525.Az

Əfqanıstanda döyüşən azərbaycanlılarla bağlı fərman imzalanıb


 

Əfqanıstanda döyüşən azərbaycanlılarla bağlı fərman imzalanıb<b style="color:red"></b> Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə bildirilir ki, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 200 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir.

Təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etmək, eləcə də fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
 





12.08.2014    çap et  çap et