525.Az

Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək


 

Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı alan şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023-2024-cü tədris ilindən etibarən Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Müharibə veteranı Kamran Əzimov 2016-cı ildə 657 balla Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olunub. 2020-ci ildə bakalavriatura təhsilini başa vurub. Həmin il hərbi xidmətə yollanıb və İkinci Qarabağ müharibəsində iştirak edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüb. Həm də "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub: "İkinci Qarabağ müharibəsindən sonra təhsilimi davam etdirmək qərarına gəldim. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına  qəbul oldum. Ödənişli əsaslarla  təhsil alıram və mənim üçün bu, kifayət qədər böyük məbləğdir. Prezidentin sərəncamı  artıq   bizlərin təhsillə bağlı maddi problemlərini tamamilə aradan qaldıracaq. Prezidentimizin  müharibə veteranlarına, şəhid ailələrinə, qazilərə olan diqqət və qayğısı ən yüksək səviyyədədir. Bizim təhsil haqqından azad olunmağımız təhsilə əlçatanlığı təmin edir, vətənə layiqli mütəxəssis kimi öz töhfəmizi verməyə imkan yaradacaq. İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, təhsil sahəsində həm maddi, həm də mənəvi sıxıntılarımız artıq aradan qalxdı. Bu Sərəncam bütövlükdə müharibə veteranlarımıza imkan verəcək ki, onlar sosial vəziyyətlərindən asılı olmayaraq ali təhsil ala, özlərini bu müstəvidə inkişaf etdirə bilsinlər. Prezidentimizin imzaladığı Sərəncam dövlətimizin həm veteranlara, həm də təhsilə  göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür".

Digər müharibə veteran Pərvin Abasquliyev 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Biologiya" ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Biznesin təşkili və idarə edilməsi (menecment)" ixtisası üzrə magistraturada ödənişli əsaslarla təhsil alır. II kurs tələbəsidir: "Hər bir azərbaycanlının uzun illər  sağalmayan yarası var idi. Biz bir məqsəd, bir amalla yaşayırdıq. İşğal altında olan torpaqlarımızı mənfur düşməndən azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, tökülən qanların qisasını almaq. Mən Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişəm. Dövlət başçısının sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalına layiq görülmüşəm. Prezident İlham Əliyevin müvafiq sərəncamı məni bir Vətən müharibəsinin veteranı olaraq çox sevindirdi. Belə ki, qeyd etdiyim kimi, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində  magistraturada ödənişli əsaslarla təhsil alıram. Təhsil haqqından  azad olunmağımız dövlətin bizə  necə yüksək dəyər verdiyini göstərir. Bu imkanı yaratdığına görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Sərəncamı biz müharibə veteranlarına, şəhid ailələrinə, qazilərə göstərilən qayğı, eyni zamanda bizim şəxsi inkişafımıza dəstək kimi qiymətləndiririk. Və hesab edirəm ki, gələcək karyera imkanlarımızda misilsiz rol oynayacaqdır".

Müharibə veteranı Vəliəhəd Vəliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Maşın mühəndisliyi" ixtisasi üzrə III kurs tələbəsidir. İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Əsir götürülüb. Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti  nəticəsində 14 dekabr 2020-ci ildə  əsirlikdən azad olunaraq Vətənə  geri qaytarılıb: "Ali təhsil almaq, arzu etdiyim ixtisasa yiyələnmək  mənim ən böyük istəyim idi. Sevinirəm ki, arzuma çatmışam. Təhsilim ödənişli əsaslarla olduğu üçün bu maddi vəsaiti ödəməkdə çətinlik çəkirdim. "Mən hər zaman qazilərin yanında olacağam", - söyləyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Dövlət başçısının şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək diqqəti, qayğısı və imzalanmış bu Sərəncam biz müharibə veteranlarına necə həssaslıqla yanaşılmasını göstərir. Verilən qərar ali təhsil almaq istəyən, bunun üçün müvafiq bazası olan, ancaq təhsil haqqı ödəməyə maddi çətinlik çəkən müharibə iştirakçıları üçün gözəl fürsət və geniş imkanlar deməkdir. Ali təhsilimi bitirdikdən sonra da Vətənimə layiqli mütəxəssis kimi xidmət edəcəyimə əminəm".

Millət vəkili Vahid Əhmədovun dediyinə görə, müharibə veteranlarının təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi təqdirəlayiqdir. Prezidentin bununla bağlı müvafiq sərəncamı dövlətimizin veteranlara olan qayğıkeş münasibətinin göstəricisidir: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış və ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqqı 2023-2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Bu, ölkəmizdə veteranlara, onların təhsilinə, elmi inkişafına yönələn çox mühüm bir addımdır. Bu sərəncam veteranlarımıza imkan verəcək ki, onlar sosial vəziyyətlərindən asılı olmayaraq, ali təhsil ala, özlərini bu müstəvidə inkişaf etdirə bilsinlər. Prezidentimizin bu sərəncamı dövlətimizin həm veteranlara, həm də təhsilə verdiyi önəmi əks etdirir. Məlum sərəncamın bütün cəmiyyət tərəfindən alqışlanması göstərir ki, bu sərəncam hər bir azərbaycanlının ürəyincədir və xalq dövlət başçısının bu sərəncamını alqışlayır. Veteranlarımıza, vətənimizin müdafiəçilərinə yaratdığı bu imkana görə Prezidentimizə təşəkkür edir, tələbə adını qazanan hər bir veteranımıza uğurlar arzulayıram".

Millət vəkili Musa Qasımlı bildirib ki, Prezidentin imzaladığı sərəncam minlərlə vətəndaşın təhsil almasına imkan yaradacaq: "Bu sərəncam imkan verəcək ki, bizim minlərlə vətəndaşımız heç bir ödəniş olmadan təhsillərini davam etdirsinlər. Onu da nəzərə almaq lazımdır ki, bu insanların bir qisminin maddi durumu elə də yaxşı deyil. Onlar öz təhsil haqlarını ödəyə bilmirdilər. Onların dövlətin dəstəyinə ehtiyacı var idi. Ona görə də, belə bir addımın atılması müsbət təşəbbüsdür və yüksək səviyyədə qiymətləndirilməlidir. Dövlət hər zaman vətəndaşının yanındadır və hər cür kömək göstərməyə hazırdır. Son proses bunu bir daha göstərdi".

Millət vəkilinin dediyinə görə, sözügedən sərəncam veteran tələbələrin ailələrinin maddi durumunu yaxılaşdıracaq: "Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan vətəndaşının daha rahat yaşaması dayanır. Dövlətimiz müharibə iştirakçılarına və digər vətəndaşlara xüsusi qayğı göstərir. Torpaqlarımızın işğaldan azad edilməsində tələbə gənclərimiz də böyük rol oynayıblar. Onların bir qismi təhsillərini yarıda dayandıraraq cəbhəyə yollanıblar. Prezidentin imzaladağı sərəncam müharibə iştirakçılarına qayğının göstəricisidir. Eyni zamanda vətənpərvərlik duyğularının aşılanmasında böyük rol oynayacaq. Dövlət tərəfindən təhsil haqlarının ödənilməsi onların ailələrinin maddi vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Bu sərəncam bir daha göstərir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır".

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qeyd edib ki, ödənişli əsaslarla təhsil alan müharibə veteranlarının təhsil haqqının dövlət hesabına ödənilməsi ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamı veteranlarımızın təhsili yolunda yeni üfüqlər açacaq: "Prezidentin sərəncamı sosial statusundan asılı olmayaraq, hər bir veterana imkan verəcək ki, o, ali təhsil ala, özünü inkişaf etdirə, daha ciddi hədəflərə nail ola bilsin. Çünki bundan sonra tələbə adını qazanacaq veteranların təhsil haqqı kimi qayğısı olmayacaq. Ödənişli əsaslarla ali məktəbə qəbul olan müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Şübhəsiz, Prezidentin həmin sərəncamı dövlətin veteranlarımıza, onların təhsilinə verdiyi önəmi göstərir. Eyni zamanda, bu sənəd göstərir ki, Azərbaycan dövləti daim veteranlarının yanındadır və onların sosial rifahının yaxşılaşması, fərdi özünüinkişafı üçün hər bir resursundan istifadə edir. Bu Sərəncama görə bütün veteranlar adından Prezidentimizə minnətdarlığımı bildirirəm. Əminəm ki, bu sənəd veteranlarımız üçün mənəvi-psixoloji baxımdan da böyük stimul olacaq. Eyni zamanda cəmiyyətdə veteranların nüfuzunun daha da artmasına, vətənpərvərlik tərbiyəsinin inkişafına, maarifçi gənclərimizin sayının daha da yüksəlməsinə səbəb olacaq".

Sevinc QARAYEVA

 

 





21.08.2023    çap et  çap et