|
|
|
|
Rəsmi Ankara türk gəmisinin məcburi dayandırılması və axtarışı ilə bağlı hadisənin təkrarlanmaması barədə Moskvaya xəbərdarlıq edib. Ankara Moskvadan gərginliyin qarşısını almağı tələb edir. Türkiyə hakimiyyətini qəzəbləndirən hadisə ötən bazar Qara dənizdə baş verib. Palau bayraqlı altında üzən "Şükrü Okan" gəmisi Rusiya hərbçilərinin atəşinə məruz qalıb. Təhdid altında gəmini dayandıran Rusiya hərbçiləri gəmini yoxlayıblar və yalnız bundan sonra Ukraynanın İzmail limanına doğru getməsinə icazə veriblər. Rusiya hərbçilərinin türk dənizçiləri aşağılması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra Ankara Moskvaya sərt xəbərdarlıq edib. Rəsmi Ankaranı hərəkətə gətirən məqamlardan biri də hadisəyə münasibət bildirmədiyi üçün Türkiyə rəhbərliyinin kəskin tənqid edilməsi olub.
Rusiya tərəfi isə gəminin dayandırılmasına bəraət qazandırmağa çalışıb. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, gəminin kapitanı qadağan olunmuş yüklərin daşınması üçün yoxlamanın aparılması ilə bağlı gəminin dayandırılması tələbinə əməl etmədiyindən xəbərdarlıq atəşi açılıb. Rusiya tərəfi gəminin sahibinin türk olmasına baxmayaraq, gəminin Türkiyə bayrağı altında üzmədiyinə diqqət çəkib. Qeyd edək ki, Palau Sakit okean arxipelaqıdır, onun bayrağından tez-tez gəmiçilik şirkətləri tərəfindən beynəlxalq limanlara pulsuz giriş üçün istifadə olunur.
NATO-nun Avropadakı qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis Qara dənizin beynəlxalq sularında Rusiyanın gəmilər saxlamağa davam edəcəyi halda Şimali Atlantika Alyansı ilə müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Admiral Stavridis hesab edir ki, türk yük gəmisinin yoxlanılması kimi hərəkətlər Kiyevin tərəfdaşlarını Ukraynanın taxıldan asılı iqtisadiyyatının boğulmasının qarşısını almaq üçün müdaxilə etmək məcburiyyətində qoya bilər: "Rusiyanın Qara dənizin beynəlxalq sularında hərəkəti NATO ilə Rusiya Federasiyası arasında dəniz müharibəsinə çevrilməsi üçün real risk yaradır".
NATO-nun Avropadakı qoşunlarına 2009-2013-ü illərdə rəhbərlik etmiş Stavridis bildirib ki, NATO öz döyüş təyyarələri və hərbi gəmiləri ilə humanitar dəhlizə dəstək verə bilər. Yunan əsilli admiralın belə fikirləri Türkiyədə narahatlıqla qarşılanır. Ankarada anlayırlar ki, Qara dənizdə NATO-nun iştirakı ilə hərbi münaqişə baş versə, Türkiyə ön cəbhə olacaq.
Ankaranı narahat edən digər məqam isə ondan ibarətdir ki, yalnız admiral Stavridis belə düşünmür. "The Wall Street" nəşri ABŞ rəsmilərinə istinadən yazır ki, Birləşmiş Ştatlar artıq Qara dənizdəki gəmiləri qorumaq üçün bütün mümkün variantları, o cümlədən, hərbi həll yollarını nəzərdən keçirir. Nəşr yazır ki, ABŞ Ukraynanın qonşuları ilə taxılının ixracı üçün yeni marşrutları müzakirə edir. Xüsusilə, Rumıniyanın Konstansa limanının imkanlarının artırılması planı hazırlanır. Hazırda hər ay 2 milyon ton Ukrayna taxılı buradan daşınır və infrastruktur genişləndirildikdən sonra yük daşınması 4 milyon tona çatdırıla bilər.
Belə görünür ki, Qara dənizdə gərginlik artacaq. Bu mənada sahil ölkələrini əhatə edəcək müharibənin olmayacağı da birmənalı istisna olunmur.