Görkəmli pedaqoq və pianoçu professor Aytəkin Həsənovanın əziz xatirəsinə həsr olunur
Bir əsrdən artıqdır ki, bəşəriyyət insanların müxtəlif qabiliyyətlərində və nailiyyətlərində ifadə olunan fərqli xüsusiyyətləri, onların təzahürlərinin səbəbləri ilə bağlı problemləri tədqiq-təşviq edir. İstedad, bəzən səmərəli təşkil olunmuş mühit və tərbiyənin "məhsulu" olması ilə, bəzən ilahi vergi, bəzən isə irsi amillə əlaqələndirilir.
Maraqlısı odur ki, həyatda rastlaşdığımız bəzi insanlar özlərində bu üç amili təcəssüm edərək, bizim üçün az qala dahilik zirvəsinə qədər ucala bilir.
Bunun mahiyyətini dərk etmək hər nə qədər çətin və məsuliyyətli olsa da, bir o qədər bizi ali insani dəyərlərə asanlıqla yaxınlaşdıran bir fenomendir. Ən görkəmli elm adamları hələ də dünyada fövqəlbəşər qabiliyyətlərinə malik olan insanlara bəxş edilən istedad və genlərin incəliklərini kəşf edə bilmirlər. Odur ki, bir çox təhlillərin nəticəsi olaraq, belə bir qənaətə gəlirik ki, dahilik istedadın öz yaradıcılığı ilə əldə etmək istədiyi məzmun üçün real obraz kimi inkişaf etdirdiyi məhsuldar yaradıcı fəaliyyətdir. Bu nöqteyi-nəzərdən həmin bu fenomen nəinki əsl sənət əsərləri yaratmaq istedadı, eləcə də mövcud əsərləri ifa etmək qabiliyyətini təcəssüm edən ən ali yaradıcı enerjidir.
Bu baxımdan insan qabiliyyətlərindən ən mükəmməli musiqi yaradıcılığıdır. Eyni zamanda qeyd etmək vacibdir ki, eşitdiyimiz musiqi ancaq mahiyyətinə və məzmununa görə kamil, insanın ruhuna yol tapan səmavi musiqisinin əks-sədasıdır, çünki insan özü də kainatın bir parçasıdır.
Bu düşüncələr və qənaətlər şübhəsiz ki, həm də görkəmli pedaqoq və pianoçu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi fənləri və dirijorluq kafedrasının müdiri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq namizədi mərhum Aytəkin Həsənovanın (1958-2012) həyat və yaradıcılığını nəzərdən keçirərkən meydana gəlir.
Yaşasaydı dahilik zirvəsini də asanlıqla fəth edərdi, amma fələk imkan vermədi, deməli, taleyin də öz hökmü varmış.
Düşünürəm ki, Aytəkinlə 11 il məktəbdə, 5 il musiqiçilərin Alma-Materi olan indiki Bakı Musiqi Akademiyasında təhsil almağımız, daha sonra uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb həmkar olmağımız mənə obyektiv olaraq, onun psixoloji portretinin bir çox incə cizgilərini ifadə etməyə imkan verir.
Yeri gəlmişkən, bəzən ətrafımızda elə insanlar olur ki, dünya və həyatımıza xüsusi məna verməklə onları daha da nurlandırır. Aytəkin də elə o insanlardan idi. Taleyimə minnətdaram ki, mənə onunla nəinki tanış olmaq, həm də dost olmaq imkanı verdi. O, mənim həyatımda həqiqətən də parlaq bir xeyirxahlıq mücəssəməsi idi.
Ən yaxın rəfiqəm, məsləkdaşım və həmkarım olan Aytəkin həmçinin öz parlaq musiqiçi fəaliyyəti və yaradıcılığında peşəkar şəxsiyyəti ilə estetikanın bütün kateqoriyalarını sintez edərək, ifa etdiyi əsərlərin səslənməsində təcəssüm olunan emosional və rasional, eyni zamanda unikal melo-informasiya sistemi yaratmışdı. Aytəkin ifa etdiyi hər bir əsərdə şüur və hisslərin harmoniyasını qoruyub saxlaya və ifadə etməyə qadir nadir sənətkar idi. O, musiqini həyatı qədər sevirdi, hətta şirin və mənalı söhbətlərində qeyd edirdi ki, musiqisiz yaşaya bilmir.
Aytəkin şəxsi keyfiyyətlərinə görə lider olaraq, insanları hər hansı bir ideya və ya təşəbbüs ətrafında məharətlə toplaya bilirdi. Daxilən nizam-intizamlı, dostluqda isə olduqca sədaqətli biri idi. Bununla yanaşı, Aytəkin kifayət qədər istedadlı şəxsiyyət, pedaqoq və sənətkar idi, məhz buna görə də onun haqqında yazanda onu təkcə dost, rəfiqə, sirdaş kimi deyil, işini mükəmməl bilən, peşəsini sevən və onun qeydinə qalan, bir qədər mühafizəkar sənət adamı, peşəkar musiqiçi və pianoçu simasında çıxış edən Aytəkin xanım obrazında qəbul edirəm.
Onun üçün yeni təfəkkür növü, mədəniyyətin yeni səviyyəsi, musiqi dünyasının yeni mexanizmləri, müasir, daim transformasiyaya uğrayan sosial-mədəni konteksti əks etdirən musiqi reallığı həmişə mühüm əhəmiyyət kəsb edib. O, öz pedaqoji fəaliyyəti və ifaçılıq sənəti ilə əldə etdiyi güclü emosional qüvvəni mövcud sənət problemlərinin həllinə, onlara təsir göstərməsinə yönəldə bilirdi. Məncə, dahi Mir-Cəlalın ilk nəvəsi missiyasına layiq görülən bir insan başqa cür ola da bilməzdi.
Yaradıcılıq fəaliyyəti boyu peşəkar musiqiçi kimi Aytəkin xanım musiqi-mənəviyyat, sənətkar-ətraf mühit, məntiq-intuisiya, keçmiş-müasirlik və sənətə təsir edə biləcək digər mühüm problemlərlə yaxından maraqlansa da, onun üçün ən doğma olan pianoçu ilə mədəniyyət arasında qarşılıqlı təsir mövzusu idi.
Dərin nəzəri biliyə, zəngin əməli təcrübəyə malik Aytəkin xanım əməyini, məharətini və nailiyyətlərini tələbələrinə sərf edən sözün əsl mənasında həqiqi müəllim, peşəkar rəhbər, görkəmli Azərbaycan bəstəkarlarının və dünya klassiklərinin yaradıcılığının mükəmməl bilicisi kimi tanınmışdı. Onun öz peşəsinə və tələbələrinə sevgisi, qarşılıqlıq üzərində qurulmuş hörmət və etimad, etik mədəniyyət, davranış mədəniyyəti, yüksək mənəvi dəyərlərə sadiqlik, tələbkarlıq və həssaslıq Aytəkin xanımın şəxsiyyətinin ən ali keyfiyyətlərindən idi.
Onun fortepiano ifaçılığı üzrə tədris metodikasının təkmilləşdirilməsindəki xidmətləri, Azərbaycan və dünya klassiklərinin əsərlərinin yer aldığı 30-dan çox dərslik və antologiyanın nəşr etməsi Azərbaycan professional fortepiano ifaçılıq sənətinə əvəzsiz töhfədir.
Qeyd etmək vacibdir ki, ifaçı dinləyicinin diqqətini yalnız bəstənin dərin mənalı məzmununa təfsirlər verməklə cəlb edə bilər. Əlbəttə, musiqinin özü təsir effektinə malikdir, lakin ifaçı bəstəyə faktiki məna vermirsə, onda tamaşaçı tədricən passiv dinləyiciyə çevrilir: ifa olunan musiqi arxa plana keçir, dinləyici isə öz düşüncə və xəyallarına dalaraq, yüksək sənət prosesindən kənarlaşır. Bu danılmaz həqiqəti əsas tutaraq, Aytəkin xanım böyük konsert salonlarındakı möhtəşəm ifaları ilə bütün tamaşaçıların şüuru və qəlbinə yol tapa bilirdi.
Bununla belə, Aytəkin xanım Həsənovanın yaradıcılığının mühüm bir hissəsini konsertmeysterlik fəaliyyəti təşkil edirdi.
Aytəkin Həsənova uzun illər Ramiz Quliyev, Gülnaz İsmayılova, Nərgiz Kərimova, Gülağa Zeynalov və başqaları kimi tanınmış azərbaycanlı ifaçıları müşayiət edib. Bu ifaların videoyazıları Azərbaycan Musiqisinin Qızıl Fondunda saxlanılır. Aytəkin xanım özünün solo yaradıcılığı çərçivəsində Kapelhaus, Kirxa, Bakı Musiqi Akademiyasının Böyük Zalı və s. kimi yüksək sənət və mədəniyyət ocaqlarının mötəbər səhnələrində çıxış edib.
Aytəkin xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işlədiyi müddətdə bir çox konsert proqramlarında və dövlət səviyyəli tədbirlərdə məharətlə çıxış etmiş, bu gün də adları bir çox musiqisevərlərə tanış olan istedadlı ifaçılara dərs demişdir.
O, çox parlaq və pozitiv insan, öz işinin əsl peşəkarı və sənətini, işini dərindən bilən və sevən bir pedaqoq idi. Eyni zamanda Aytəkin xanım tələbələrinə və həmkarlarına qarşı həmişə tələbkar və eyni zamanda həssas olub, tələbələrinin hər zaman zirvəyə doğru irəliləməsinə səy göstərib. Odur ki, Aytəkin xanım tələbələrinə nəinki zəruri ifaçılıq vərdişlərini aşılamağa, həm də gənc ansambl üzvlərinin dünya musiqisinin ən gözəl və qiymətli nümunələri ilə tanış olmasına, bununla da onların bilik və bacarıqlarını formalaşdırmağa, dünyagörüşlərini genişləndirməyə nail olmuş nadir pedaqoqlardan olmuşdur.
Lakin atalar demiş, sən saydığını say, gör fələk nə sayır. Aytəkinin xəstəlik xəbəri bizi, onun rəfiqələrini çox sarsıtdı. O, ağır xəstə olmasına rəğmən, heç vaxt şikayət etmir, ona məxsus optimizm və ruh yüksəkliyi ilə pedaqoji fəaliyyətinə davam edirdi. Həyatsevərliyi, yüksək mədəniyyəti və kübarlığının təcəssüm etdiyi şəxsiyyəti ilə Aytəkin bizlərə həqiqi insan nümunəsi nümayiş etdirmiş, fiziki yoxluğundan sonra isə onu bizə miras qoymuşdur.
Hər il 17 avqust Aytəkinin mövlud gününü qeyd edirik. Hər ilin bu günü onun ruhu qarşısında bir növ hesabat verərək, bizə ərmağan etdiyi insanlıq nümunəsini və yaradıcılıq irsini necə qoruduğumuzu bir daha ifadə edirik. Bu, hər zaman da belə olacaq. Allah rəhmət eləsin...
Sevda AXUNDOVA
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi
çap et