525.Az

BMT Təhlükəsizlik Şurasında Ermənistanın növbəti fiaskosu


 

BMT Təhlükəsizlik Şurasında Ermənistanın növbəti fiaskosu<b style="color:red"></b>

Ermənistan və onun havadarlarının Azərbaycana qarşı növbəti oyunu da iflasa uğradı. İrəvanın müraciəti əsasında keçirilən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası əslində Ermənistan diplomatiyasının, Fransa başda olmaqla, onun digər havadarlarının, erməni diasporu və lobbisinin, bütünlükdə ermənipərəst dairələrin fiaskosu idi. Əslində, müzakirələrin gedişi, yekun nəticə proqnozlaşdırılan idi. Çünki söhbət Azərbaycanın ərazi bütövlüyündən, suverenliyindən gedirdi. Əgər bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman İrəvanın ölkəmizin ərazisini karvansara kimi istifadə etmək istəyi, suverenliyimizə qəsd cəhdi təbii ki, dəstək almayacaqdı. Bunun əksi, çox pis bir president demək idi. İkincisi, Azərbaycanın tutarlı faktları qarşısında təbii ki, hansısa qətnamənin qəbulu sadəcə elə BMT TŞ-nın da iflası olacaqdı. Yada salaq ki, bu, Fransa və Ermənistanın ikinci iflasıdır. 2022-ci ilin dekabrında da Fransa və Ermənistan azərbaycanlıların Laçın yolundakı aksiyası ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırmışdılar. Məqsədləri BMT Təhlükəsizlik Şurasında dekabrdakı müzakirələrin yekunu olaraq Azərbaycana qarşı əvvəlcə bəyanatın, daha sonra isə qətnamənin qəbul edilməsi idi. Lakin bu, baş vermədi.

Ermənistanın fiaskosu həm də bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın,  Ermənistan diplomatiyasının məğlubiyyətidir. Mirzoyan "aclıq", "humanitar böhran" şousunu tam yalan, saxta "faktlar"la BMT TŞ-ya daşımaqla, özünü ifşa etmiş oldu.  Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev isə çox təmkinlə və əsaslı faktlarla, sübutlarla çıxış edərək erməni şousunu ifşa etdi. Ümumi qiymətləndirsək, iştirakçı dövlətlərin nümayəndələri Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdilər və Ağdam yolunun açılmasını vacib sayaraq, Azərbaycanın yerində vəziyyətə nəzarəti faktını qəbul etdilər. Bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Qarabağ erməniləri isə nəhayət anlamalıdılar ki, Azərbaycanın şərtləri əsasında danışıqlara getməkdən başqa yol yoxdur.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Ararat Mirzoyanın və Ermənistan nümayəndə heyətinin qəmli üzləri ermənilərin BMT Təhlükəsizlik Şurasına müraciətinin tam iflasa uğramasının göstəricisidir: "Müzakirə iştirakçılarının heç biri Azərbaycanı qınamadı, ölkəmizə qarşı tələblər irəli sürmədi, sadəcə olaraq Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsi, həm Laçın, həm də Ağdam yolunun humanitar məqsədlə maneəsiz işləməsi çağırışları ilə kifayətləndilər. BMT Təhlükəsizlik Şurasının üzvlərindən heç biri erməni tərəfinin təbliğ etdiyi "blokada" və "soyqırım" humanitar böhran sözünü dilə gətirmədi. Heç kim Azərbaycanın Laçın yolu, ordakı postun legitimliyini şübhə altına almadı. Heç bir iştirakçı Qarabağ ermənilərinin yaşadığı ərazidəki qanunsuz "administrasiyanın" adını belə çəkmədi və Bakını xalq deyil, "yerli əhali" kimi onlarla dialoqa dəvət etdi".

Deputat vurğulayıb ki, nəticədə hər şey Ermənistanın müraciətinin ictimai müzakirəsi ilə məhdudlaşdı: "Nəinki səsverməyə hansısa qətnamə çıxarıldı, hətta ABŞ-ın nümayəndəsi olan iclas sədrinin bəyanatı belə olmadı. Beləliklə, əgər Baş nazir Paşinyan və xarici işlər naziri Mirzoyan BMT Təhlükəsizlik Şurasındakı çıxışla həmvətənlərinə nümayiş etdirmək istəyirdilər ki, onlar əllərindən gələni etdilər, amma dünya tarixdə olduğu kimi, ermənilərə qarşı "ədalətsiz"dir, deməli, bu, əldə etdikləri yeganə nəticədir".

Politoloq Zaur Məmmədov isə bildirib ki, BMT TŞ-da Ermənistanın və Fransanın xəyalları puça çıxdı. Separatçılar çox ciddi zərbə aldılar. Bu iclas bir daha kimin kim olduğunu göstərdi. Onun sözlərinə görə, Ermənistan üçün gözlənilməz Braziliya və Albaniyanın Azərbaycanı dəstəkləmələri oldu: "Kosovo məsələsinə görə Bakı və İrəvan arasında Tirananın bitərəf qalacağını düşünən Mirzoyan, rəsmi Bakının "Balkanlarla siyasi - iqtisadi strateji müttəfiqliyi"ni nəzərə almamışdı. Həm Braziliyanın, həm Albaniyanın Xankəndi, Azərbaycanın ərazi bütövlüyü ifadələrini işlətmələri sözsüz ki, təqdirəlayiq idi. TŞ-nın daimi üzvlərindən ən neytral mövqeyi Çin səsləndirdi, Britaniya da qismən orta mövqeyi tutdu. Fransa haqqında nəsə deməyə ehtiyac yoxdur. Parisin BMT-dəki nümayəndəsinin başlanğıcda diplomatik etikadan kənara çıxması, toxunduğu məsələlər əlbəttə ki, ermənipərəst idi. Yaxşı haldır ki, Fransa və Maltadan başqa, tamamilə Ermənistanın mövqeyini dəstəkləyən üçüncü belə çıxış olmadı. Danışıqları hazırda həyata keçirən ABŞ və Rusiyanın nümayəndələrinin çıxışlarına gəlincə, rus diplomat Türkiyə, Albaniya və Braziliya nümayəndələri ilə eyni siyahıda yer alaraq Ermənistanı faktiki olaraq neytrallaşdırdı. Onun "Qarabağda ermənilərin hüquq və təhlükəsizliyi ikitərəfli dialoqda Azərbaycanın qanunvericiliyinə uyğun aparılmalıdır ifadəsi" təqdirəlayiq idi. Qeyd edim ki, dünənki çıxışlarda kimin insan hüquqları, kimin isə, ərazi bütövlüyü prinsipinə vurğu edəcəyi maraqla gözlənilirdi. Braziliya, Albaniya, Rusiya və Türkiyə nümayəndələrinin məhz ərazi bütövlüyü çərçivəsində insan hüquqlarından danışmalarını yüksək qiymətləndirmək olar. O ki qaldı ABŞ-ın nümayəndəsinin çıxışına, gözlənildiyi kimi, çıxışın mətni Laçın yolunun açılması, amma eyni zamanda alternativ yollarla bağlı da kompromisin üzərində qurulmuşdu. Ərazi bütövlüyü, suverenlik kimi çox vacib prinsiplərə toxunulmadı".

Politoloq əlavə edib ki, Mirzoyanla Yaşar Əliyev çıxışlarının müqayisəsini aparsaq, Ermənistan XİN rəhbərinin uğursuzluğu xüsusi vurğulanmalıdır.

 

 





18.08.2023    çap et  çap et