|
|
|
|
(Əvvəli ötən şənbə sayımızda)
II İosif Monarxiyada əvvəlcə həmregent, sonra isə kral kimi
Radikal dəyişikliklərə olan ümid, daha çox Mariya Terezanın həmregent kimi 1765-ci ildə əri Frants Stefenin ölümü ilə əlaqədar olaraq irəli çəkdiyi oğlu II İosif üzərində cəmləşmişdi. II İosif modern islahatlar müstəvisində tərbiyə olunmuşdu, Maarifçiliyin qızğın ardıcılı idi. Onun üçün model (və başlıca düşmən) rolunu prussiyalı II Fridrix oynayırdı. Mərhum atasını da elə həmin il Müqəddəs Roma imperatoru kimi də əvəz etdi.
Maarifçilik Avropada sivilizasiyaya böyük təkan verdi. Alman filosofu İmmanuil Kant 1784-cü ildə Maarifçiliyi "adamların öz şəxsi səbəbinə görə qeyri-kamillikdə yaşaması" kimi müəyyən etmişdi. Əvvəlki dövrlərdə onlar bacarıqsızlıqları hesabına "öz qabiliyyətlərindən başqasının yol göstərməsi olmadan istifadə etməkdə" maneələrlə üzləşirdilər. Kant həm də Maarifçiliyin devizini irəli sürdü: "Öyrənməkdə cəsarətli ol! Öz qabiliyyətindən istifadə etməkdə igidlik göstər!" XVIII əsrdə Maarifçilik öyrənməyə cəsarət edən intellektualların hərəkatı idi. Onlar Elmi İnqilabın nailiyyətlərinin böyük təsiri altına düşmüşdülər.
Həmregent xarici siyasətə də böyük təsir göstərirdi. II İosifin komandası II Fridrixlə və rusiyalı II Yekaterina ilə ratsional Realpolitik (Realpolitik dövlətin siyasi kursunun bir növü olmaqla, Bismark tərəfindən irəli sürülmüş və həyata keçirilmişdir. Bu barədə təklifi isə ilk dəfə Lyudviq fon Roxau 1853-cü ildə vermişdi. Bu kursun mahiyyəti dövlət siyasətində hər cür ideologiyadan imtina etməkdir. Burada əxlaq deyil, praktiki fayda götürmək əsas rol oynayır. Roxau bunu siyasi orqanizm kimi dövlətin təbiət qanunlarına uyğun olaraq yaranması və mövcud olması ilə izah edirdi) oyunu oynayırdı. Mariya Terezanın etirazına baxmayaraq, bu, "müqəddəs olanın və ədalətin hər bir standartının" pozulması idi. Onun oğlu kanslerlə birlikdə Polşanın 1772-ci ildəki ilk parçalanmasının zəruri olmasına anasını inandırdı. Bu parçalanma ilə monarxiya Qalisiya ərazisini və həm də 2,6 milyon yeni təbəə ələ keçirdi. Ümumiyyətlə, İosif praqmatik adam idi, öz məqsədindən geri çəkilən deyildi.
Daxili işlərdə İosifin nəyə rəğbət bəslədiyi də aydın görünürdü. O, Maarifçiliyin və həm də mütləqiyyətin tərəfdarı idi. Onun katolik inancı katolitsizmin radikal islahatına əsaslanırdı, istəyirdi ki, dövlət dinə nəzarət etsin. II İosif təkbaşına hakimiyyətdə olanda isə Maarifçiliyin təsiri daha da gücləndi. 1780-ci ildə Vyana 247 min kvadratkilometr ərazisi olan və təqribən 26 milyon əhalisi olan bir imperiyanın paytaxtı idi. Son göstərici demək olar ki, Fransanınkına bənzəyirdi. Vyananın özünün əhalisi 200 min nəfər idi. Praqada isə 80 min adam yaşayırdı. Paytaxt həm də regionda özünün sənaye və iqtisadi ekspansiyasından fayda götürürdü. Vyana təkcə Habsburq paytaxtı olmayıb, bütün Almaniyanın və Mərkəzi Avropanın Maarifçilik ümidlərinin mərkəzinə çevrilmişdi.
Mariya Tereza və II İosif saray həyatında xərclərə qənaət edilməsinə də çalışırdılar, lakin həm də incəsənətin əliaçıq hamiləri olaraq qalırdılar. Şəhərin arxitekturası çiçəklənməkdə davam edirdi. Şönbrunn sarayının daxilində Rokoko üslubuna geniş yer verilmişdi, o, Barokkonun daha yüngül versiyası olduğunu sübut edirdi. Sarayın xərclərinin azaldılması cəhdi, əlbəttə ki, nisbi xarakter daşıyırdı.
Burada böyük filosof Volterin, fransız kralı XIV Luinin - Günəş kralın 1715-ci ildəki ölümündən sonra onun 5 yaşlı varisi olacaq nəticəsi XV Luinin regenti təyin edilmiş Orlean hersoqu II Filippin xalqı aldatmaq üçün həyata keçirdiyi tədbirə münasibəti yada düşür. Mərhum kralın bədxərcliyinə son qoymaq adı altında o, sarayın tövlələrində ov gəzintisi üçün saxlanılan atların sayının iki qat azaldılması göstərişini vermişdi. Bunu eşidən gənc Volter özünə məxsus bir sarkazmla regentin qərarına düzəliş şəklindəki təklifini irəli sürmşdü. O yazmışdı: "Sarayın tövlələrindəki atları azaltmaq əvəzinə, saraydakı eşşəklərin sayını o, iki dəfə ixtisar etsəydi, daha yaxşı olardı".
Vyana sarayındakı dəbdəbə 1680-ci ildən sonra Günəş Kralın Versalında hakim kəsilənlərlə heç cür müqayisə edilə bilməzdi. Lakin sarayda xərclərə nə qədər qənaət edilsə də, dəbdəbə yoxa çıxa bilməzdi, mərasimləri ləğv etmək mümkün deyildi, saray istənilən şəraitdə öz qaydalarının toxunulmazlığını qoruyub saxlayırdı.
Azyaşlı fransız kralının regenti olan Orlean hersoqu isə səkkiz il sonra, 1723-cü ildə 49 yaşında ölənə qədər həyatını eyş-işrətə sərf etmiş, nəhayətsiz sərxoşluqla məşğul olduğundan kor olmuşdu. Onun qənaətcilliyinin də saxta olduğu özünü büruzə vermişdi. Məhz onun dövründə, 1720-ci ildə ölkədə daha bir bədbəxtlik baş verdi, "Bank Royal" müflis oldu. Bu hadisə mənşəcə şotland olan və Fransada yaşayan Con Lonun başçılığı altında olan fransız şirkəti ilə yanaşı, həmçinin onun Fransa üçün milli bankı və kağız valyutanı yaratmaq cəhdi ilə də bağlı idi. Xalq Lonun, şirkətin nəhəng gəlirlər gətirəcəyi vədinə inanıb, səhmlərini sürətlə almağa cumanda, birjada səhmlərin qiyməti qısa müddətdə ağıla sığmayan bir yüksək səviyyəyə qalxdı və "köpük" partlayışı baş verdi. Lonun şirkəti və bank müflis oldu, dövlətin maliyyə sistemi böhran dövrünü yaşadı, səhmləri faydasız kağız parçasına çevrilən əhali böyük maddi ziyan çəkdi. 1990-cı illərin əvvəllərində Bakıda da Rusiyadakı Mavrodinin maliyyə piramidası təcrübəsindən istifadə edərək, meydana gələn fırıldaqçı özəl banklar əmanətlərə yüksək faiz qoymaqla, ayda onların bir hissəsini bəzi əmanətçilərə ödəməklə, adamları kütləvi qaydada şirnikləndirb, külli miqdarda pul ələ keçirdilər. Ailələrin "qara gün" üçün topladığı vəsaitlə yanaşı, bu vaxt olduqca çətin maddi vəziyyət keçirən bəzi adamların hətta var-dövləti də əllərindən çıxdı. Bir qrup dələduz həmin nəhəng məbləği mənibsəyib, aradan çıxmaqla qeybə çəkildi. Aldadılan yüz minlərlə adam daha ağır ehtiyacla üzləşməli oldu. Adətən ağır maddi şərait yarandıqda, fırıldaqçıların isə ovu kütləvi maymaqlıq hesabına daha bol olur.
Dövlət işləri ilə regentin ölümündən sonrakı dövrdə XV Lui bir kral kimi özü məşğul olmalı idi, lakin o, bunlara əhəmiyyət vermirdi, bu işlərlə yalnız nazirlər məşğul olurdular. Vaxtını kral aramsız eyş-işrətə sərf edirdi. O, Polşa kralı Ponyatovskinin özündən yeddi yaş böyük olan qızına evlənmişdi. Çox keçməmiş onun adı çoxlu məşuqələrə malik olmasından yaranan intriqalarla bağlı oldu. Kral onları oyun kartı kimi tez-tez dəyişirdi. Ən məşhur məşuqəsi isə Madam de Pompadur idi, bu qadın krala böyük təsir göstərməsi imkanından istifadə edərək ədəbiyyata, incəsənətə hamilik edirdi və bu, yuxarı dairələrdə onun nüfuzunu xeyli artırmışdı.
XV Luinin hakimiyyəti dövründə Fransa ağır iqtisadi böhranla üzləşdi. 1774-cü ildə 64 yaşında öləndə ondan xatirə kimi hansısa bir xidməti deyil, məşuqələrinin gözə çarpan siyahısı qaldı, çünki kral olaraq, o, ölkəni bərbad vəziyyətə qoymuşdu.
Avstriyada musiqi həyatı bu dövrdə daha da irəli getdi. Kristof Qlyukun operaları italyanlarınkına rəqib olmaqla, alman operasını təmsil edirdi. Vyana alman torpaqlarının yeni musiqi mərkəzinə çevrilmişdi. Jozef Haydn uşaq xorunda oxumağa başlasa da, şəhərin əsl musiqi ustasına çevrilmişdi. O, Vyanaya 1790-cı ildə köçmüşdü, burada böyük şöhrət qazanmışdı. Hələ 1770-ci ildə Volfqanq Amadey Motsartla qarşılıqlı məhsuldar olan kontraktlar bağlanmışdı. Motsart isə heç də Habsburqunku olmayan Zalsburqdan idi. O, Vyanaya 1781-ci ildə gəlmişdi, Habsburq paytaxtında müxtəlif uğurlar qazanmaqla, öz dövrünün aparıcı bəstəkarına çevrilmişdi. O, musiqidə bir janrdan başqasına keçməklə öz dahiliyini göstərdi. Motsart böyük improvizator idi, yaradıcılıq barədə qaynar enerjiyə malik idi. Milli rəqs, italyan motivləri və ya türk marşı kimi qəbul edilən məşhur "Rondo alla turca" onun dühasının rəngarəngliyini sübut edirdi. Təəssüf ki, 1791-ci ildə çox cavan ikən, 35 yaşında öldü. Bugünkü Vyanada addımbaşı Motsartın xatirəsi ilə rastlaşırsan. Onun adını daşıyan restoran daha çox müştəri cəlb edir, qutusunun üstündə gur saçlı Motsartın şəkli olan şokolad konfetləri daha sürətlə satılır.
Vyanada çox sayda görkəmli musiqiçilər - Bethoven, Haydn, Maler, ata-oğul Ştrauslar yaşamışdı. Onların hər biri bu musiqi Məkkəsinin şöhrətini xeyli artırmışdılar, lakin heç biri Motsart məşhurluğuna yiyələnə bilməmiş, ona olan hədsiz sevgiyə sahib olmağı təkrar etməyi bacarmamışdılar. Fridrix Şopenin, Klod Debyussinin heyranedici piano konsertləri, noktürnləri vardır, lakin yaradıcılığının genişliyinə, çox sayda musiqi janrlarında incilər yaratmasına görə onlar Motsartla müqayisədə uduzurlar. O, həm də bir virtuoz ifaçı idi. 1781-ci ildə dünyanın musiqi paytaxtı olan Vyanaya gəlmişdi. Motsart improvizatorluğu hesabına, dörd notdan heyranedici musiqi parçası düzəldirdi. Bugünkü dillə deyilsə, o, dövrünün kral-ulduzu idi.
İki əsr yarımdan çox bir müddət keçsə də, onun şöhrəti azalmaq bilmir, əksinə, artır, böyüyür. Onun adı brendə çevrildiyindən, iş adamları istehsal etdikləri məhsullar üçün ondan geniş istifadə edirlər. Reklamda heç kəs Motsart adını üstələyə bilmir.
II İosifn Yəhudi siyasətinə gəldikdə, onun məqsədi bütünlükdə yəhudilərə xətər toxundurmamaq idi, lakin ayrı-ayrı fərdlərə qarşı cəza tətbiq edilə bilərdi. Katolik monastırları elə bir fayda gətirən niyyətə xidmət etmirdi. İosifin dövründə Avropada onların sayı 700-dən artıq idi, Habsburq torpaqlarında olan monastırların təqribən üçdə biri buraxılmışdı, onların bağlanmasından gələn pulları saxlayan fondlar dünyəvi din xadimlərini himayə etməyə xərclənirdi.
İosif şahzadə İzabellaya evlənmişdi, lakin onların nikahını xoşbəxtlik mənbəyi hesab etmək olmazdı. Gəlin gözlənilmədən İosifin bacısına vuruldu və onunla əsl eşq macərası yaşadı. Toydan üç il sonra İzabella 21 yaşında öldü, bu faciə ərinə olduqca ağır təsir göstərdi.
1780-ci ildə Mariya Tereza öldü, II İosif 1790-cı ildə ölənə qədər on il ərzində kral oldu, o, həm də Müqəddəs Roma imperatoru idi. O, öz nəhəng imperiyasını dəyişdirmək istəyirdi, çünki o, əsl reformator idi.
İosif cəmiyyətdə yeni "ratsional" yaxınlaşmanı güdürdü, elə güman edirdi ki, islahatlara uğratmaqla, monarxiyanı dəyişdirmək olar. Transformasiyanın həm də asan başa gələcəyini düşünürdü. Siseronun məşhur qədim Roma dövlət xadimi Kiçik Katon barədə dediyi sözləri bütünlüklə ona da aid etmək olar: "Ancaq o, (Katon - müəllif) ən yaxşı niyyətləri ilə və özünün yüksək vicdanlılığı ilə, bəzən dövlətə ziyan vurur. O, elə danışır ki, elə bil ki, Romulun əclafları arasında deyil, Platonun dövlətində yaşayır". II İosif də daşlaşmış ənənələrə malik olan Avstriya Monarxiyasının kralı olmaqla, onun arzularına heç cür uyğun gəlməyən bir çevrədə olduğunu unudurdu. İosif öz monarxiyasını qəbul etdiyi irs kimi deyil, tam başqa mahiyyətə malik olan bir dövlət kimi görmək istəyirdi. Düşmən siyasi cəbhəsindən olan və Katona başqa rakursdan yanaşan Qay Krisp isə ona digər sərrast bir qiymət vermişdi: "Beləliklə, o, nə qədər az şöhrət axtarırsa, şöhrət o qədər çox onun arxasınca gedir". İosif də daim öz dövlətinin taleyini düşünürdü, şöhrət arxasınca qaçmırdı, yalnız ölümündən sonra o, hətta sağlığında görmədiyi şöhrət çələngi ilə mükafatlandı.
(Ardı var)