurdu. Dayanmadan işləyirdik. Şəhərdən ora heç kim gələ bilmirdi, gələn də 2-3 gün sonra qaçıb gedirdi. Laqeydlik həddən artıq idi.
Heydər Əliyevi təbliğ etdiyimə görə evimi, kabinetimi yandırdılar. Bu, Heydər Əliyevin təbliği deyildi ki, faktlar idi. Qarabağlılar küçələrə axışıb Heydər Əliyevi tələb edirdilər. Bunlarla bağlı ilk kadrlar mənimkidir.
- Yəqin dediyiniz o laqeydliklə siz də üzləşmisiniz.
- O qədər... Mənim bu günə kimi evim yoxdur, uşaq bağçasında yaşayıram. Çünki ev almağa vaxtım olmayıb, başım bu hadisələrə o qədər qarışıb ki, bir də baxmışam vaxt keçib, dövran dəyişib. "Əməkdar jurnalist" deyirlər, heç elə bir adım da yoxdur. Lazım da deyil. Mənimçün əsas olan insanların məni tanımasıdır. Hətta o qədər görünmürəm ki, bəziləri elə bilir ölmüşəm.
- Hansı təhlükələrlə üzləşmisiniz?
- Ermənilər mənim uçduğum vertolyotu üç dəfə vurublar. İki dəfə Kəlbəcərin üstündə, üçüncü dəfə isə Şuşada. Qurtulmağım bircə ana bağlı qalıb. Vertolyot məni gətirib düşürüb, qalxanda vurulub. Həmin vertolyotun içinin çəkilişləri var məndə. Üç-dörd dəfə Ağdamda mühasirəyə düşmüşük. Hətta ermənilər mənim başıma pul da qoymuşdular. Amma yerli ermənilərin çoxu biz tərəf idilər, onlar istəmirdilər bu hadisələri, axı burada rahat idilər. Hətta bizə çəkilişlərdə də kömək edirdilər. Ancaq Ermənistandan gələn "saqqallılar" onları incidirdilər. Bizə kömək edən, ya da bu hadisələrə qarışmayan erməni görəndə "satqınsan" deyib öldürürdülər, qadınlarının başına oyun açırdılar.
- Siz həm də Ağdamdakı Çörək muzeyinin ilk direktoru olmusunuz. İstərdim bununla bağlı da danışaq.
- O vaxt vəzifə tutmaq üçün mütləq Kommunist Partiyasının üzvü olmaq lazım idi. Mən isə partiya üzvü deyildim. Ona görə də məni göndərdilər Ağdama ki, bir il orada Xındırıstan kəndində rus dili və ədəbiyyatı müəllimi işlə. Bir il orada işləməli idim ki, partiya biletimi alım qayıdım televiziyaya. O vaxt rayon Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev haradasa oxumuşdu ki, dünyada bir dənə Çörək muzeyi var və o da Almaniyadadır. Sadıq müəllimin ağlına gəlir ki, biz niyə bunu Qarabağda etməyək? Ağdamda köhnə dəyirman vardı, istifadə olunmurdu. Sadıq müəllim həmin yeri Çörək muzeyi etmək fikrinə düşür. Həmin ərəfədə də mən Sadıq müəllimə məktub yazmışdım ki, belə bir iş məsələm var, köməklik edin. O məni çağırdı və Çörək muzeyi fikrini danışdı və dedi ki, istəyirəm səni muzeyə direktor qoyaq. Dedim, muzey hara, mən hara? Dedi, yox, bacararsan. Gətirdi məni əvvəlcə Tarix-Diyarşünaslıq muzeyinə direktor qoydu, eyni zamanda da Çörək muzeyinin direktoru oldum. Olmayan muzeyin direktoru... Tikdik, yaratdıq, haradan lazımlı materiallar varsa, tapdıq gətirdik muzeyə, eksponat kimi hazırladıq. Dörd zaldan ibarət çox unikal bir yer yaranmışdı. Ağdama haradan mötəbər qonaqlar gəlirdisə, Sadıq müəllim onları oraya gətirirdi. Sonradan vaxtım tamam oldu və mən geri qayıtdım. Onda Sadıq müəllim istəmirdi gedim, amma dedim ki, mən jurnalistikada daha faydalı olacağımı düşünürəm. Sonralar tez-tez gedib baş çəkirdim. Müharibə vaxtı Çörək muzeyinə ilk dəfə snaryad düşəndə də mən çəkmişdim.
- Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağa getdinizmi?
- Ağdam təzə azad olunandan bir qədər sonra Ağdama getmişdim bir çəkiliş üçün. Bizim müxbir postumuz da Ağdamda yerləşirdi, heç yerini də tapa bilmədim, hər şey yerlə-yeksan edilib. Oralara getməkdən daha çox istədiyim o tarixləri üzə çıxartmaqdır. O kasetlər bərpa olunmalıdır. O da bir-iki günün işi deyil, vaxt və maliyyə lazımdır. Rəsul Həmzətov deyir ki, keçmişinə güllə atanı gələcək topa tutar. Biz keçmişimizi unutmamalı, ona sahib çıxmalıyıq. Respublika Prezidenti cənab İlham Əliyevin siyasəti olmasaydı, o torpaqlar ömürlük işğalda qalacaqdı. Bax, Vətəni sevmək budur. Vətəni sevmək ondan ötrü iş görməkdir, onun uğrunda çarpışmaqdır. Xalq özünü tanımalıdır ki, manqurtlaşmasın. Bunun üçün də jurnalistikanın, jurnalistin görə biləcəyi işlər çoxdur. Jurnalist nəyəsə satılmamalıdır, şərəflə xidmət etməlidir.
Şahanə MÜŞFİQ
çap et