Dünən "Laçın" sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Erməni əsilli vətəndaşlar Xankəndindən gəlib Gorus istiqamətinə keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 60 şəxs Azərbaycandan Ermənistana keçib. Əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub. Ermənilərin sərbəst keçidini xarici KİV nümayəndələri də izləyib. Qarabağı tərk edərək Ermənistana gedən şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.
Qeyd edək ki, sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistan istiqamətində gedənlər, əsasən, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Görünür, həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etməyin ən doğru seçim olduğu qənaətinə gəliblər.
44 günlük müharibədən sonra rəsmi Bakı ən müxtəlif səviyyələrdə müxtəlif platformalarda dəfələrlə bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər burada qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, buranı tərk edib istədikləri yerdə yaşaya bilərlər. Yəni, Qarabağdakı erməni sakinlər üçün iki yol var, üçüncü yol mövcud deyil. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi ortadadır. Ölkə ərazisində yaşayan və yaşamaq istəyən hər kəs ilk növbədə onun qanunlarına hörmət etməlidir.
Görünən odur ki, Ermənistan və havadarlarının Qarabağa yönəlik bütün planları iflasa uğrayır. Fransanın beynəlxalq hüquqa zidd mövqe tutaraq separatçılara açıq dəstəyi, regionda müvəqqəti yerləşdirilmiş rus sülhməramlıların dəfələrlə öz mandatlarından kənara çıxaraq atdıqları qanunsuz addımlar və digər oyunlar da onlara kömək edə bilmədi. Rusiyanın da imzası olan 10 noyabr üçtərəfli bəyanatına zidd olaraq qanunsuz erməni silahlı dəstələri hələ də ərazimizi tərk etməyib. Baxmayaraq ki, bəyanata görə, Rusiya sülhməramlılarının Qarabağa daxil olmasına paralel erməni silahlı birləşmələri bölgəni tərk etməli idi. Müharibədən üç ilə yaxın vaxt keçib, amma bu bənd yerinə yetirilməyib. Əksinə, sülhməramlıların dəstəyi ilə Azərbaycan ərazilərinə qanunsuz yollarla silah-sursat, canlı heyət, minalar daşınıb. Həmin silahlar, minalar dinc insanlarımızın, hərbçilərimizin həyatına son qoyub. Məlumdur ki, Qarabağ ermənilərinə Rusiya pasportları paylanılıb. Məqsəd isə Dnestryanı, Donbass kimi ssenariləri bizim ərazimizdə reallaşdırmaq idi. Yəni rus pasportları paylanılır, sonradan ölkələrin ərazisində qondarma respublikalar yaradılır.
Göründüyü kimi, bu ssenarilər baş tutmadı. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi onun ərazisində istənilən bütün separatçı niyyətləri alt-üst etdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müharibədən ötən müddət ərzində bütün dünya, eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Aydın olan budur ki, məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, Azərbaycanda erməni separatizminin yenidən dirçəldilməsi üçün nəzərdə tutulan mümkün ssenarilərdən biri də Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya vətəndaşlığı verməklə onları Rusiyanın himayəsində göstərmək və beləliklə separatizm fəaliyyəti üçün yenidən imkanlar əldə etmək idi.
H.Babaoğlu deyib ki, hələ 44 günlük Vətən müharibəsində təşviş içərisində olan erməni terrorçuları Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırışlar edirdilər: "Bu gün isə Azərbaycanın doğru və dərin strateji diplomatiyası sayəsində Rusiya pasportu daşıyan ermənilər artıq Qarabağımızı tərk edirlər. Bu hadisə sadəcə rus pasportluların ölkəmizi tərk etməsi deyil, həm də Azərbaycan qanunları ilə yaşamaq istəməyən digər ermənilərə verilən mesajdır. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda "russkiy mir", yaxud "armyanskiy mir" düzəltmək mümkün deyil. Ona görə də ermənilər baş verənlərdən nəticə çıxarmalıdırlar. Rusiya pasportu daşıyanlardan dərhal sonra Qarabağda mövcud olan 10 min terrorçu ölkəmizi tərk etməlidir. Eyni zamanda, Qarabağa 30 illik işğal dövründə Ermənistan və digər ölkələrdən gətirilib yerləşdirilənlər də təcili ərazimizi tərk etməlidirlər. Qarabağda kimin qalıb yaşamaq hüququ əldə edəcəyinə isə Azərbaycan qanunları qərar verəcək. İlkin şərtlər belədir ki, ilk növbədə Azərbaycan qanunlarını pozmayan ermənilərin belə bir şansı ola bilər. Ancaq zaman daralır və ilin sonunadək bu proses başa çatmalıdır. Rus pasportlu Ruben Vardanyana gəldikdə isə onun taleyini də Azərbaycan xüsusi xidmət orqanları lazımi formada həll edəcəklər".
çap et