|
|
|
|
Çin və Hindistan sərhəddə sülhü saxlamağa razılaşıblar. Çinin yaydığı məlumatda qeyd edilir ki, iki dövlətin hərbçiləri arasında aparılan danışıqların 9-cu raundunda tərəflər qərara alıblar ki, mübahisəli məsələlər gecikmədən həll edilməlidir. Lakin bu qərarın həyata necə keçiriləcəyi məlum deyil. Üstəlik, danışıqların nəticələri barədə məlumatda tərəflərin güzəştə hazır olduqlarına dair kiçik bir eyham da belə yoxdur. Tərəflərin yaydıqları məlumatlar da fərqlidir. Mübahisəli məsələlərin həll edilməli olduğu bütöv ərazilər var ki, hər bir dövlət onu öz ərazisi hesab edir və bir qarış torpağı da güzəştə getmək niyyətində deyil. Üstəlik, bu ərazidə rəsmi sərhəd də yoxdur. Çin və Hindistan hərbçilərinin mübahisəli məsələlərin gecikmədən həll edilməsi ilə bağlı razılığa gəldiyi xəttin uzunluğu isə 3488 kilometrdir. Onu da əlavə etmək lazımdır ki, hər iki dövlət dağlarda hərbi birləşmələr saxlayır və müdafiə istehkamları qurmaqda davam edirlər.
Mübahisəli torpaqlar uğrunda bir neçə dəfə hərbi münaqişələr baş verib. Ən son olaraq 2020-ci ildə baş verən toqquşmada Hindistanın 20 hərbçisi, Çinin isə 4 əsgəri həlak olmuşdu. Baxmayaraq ki, bundan əvvəl tərəflər odlu silahdan istifadə olunmayacağına dair protokol imzalamışdılar. İndi də iki ölkənin hərbçiləri 17 saatdan çox davam edən danışıqların sonunda mübahisəli məsələlərin gecikmədən həll edilməli olduğuna razılaşsalar da, Çin və Hindistanda siyasətçilər mübahisəli ərazilərlə bağlı heç bir güzəştə getmək istəmirlər. Onu da nəzərə almaq lazımdır ki, nümayəndə heyətlərinə də ali hərbi rəhbərliyə daxil olan şəxslər deyil, yerli hərbi komandanlar başçılıq ediblər. Çin nümayəndə heyətinə Cənubi Sincan hərbi bölgəsinin komandanı, Hindistan nümayəndə heyətinə isə 14-cü korpusun komandanı rəhbərlik edib. Hərbçilərin razılığının əhəmiyyətini azaldan digər məqam isə ondan ibarətdir ki, diplomatlar arasında keçirilən danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Üstəlik, Hindistan Xarici İşlər Nazirliyi Çinin son iki il yarım ərzində nəzarət xəttinin qərb hissəsindəki hərəkətlərinin iki ölkə arasında "strateji etimadı" sarsıtdığı barədə bəyanat yayıb. Bu bəyanat vəziyyətin nə qədər kövrək olduğunu göstərir. Əgər Hindistanın Baş naziri Narendra Modi və Çin dövlət başçısı Si Cinpin avqustun 22-dən 24-dək Cənubi Afrikanın ən böyük şəhərlərindən biri olan Yohannesburqda keçiriləcək BRİKS sammitində uğura nail olmasalar, asiyasayağı dostluq başa çata bilər. Yeganə ümidverici məqam ondan ibarətdir ki, hərbçilər toqquşmalardan yayınmağa çalışırlar.
Ərazi mübahisəsi ilə yanaşı, Hindistanla Çin arasında Asiyanın liderliyi uğrunda açıq və gizli rəqabət də mövcuddur. Hələ 2012-ci ildə "Forbes" nəşri üçün yazdığı "Asiyanın lideri kim olacaq: Çin, yoxsa Hindistan?" başlıqlı məqaləsində "Sinqapur möcüzəsi"nin memarı Li Kuan Yu bu suala cavab verməyə çalışmışdı. Li Kuan Yu yazırdı ki, Asiyanın gələcək lideri demoqrafik göstəricilərə görə müəyyən olunacaq. Məşhur dövlət xadimi Asiya ölkələrinin "qoca" və "gənc"lərə bölündüyünü və doğum əmsalının "gənc"lərin xeyrinə olduğunu vurğulayaraq gələcəyin liderini də bu amilin həll edəcəyini yazırdı. O zaman əhalisinin sayına görə Hindistanın Çinə yalnız 2026-cı ildə çata biləcəyi güman edilirdi. Ancaq 2022-ci ilin sonunda Hindistanın Çini ötüb keçdiyi haqqında məlumatlar yayılmağa başladı. 2022-ci ilin sonuna Çin əhalisinin təxminən 1.411 milyard nəfər, Hindistanın əhalisinin isə 1.417 milyard nəfər olduğu haqqında məlumatlar var. Ekspertlər ehtimal edirlər ki, 2023-cü ilin sonunda bu fərq daha aydın görünəcək. Çünki Çində doğum əmsalı 1.6-dır və belə halda əhalinin artmaq əvəzinə azalması qaçılmaz prosesə çevrilir. Yeri gəlmişkən, bu statistika Yaponiyada 1.39, Şimali Koreyada 1.23, Honq-Konqda 1.11, Sinqapurda 1.20 nəfərdir. Buna görə də Hindistan istisna olmaqla əksər Asiya nəhənglərində əhalinin azalması prosesi gedir.
Belə ehtimallar var ki, 2100-cü ildə Çinin əhalisi 600-650 milyon nəfərə qədər azalacaq. Bunun əsas səbəbi kimi uzun illər qüvvədə olan "tək uşaq" siyasəti göstərilir. Lakin bununla yanaşı, başqa məqamlar da Çində doğum faizinin aşağı olmasına təsir edir. Təhsilli, maaşı yüksək olan qadınlar iki və ya daha çox uşaqla "yüklənmək" istəmirlər. Onlar 30 yaşlarından gec evlənirlər və dərhal uşaq sahibi olmaq istəmirlər. Bundan başqa, qadınların bəziləri ümumiyyətlə evlənmək istəmirlər. Belə məlumatlar var ki, Çində qadınların 10 faizi subaydır və evlənmirlər. Yeri gəlmişkən, bu problem əksər Asiya ölkələri üçün xarakterik hala çevrilir. Sinqapurda qadınların 20 faizi subaydır. Lakin Sinqapur Çin, Hindistan və regionun digər ölkələrindən gələn miqrantların hesabına bu problemin öhdəsindən gəlir. Sinqapur kimi Honq-Konqun əhalisi də miqrantlar hesabına artır. Ancaq Çin və Yaponiya bu mexanizmdən istifadə edə bilmir. Ona görə əhalinin azalması daha çox bu iki ölkənin rəhbərliyini narahat edir. Ən çox isə Asiyanın liderliyi uğrunda Hindistanla açıq və gizli rəqabətdə olan Çin əhalinin azalmasından narahatdır. Üstəlik, Hindistanın iqtisadi artım sürəti də Çindən yüksəkdir. Hindistanın iqtisadiyyatı son bir neçə ildə 6.5 faizdən çox böyüyüb. Hindistan birbaşa xarici investisiyaların həcminə görə də Asiyanın liderinə çevrilməkdədir. Xüsusilə də 2015-ci ildən həyata keçirilən "Made in India" proqramı Hindistanı dünya nəhənginə çevirməkdədir. Ən azından alıcılıq qabiliyyəti paritetinə uyğunlaşdırılmış ÜDM-inə görə Hindistan artıq dünyanın 3-cü ən böyük iqtisadiyyatıdır. Hindistan Çini kreditor kimi də ötüb-keçmək istəyir. Özəl sektorun köməyi ilə Hindistan qonşu ölkələrdə infrastruktur layihələrinin kreditləşdirilməsini artırır. Çin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Cənubi Asiya və Hind okeanına yayılmağa çalışdıqca, Hindistan Baş nazir Narendra Modinin rəhbərliyi altında region ölkələrinin infrastrukturuna kredit qoyuluşunu artırır. Bütövlükdə Hindistan Cibutidəki sement zavodu daxil olmaqla Maldiv körpüsünün tikitintisinə qədər təxminən 600 layihənin maliyyələşdirilməsində iştirak edir.
Bütün bunlar göstərir ki, Hindistanla Çin arasında geosiyasi rəqabət daha da güclənib. Əlbəttə, yaxın illərdə Hindistanın Çini ötüb keçməsi mümkün deyil. Ancaq bir neçə on ildən sonra Asiyanın yeni lideri Hindistan ola bilər.