Xəbər verdiyimiz kimi, avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir. Ödənişlər mobil tətbiq, SMS və ödəmə terminalı vasitəsilə edilir. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılıb. Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər.
Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.
Qeyd edək ki, sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.
Parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə 70, 40, 30 qəpik müəyyənləşdirilib. Şəhərin mərkəzi hissəsindəki yolkənarı dayanacaqlardan istifadə etmək istəyən avtomobil sahibləri gün ərzində ən azı 2-3 manatlarından keçməli olacaq. Yeni təsdiqlənən qərara görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin dediyinə görə, parklanmanın dövlət tərəfindən idarə olunmasında əsas məqsəd parklanma yerlərindən qısa müddətdə daha çox əhalinin istifadəsini təmin etməkdir. Çünki bunu idarə etmək çətindir və qanunvericiliklə də nəzərdə tutulmayıb: "Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilən parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Belə ki, nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı nağdsız qaydada həyata keçirilir. Tətbiq vasitəsilə istifadəçi olduğu məkana yaxın parklanma yerlərini sürətli şəkildə tapmaq, koordinatları təyin etmək və parklanma yerini seçmək imkanına malikdir. Həmçinin əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin cari vəziyyəti ilə bağlı məlumat əldə edə bilir. Belə ki, boş, qismən və ya tam dolmuş, xidmətin müvəqqəti dayandırıldığı yerlər müxtəlif rənglərlə işarələnib. Fiziki imkanları məhdud sürücülər də diqqətdən kənarda qalmayıb. Onlar üçün nəzərdə tutulan yerlər xüsusi rənglə göstərilir. Proqram təminatının "Ödənişlər" bölməsi vasitəsilə parklanma ödənişlərini həyata keçirmək mümkündür. Profil bölməsində isə şəxsi məlumatlar, avtomobillər, bank kartları, ödənişlər və fərdi parklanma talonu haqqında informasiya yer alıb. "Azparking"ə istənilən sayda nəqliyyat vasitəsi əlavə etmək olar. "MilliÖn" və "eManat" ödəmə terminalları vasitəsilə virtual balansı artırmaq imkanı yaradılıb. İstifadəçilərə 3 dildə xidmət təqdim edən tətbiqdə 1, 7 və 30 gün ərzində edilən ödənişləri görmək mümkündür. Tətbiqdəki "Fərdi parklanma talonu" bölməsi vasitəsilə parklanma yerlərinin təşkil edildiyi yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobilləri istifadəçiləri parklanmadan ödənişsiz istifadə üçün müraciət edə bilərlər. Bunun üçün avtomobil sahibi müvafiq məlumatları dolduraraq müraciət etməlidir. Mobil tətbiqi həm "App Store", həm də "Google Play Store"dan yükləmək olar".
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, təyin edilən parklanma qiymətləri münasib və vətəndaşlar üçün əlçatandır. Bu qiymətlər bir neçə il öncə 2 dəfə artıq təklif olunmuşdu. Dövlət əvvəlki təkliflərlə müqayisədə sosialyönümlü siyasəti nəzərə alaraq, qiymətləri endirdi. Şəhərin mərkəzindən uzaqlaşdıqca, parklanma qiyməti də ucuzlaşır: "Parklanmanın necə həyata keçiriləcəyi ilə bağlı sistem hələ müəyyən edilməyib. Hazırda mobil tətbiq, parkomat, mövcud ödəmə sistemləri təklifləri var. Amma istənilən halda, ilkin mərhələdə parklanma nəzarətçiləri olacaq. Düzdür, onların sayı və vəzifə öhdəlikləri əvvəlki səviyyədə olmayacaq, amma sistem avtomatlaşdırılana qədər nəzarətçiyə ehtiyac var".
Onun sözlərinə görə, mobil tətbiq müsbət yenilikdir. Vətəndaşı maraqlandırmır, ödəməni nağd həyata keçirir, yaxud nağdsız - SMS yoluyla və ya internet üzərindən. Vətəndaş üçün əsas bu prosesin rahat olmasıdır. Sürücü bilməlidir ki, avtomobilini harda park edə bilər və bunun dəyəri nədir. Mobil tətbiq hökumət üçün sərfəlidir, çünki ödəmələrə nəzarət olunacaq artıq. Parklanma ödənişləri konkret şəxslərin cibinə deyil, dövlətin büdcəsinə toplanacaq. Bu, yaxşıdır. Amma prosesdə çatışmazlıqlar var: "Əvvəlcə bunu qeyd edim ki, parkinq məsələsində mobil tətbiq təcrübəsi dünyada mövcuddur, o cümlədən də, Rusiyada. Amma Rusiyadakı mobil tətbiq daha çoxşaxəli, daha funksionaldır. Bu, özünü idarəetmədə, ödəmənin rahatlığında, tətbiqin zənginliyində, informasiya bolluğunda göstərir. Bizdə isə informasiya kasadlığıdır. Mobil tətbiqin özü barədə vətəndaşa daha ətraflı məlumat verilməlidir. Vətəndaş bilməlidir ki, mobil tətbiq mümkün olmadığı halda hansı vasitədən istifadə edə biləcək. Ödəmə terminalları varmı və gərəkən saydadırmı, bu da bilinmir. Ən əsası, vətəndaşa parklanma yerlərinin dəqiq ünvanı bildirilməlidir. Bəli, proses yeni başlayıb və bildirilir ki, mərkəzdən, 1-ci zonadan başlanılıb. Bəs digər ərazilər? Hamı mərkəzdə yaşayır məgər? Paytaxtın digər ərazilərində parklanma qaydaları necədir, bilinmir. Cəmi bir neçə parklanma yeri qeyd edilib. Bakı kimi sıx şəhər üçün cəmi bir neçə parklanma yeri təbii ki, çox azdır".
E.Cəfərov qeyd edib ki, bu durum sürücülərlə "parkovşik"lər arasında mübahisə və anlaşılmazlıqların davam etməsinə səbəb olacaq: "Parklanma nişanı olmayan yerdə avtomobilni saxlamaq məcburiyyətində olan sürücü yenə "parkovşik"lərə nağd ödəmə edəcək. Çünki buna məcburdur. Sürücü hardan bilsin ki, parklanma yeri dövlətə məxsusdur, yaxud özəldir? Heç bir nişan yoxdur. "Parkovşik" də deyir, pulludu, pul verməlisən. Nə etməliyəm? Onunla əlbəyaxa olmalıyam? Sürücü bu vəziyyyətdə etiraz edə bilmir axı. Konkret misal çəkim. "Gənclik" metrostansiyasının qarşısında, Atatürk prospektindəki parklanma yerinin girişində şlaqbaum qoyulub. Girib-çıxandan pul alınır. Ancaq blinmir, ora dövlətin balansındadır, yoxsa özəldir. Dövlətin balansındadırsa, yazılı məlumat, lövhə yerləşdirilməlidir, sürücülər də rəsmi şəkildə ödəmə etməlidir. Özəldirsə də bildirilsin ki, özəldir, parklanma xidməti neçəyədir. Dövlət balansında olan parklanma yerlərinin dəqiq ünvanını açıqlamamaqla vətəndaşları üz-üzə qoyurlar. Yenə təkrar edirəm ki, hazırda paytaxtda dövlət balansında olan parklanma yerləri çox azdır. Sentyabrın 15-dək bu yerlərin sayı artmasa, biz yenə tıxacların, narazılıqların, nağdsız ödəmələrin, "parkovşik"lərin pul tələbinin şahidi olacağıq".
Ekspert hesab edir ki, hər şeyə rəğmən, yeni qaydaların tətbiqi şəhərdə nizam-intizam yaradacaq, yol hərəkəti iştirakçılarının daha məsuliyyətli olmasına gətirib çıxaracaq: "Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına və dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, istənilən halda nəinki Azərbaycanda, dünyanın hər yerində insanlar tətbiq olunan yeniliklərə uyğunlaşa bilmirlər. İlkin vərdişlər formalaşana qədər müəyyən vaxt keçir. Hətta münaqişələr, mübahisələr yaranır: "Bu təcrübəni nəqliyyat sahəsində ilk dəfə kart sisteminə keçid zamanı gördük. İnsanlar həmin vaxt avtobusa ön qapıdan daxil olub, arxadan düşməyi qəbullana bilmirdilər. Dava-dalaş olurdu. İndi isə bu, mədəniyyətsizlik kimi qəbul olunur. Ona görə də, zaman keçdikdən sonra parkinqlə bağlı yeni ödəniş sisteminə alışacaqlar. Doğrudur, bəzi məsuliyyətsiz, müasir dünya ilə barışmayan, öz dünyası olan insanlar var. Bu gün ödəniş kartı olmayan insanlar da var. Halbuki kartla işləyən avtobuslarda kondisioner işləyir. Həmin avtobuslarda qışda isti, yayda sərin olur. Elə sərnişin var ki, karta nifrət edir, ya nədəndirsə, onu qəbul etmir. Dayanacaqda durur, eyni istiqamətdə gedən kartla işləyən 5-6 avtobusu buraxır. Nəhayət, köhnə avtobusa minir ki, təki ödənişi qəpiklə etsin. İndi parkinqlə bağlı da belə davranan insanlar olacaq. Gedib 500 metr arxada saxlayacaqlar ki, təki burada elektron ödəniş sistemindən istifadə etməsin. Amma nə vaxt dindirsən, deyəcək ki, "başım çıxmır". Heç vaxt cəhd etməyəcək ki, onlayn ödənişdən istifadəni öyrənsin".
Ekspert yeni sistemin sadə olduğunu vurğulayıb: "Azparkinq" mobil tətbiqi kifayət qədər sadə funksiyalardan ibarətdir. İstifadəsi rahatdır. İnsanlar zamanla bunun səmərəsini, funksionallığını görəcəklər. Bu gün harayasa gedəndə, evdən baxa bilirsiniz ki, həmin ərazidə parkinq yeri var, yoxsa yoxdur, qiymətlər necədir. Küçələrin adına qədər göstərilir. Təkcə, bron etmək mümkün deyil. Çünki bizim cəmiyyətdə bron məsələsi bir az qəlizdir. Bir də görəcəksiniz ki, hansısa dələduz səhər tezdən durub, bütün parkinqləri bron edib axşam baha qiymətə insanlara satacaq. Ona görə buna imkan yoxdur. Sadəcə, məsafəni göstərir. Ola bilər ki, gələcəkdə qaydalarda müəyyən dəyişikliklər ortaya çıxsın. İş prosesində qüsurlar ola bilər. Ancaq bu gün üçün istifadəyə verilən imkanlar kifayət qədər normaldır. İrəli sürülən şərtlər qorxulu deyil, çox rahatdır".
Sevinc QARAYEVA
çap et