525.Az

Ürəklərdə yaşayan unudulmaz qəhrəman


 

Ürəklərdə yaşayan unudulmaz qəhrəman<b style="color:red"></b>

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində bir inqilabdır. Həm nümunəvi döyüş taktikaları ilə həm dövlət-xalq birliyi ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqımız əzm, iradə və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu şanlı qələbə elə təməllər üzərində quruldu ki, əsla sarsılmaz. Çünki bu tarixi igid, qəhrəman, vətəni canından, sevdiklərindən əziz tutan oğullarımız şəhidlik zirvəsinə ucalaraq canı, qanı, geridə qoyduqları analarının, bacılarının, sevdiklərinin göz yaşları ilə yazdılar. Onların yox olan cismi ilə var oldu bu torpaq, bu vətən.

16 avqust həmin tarixi qəhrəmanlardan biri, bir an belə düşünmədən canını vətəninə fəda edən, həyatda ən böyük amalı Qarabağın azadlığı olan şəhid kəşfiyyatçı, ömür-gün yoldaşım Amil Hüseynovun cənnətdəki üçüncü doğum günüdür.

Amil Rasim oğlu Hüseynov 16 avqust 1986-cı ildə Füzuli rayonunun Əhmədalılar kəndində dünyaya göz açıb. 1993-cü ildə mənfur düşmənin torpaqlarımızı işğal etməsi nəticəsində məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bakıda yerləşən Mədəni Maarif Texnikumunun yataqxanasında məskunlaşıb. Bakıda fəaliyyət göstərən Ağdam rayon 36 saylı tam orta məktəbdən məzun olduqdan sonra 2004-2006-cı illərdə Beynəlxalq sülhməramlı ordu tərkibindəki Kosovoda fəaliyyət göstərən Azərbaycan sülhməramlı qoşunlarında həqiqi hərbi xidmət keçib.

Məktəb dövründə Amil karate ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edərək yüksək nailiyyətlər əldə edib. 2003-cü ildə respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda birinci yerə çıxıb.

Amil xidmətə 2010-cu ildən Azərbaycan Respublikasının Daxili qoşunlarında başlayıb. Daha sonra Milli Ordu sıralarında Müddətdən Artıq Həqiqi Hərbi Xidmətdə kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı olaraq təlim kursu keçib. O, ixtisaslaşmış, işinin sirlərini, hər bir incəliyini bilən hərbçi idi.

A.Hüseynov Beyləqanda və Füzulidəki N saylı hərbi hissələrdə Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas bölgələrində xidmət edib. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə, hərbi hissəyə verilmiş tapşırıqların yerinə yetirilməsinə və intizamına görə daim fərqlənən Amil Hüseynov 2016-cı ildə Fəxri fərmanla mükafatlandırılıb.

Vətən müharibəsinin fəal iştirakçısı olan, ən ön sıralarda döyüşən Amil Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib. Müharibə zamanı ailəsi ilə sonuncu dəfə oktyabrın 5-də telefon əlaqəsi saxlayan A.Hüseynov döyüş əməliyyatı zamanı piyada əleyhinə minaya düşərək şəhadətə yüksəlib. Oktyabrın 10-da şəhidlik zirvəsinə ucalan qəhrəmanımızın nəşi 60 gündən sonra Füzuli rayon Əbdürrəhmanlı kənd istiqamətindən tapılıb və 10 dekabrda öz doğma kəndində son mənzilə yola salınıb.

Şəhidimizin tək övladı Elcan Hüseynli vətənə əmanətdir.

Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Füzulinin, Xocavəndin, Cəbrayılın, Şuşanın azad olunmasına görə, "Vətən uğrunda" "Cəsur döyüşçü" medalları və "3-cü dərəcəli vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2022-ci ildə atası Rasim Hüseynov tərəfindən öz doğma Əhmədalılar kəndindəki orta məktəbin həyətində Amilin xatirəsinə bulaq abidəsi inşa edilib.

Bu gün Amil onu sevənlərin xatirələrində və böyük bir xalqın qəlbində əbədi yaşayır. Ailəsi olaraq bu, bizim ən böyük təsəllimizdir.

Anası Nazənin Hüseynova: "Amil gözümün ilk nuru, ailəmizin ilk sevinci idi. Təbii ki, analar övladlar arasında fərq qoymaz, amma Amil elə oğul, elə bala idi ki, ataya-anaya, bacı-qardaşına, ailəsinə qarşı istiqanlı münasibəti ilə, qayğıkeşliyi, mərdliyi, yüksək mənəvi keyfiyyətləri ilə o fərqi özü yaradırdı. 3 il keçməsinə baxmayaraq, onun yoxluğunun ağrısı ilk günkü kimi ürəyimdədir. İndi tək həmdəmim onun şəkilləri, xatirələridir. O həmişə deyirdi: "Ana, mənim işim elədir ki, gedərəm bir gün ya ayaqsız, ya əlsiz qayıdaram, siz hər şeyə hazır olmalısınız, həyatın reallığını qəbul etməlisiniz. Bizim torpaqlarımız işğal altındadır, onu azad etmək bizim borcumuzdur. Bircə bu Qarabağ məsələsini həll etsək, ondan sonra hər şey yaxşı olacaq". Balam arzusuna çatdı, dediyini etdi, vətəni azad etdi, amma zəhmətinin bəhrəsini görmədi. Kaş ki, bu zəfərin sevincini yaşamaq Amilimə də qismət olardı. Amma əminəm ki, ruhu şaddır. Vətənin azadlığı uğrunda canından keçmək, ömründən pay vermək onun üçün yalnızca böyük şərəfdir. 16 avqust Amilin doğum günüdür. Nə qədər illər keçsə də, o, yenə mənim ilk dəfə qoynuma aldığım, qoxusunu ürəyimə çəkdiyim, heç vaxt doymadığım körpə balamdır. O, ən uca zirvədədir, şəhiddir, indi mən onun doğum günlərini onsuz qeyd edirəm. Çox çətindir. Onsuz bu illəri necə yaşamışam, günüm-ayım necə keçib, bilmirəm. O gedən gündən dünyam necə qaralıbsa, hələ də həmin qaranlığın içindəyəm. Onun yoxluğunu heç nə əvəz etmir. Azərbaycan xalqına qələbə yaraşır. Bu qələbəni canı ilə, qanı ilə xalqımıza yaşatdığı üçün balamla, onun uca məqamı ilə fəxr edir, qürur duyuram. Təki vətən sağ olsun! Allah bütün şəhid balaların məqamını uca etsin. Mənim də balamın ruhu şad olsun!"

Bacısı Aysel Süleymanova: "Qardaşım Amil haqqında danışmaq mənim üçün həm asandır, həm də çox çətindir. Ona görə asandır ki, o, bu dünyada ağlımıza gələn ən xoş sözlərə layiq bir qardaşdır. Cəsur, igid, qorxmaz, mehriban, səmimi, saf, bir sözlə, oğul kimi əsl oğul, ata kimi qayğıkeş ata, yoldaş kimi diqqətli, layiqli yoldaş, qardaş kimi tayı-bərabəri olmayan əvəzsiz bir qardaş idi. Çətindir, ona görə ki, qardaşım bu gün yanımda deyil. Bu üç il müddətində bir an olsun ağlımızdan, beynimizdən, qəlbimizdən çıxmır onun yoxluğu, sanki ruhumuza sarılıb. Mən bir an belə onu yoxmuş kimi düşünmürəm. Hər an gələ biləcəyi ümidi çıxmır qəlbimdən. Hər axşam qapım döyüləndə ürəyim səksənir, elə bilirəm Amil gəldi. Adətən, o, bizə gecələr gələrdi. Bir qardaş bacını, bir bacı qardaşı bu qədər sevərmiş, İlahi! Hər gün 2-3 dəfə zəng edər, nəyəsə ehtiyacım varmı, yoxmu maraqlanardı. Hər axşam bir zəngi vardı: "Səsini eşidim, yatım". Hər zaman mənə ikinci anam deyirdi, bütün dərdini, sirrini mənimlə rahatlıqla bölürdü. Məni "Ası" deyə çağırardı. İndi deyirəm: "Ası sənsiz çox darıxır, gözəl gözlü qardaşım".

Bəlkə də yataqxana şəraitində, birotaqlı evdə böyüdüyümüz üçündür, ya nədirsə bir-birimizə çox bağlı idik, bir-birimizi həddindən çox sevirdik. Onun hər nailiyyətini xüsusi qeyd edirdik. Doğum günləri həmişə təmtəraqlı keçərdi. Allahdan qorxan, hər atdığı addımı ölçüb-biçən bir xarakterə sahib idi. Bəlkə də belə gözəl ürəyin sahibi olduğu üçün hər insana qismət olmayan şəhidlik zirvəsinə ucaldı. Ondan sonra, nə mən, nə ailəmiz, nə də onu sevənlər onun yoxluğu ilə barışa bilir. Amil döyüşə Füzuli rayon Əbdürrəhmanlı kəndindən 40 metrlik deyilən postdan başladı. Onların qrupundan 9 nəfər kəşfiyyatçı şəhid oldu. İlk keçilməz Ohanyan səddini yaran qrup məhz Amilgil olub. Qardaşım şərəflə, qəhrəmanlıqla bu dünyadan köçsə də, mənim üçün bu həyatda onsuz heç nəyin mənası qalmayıb. Sanki həmin gün məni də onunla dəfn etdilər. Tək təsəllim qardaşımın şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Biz Amillə yenicə ailə qurmuşduq. Ailə həyatımız cəmi 2 ay çəkdi. Çox təəssüf ki, artıq 3 ilə yaxındır onsuz bir həyata davam etmək məcburiyyətindəyəm. Mən hələ də o gündə qalmışam, Onunla 2020-ci il avqust ayında keçirdiyimiz doğum günü birlikdə keçirdiyimiz tək əlamətdar günümüz oldu.

Heyif ki, ondan mənə övlad əmanət qalmadı. Ancaq əmanət nədir ki?! Əmanət ən güvəndiyimiz insana tapşırdığımız, ən sevdiyimiz nəsnədir. Mənim üçün də onun sevgisi ən dəyərli əmanətimdir, ölənə qədər ona olan sevgimi və onun sevgisini qəlbimin ən gözəl, ən dəyərli guşəsində qoruyub saxlayacam. Ondan sonra çox əziyyət çəkdim, onun bu gedişinə dözmək, bu ağrının altından qalxmaq olduqca çətin oldu. Ondan sonra hər gün Amilimə yazdığım sətirlərlə, misralarla təsəlli tapdım. Allah Amilin və bütün şəhidlərimizin məqamını uca etsin. Cənnətdəki doğum günün mübarək, hər zaman gənc və yaraşıqlı qalan sevdiyim.

Xalisə MƏMMƏDOVA

 

 

 

 





16.08.2023    çap et  çap et