525.Az

ABŞ-nin BMT-dəki ikiüzlülüyü


 

VAŞİNQTONUN SÖZÜ İLƏ ƏMƏLİ NİYƏ ÜST-ÜSTƏ DÜŞMƏDİ?

ABŞ-nin BMT-dəki ikiüzlülüyü<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclası Ermənistan diplomatiyasının tam şəkildə fiaskosu oldu. İrəvan erməni diasporu və lobbisinin, eyni zamanda onun separatçı, beynəlxalq hüquq normalarına zidd addımlarına ortaq olan Fransa kimi havadarları ilə Azərbaycana qarşı qətnamənin, ən azı iclas sədrinin bəyanatının qəbul edəcəyinə ümid bağlayırdı. Guya Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlər "blokadadır", "ac-susuzdurlar" və çox ciddi "humanitar böhran"la üz-üzədirlər. Ermənistanın xarici işlər naziri rola girərək "kədərli sima" ilə təqdim etdiyi yalan, saxta məlumatlarla dolu olan çıxışı ilə beynəlxalq birliyi aldadacağını düşünürdü. Amma olmadı. Çünki Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatik müstəvidə də artıq Ermənistanı məğlub edib. Diplomatiya sahəsində Ermənistanla yanaşı, ona dəstək verən digər dövlətlərlə döyüşən Bakı, öz həqiqətlərini dünyaya qəbul etdirir. Ərazi bütövlüyünə, suverenliyinə qəsd cəhdlərinə heç bir zaman imkan verməyəcəyinə dair mövqeyində qətiyyətlə dayanır. Ölkəmizin BMT-dəki daimi nümayəndəsi Yaşar Əlıiyevin çıxışındakı bir sitatı xatırlatmaq yerinə düşür: "Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır".

Bu kampaniyada yer alan Fransa öz addımları ilə artıq təəccüb doğurmur. Paris beynəlxalq hüquq və onun normalarının üzərindən çoxdan xətt çəkərək, separatizmə açıq dəstək verən bir dövlətə çevrilib. Təəccüb və təəssüf doğuran ABŞ-ın ikiüzlü mövqeyi oldu. Belə ki, iclasda ABŞ nümayəndəsinin çıxışı bir daha Birləşmiş Ştatların əsl mahiyyətini nümayiş etdirdi. Vaşinqton müharibədən sonra Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik edib, xarici işlər nazirlərinin bir neçə görüşü və hətta ən uzun davam edən müzakirələr (1-4 may, 2023) məhz bu ölkədə keçirilib. ABŞ prezidenti Co Baydenin İlham Əliyevə məktublardakı fikirlərinin, Blinkenin Bakıya telefon zəngləri zamanı Azərbaycanın təkliflərinə dəstək nümayiş etdiməsinin ardınca BMT-dəki mövqe anlaşılmaz idi. ABŞ hər zaman Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini, Avropanın enerji təhlükəsizliyində ölkəmizin önəmini, NATO missiyalarına töhfələrini, regionda strateji rolunu yüksək qiymətləndirib. Bəs nə baş verdi? BMT-dəki mövqenin səbəbi nədir? Görünən odur ki, ABŞ öz ənənəvi siyasətinə sadiqdir. İkili oyun oynayır, sözü ilə əməli üst-üstə düşmür və Azərbaycanın regionda güclənməsini, müstəqil siyasət aparmasını istəmir.

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri olarkən də eyni mövqe sərgiləyib. Bir tərəfdən vasitəçilik edib, sözdə sülh deyib, əməldə isə Qarabağdakı separatçı rejimə açıq dəstək verib, onlara müxtəlif adlar altında maliyyə ayırıb. Birləşmiş Ştatlar Azərbaycanda daxili sabitliyi pozmağa, gərginlik yaratmağa yönəlik cəhdlər göstərib. Rəsmi dairələrə yaxın "Vaşinqton post" nəşrində son günlər ölkəmiz əleyhinə tirajlanan materiallara nəzər salanda, bunun Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək məqsədi daşıdığını görmək olar. Qeyd etmək lazımdır ki, ABŞ-ın digər dövlətlərə yanaşmasında da eyni xətt özünü göstərir. "Demokratiya", "rifah" adı ilə müdaxilə etdiyi, gərginlik, münaqişə ocaqları yaratdığı ölkələr hələ də bataqlıqdan çıxa bilmirlər. Yaxın Şərq ölkələrini, Əfqanıstanı yada salmaq kifayət edir. ABŞ Əfqanıstanda 20 illik mövcudluğundan sonra qəfil ölkəni tərk etdi. Əfqan xalqını isə radikal qruplaşmanın ümidinə buraxdı. Əfqan xalqı hələ də zülm altındadır, orada tam bir insanlıq dramı yaşanır. İraq, Liviya, Suriya kimi ölkələr də ABŞ-ın "əsərləridir". Amerika xalqlara xoşbəxtlik deyil, faciə gətirib, milyonlarla günahsız insanların ölümünə, ölkələrin viran qalmasına səbəb olub. ABŞ-ın qanlı əməlləri Mərkəzi Asiya, Latın Amerikası, Afrikaya qədər uzanır.

Ukraynadakı vəziyyət də göz önündədir. İki ilə yaxınlaşır ki, müharibə gedir və nə zaman bitəcəyini proqnoz belə etmək mümkün deyil. ABŞ müharibəyə sürükləyir, müharibəyə məcbur edir, sonra isə sadəcə müşahidəçiyə çevrilir. Vədlər verir, yerinə yetirmir. Dövlətləri bir-birilə üz üzə qoyur, sülh, danışıqlar yolunu daraldır. Məsələn, Ukraynaya silah-sursatla bağlı verdiyi vədləri yerinə yetirmir. Müharibədə uzandıqca uzanır. Ukrayna darmadağın olub, müharibə bitdikdən sonra belə, bərpa üçün uzun illər lazım olacaq.

Statistikaya görə, ABŞ son 30 ildə başqa ölkələrin ərazisində 20-dən çox hərbi əməliyyatda iştirak edib. Bu statistika həm də heç bir günahı olmayan, sadəcə hegemon dövlətin maraqlarının qurbanına çevrilən insanların faciəsinin miqyasını göstərir. Amerika dərisinin rənginə görə öz vətəndaşlarını da öldürür, zorakılığa məruz qoyur. Bu ölkədə qara dərililərə qarşı ayrı-seçkilik hələ də davam edir. Polis istənilən zaman qaradərili vətəndaşı öldürə bilir və ona qarşı heç bir tədbir görülmür. Yəni bu məsələdə polis hər zaman haqlıdır.

Nəhayət, yenə qayıdaq Azərbaycana. Birləşmiş Ştatların indiyə qədər Azərbaycanla bağlı planları baş tutmayıb. Bundan sonra da ümid etməyə dəyməz. Çünki Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxiləsinə, burada öz planlarını reallaşdırmaq üçün şəbəkəsini qurmağa imkan verməyəcək. Azərbaycan bütün dövlətlərlə səmimi, xoşməramlı münasibət qurub, digər ölkələrin daxili işlərinə qarışmır. Öz yanaşmasında ədalət prinsiplərini, beynəlxalq hüququn normalarını hər zaman üstün tutub, kiməsə onunla təhdid dilində danışmağa, nəyisə diqtə etməyə imkan verməyib. Əminliklə demək olar ki, eyni siyasət bundan sonra da davam edəcək.

 





19.08.2023    çap et  çap et