525.Az

İxtisas seçimi zamanı nələrə diqqət edilməli? 


 

ABİTURİYENTLƏR HANSI İXTİSASDA ÖZLƏRİNİ MÜTƏXƏSSİS KİMİ GÖRMƏK İSTƏYİRSƏ, O İSTİQAMƏTDƏ İXTİSAS SEÇMƏLİDİRLƏR

İxtisas seçimi zamanı nələrə diqqət edilməli? <b style="color:red"></b>

Avqustun 16-dan etibarən ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminə start verilib. 

Mütəxəssislərin fikrincə, abituriyentlər ixtisas seçimi edərkən yığdıqları balı və oxumaq istədikləri ixtisası əsas götürməlidirlər. Hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.

Təhsil eksperti Kamran Əsədov deyir ki, ixtisas seçimində ən önəmli faktorlardan biri abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir: "Yüksək bal toplayan tələbələrdə ixtisas seçimi çətinlik yaratmır. Yəni onlar hansı ixtisası öz potensiallarına uyğun hesab edib seçirlərsə, həmin ixtisasa da qəbul olmaq ehtimalları çox olur. 600 və 700 bal toplayan abituriyentlər hansı sahənin mütəxəssisi olmaq istəyirlərsə, buna asanlıqla yiyələnə bilirlər. Ballar aşağı düşdükcə isə heç şübhəsiz, abituriyentlər ciddi seçim qarşısında qalırlar. Əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir".

Təhsil ekspertinin sözlərinə görə, abituriyent müvafiq ixtisas seçimindən ilk ikisini topladığı baldan bir az yuxarı bal tələb edən ixtisasları yazmalıdır. Bundan sonra isə ideal seçim sırası edilməlidir. Burada da əsas olaraq abituriyentin istəyi ön planda olmalıdır. Ümumiyyətlə, abituriyent oxumaq istəmədiyi ixtisasları seçməməlidir: "Abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməkdir".

Bəs 17-18 yaşındakı gənc gələcək ixtisasını necə müəyyənləşdirə bilir? Onlar ixtisaslarını nəyə əsasən seçirlər?

Gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmamaq lazımdır ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Ödəniş haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda, onun işləmə həvəsindən və işinə qarşı olan məsuliyyətindən də asılıdır. Növbəti amil kimi işin ağırlıq dərəcəsi götürülür. Bu isə ixtisasdan çox iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi işin daha da asanlaşdırılması deməkdir. Bəzi hallarda isə aparıcı motiv təhsilin mümkünlük dərəcəsidir. Belə insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə çalışırlar. Misal üçün, yaşayış yerinə daha yaxın olan, münasib qəbul balı və s. bu kimi faktorları əsas götürərək gələcək ixtisaslarının seçimini edirlər. Təhsilin keyfiyyəti isə onun maddi dəyərindən deyil, onu tədris edən müəllimin professionallığından asılıdır. Bir qrup gənc ixtisas seçimində valideynlərin fikirlərini əsas götürürlər. Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə əsasən, abituriyentlər hansı ixtisasda özlərini mütəxəssis kimi görmək istəyirsə, o istiqamətdə ixtisas seçməlidirlər. Valideynlər də ixtisas seçimində övladlarının istəyini nəzərə almalıdırlar: "Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir".

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, ixtisaslaşma dövrü elə bir mərhələdir ki, bu imtahan verənlər üçün ən strateji nöqtədir və bu zaman abituriyentlərlə yanaşı, valideynlər də çox diqqətli olmalıdırlar. İxtisas seçimi özbaşına verilən qərarla edilməməlidir. Əgər biz nəzərə alsaq ki, abituriyentlər 4 il ərzində məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək karyera imkanları məhz bu ixtisasdan asılıdır, ona görə də demək olar ki, bu prosesin ən məsuliyyət tələb edən mərhələsi məhz ixtisaslaşma seçimidir: "Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu zaman bir çox abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Bu, hardasa 70, 80 faiz imtahan verənin hədəfidir. Yerdə qalanlar isə konkret olaraq bilirlər ki, onlar hansı ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul olacaqlar".

E.Əfəndinin dediyinə görə, proses zamanı valideynlərin çoxu, övladlarının topladığı baldan yüksək ixtisasları seçirlər: "İxtisas seçiminə gələn valideynlərin böyük bir hissəsi övladlarının daha prestijli və perspektivli ixtisaslara qəbul olmasını istəyirlər. Halbuki uşağının topladığı bal həmin ixtisaslara qəbul olmaq üçün kifayət etmir. Bu sahələri ixtisas seçimində yazdıqda, nəticə heç də ürəkaçan olmur".

Təhsil eksperti Nadir İsrafilovun fikrincə, qəbul imtahanın ilkin mərhələsi başa çatdıqdan sonra müvafiq bal toplayan abituriyentlər hər şeydən əvvəl ixtisas seçimi haqqında fikirləşir: "Başqa cür də ola bilməz. Çünki hədəfləri dəqiqləşdirmək hər şeydən önəmlidir. Başqa sözlə, hədəf məlumdursa, qalan şeylər nisbətən asandır. Çünki gələcəkdə karyera qurmaq istədikləri sahəni seçmək, yüksək bal toplamaqdan daha çətindir. Yüksək bal toplayan abituriyentlər seçimlərini konkretləşdirib, diqqətlə ixtisaslarını kodlaşdırmalıdırlar. Balı az olanlar isə yiyələnmək istədikləri peşəyə yaxın olan sahələri seçməlidirlər ki, gələcəkdə özlərini seçmək istədikləri ixtisas üzrə daha da inkişaf etdirə bilsinlər. O da etiraf olunmalıdır ki, qərarsız tələbələrimiz hələ də az deyil.  Yüksək bal toplamağına baxmayaraq, hansı ixtisası seçməsində çətinlik çəkir, tərəddüd edir. Çünki əvvəlcədən qarşısına məqsəd qoymayıb. İlk növbədə qarşıya məqsəd qoyulmalıdır, məqsədə müvafiq də seçim edilməlidir. Bu sahədə çətinlik çəkənlərin isə müəllimlər və valideynlərin yardımına ehtiyacları var. Bununla belə, əlbəttə ki, seçim zamanı abituriyentin öz arzu və istəyi əsas götürülməlidir. Bir də ki, ixtisası prestijə yox, əmək bazarına görə seçmək lazımdır, Necə ki, çoxları bir qayda olaraq əmək bazarındakı tələbatı deyil, məhz ixtisasın prestijini əsas götürür ki, bu da onlara gələcək karyeralarını qurmaqda müəyyən maneələr yaradır".

N.İsrafilovun dediyinə görə, gənclərə ali məktəbə qəbula hansısa bir diploma sahiblənmə vasitəsi kimi baxmamalarını tövsiyə edir: "Bir il, iki il gec olsun, ancaq seçdikləri ixtisas ürəklərincə olsun. Seçdikləri ixtisasa özlərində bir bağlılıq hiss etsinlər. Yalnız bu halda işini bilən, işini sevən peşəkar mütəxəssisə çevrilmək olar".

Qeyd edək ki, ixtisas seçimi günlərində Məsləhət Mərkəzləri Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələri və bəzi ali təhsil müəssisələri ilə yanaşı, müxtəlif rayon təhsil sektorları və məktəblərdə də fəaliyyət göstərəcək.

Abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Memarlıq və İnşaat Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər.

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları və rayon təhsil sektorlarının əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

İxtisas seçərkən nəzərə almaq lazımdır ki, insan həyatda bir dəfə məslək seçir. Önəmli olan seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaq və peşəyə sadiqlikdir.

Sevinc QARAYEVA

 

 

 





17.08.2023    çap et  çap et