Ermənistan Azərbaycanla münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üzrə aparılan prosesi pozmaq üçün addımlarını davam etdirir. Baxmayaraq ki, regionda sülhün, barışın əldə olunmasında real imkanlar mövcuddur, bu istiqamətdə müəyyən qədər yol artıq qət edilib, İrəvan yenə öz təxribatları ilə gərginlik yaratmaqla məşğuldur. Bir tərəfdən "humanitar böhran", "aclıq" şousu quran Ermənistan, digər tərəfdən Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla təxribatlarının miqyasını daha da genişləndirməyə çalışır.
Təəssüf ki, bəzi beynəlxalq oyunçular Ermənistanın təxribatlarını, pozuculuq fəaliyyətini, revanşizm siyasətini pisləmək əvəzinə, İrəvan hakimiyyətinin qurduğu tamaşada rol alır. Azərbaycanın sülh prosesi, Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı mövqeyi bəllidir. Bu, dəfələrlə ən yüksək səviyyədə açıqlanıb. Rəsmi Bakının qeyd edilən məsələlərdə ortaya qoyduğu mövqe, təklifləri beynəlxalq normalara əsaslanır. "Aclıq", "Tır" şousu kimi pozucu planları ilə istədiyi nəticəni əldə edə bilməyən Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasına üz tutub və təcili iclasın çağırmasını tələb edib. İrəvan ilk dəfə deyil ki, Azərbaycana qarşı bu addımı atır. İkinci Qarabağ müharibəsinin gedişində də belə cəhdlər olmuşdu. Amma hər biri də uğursuzluğa düçar oldu. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan bu məsələlərdə tam haqlıdır və beynəlxalq hüquqa zidd olan hansısa addımı atmayıb. Yada salaq ki, 2022-ci ilin dekabrın 20-21-də Fransa və Ermənistan azərbaycanlıların Laçın yolundakı aksiyası ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmışdılar. Məqsədləri BMT Təhlükəsizlik Şurasında dekabrdakı müzakirələrin yekunu olaraq Azərbaycana qarşı əvvəlcə bəyanatın, daha sonra isə qətnamənin qəbul edilməsi idi. Lakin bu, baş vermədi. Belə ki, Böyük Britaniya, Rusiya, BƏƏ və Albaniya Fransa tərəfindən hazırlanan bəyanata düzəlişlər etməyi istədilər, sonda bu ölkələrin qəti mövqeyi nəticəsində yekun mətn qəbul olunmadı.
Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi işğalçı qüvvələrinin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini 30 ilə yaxın yerinə yetirməyən bir ölkədir. Dörd qətnamənin mövcud olduğu halda, ötən illər ərzində BMT TŞ Ermənistandan onların icrasını tələb etmədi. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı məsələ qaldırmadı. Təəssüf ki, bəzi beynəlxalq qurumlar, o cümlədən, BMT TŞ Ermənistanın əlində alətə çevrilib. Azərbaycan XİN-in yaydığı bəyanatda da qeyd edilib ki, 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Vurğulanıb ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti diplomatik səylərə ciddi zərbə vurur.
Ermənistanın müraciətinin hansı perspektivi var?
Mövzunu şərh edən politoloq İlqar Vəlizadə deyib ki, uzun illər Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qətnamələrinə məhəl qoymayan Ermənistan indi Qarabağ məsələsi ilə bağlı təcili iclasın keçirilməsini tələb edir: "Sual olunur, Paşinyan hökuməti Təhlükəsizlik Şurasından hansı qərarın olmasına ümid edir? Ən yaxşı halda, media üçün bir açıqlama və ya sədrin mövcud problemlərin dialoq yolu ilə həll edilməsi, Qarabağ ermənilərinin təhlükəsizliyinin və humanitar ehtiyaclarının təmin edilməsi üçün tərəflərə müraciəti ola bilər. Deməli, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son kompromis təklifinə uyğun olaraq, Təhlükəsizlik Şurasına getmədən bütün bunlara nail olmaq mümkün idi. Yetər ki, ermənilər bağladıqları Ağdam-Əsgəran yolunu istifadə etmək üçün açıb, Yevlaxda dialoqa gələydilər. Lakin ilkin razılaşmadan sonra Xankəndindəki separatçı rejim şərtlər irəli sürüb, bununla da əldə olunan kompromisi pozdular. Paşinyan-Mirzoyan tandemi doğrudanmı ümid edir ki, Rusiya Xarici İşlər Nazirliyi vasitəçilik səylərini hansı tərəfin pozduğunu asanlıqla unudacaq və İrəvanın perspektivsiz hay-küyünə dəstək olacaq?".
Politoloqa görə, ermənilərin qərbli "xeyirxahlarının" ölkəmizdəki öz mühüm maraqlarını təhlükə altına atmaq istəkləri o qədər də böyük deyil: "Onlar Bakının əsəblərinə toxuna bilərlər, lakin Qərb dövlətləri üçün Azərbaycan olan regionda çox dəyərli tərəfdaşı dəf edə bilməyəcəklər. Ermənilərin Vaşinqton və Paris tərəfindən dəstəklənməsindən Bakıya təzyiq rıçaqı kimi istifadə olunur ki, Bakı Qərbin maraqlarına daha çox əməl etsin. Mirzoyan bir həftədir ki, hazırda BMT Təhlükəsizlik Şurasında təmsil olunan ölkələrdəki həmkarlarını dəstək üçün yalvarış telefon zəngləri ilə bezdirib. Əminəm ki, Azərbaycan diplomatiyası da fəaliyyətsiz deyil. Əvvəllər ermənilərin hətta Fransanın da dəstəklədiyi bütün cəhdləri tərəfimizdən dəf edilib. Eynilə, yüksək ehtimalla bu, indi də baş verəcəkdir. Elə isə ermənilərin başlatdığı hay-küyün mənası nədir? Hesab edirəm ki, Paşinyan hökuməti İrəvanda seçkilər ərəfəsində seçicilərə Qarabağ erməniləri üçün əllərindən gələni etdiklərini nümayiş etdirməyə çalışır. Laçın postunun girişində düzülmüş humanitar karvan, BMT Təhlükəsizlik Şurasına müraciət də bu planın tərkib hissəsidir. Eyni zamanda, İrəvan Qarabağdakı qeyri-qanuni erməni qüvvələrinin tərksilah edilməsi üzrə antiterror əməliyyatını təxirə salmaq üçün beynəlxalq ictimaiyyətin diqqətini regiondakı vəziyyətə yönəltməyə çalışır. Axı, belə bir əməliyyat İrəvan merinin seçilməsinə qədər baş tutsa, Paşinyanın qalib gəlmək şansı kəskin şəkildə azalacaq. Xarici siyasətdə Paşinyan və komandasının diplomatik və informasiya hiylələri çətin ki, dividend gətirsin, lakin onlar daxili siyasi məqsədlər üçün işləyə bilərlər".
İ.Vəlizadə onu da deyib ki, heç bir, hətta ən səmərəli təşkil edilmiş informasiya səs-küyü Ermənistan-Azərbaycan münasibətlərinin aktual problemlərinin həllində əməli hərəkətləri əvəz edə bilməz.
çap et