525.Az

"Bir də gəlməyəcək..."


 

ŞAİR RƏŞAD MƏCİDİN ŞEİRLƏRİNƏ BƏSTƏLƏNMİŞ SEVGİ NƏĞMƏLƏRİ

"Bir də gəlməyəcək..."<b style="color:red"></b>

Hər zaman Azərbaycan dilinə "musiqiyə yatımlı", "musiqi dili" deyilib. Xüsusən, dilimizi bilməyən əcnəbilər onu eşidəndə ilk xatırladıqları musiqi olub, nədənsə. Bəlkə də, ona görədir Azərbaycan poeziyasının musiqi sənətimizdəki bu qədər gözəl, əsrarəngiz əksi. Çünki adətən, mahnılar üçün yazılmış sözlər, mahnı mətnləri tamamilə ayrı olur. Belə demək mümkünsə, daha sadə, daha yaddaqalan, daha dəyişkən. Çox zaman onu əsl poeziyaya qarışdırmırlar. Amma Azərbaycan ədəbiyyatının ən gözəl poeziya nümunələrinə də bəstəkarlarımız müdhiş musiqilər bəstələyib, bənzərsiz əsərlər yaradıblar. Məhz dildəki axıcılığın, melodiyanın hesabına...

Poeziyamızda "nəğməkar şairlər" çoxdur. O şairlər ki, onlar şeirlərini daha çox musiqilər, mahnılar üçün yazırlar. Yəni bir şeiri yazanda onu hansı bəstəkara təqdim edəcəyini, ya da bu şeirə mahnı bəstələnib, bəstələnməyəcəyini öncədən bilir. Bir də şeiri sadəcə ruhunun səsi, duyğularının əksi kimi yazıb, bəstəkarları məhz şeirlərindəki fəlsəfə, aydın dil, obrazlı ifadə, melodik səslənmə ilə cəlb edən şairlər var.

Ürəklə deyə bilərik ki, şeirlərinə bir çox bəstəkarlar tərəfindən mahnılar yazılmış, ən tanınmış müğənnilərin ifasında eşidib sevdiyimiz şair Rəşad Məcid ikincilərdəndir. Çünki onun şeirlərini, hətta əvvəldən mahnı şəklində eşitsən belə, kitabda, qəzetdə, saytda rast gələndə yenə də şeir kimi oxuya bilirsən. Rəşad Məcid şeirlərini mahnılar üçün yox, ruhunun səsi kimi yazır. Yəqin ona görədir ki, özü də şeirlərinə bəstələnmiş musiqiləri eşidəndə təəccüblənir, hətta bəzən "mən düşünməzdim ki, bu şeirə mahnı yazmaq olar" sözlərini də işlədir. Məsələn, onun poeziyasına ən çox müraciət etmiş Əməkdar artist, bəstəkar, müğənni Xumar Qədimovanın "Bir də gəlməyəcək" şeirinə yazdığı mahnı mətn müəllifini əməlli-başlı təəccübləndirmişdi. Bunu fərqli müsahibələrində dəfələrlə qeyd etmişdi: "Xumar xanıma öz şeirlər kitabımı göndərəndə ağlıma gəlməzdi ki, o, məni əməlli-başlı təəccübləndirəcək. Forması və strukturuna görə mahnıda görmədiyim bir mətni - "Bir də gəlməyəcək sənintək qadın" şeirimi Xumar xanım ustalıqla mahnı dilinə çevirib oxudu və çox böyük uğur qazandı".

 

Bilmədim iblissən, ya mələk, Qadın,

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir də gəlməyəcək sənintək Qadın

Nə mənim dünyama, nə bu dünyaya.

 

Bu, şeirin orijinal variantıdır. Xumar Qədimova isə çoxumuzun sevimli şeirini qadınların sevimli mahnısına çevirməyi bacardı. Necə? Mətnə azacıq toxunuşla... Şairin "bir də gəlməyəcək sənintək qadın" misrası nazlı Xumarın dilində "bir də gəlməyəcək mənimtək qadın" kimi səsləndi. Özü də elə səsləndi ki, yaddaşlara, ürəklərə hopdu, həyatındakı kişilərə "yerini bildirmək" istəyən bütün özgüvənli qadınlar:

 

Bir də gəlməyəcək mənimtək qadın

Nə sənin dünyana, nə bu dünyaya...

- dedilər... Dedilər və inandılar. Çünki buna onları Rəşad Məcid və Xumar Qədimova inandırmışdı...

Xumar xanımın Rəşad Məcid yaradıcılığına müraciəti bununla bitmir. Sonra bir gün o, "Səbəbi sənsən" dedi. Halbuki Rəşad Məcid "Sənə görədir" demişdi. Nə fərqi, ikisində də səbəb sevgidir onsuz da... Elə buna görə də bu dəfə melodiya şən idi. Sanki mətnin müəllifi kimi, o da durduğu yerdəcə qanadlanırdı, sevinirdi, şadlanırdı. Hamısı da ONA görə, hamısının da səbəbi ODUR:

 

İndi ucadadır yeri taxtımın,

Qızıl dövranıdır indi vaxtımın.

Sınıq taleyimin, bağlı baxtımın

Açılan qapısı SƏNƏ GÖRƏDİR.

 

Qalmayıb qəlbimin daha gileyi,

Qəmli çəmənimin açıb çiçəyi

Payızın ortası yazın gəlməyi -

Bu bahar havası - SƏBƏBİ SƏNSƏN.

 

Bu şeirə Əməkdar artist Xumar Qədimova musiqi bəstələyəndə adını "Səbəbi sənsən" qoydu. Bu ad müəllifin necə xoşuna gəldisə, sonralar Rəşad Məcid də sevgi şeirlərindən ibarət kitabının adını "Səbəbi sənsən" qoydu. Ümumiyyətlə, Rəşad Məcidin Xumar Qədimova yaradıcılığı ilə bağlı yüksək fikirləri və onun istedadına, zövqünə sonsuz inamı bizim üçün kiçik, amma bəzən şairlər üçün böyük sayıla biləcək dəyişikliklərə razılıq verməyinə səbəb olur. Özü də bunu etiraf edir: "Xumar Qədimova fərqli bir musiqiçi, fərqli bir bəstəkardır, insan kimi də çox fərqlidir. Onun özünəməxsus ifa tərzi, mahnını, musiqini öz dünyasından, öz süzgəcindən keçirib orijinal şəkildə dinləyiciyə çatdırmaq bacarığı var. Həm də Xumar xanımla işləmək çox rahatdır. Biz hər hansı bir mətnə düzəliş etmək məsələsində asanlıqla dil tapırıq".

lll

Sonra bir gün eşitdik ki, Xumar xanım "Daha səni üzməyəcəm" deyir. Özü də bunu yenə Rəşad Məcidin sözləri ilə deyir. Sən demə, lirik qəhrəman onu qanadlandıran, uca taxta qaldıran sevgini üzə də bilirmiş:

 

Daha səni üzməyəcəm,

sevirəm, sevəcəm səni...

Sənə həzin bəstələri,

nəğmələri yollayacam,

Ürək açan kəlmələri,

cümlələri yollayacam.

 

Bu şeir bəxti yüyrək olanlardandır. Çünki mətndəki səmimilik, ahəngdarlıq, saf sevgi təkcə Xumar Qədimovanın deyil, başqa bir bəstəkarın da diqqətini cəlb etmişdi. Yaradıcılığa ilk başladığı illərdən dəfələrlə Rəşad Məcid poeziyasına müraciət edən və məşhur müğənnilərin ifasında maraqlı mahnılar təqdim edən gənc bəstəkar Aysel Kərim də bu mətnə musiqi yazdı. Onun dünyasında bu şeir daha həzin, sakit, bir az kövrək səslənirdi, yəqin ki, mahnı da o cür həzin alınmışdı. Bəstəkarın "Sevəcəyəm səni" adlandırdığı mahnını Xalq artisti Fidan Hacıyeva və müğənni Ələsgər Əliyev səsləndirdilər.

Dediyimiz kimi, bu, Ayselin Rəşad Məcid yaradıcılığına ilk müraciəti deyildi. O, daha öncə R.Məcidin "Gözlərimə bax" şeirinə də mahnı yazmışdı və bu gözəl mahnı Əməkdar artist Nüşabə Ələsgərlinin ifasında tanınıb sevilmişdi. Daha sonra isə Əməkdar artist Gülüstan Əliyeva Aysel Kərim musiqisi və Rəşad Məcid dili ilə "Fərqi yoxdur" dedi:

 

Gedirsənsə, nə fərqi var, ya səssiz,

ya sözümü, baxışımı yozub get.

Nə fərqi var, azad burax, çox inan,

ya da yoxla, addımımı pusub get.

 

Bəli, şeirlərində əsasən sevgisi, məhəbbət həvəsi ilə tanıdığımız müəllifin qəfildən kəskin şəkildə "get" deməyi də var. Sevgilisini yanında saxlamaq üçün "daha səni üzməyəcəm" deyib vəd verə bildiyi kimi, o sevgidəki sehri, cazibəni itirəndə, qarşı tərəfin marağının öləzidiyini sezəndə rəhm etmədən "get" deməyi də bacarır lirik qəhrəman. Bunu isə Xalq artisti Tünzalə Ağayeva musiqisində bir daha və aydın şəkildə görmək mümkündür. Tünzalə xanım da kəskin şəkildə "get" deyir Rəşad Məcid sözlərinə bəstələdiyi əsərində:

 

Bir mən qalım, bir dərd-sərim,

Hədər oldu çəkdiklərim.

Pıçıltıyla dediklərim,

Yaddaşından çıxdısa, get.

 

Düzdür, müəllif "get" deyir, amma unutmaq onun üçün elə də asan deyil. Yoxsa dəyərli bəstəkar Xanım İsmayılqızının musiqisi ilə niyə "Necə unudum?" desin ki?..

 

Bu sevgini hardan tapdı qış görən?

Gözlərində buz oldummu yəni mən?

Birdən-birə sevməmişdim səni mən,

Birdən-birə indi necə unudum?

 

Rəşad Məcid yaradıcılığına dəfələrlə müraciət edən və hər dəfə də bir-birindən maraqlı, yaddaqalan, gözəl əsərlər yaradan bəstəkardır Xanım İsmayılqızı. Yuxarıda nümunə verdiyimiz mahnı hələ 1997-ci ildə bəstəkar tərəfindən qələmə alınıb və Xalq artisti Cavan Zeynallının ifasında möhürü vurulub.

Sonra Xanım İsmayılqızı Rəşad Məcidin "Anla məni" fəryadına səs verdi və istedadlı müğənni Ayan Babakişiyevanın ifası ilə bambaşqa bir əsər ortaya qoydu:

 

Bir gülüşün satır məni,

Qəlbin niyə atır məni?

Ya bir yolluq məni anla,

Ya bir yolluq bitir məni...

 

Zamanında bu mahnının musiqisi də, sözləri də, ifası da, klipi də böyük rezonansa səbəb oldu. Hər kəs Azərbaycandakı ilk kriminal klipdən danışdı. Hətta Rəşad Məcidin özü belə daha romantik, daha duyğu dolu gözlədiyi halda davalı, atışmalı klipə xeyli təəccüblənmişdi. Amma ən çox səs-küyə səbəb olan və ən yaddaqalan işlərdən biri də məhz "Məni anla" oldu ki, üstündən illər keçməsinə baxmayaraq, bu gün də dinlənilir, sevilir.

Həmin dövrlərdə bəstəkar Xanım İsmayılqızı bir müsahibəsində həm bu mahnıdan, həm də ümumiyyətlə, Rəşad Məcid yaradıcılığına müraciətindən danışarkən belə deyirdi: "İki-üç ay əvvəl Rəşad Məcidin "Anla məni" şeirini oxudum, çox xoşuma gəldi, dərin məzmunu, fəlsəfi mənası məni özünə cəlb elədi və ona musiqi bəstələdim. Mahnı tezliklə araya-ərsəyə gəldi. Mahnılar da qadınlar kimidir: taleyi gətirəni də olur, gətirməyəni də. Bu baxımdan, Rəşad Məcidin sözlərinə bəstələdiyim, Ayanın ifa etdiyi "Məni anla" mahnısının taleyi uğurlu oldu. Mahnı çox qısa müddətdə diqqəti cəlb etdi, sevildi. Dinləyənlər deyir ki, "Anla məni" insanda müsbət enerji, yaşayıb-yaratmaq həvəsi, xoş, nikbin əhval-ruhiyyə yaradır...

Bəzən şairlər nədənsə mahnı yaradıcılığına, mahnı mətnlərinə qeyri-ciddi yanaşırlar. Ədəbiyyat aləmində buna bir az barmaqarası baxırlar, mahnı mətnlərini ciddi mətn hesab eləmirlər, onu poeziya nümunəsi hesab eləmirlər. Təbii ki, belə nümunələr də var. Amma ciddi yanaşdıqda mahnı mətni yazmaq çox çətindir. Elə olar ki, mətn özü çox gözəl, lirik ola bilər, amma mahnıya gəlməz. Mahnı mətni axıcı, dərin məzmunlu olmalıdır... "Məni anla" şeirində məni bir çox mətləblər cəlb etdi. Rəşad Məcidlə 8-10 il əvvəl də bir işbirliyimiz olmuşdu. "Məndən cavab almadın" şeirinə bəstələdiyim mahnını İranə İlkin adlı gənc bir müğənni ifa etdi. Mahnı o zaman çox uğur qazanmışdı... Rəşad Məcid mənim sənət dostumdur, xətrini çox istədiyim adamdır. Amma bir şeyi deyim ki, əgər mətn xoşuma gəlməsə, sadəcə xətir üçün mahnı yazmaram. Həqiqətən də Rəşad Məcidin mətnlərini məzmun və məna baxımından bəyənirəm. Yeri gəlmişkən qeyd edim ki, sözləri Rəşad Məcidə aid daha bir mahnım olacaq. Əslində o mahnı "Anla məni" mahnısından əvvəl yazılıb. Bu, fəlsəfi, qeyri-adi bir mahnı olmalıdır. Birinci misrası belədir: "Baxma ki sakit dayanıb".

Çox keçmədi Xanım İsmayılqızı haqqında danışdığı şeirə mahnı yazdı. Adını da "O" qoydu:

 

Baxma ki, sakit dayanıb,

Qəfildən götürər səni!

Qoparıb dostdan, tanışdan

Evindən itirər səni.

 

Lirik-poetik qəhrəman gah şeirlə, gah musiqi ilə bu qədər danışır, fəryad edir, sevgisini hər vəchlə, hətta "get" deyəndə belə dilə gətirir. Amma bəs sevgili? O da bu şeirlərin, bu mahnıların qəhrəmanı qədər cəsarətli, açıq sözlüdürmü? Deyəsən, yox! Elə olmasa, Rəşad Məcid qələmi və Xanım İsmayılqızı musiqisi niyə "Daşlar da dil öyrənərdi Səndən bir söz çıxanacan" desin ki?!

Amma buna baxmayaraq, o lal sevgi, o dinməz məhəbbət elə öz səssizliyi ilə qoruyur qəhrəmanını. Bunu isə hər iki müəllifin ortaq işi olan başqa bir əsərdən öyrənirik:

 

Qəlbimin sevgisiz qalan çağından

Olsam da özümün özüm düşməni,

Boylanıb bir ömrün gündoğanından,

Bir sevgi qoruyur nə vaxtdı məni.

 

lll

 

Daha çox sevgidən yazan Rəşad Məcidin sevgisiz qaldığı çağlar da olub. Amma bir eşq var ki, o, heç zaman Rəşad Məcid qəlbindən, beynindən, varlığından və qələmindən uzaq düşməyib. Bu, onun Vətən sevgisi, Qarabağ, Şuşa eşqidir. O eşq ki, mahnı yaradıcılığından da uzaq qalmadı və Rəşad Məcidin sonsuz Şuşa sevgisi yaxın keçmişdə, daha dəqiqi, Vətən müharibəmizdəki böyük Qarabağ zəfərindən və şairin Şuşa səfərindən sonra Xumar Qədimova istedadı ilə birləşərək möhtəşəm bir əsərə, hətta bütün məsuliyyətimlə deyərdim ki, Şuşanın himninə çevrildi:

 

Min şəhər adı var dillərdə əzbər,

Adların ən üstün adıdır Şuşa.

Musiqi notudur cüt hecasıyla,

Dilimin şəhdidir, dadıdır Şuşa.

 

lll

 

İndiki zamanda hər nə qədər adi, sadə görünsə də, əslində, yaxşı mahnıya, keyfiyyətli, səviyyəli musiqiyə söz yazmaq, ya da bir bəstəkar kimi mətn tapmaq çox çətindir. Rəşad Məcid qələminin üstünlüyü ondadır ki, o, bəstəkarları tapmır, musiqi axtarışına, ifa dərdinə düşmür. O, sadəcə yazır. Zamanı gələndə isə mahnılarına "tez əzbərlənən" yerinə daha fəlsəfi, ya düşündürücü söz axtaran bəstəkarların musiqisində dillənib musiqisevərlərin qəlbinə həm də nəğmə kimi yol tapır. Və nə yaxşı ki də tapır. Yoxsa musiqi sənətimizdəki o yer bomboş qalardı... 

 





21.08.2023    çap et  çap et