525.Az

Akademik Kamal Talıbzadə: şəxsiyyətin miqyası - Kamal Talıbzadə-100


 

Akademik Kamal Talıbzadə: şəxsiyyətin miqyası - <b style="color:red"> Kamal Talıbzadə-100</b>

(Əvvəli ötən sayımızda)

 

A.Səhhət yeni şeirin ictimai mövqeyini önə çəkir, ədəbiyyatın ən ümdə məsələlərdən biri kimi onun ictimai məzmunu, ideyalılığı və müairliyində görürdü. K.Talıbzadənin A.Səhhəti bir vətən, xalq şairi kimi təhlili onun yaradıcılığının sosrealizm metodu ilə kəsişməyən cəhətlərini ortaya qoyurdu. "Ayıl, ey ümməti-mərhumə ayıl, /Ayıl, ey milləti-məzlumə, ayıl,/Ayıl, ey bülbülü-gülzari-vətən,/Nəğmən ilə ola bidar, Vətən" misralarının təhlili kommunist ideologiyası altında əzilən xalqa çağırış kimi səslənir və mövcud rəsmi ideologiya ilə heç cür uyğun gəlmirdi. Bəzi ideoloji yönlərinə baxmayaraq (40-cı illər reallığında bu mümkünsüz idi!), Kamal Talıbzadənin bu araşdırması ədəbiyyatşünaslıqda yeni bir mərhələ oldu; bu tədqiqatla milli hərəkat dövründə yaşamış, yaradıcılığında vətəni, istiqlalı, azadlığı tərənnüm etmiş bir romantik şairin ədəbiyyat tarixindəki yeri və mövqeyi bəlirləndi, bütöv bir dövrə, ədəbi şəxsiyyətə, eləcə də romantizm estetikasına nəzəri-estetik münasibəti, yanaşma prinsiplərini və meyarlarını müəyyənləşdirdi. Ən əsası bundan sonra digər romantiklər haqqında da araşdırmalara yaşıl işıq yandırıldı.

50-ci illərdə K.Talıbzadə yaradıcılığında yeni bir istiqamət açılır; Maksim Qorki yaradıcılığı Azərbaycan ədəbiyyatı kontekstində öyrənən tədqiqatçı "Maksim Qorki və Azərbaycan" (1959) monoqrafiyasını yazır. M.Qorki yaradıcılığı hələ XX əsrin əvvəllərindən Azərbaycan ədəbi mühitinə daxil olmuş və milli bədii düşüncəyə müəyyən təsir də göstərmişdi. Postcümhuriyyət dövründə də bu tendensiya davam etmiş və M.Qorki yaradıcılığı sosrealizmin ən yaxşı nümunəsi kimi qiymətləndirilmişdi. Tədqiqatçı bu monoqrafiyada M.Qorki əsərlərinin Azərbaycan ədəbi prosesinə daxil olması, hansı yollarla gəlməsi, yaradıcılığında Azərbaycan mövzusu və mədəniyyəti, tərcümə problemləri kimi məsələləri sistemli şəkildə araşdırır. Bu araşdırmanın əhəmiyyəti ondadır ki, müəllif rus və Azərbaycan mənbələrinə müraciət edərək yazıçının xalqımızın keçmişi və bugünü, ədəbiyyatı, mədəniyyəti ilə bağlı fikirlərini əks etdirir. K.Talıbzadə sonralar da M.Qorki haqqında araşdırmalarını davam etdirərək "Qorki haqqında məqalələr məcmuəsi"ni nəşr etdirmişdir (1966). Azərbaycan ədəbiyyatşünaslığında ədəbi əlaqələr və qorkişünaslıq kontekstində bu araşdırmaların xüsusi çəkisi və yeri vardır.

Hər bir araşdırıcının özünü ifadə etdiyi və müəyyən iz qoyduğu bir istiqamət olur. Əgər F.Köçərli ilk dəfə özünün iki cildlik "Azərbaycan ədəbiyyatı" kitabı ilə milli bədii düşüncənin tarixini və inkişaf yolunu, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığını araşdırırsa və onunla ədəbiyyat tarixçiliyində yaşayırsa, Kamal Talıbzadə də "Azərbaycan ədəbi tənqidi" (1965) (daha sonra təkmilləşdirilərək "Azərbaycan ədəbi tənqidinin tarixi" (1984; 2015) əsəri ilə tənqid tarixçiliyində yeni bir mərhələnin əsasını qoyur. Görkəmli alim bu fundamental araşdırmasına on ildən çox vaxt sərf edir. Ədəbiyyatşünas ilk dəfə olaraq Azərbaycan ədəbi-estetik və tənqidi fikrinin inkişaf yolunu ədəbi, tarixi və nəzəri planda təqdim edir. Xətib Təbrizidən üzü bəri ədəbi tənqid və ədəbiyyatşünaslıq irsimizin öyrənilməsi və tarixi inkişaf yolunun elmi tarixini yaratmaq tədqiqatçıdan analitik təhlil tələb edirdi. Tənqid və ədəbiyyatşünaslıq irsimizin keçmişi ilə bugünü arasında varis-irs münasibətləri yaratmaq və onun fasiləsizliyini təmin etmək vəzifəsi də Kamal Talıbzadənin üzərinə düşür. Burada o, təkcə bir ədəbiyyatşünaslıq, tənqid tarixçisi kimi çıxış etmir, nəzəriyyəçiliyi, mətnlə işləməyi, milli estetik-tənqidi fikrin metodoloji aspektlərini özündə birləşdirən çoxcəhətli alim obrazını da yaratmış olur.

Milli bədii düşüncənin tarixi min illik bir dövrü aşsa da, K.Talıbzadəyə qədər onun ədəbi-estetik təfəkkürü, tarixi inkişaf yolu, sənət görüşləri ilə bağlı təsəvvürlər elə də çox deyil. Məhz onun bu araşdırmasında hətta folklor nümunələrinin özündə belə estetik, tənqidi fikrinin ifadə olunduğu qənaəti formalaşmışdır. Sənət və onun gözəlliyi, bədii təsir gücü, estetik idealı, sənətkar mövqeyi, bədii sözün yeniliyi və orijinallığı kimi məsələlər ən qədim bədii mətnlərin tərkibində belə özünü göstərir. Azərbaycan ədəbi tənqidinin tarixi köklərinin zənginliyi müəllifi qədim və orta əsrlər ədəbiyyatını, ədəbi prosesini sistemli şəkildə öyrənməyə imkan verir. Azərbaycan estetik və tənqidi fikrinin ilk janrı kimi XI yüzil bədii əsərlərin məzmununu açan şərhləri görməsi və Xətib Təbrizi şərhlərini tənqidçi-oxucu münasibətlərinin yeni forması olaraq qiymətləndirilir. Bu şərhlərdə ədəbi əsərlərə yanaşma formaları və üsullarına qərəzsiz (obyektiv), təəssübkeşkliklə (subyektiv) münasibətin formalaşması təhlil edilir və Xətib Təbrizinin bu şərhləri qrammatik təhlillərdən çıxararaq ədəbi-analitik ideya axtarışları bu janra yeni məzmun verir. Kamal Talıbzadənin təhlillərində Xətib Təbrizi ilə yanaşı, Eyn əl-Quzzat, Yusif Xoylu da Azərbaycan ədəbi tənqidinin ilk peşəkar tənqidçiləri kimi qiymətləndirilir.

Kamal Talıbzadə ədəbi-estetik görüşləri yalnız bu janrda axtarmır, Şərqdə çox yayılmış bədii əsərlərə müraciət edərək şairin sənət baxışlarını, poetika problemlərini elmi-nəzəri kontekstdə təhlilə cəlb edir. Bu cəhətdən tənqid tarixçisinə Xaqani Şirvani, Nizami Gəncəvi, Əssar Təbrizi, Arif Ərdəbili, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Saib Təbrizi yaradıcılığı zəngin material verir. Bu sənətkarların hər birinin əsərlərində onların sənətə və həyata baxışının durduğu qənaətinə gələrək bu baxışları sistemli şəkildə araşdırır.

Kamal Talıbzadə realist tənqid konsepsiyasının yaranmasını XIX yüzilə aid edir və A.Bakıxanov, M.Ş.Vazehlə başlayan maarifçi tənqidin M.F.Axundzadə ilə realist mərhələsinə çatır. M.F.Axundzadənin realizm nəzəriyyəsinin sənətə, həyata baxışında da yer aldığını önə sürən tənqidçi həm bədii yaradıcılığından, həm də tənqidi məqalələrindən çıxış edərək onun sənət nəzəriyyəsinin özəyini təşkil edən açar komponentləri faktlarla əsaslandırır. Monoqrafiyada realizmdə tipiklik problemi, M.F.Axundzadənin Füzuliyə münasibəti, maarifçi realizm və realizmin əsas prinsipləri, bədii metod məsələsi, sənətin ideyalılığı kimi məsələlər elmi-nəzəri həllini tapır. M.F.Axundzadənin Füzuliyə münasibətindəki elmi həqiqət sonrakı tədqiqatçılar tərəfindən öz təsdiqini tapır: "Füzuliyə münasibət Axundov estetikasında əslində Füzulinin özündən çox onun təsirinə, bu təsirin yaratdığı vəziyyətə aid idi. Füzuli dühası uzun əsrlər Azərbaycan şeirini öz "tilsimli təsiri"ndə saxlayırdı, bu şeir məktəbinin nümayəndələri "balaca istedadlar" olaraq qalır, öz müəllimlərini təkrar etməkdən uzağa getmir, yaratdıqları epiqonçu ədəbiyyat-fikri, şəkli yeniliklərdən, həyatuilikdən, orijinallıqdan məhrum bir ədəbiyyat kimi dövrün yeni tələblərinə cavab vermirdi". M.F.Axundzadənin əsas məqsədi ədəbiyyatı durğunluqdan çıxarmaq və yeni bədii düşüncə formalaşdırmaq idi.

Kamal Talıbzadə bu monoqrafiyasında tənqid tarixini dövrləşdirmə məsələsini də böyük ölçüdə həll edir. Aydındır ki, ədəbiyyat tarixi kimi onun tənqidi də müəyyən dövrləşdirmə mərhələsindən keçmişdir. Bu məsələ də Kamal Talıbzadənin tədqiqatı ilə elmi dövriyyəyə daxil olur və həyata vəsiqə alır. Sonrakı araşdırmalarda demək olar, müəllifin ədəbi tənqid tarixi ilə bağlı bu dövrləşdirməsi qorunub saxlanır. Ədəbiyyatın həyatla əlaqəsi və ictimai vəzifəsi, "köhnə" və "təzə" şeir problemi, ədəbi irsə yeni baxış, tənqiddə ədəbi dil problemi, realist və romantik tənqid, mühafizəkar-romantik təhlil kimi məsələlər elmi-nəzəri cəhətdən təhlil edilir. Onu da qeyd etmək lazımdır ki, "realist tənqid", "romantik tənqid" terminləri o zaman elmi ədəbiyyatda bu və ya digər şəkildə işlənsə də, Kamal Talıbzadə bu terminlərin yerini, istiqamətlərini müəyyənləşdirdi, yaradıcılıq metodu ilə aralarındakı fərqi aydınlaşdırdı. Bu araşdırmada həm də demokratik tənqid, maarifçi-realist tənqid və tənqidi realizm prinsipləri müəyyənləşdirildi.  F.Köçərli, A.Sur, S.Hüseyn, Əkbər Əkbərov, Hacı İbrahim Qasımov və b. XX yüzilin əvvəllərində yazdığı məqalələrin ədəbiyyat tarixçiliyi və yeni ədəbi zövq formalaşdırmaq yolunda xidmətləri sistemli şəkildə dəyərləndirildi. Burada Abdulla Suru və Seyid Hüseyni fərqləndirmək lazımdır. Hər iki tənqidçini Azərbaycan elmi cameəsi üçün deyərdim ki, yenidən kəşf etdi. K.Talıbzadə təhlillərinin miqyası və vüsəti XX yüzilin əvvəllərindəki ədəbi mühitdə baş verən ədəbi hadisələri, cərəyanları, meyilləri, ziddiyyətləri, eləcə də tarixin inkişaf qanunauyğunluqlarını mövzu, problem cəhətdən sistemləşdirərək yeni bir struktur ortaya qoymuşdur. Sonrakı araşdırmalar da tənqid tarixçisinin bu sistemindən yararlanmış və dönə-dönə istinadlar etmişlər. Ən maraqlı cəhət isə Azərbaycan ədəbi mühitini yaxından izləyən və çox zaman tənqid edən mühacir alim Əhməd Cəfəroğlunun "XX əsr Azərbaycan tənqidi" əsərinin bəzi cəhətlərini tənqid etməklə yanaşı, əsəri "türk ədəbiyyatında hələ ələ alınmamış ən nazik problemlərdən birinə təmas etməkdədir", - deyə onu yüksək qiymətləndirməsidir: "Rusiya idarəsi altına alınan Azərbaycanın kültür və ekanomik həyatını genişcə açıqlayan Talıbzadə, eyni zamanda müxtəlif ədəbi sahələrdə yetişən və qələm oynadan şair, yazıçı düşünürlərə də genişcə təmas etmiş, bir növ azəri ədəbiyyatını və fikri cəbhəsini tanıtmışdır".

(Ardı var)

 





23.08.2023    çap et  çap et