525.Az

Qolu döyməli qabyuyan, on altı yaşlı aşpaz və mən... - Aytac Sahəd yazır


 

Qolu döyməli qabyuyan, on altı yaşlı aşpaz və mən... - <b style="color:red"> Aytac Sahəd yazır</b>

Son ayları restoranlardan birində aşpaz köməkçisi işləyərək keçirmişəm. Ümid edirəm, bu yazı ordakı iş yoldaşlarımın qarşısına çıxmayacaq. Çünki məni mətbəxə buraxsınlar deyə əvvəldən jurnalist olduğumu gizlətmişdim. Sonradan deməyəsə, üzüm gəlmədi. Məlum məsələ, nədənsə jurnalist adı eşidəndə elə bilirlər, hər gördüyün neqativə bir yazı həsr edirsən.

Düzdür, bu yazıda orda gördüklərimdən danışacam. Ancaq təkcə neqativləri yox, yaxşı və pis olmaqla məni təəccübləndirən detalları.

Yeni iş yerində məni ən çox təəccübləndirən məqam az qala, hər həftə kiminsə işdən çıxması idi. Sən demə, bu sahədə yay aylarında iş zəiflədiyi üçün maaş da azalır. Bu da kimə sərf eləmirsə, daha çox sifarişli işlərə üz tutur. Yəni yayda bağ evlərində təşkil olunan qonaqlıqlar, yaxud da nişan, toy mərasimləri. Əlqərəz, orda olduğum dövrdə təxminən dörd-beş aşpazın işdən çıxmasına şahid oldum. Hamısının da səbəbi eyni. Bir bəy istisna olmaqla. Uzun illərdir, bu kollektivdə çalışan həmin aşpazın maaşının digərlərinə nəzərən yaxşı olduğunu bildiyim üçün onun işdən çıxmasına xeyli təəccüblənmişdim. Sonradan öyrəndim ki, həmin aşpaz elə bizimlə bir mətbəxdə çalışan xanıma vurulubmuş. Ondan "yox" cavabı eşidəndən sonra qəlbi qırılıb, işdən çıxıb. Əvvəl bu mənə qəribə gəlsə də, mətbəxin gərdişinə öyrənəndən sonra həmin oğlana haqq verdim. Əgər sənin işlədiyin yerdə qapısını bağlayıb oturacağın, yaxud da səmtini dəyişə biləcəyin bir iş masan varsa, iş yoldaşınla alınmayan eşq hekayən səni daha iz incidər. Amma bir mətbəxdə eyni bıçağa əl uzadıb eyni ocaqda növbə ilə yemək bişirmək... hə, bu, bir az çətin məsələdir. Ümumiyyətlə, mətbəx iş mühiti olaraq digər yerlərdən çox fərqlənir. İstəsən də, istəməsən də, burada hər kəslə ünsiyyətdə olmağa məcbursan. Bir mətbəx, bir giriş qapısı... Birləşə bilməyən iki insan üçün hər səhər eyni qapıdan keçmək asan deyil.

Onu deyirdim axı, mətbəxdə kollektiv ruhu çox önəmlidir. Məsələn, təcili bir sifariş olanda bütün mətbəx əhli eyni anda səfərbər olub sifarişi deyilən vaxtda çatdırmağa çalışır. O zaman "sənin işin-mənim işim" söhbəti olmur, sifariş çatmalıdır, vəssalam. Aşpazların əlindəki kəsik, yara izləri çox vaxt həmin təlaş anlarından miras qalır. Ümumiyyətlə, nə qədər peşəkar olursansa ol, mətbəxdəsənsə, əlindəki bıçağın sənə kəsik borcu həmişə var.

Mətbəxdə çalışmağa başlayanda mənə öyrətdikləri ilk şey bıçaq tutmaq oldu. Aşpazın məharəti bıçağı tutmağından bəlli olarmış.

Bıçaqla işləmək yalnız texnika deyil, həm də ruh, hissiyat məsələsi imiş. Sən kökü doğradığın kimi göbələyi doğraya bilməzsən, məsələn. Bıçağı əlindəki ərzağa uyğun işlətməlisən.

Qısa müddət sonra əlimi bıçaqla rəftara öyrətsəm də, uzun zaman ayaq üstə qalmağı ayaqlarıma öyrədə bilmədim ki, bilmədim. Bu, mətbəxdə işləməyin əsas qaydalarından biri hesab olunur. Deyərdim ki, mənə görə ən çətin qayda məhz budur. İkinci çətinlik çəkdiyim məqam isə mətbəxdəki isti idi. Yemək bişirilən ocaq daim yandığı üçün mətbəxin istisinə dözmək xeyli çətindir, xüsusilə də yay aylarında.

Ən yaxşı aşpazların kişilər olduğunu yəqin ki, siz də eşitmisiniz. Deyirlər ki, kişilər texnikaları dəqiq öyrənir və yemək bişirərkən daha balanslı olurlar. Kişilərin əl hərarətinin qadınlardan aşağı olması da bu yanaşmada əsas faktorlardan biri kimi göstərilir. Əlqərəz, sözügedən məsələdə bizim mətbəx də istisna deyildi - kişilərin sayı qadınlardan çox idi. Elə baş aşpazımız da kişi idi. Yaş məsələsində isə yekdil bir fikir deyə bilmirəm, çünki burda həm on səkkiz, həm də əlli beş yaşında aşpaz vardı. Hə, bir də işi öyrənməyə gələn on altı yaşlı şagird. Əvvəl onun bu addımını birmənalı qarşılamamışdım. Özünə də demişdim ki, hazırda təhsilinə daha çox fikir versən, yaxşı olardı. Aşpazlıq həmişə var. O da cavab verdi ki, aşpazlıq onun uşaqlıq arzusudur və qərarında qətidir.

Altıncı cəhdimdə güclə öyrəndiyim xəmir işini onun elə ilk cəhdində necə yaxşı etdiyini görəndən sonra məsləhətlərimi özümə saxlamağa qərar verdim. Həyatdan nə istədiyini bilən adamlar bir addım irəlidədirsə, bu istəyə nail olmaq üçün daha tez hərəkətə keçən adamlar iki addım irəlidədir.

Mətbəx o oğlanın gedəcəyi yol idisə, mənim bir mövsümlük dayanacağım idi. Bir neçə gün öncə dayandığım yerdən yol almaq qərarını verdim. Mənim yolum başqaydı, şair demiş, ömür də qısa. Dayandığım yerlər nə qədər xoş olsa da, aid olduğum ünvan məni gözləyirdi.

Mətbəxdəkilərlə sağollaşanda xeyli pis oldum. Düzdür, onlar mənə pul vermirdilər. Mən onlara kömək edirdim, onlar da mənə bişirməyi öyrədirdi. Üstəlik, işdən sonra istirahət vaxtımdan kəsib ora getdiyim üçün çox yorulurdum. Bütün çətinliklərinə baxmayaraq, o mətbəx də, o adamlar da həyatımın ən gözəl xatirələrindən birinə çevrildi.

Mən orda təkcə kartof, soğan doğramağı yox, insanlara, həyata dair oxumaqla, eşitməklə dərk etməyəcəyim xeyli şey öyrəndim. Məsələn, bizimlə çalışan qabyuyan xanımın qolunda gördüyüm döymələr məni xeyli təəccübləndirmişdi. Sən demə, o, məşhur romanlardan cümlələri sadəcə qoluna yazdırmayıb, həm də o romanları tək-tək oxuyub. Özü demiş, bütün gün çirkli qablarla əlləşməsi, günün sonunda şahzadələrin həyatından bəhs edən romanlar oxumasına əngəl deyil. Mən bu qadından çətin həyatın künc-bucağında sevinc axtarmağı öyrəndim.

Əziz oxucum, bəlkə də mənim mətbəx macəralarım sənin üçün maraqlı deyil. Ancaq bura qədər oxumusansa, bilməyini istəyirəm ki, mən gördüklərimi çox böyük həvəslə yazıram. Deyəsən, hələ bişirməyi yaxşı bacarmıram. Bilmirəm, bişirdiklərimi yeyən olacaq, ya yox?! Mənimki yazmaqdır. Bəlkə heç onu da düz-əməlli bacarmıram. Bu qərarı ancaq sən verə bilərsən. İstənilən halda yazdıqlarımı sonadək oxudunsa, deməli, əlimi dörd-beş dəfə boşuna kəsməmişəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





21.08.2023    çap et  çap et