525.Az

Akademik Kamal Talıbzadə: şəxsiyyətin miqyası - Kamal Talıbzadə-100


 

Akademik Kamal Talıbzadə: şəxsiyyətin miqyası - <b style="color:red"> Kamal Talıbzadə-100</b>

Ədəbi tənqid və ədəbiyyatşünaslığın universal səciyyə daşıdığı dövrdə onun məzmunu və çəkisi də hər zaman artır; XIX yüzilin sonu XX yüzilin əvvəlləri Firudin bəy Köçərli belə bir missiyanı həyata keçirirdi.  O, təkcə ədəbi məsələlərlə məşğul olmur, ümumilikdə xalqın inkişaf yolundakı problemlərə deyinir, cəmiyyəti gələcək həyata hazırlayır, bədii zövqünü inkişaf etdirir, ədəbiyyat tarixini araşdırır, zamandaş yazıçı və şairlərində dünya ədəbiyyatında gedən prosesləri izah edir və bu yolda hansı bir yol izlənimini müəyyən edirdi. Bir sözlə, ədəbiyyatşünas və tənqidçi həm də cəmiyyətin problemlərinə toxunur və ədəbiyyatşünaslığı, tənqidi dar çərçivədən çıxarırdı. Onun ədəbiyyatşünaslıqdakı bu mövqeyi hətta bolşevik hakimiyyətinin diqqətini çəkmiş və ilk repressiya qurbanına çevrilmişdi. 20-30-cu illərdə bu yolu davam etdirən Bəkir Çobanzadə, Əmin Abid, Əli Nazim, Hənəfi Zeynallı, Salman Mümtaz kimi tədqiqatçıların taleyi də F.Köçərlinin taleyi ilə birləşir və repressiyanın qurbanı olurlar. Doğrudur, ondan bir az əvvəl Mir Cəlal, Feyzulla Qasımzadə, Həmid Araslı, Ələjdər Səidzadə, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Məmməd Arif, Mikayıl Rəfili və başqaları müəllimlərinin acı taleyini yaşamaqdan zorla qurtulurlar. Tənqid və ədəbiyyatşünaslıqda varisçilik ənənələri hələ möhkəmlənməmiş repressiya nəticəsində onlar arasındakı əlaqə qırılmış, necə deyərlər, yeni nəsil kökündən, milli elmi, ədəbi təcrübədən ayrı düşmüşdü. Akademik Kamal Talıbzadə milli ədəbi tənqid və ədəbiyyatşünaslığın bu üçüncü nəslinin qatarına yaş səbəbindən bir sonrakı onillikdə qoşulur. Lakin dövr, zaman öz mürəkkəbliyində, ziddiyyətliliyində qalırdı. Repressiya xofu hələ də ədəbi mühitin başı üzərində "Demokl qılıncı" tək asılmışdı. Üstəlik Abdulla Şaiqin oğlu olması hər an repressiya sunamisinin bu ailənin də başçısını aparmaq təhlükəsi qarşısında qoya bilərdi. 40-cı ildə Kamal Talıbzadə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olarkən repressiyanın apardığı alimləri onların yerini doldurmağa çalışan gənc M.Arif, M.Cəlal, F.Qasımzadə, Ə.Sultanlı, M.Rəfili əvəz edirdi. II Dünya müharibəsi də bu vəziyyəti bir qədər mürəkkəbləşdirdi; ədəbi tənqid və ədəbiyyatşünaslıqda yaranmış boşluq aydın hiss olundu. Daha sonra müharibənin dəhşətləri, Stalin irticasının yeni-yeni düşmən obrazları yaratması və onların məhvini gerçəkləşdirməsi tənqid və ədəbiyyatşünaslığa da etkisini göstərirdi. Qorxu və fiziki repressiya xofunun hələ hökm sürdüyü bir cəmiyyətdə yeni nəslin formalaşması və inkişafı üçün sosial, ictimai mühit olmasa da, yaradıcılıq təfəkkürünü, milli düşüncəni öz əsərlərində yaşadanlar arasında Kamal Talıbzadə də var idi. Kamal Talıbzadə öncə atası məşhur romantik şair, yazıçı, dramaturq Abdulla Şaiqdən aldığı mənəvi, ədəbi qida, xeyir-dua ilə ədəbiyyat aləminə baş vurdu, tənqid və ədəbiyyatşünaslıq yolunu tutdu. Görünür ki, insanın fiziki yoxluğu varislik əlaqələrinin itməsinə səbəb olmur, bu ənənə hansısa formada yenidən doğulur, yaşayır və davam edir.

İdeoloji, basqıçı sosialist rejimində yaşamasına rəğmən (şübhəsiz mövcud ideoloji tarfaretlər, şablonlar onun da əsərlərində bu və ya digər dərəcədə özünü göstərirdi), Kamal Talıbzadə klassik bir ədəbiyyatşünas ömrü yaşadı; ömrünü xalqının ədəbi, mənəvi xəzinəsinin araşdırılmasına və çağdaş bədii təfəkkürünün təhlilinə həsr etdi. İdeoloji baryerlər, yuxarıdan gələn hazır basmaqəlib formalar, tezislər onun milli yönünü dəyişdirmədi, mühakimələrini sapdırmadı, mümkün olduğu qədər həqiqəti deməyə çalışdı və bunu yaradıcılığında da ifadə etdi. Elə buna görə də Kamal Talıbzadəni Firudin bəy Köçərlidən gələn akademik düşüncənin yeni mərhələdəki təmsilçisi kimi qəbul etmək olar. Kamal Talıbzadə əsərlərinin akademizmi, universallığı, milli düşüncəni ifadə etməsi onu akademik ünvanına qədər gətirdi. Bir ədəbiyyatşünasın, tənqidçinin nüfuzu onu cəmiyyətin ən ön sıralarına gətirib çıxardı. Akademik ünvanı onun yaradıcılığının bütün mahiyyətini əks etdirirdi. Milli ədəbi düşüncənin tarixini yazaraq cəmiyyətdə bu qədər nüfuz sahibi olmaq, həm də ədəbi tənqidin və ədəbiyyatşünaslığın nüfuzunu qaldırmaq demək idi. Yaşar Qarayevin belə bir fikri ilə razılaşmamaq mümkün olmur: "Kamal Talıbzadənin ədəbiyyatşünaslıq fəaliyyəti məhz milli-bədii və ədəbi-filoloji ənənəyə sədaqətin sabitliyi ilə seçilir. Məhz ona görədir ki, onun ən yaxşı tədqiqatları ədəbiyyat elmimizin milli problemləri sayılan və onun tarixində miqyaslı elmi şəkildə ilk dəfə irəli sürülən mövzulara həsr edilmiş əsərlərdir, xalqın fikir mədəniyyəti və onun tarixi barədə təsəvvürü zənginləşdirmiş olur".

Kamal Talıbzadənin bütün yaradıcılığında milli düşüncə tarixi və xalq həyatı başlıca yer tutur. Hələ universitet tələbəsi ikən buraxılış işini o dövr üçün tabu mövzuya - "Məhəmməd Hadi və Azərbaycan romantizmi"nə həsr etməsi onun ədəbiyyatşünaslığın mövcud prinsiplərinə yeni dizayn vermək istəyindən xəbər verirdi. O zaman Azərbaycan romantizmi və onun nümayəndələri ilə bağlı araşdırma aparmaq özü təhlükəli bir iş idi. Romantizmin bir çox nümayəndələri "mürtəce romantiklər" adı ilə damğalanmış və M.Hadi də bu sıraya daxil edilmişdi. Hələ bundan sonra 10 il də istiqlal şairinin bu sıradan çıxa bilməməsi onun yaradıcılığının mahiyyətindən doğurdu. Çünki bütün romantiklərin yaradıcılığında Vətən, Xalq, Millət, Hürriyyət ideyaları ana xətt kimi keçirdi. Türkçülük, turançılıq ideyaları da romantizmin nümayəndələrinin yaradıcılığında tez-tez səslənirdi. Ümumiyyətlə, sosrealizmdə ikinci bir "izm"in olması məqbul hesab edilmir və tənqidi realizmdən başqa bu cür "izm"lərin araşdırılmasına mümkün olduğu qədər meyil göstərilmirdi. Buna baxmayaraq, K.Talıbzadənin namizədlik dissertasiyası da yaradıcılığının ana xətti Vətən, Xalq, Millət olan romantizmin böyük nümayəndəsi Abbas Səhhətin yaradıcılığı olur. Şairin "Məsləkim tərcümeyi-halımdır" misralarında əslində onun mənsub olduğu xalqın tərcümeyi-halı təsvir edilirdi. Gənc tədqiqatçı bu əsərində təkcə şairin yaradıcılığını araşdırmadı, həm də onun mükəmməl tərcümeyi-halını yazdı, şairin müasirləri, həmyerliləri, tələbələri ilə görüşərək külli miqdarda sənədlər, xatirələr topladı. Bu, Azərbaycan romantizminin görkəmli nümayəndələrindən biri haqqında ilk elmi tədqiqat əsəri idi. Beləliklə, Azərbaycan romantizminin tədqiqinin yolu açılmış oldu və bir qədər sonra Əziz Mirəhmədov Məhəmməd Hadi yaradıcılığını tədqiqata cəlb etsə də, dissertasiyası ləğv olunmuşdu. İşin çətinliyi bir də təkcə hər hansı bir romantizm nümayəndəsindən yazılması deyildi, ümumiyyətlə hər hansı bir yazarın ayrıca yaradıcılığına həsr edilmiş ilk monoqrafiyalardan biri olmasında idi. Mövcud ideolojinin hər şeydə sinfilik, partiyalılıq axtarışları da tədqiqatçının qarşısında duran əsas baryerlərdən idi. Lakin Kamal Talıbzadə bütün bu baryerləri ustalıqla aşaraq tədqiqat işində həm dövrün ictimai, ədəbi mənzərəsini yaratmış, həm də şairin əsərlərini ədəbi, faktoloji baxımdan elmi-nəzəri cəhətdən təhlil etmişdir. Bu təhlillər iki istiqamətdə getmişdir; şairin bioqrafiyasının yaradılması və əsərlərinin ədəbiyyat tarixçiliyi kontekstində təhlili. Azərbaycan ədəbiyyatşünaslığının "Axilles daban"larından biri bioqrafiya tədqiqatçının da qarşısnına çıxmışdır. Xoşbəxtlikdən şairin dostu, məsləkdaşı, romantiklərin görkəmli nümayəndələrindən biri Abdulla Şaiq Kamal Talıbzadənin əsas məsləhətçilərindən və canlı mənbələrindən biri olur. Tədqiqtçı həm atasının tərtib etdiyi dərsliklərdən, yazdığı yazılı və şifahi xatirələrdən, həm də mövcud mənbələrdən istifadə edərək şairin mükəmməl ömürlüyünü yaradır. Sonrakı ədəbiyyatşünaslıq şairin tərcümeyi-halı ilə bağlı tədqiqatçının araşdırmalarına fundamental bir əlavə etməmişdir. Əsərlərinin təhlilinə gəldikdə, Kamal Talıbzadənin realist ədəbiyyatla romantik ədəbiyyatı bir-birindən fərqləndirmələri elmi səciyyə daşıyırdı və ədəbi faktlar bu prizmadan yanaşırdı. Şairin yaxın dostu M.Ə.Sabirlə Səhhət arasında olan sənət fərqlilikləri də buradan irəli gəlirdi. Bu yanaşma da ədəbiyyatşünaslığımızda yeni formalaşmaqda idi. K.Talıbzadə realist şeirlə romantik şeir (və şair!) arasında olan "ixtilaf"ları da nəzəri cəhətdən düzgün təyin edir və mövcud ədəbi-bədii düşüncənin sınırlarını bəlirləməyə çalışırdı.

Tədqiqatçı Abbas Səhhəti yalnız bir romantik şair kimi təhlil etmirdi, həm də lirik şair olaraq görür və onun poetik xüsusiyyətlərini açırdı.  Onun təhlilində A.Səhhət yeni ədəbiyyatın, yeni şeirin konturlarını görən və yaradıcılığını bu istiqamətdə kökləyən, şeirlərində milli düşüncəni əks etdirən bir şair olaraq  təqdim edilir. "Yeni şeir necə olmalıdır?" tezisi M.F.Axundzadədən sonra bu qədər açıq şəkildə A.Səhhət tərəfindən ədəbi dövriyyəyə daxil olması epiqonçu poeziyanın qarşısına sədd çəkirdi. K.Talıbzadə yazırdı: "Şair epiqonçu şeirin sabitləşmiş, yeknəsəq forma və məzmun xüsusiyyətlərinə, milli şeiri xalq həyatından uzaq salan sxolastik-formalist poeziyanın süni, real olmayan məcazlar sisteminə qarşı çıxır, müasir "insan üçün mərifət və ibrət dərsi hüsulə gətirməyən" şeiri rədd edirdi".

(Ardı var)

 

 

 





22.08.2023    çap et  çap et