525.Az

Nurəngiz Günə məktub - Səlim Babullaoğlu


 

Nurəngiz Günə məktub -<b style="color:red"> Səlim Babullaoğlu</b>

Əziz Nurəngiz xanım!

Bir neçə il əvvəl, Sizin və görkəmli türk şairi Cəmal Sürəyanın şeirlərini təhlil edən geniş bir məqalə yazmışdım. İndi yubileyiniz ərəfəsində düşünürəm: görəsən, nəyi deyə bilməmişəm və nəyi deməliyəm? Özünü təkrarlamağın məlum dozasını nəzərə almasaq, bunu xoşlamıram, Sizin haqqınızda danışarkən, bunu özümə heç rəva görmürəm, nə təkrarolunmaz  gözəlliyinizə, nə də çox sevdiyim şeirlərinizə. Haqqınızda çox sözlər deyilib. Zamanında, illər, on illər əvvəl də, indi də. Mirzə İbrahimov, Sabir Rüstəmxanlı, Teymur Kərimli, Adilə Qocayeva, Nərgiz Cabbarlı, Elçin Mirzəbəyli, Sevinc Mürvətqızı, Osman Baş, İrfan Ünver  xeyli dəyərli fikirlər söyləyiblər. Hələ bundan sonra nə qədər deyəcəklər. Elə şeirləriniz var ki, onlar təkcə ədəbiyyatşünaslığın deyil, Azərbaycan dilinin, deməli Azərbaycan ruhunun və düşüncəsinin də faktıdır. İnanıram ki, ədəbiyyata, şeirə özünü ciddiliklə həsr edən xeyli gənc həmkarlarım, gələcəyin gözəl şairləri yenə də bunu sevə-sevə edəcəklər. Çünki yaradıcığınız, diapazonunuz buna həm imkan verir, həm də bunu tələb edir. Biz yazmağı danışmaqdan öyrənmişik, hamımızın ilk müəllimimiz nitq olub. Siz şeirə həm bütün adi adamlar kimi, həm də uzun müddət nitq və dil etalonunu formalaşdıran Milli Televiziyamızın çoxlarına örnək olan aparıcısı kimi gəlmisiz. Deməli, Sizin təcrübənizdə bu iki dəfə belə olub. Uzun müddət nitqin  təkcə sıradan bir insan və şair kimi deyil, həm də peşəkar, nümunəvi və  canlı ruporu funksiyasını yerinə yetirən teleaparıcı, diktor peşənizlə Siz, məhz çalışdığınız sahədə öyrəndiklərinizi poeziyaya çox ahəngdar tərzdə gətirmisiz. Sizin müxtəlif  mövzulu şeirlərinizin dili şifahi nitq qədər diri, ruslar demişkən neprinujdennıy, sərbəst və axıcıdır.  Elə “Xocalı simfoniyası” nəyə desəniz dəyər. Belə mövzularda ənənəvilikdən və plakatdan qaçmaq, insan qalmaq çətindir. Siz bunu bacarmısız.

Tez-tez telefonla danışırıq, elə Sizin təbirlə desək, həsb-hal edirik. Hər dəfə nitqinizdəki gəncliyə xas şaqraqlıq, oynaqlıq, kalorit məni heyrətləndirir. Sizin ifanızda təəssüf ki, unudulmaqda olan bihudə, qəvi (+ehtiyat), çifayidə (çefayda), tabım-tavanım, eyzən, girinc, fəna, güzar, şaqraq, şilə, xürrəm, vicvicə və başqa bu kimi gözəl, çoxlu sözlərimiz yeni, dolğun həyat qazanır. Başqalarını bilmirəm, mən bundan öyrənirəm.

Uzunçuluq eləmək istəmirəm, dünya ədəbiyyatı tarixindən bir faktı xatırlamaq istəyirəm. 1947-ci ilin fevralında Marina Yudina XX əsr rus poeziyasının nəhənglərindən olan Boris Pasternaka bir məktub yazır. Deyir: “Əgər siz həyatınız boyu “Rojdestvo” dan (“Mövlud ulduzu”ndan)  başqa bir şey yazmasaydız, bu sizin göylərdə və yerdəki əbədiliyiniz üçün bəs edərdi...”

Qətiyyən mübaliğəyə yol vermədən deyirəm: Elə Siz də, Nurəngiz xanım, “Yol gedirəm” şeirindən savayı bir şey yazmasaydız, bu Sizin dilimiz durduqca xatırlanmanız üçün bəs edərdi.

Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram. O gözəl çöhrəniz həmişə var olsun. Öpürəm, bağrıma basıram.

Sizin Səlim Babullaoğlu,
1 noyabr, 2012-ci il 

 

 





03.11.2012    çap et  çap et