525.Az

Bir sinədə iki ürək


 

Bir sinədə iki ürək <b style="color:red"></b>

İndi az qala dəb halını alıb; dünyanın bir sıra ictimai rəy tədqiqatları mərkəzləri araşdırma adı altında bu mövzuda rəy sorğusu aparırlar: Siz hansı xalqları özünüzə dost-qardaş xalq hesab edirsiniz?

Və bu yaxınlarda oxuyanda ki, bəlkə "Drujba narodov" ("Xalqlar dostluğu") jurnalının adını "Vrajda narodov" ("Xalqlar düşmənliyi") adı ilə əvəzləmək lazımdır, açığı, acı təəssüf hissləri keçirdim və dostluq-qardaşlıqla bağlı həmin "rəy sorğuları"nı xatırladım.

Yəni biz, heyvanın çənə sümüyü ilə qardaşı Habili öldürən Qabilin dövründən buralara - bizim günlərə necə gəlib çatdıq: hansı vicdanla, hansı imanla?

Özünün "Cilalanmamış fikirlər"ində S.Y.Lets təəssüf hissi ilə yazıb: "Nə vaxtsa qardaş olan insanlar yenidən Qabil-Habil əhvalatına qayıdacaqlar". Amma axı heç də bütün insanlar araya sədd çəkib divar hörmür. Üstəlik də, əgər bir dostluq tez-tələsik bitirsə, bəlkə o, heç başlamayıb?! Axı bu qədər körpüsalan insanı necə gözardı eləmək olar?

...1981-ci ildə Bakının "Yazıçı" nəşriyyatında ürək boyda "Bir sinədə iki ürək" adlı kitab işıq üzü görmüşdü. Mövzu Gürcüstan - Azərbaycan dostluğu idi. Kitabın adı isə o vaxtlar çox populyar olan bir şeirdən götürülmüşdü; xatırlayanlar tapılar:

 

Bir sinədə iki ürək döyünür,

Biri bizim, biri sizin deyilmi?

 

Mən bu sətirlərə heç zaman təbliğat və təşviqat məsələsi kimi baxmadım. Çünki zənnimcə, heç ümumdünya cazibə qanunundan xəbərimiz olmasaydı belə, sevgidən yoğrulmuş dostluq-qardaşlıq cazibəsi mütləq olmalıdır! Əgər əksi olsaydı, onda Yer kürəsi fəzada deyil, filan-fəsmanda fırlanardı, misal üçün...

İddialar həmişə fərqlidir, həmişə rəngarəngdir:

Dostluq - ləyaqətli insanlara aiddir.

Dostluq - kamil qəlb, kamil şüur, yüksək səviyyə məsələsidir.

Ürəkdən tikanı yalnız dost əli çıxara bilər və sairə.

Ürək demiş, bu pritça ürək məsələsini aydın ifadə edir:

Bir nəfər məşhur rəssamın yeni əsərinin təqdimatına xeyli tanınmış sima gəlib. Tabloda profilindən İsa Məsihə oxşayan bir nəfər sirli, həm də naməlum bir qapını döyür. Əsərə heyran qalanlar içindən bir tamaşaçı xanım rəssam səmtə dönərək həya dolu iradını bildirir:

- Lakin Siz qapının açar yerini, qulpunu unutmusunuz sanki; axı bunlarsız içəri necə daxil olmaq olar?

- Siz haqlısınız, - deyə müəllif bildirir,  - bu qapı da əslində insan Ürəyidir, o, yalnız içəridən açılır; sevgiyə sevgi ilə, təbəssümə də təbəssümlə!

İnsan ürəyi demiş, burada daha çox qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində bir mərkəzi orqandan artıq, yazımızda həmin orqanın insanın hiss, həyəcan, ovqat və təəssürat simvolu olduğu irəli çəkilir; çünki Ürəyi dilində Şairdən söz salmışıq.  

Aydındır ki, bir sinədə iki ürək olsun, ya da iki təndə bir ürək, gərək Ürək dediyin poeziya ilə, musiqi ilə suvarıla; yoxsa hansı dostluqdan, hansı sevgidən danışmaq olar? Unutmayaq: "Çox böyük tarix lazımdır ki, bir az ədəbiyyat alınsın"! (H.Ceyms) Ədəbiyyat, bizim nümunədə Poeziya! Yoxsa, 2016-cı ildə "polifonik yazılarına və dövrümüzün iztirab və cəsarət abidəsini yaratdığına görə" Nobel mükafatı alan B.Dilan deyərdimi: "Xəbərlərə baxanda bəzən mənə belə gəlir ki, dünyanı o insanlar idarə edir ki, sanki ömürbillah musiqi dinləməyiblər, poeziya oxumayıblar"! Bəlkə Qalaktion 30-cu illərdə bunu indi B.Dilan dediyi tərzdə deyə bilməyib, lakin sonralar B.Pasternakı qaralama kampaniyası üçün imza toplayanların siyahısına da qol qoymayıb! Satqınların kağızına imza atmayıb! Onun şair ruhunu da daha çox buna görə incidiblər.

Amma bu yerdə Aşıq Kərəm söyləmiş:

Mən şah olsam belə divan eylərdim!

...Əlbəttə, şair dostum Q.Ağsəs demiş, günlərin bir günü bu da məlum ola bilir ki, sən demə, Qardaşın, Dostun başqa bir adı da var imiş və həmin başqa ad da... Savaş imiş!

Bütün hallarda - misilləmə misal üçün - "Xalqlar dostluğu" jurnalının bir nüsxəsinin qiyməti bir manat da ola bilər, lakin iki dostun dostluğunun-qardaşlığının qiyməti pula çevrilməz, pulla ölçülməz! Hələ Poeziya ilə dostluq-qardaşlıq da bir ayrı!

Ya da yadınızdadırmı: kralların həyatında belə də olurmuş: kraliçalar taxt-tacın varislərini dünyaya gətirərkən, bu hadisə saray orkestrinin musiqi sədaları altında baş verirmiş. Yəni biri adam doğur, sancı çəkir, o biri adam isə papağını şad-xürrəm göylərə atıb, xanəgahın gələcəyini alqışlayır...

Kralın vəliəhdi bir sinədə iki ürəyin döyünə bilməsinə inandımı, yoxsa inanmadımı? Bilmirəm. Amma inanıram ki, nə dünyaya gələndə, nə də dünyadan köçəndə orkestri ötməyən Qalaktion Tabidze bir sinədə iki ürəyin döyünməsinə və onun çırpıntalarına, həyəcanlarına inanıb! Çünki o ritmlərin, o ahənglərin adı sevgilər, dostluqlar dolu Poeziya olub! Poeziyada Varlıq - sözdür və o, sözlə yaradılır: Qalaktion bunu qalaktikalar boyda duyurdu; mən buna ürəkdən inanıram!

Başqa sözlə, Şair Nəfəsinin Krallıqda çalan Nəfəs alətləri orkestrindən bir fərqi olur: belə ki, bu Nəfəs hər an Poeziya adlı Qalaktikanın bircə qırağınasa, bircə ucunasa təmas təşəbbüsləri ilə yaşayır! Kəsilhakəsil olsa belə! Son nəfəs olsa belə! Çünki onun ədəbi məkanında "Yar" - "yarı" sözündəndir. Bəlkə də bir İlahi əmrlə ikiyə - yarıya bölünən insanın (şairin) dünən də, bu gün də öz yarısına - Yarına, yəni bütövlüyə can atması, Qalaktikaya qovuşmaq cəhdləri itirdiyi Yarını - yarısını gəzmək səbəbindən ola bilər! 

...Mən Qalaktionu seçəndə nə iki nəfərin, nə də iki xalqın dostluğunu tərənnüm eləməyi deyil, daha çox ədəbi körpüləri tutdum qəlbimin dərin guşələrində!

Baxmayaraq ki, məsələn, İngiltərə ədəbiyyatında Fransa mövzusu, İspaniya ədəbiyyatında İtaliya mövzusu, Almaniya ədəbiyyatında Skandinaviya mövzusu (və əksinə) olduğu kimi, Azərbaycan ədəbiyyatında da Gürcüstan mövzusu, gürcü obrazları (və əksinə: gürcü ədəbiyyatında Azərbaycan mövzusu) çoxdan mövcuddur. 

...Sədi Şirazi yaxşı dostun insana olan gözəl təsirini göstərmək üçün bu sözləri söyləmişdi: - Bir gün gəzərkən ayağımın altında yarı qurumuş bir yarpaq gördüm. Onu əlimə aldım, gözəlliyindən, lətif qoxusundan xoşhal oldum. Dedim ki, ey yarpaq, sən gülmüsən, ənbərmisən, bu qədər lətif qoxuyursan? Yarpaq cavab verdi: - Xeyr, mən gül deyiləm, ancaq bir müddət gül yarpağı ilə dostluq etmişəm.

Təbii ki, mən Qalaktionun özü ilə deyil, Yazıları ilə dostluq eləmişəm, edirəm də! Çünki  V.Hüqo demiş, "Böyük şairlər uca dağlar kimi əks-səda verir, onların nəğmələri bütün dillərdə eşidilir". Və Qalaktion əks-sədası mənə çox lazımdır! Çünki bu əks-səda kütlənin-izdihamın deyil, amansız dərəcədə tənha qalmış bir şairin könlünün-şeirlərinin, ağrılarla dolu həyatının əks-sədasıdır! Hesab edirəm ki, tənha ulduzlar altında mənim Qalaktion qalaktikası ilə dostluğum heç də C.K.Roulinqin "Harri Potter" romanının qəhrəmanlarının dostluğundan az etibarlı olmadı! Hələlik dünyada BMT-nin qəbul etdiyi bir Beynəlxalq Dostluq Günü var, özü də 30 İyul tarixinə düşür. Əgər Paraqvay tez tərpənib bu dostluq günü təşəbbüsünə ilk imza atmasaydı, bu təşəbbüsün Cənubi Qafqazdan, məsələn, Gürcüstandan gəlməyəcəyinə kim zəmanət verə bilər ki?

Mübaliğə olmasın, mən məhz Qalaktiona bağlılığımın sayəsində öz leylək qələmimə arada-sırada Tiflis tərəflərdə "xaosdan da harmoniya yaratmaq" (A.Blok) iqtidarını vermək cəhdlərində bulundum.

...Pogziey jivet na svete çelovek.

Bu bircə misra isə F.Hölderlinə məxsusdur. Ruscasını orijinalından - almancasından tez tapdım. Əslində ilahi tərcümə lazımdır buna! "Dünyada şeirlə yaşayır insan" nəsə bir ayrı dünyadan - poeziya fəlsəfəsindən xəbər vermir sanki! Poeziya ilə yaşayan, poetik yaşayan İnsanın adı da gərək "Qalaktika" sözündən ola ki - eynən Qalaktion misallı! - bütün ritmlər və ahəngdarlıqlar yerinə otura!

Poeziya - ruh halı olduğu üçün onu yaşamaq lazımdır sadəcə! Poeziyaya layiq şəkildə! Qalaktion yaşayırdı təbii! Özü də hələ 1920-ci ildə yazdığı bir şeirini də "Söz hər şeydən öncədi" adlandırıb; indi Tiflis çevrəsində az qala hər poeziya gecəsində bu şeir səslənir:

 

Doğma şəhərim, neçün xəsissən sığalında? -

Səndən söz-sirr çələngi umuram; hər sirdə söz!

Bax, budur dodaqlarım bir dua pıçıldayır:

Hər şeydən öncə Olum-Ölüm gəlir, bir də söz...

(tərcüməçi: Allahverdi Təhləli).

 

Bundan başqa, Poeziya - istənilən ədəbi dilin ali mövcudluq formasıdır: ingilis dili olsun, fransız, ispan, ərəb, ya da gürcü və Azərbaycan dilləri, fərq etməz! Qalır sənətkarın öz əsərində iştirakı məsələsi. Bu yöndə hələlik ən mükəmməl fikir Floberə məxsus olduğuna görə, sitatı da o ustaddan gətirirəm: "Sənətkarın öz əsərində iştirakı Tanrının kainatda mövcudluğu kimi olmalıdır - o, hər şeyi görməli və gözə görünməməlidir".

Etiraf edək ki, Qalaktion haqqında yazarkən gözə görünməmək olmur. Çünki o söz sehrbazlığı, o söz ustalığı ustadlara aiddir! Qalaktikalara, möcüzələrə yetmək üçün özün də gərək möcüzə olasan: Qalaktion misilli!  

P.S. Yuxarıda "Xalqlar dostluğu" jurnalından söz açmışdım. Vaxtı ilə bu jurnalda Tiflis əsilli, Qalaktion yaradıcılığına yanğılı bağlı olan A.L.Ebanoidze də redaktorluq (1995-2017) eləyib. Və burada Qalaktionun da xeyli şeiri dərc olunub. Onun "Efemera" adlı çox gözəl şeirini də burada Mariya Farqinin tərcüməsində oxumuşam ilk dəfə. Qədim yunan mənşəli "efemera" "bir gündən çox yaşamayan" mənasını verir. İlkin mənasında isə bir gündən artıq yaşamayan May böcəyi nəzərdə tutulub. Lakin biz tərəflərdə onun şeirlərindən - "efemeralar"ından, "birgünlük"lərindən daha uzunömürlü qalmaq az şeirə nəsib oldu.

...O, dostluğa dost qəlbinin gözü ilə baxırdı.

Ondakı şir ürəyi deyildi.

Ondakı Şair ürəyi idi!

Tiflis boyda şəhər hər Poeziya Günündə, hər Poeziya Gecəsində onun Ürəyi ilə yaşayır.

Mən döyüntülərdən, həyəcanlardan bilirəm...

 





18.08.2023    çap et  çap et