525.Az

Rzaqulu kişinin xarabası və kəndimizdə gözü yolda qalan evlər


 

Rzaqulu kişinin xarabası və kəndimizdə gözü yolda qalan evlər<b style="color:red"></b>

Sevimli tələbəm Mürsəl Ağamirzəyevin həyat yoldaşı Həqiqət müəllimə həyatı çox tez tərk etmiş tələbəmə həsr etdiyi "Yarımçıq qalmış arzular" kitabının əlyazmasını oxuyub fikrimi bildirmək üçün mənə təqdim etmişdi. Mürsəl həm əla oxuduğuna, həm də adət-ənənələrimizə qəlbən bağlı olduğuna görə sevimli tələbəmə çevrilmişdi. Çox gənc olsa da, onda adət-ənənələrimizlə bağlı ağsaqqal dünyagörüşü formalaşmışdı. Bunu Həqiqət müəllimənin örnək olmaq baxımından xüsusi əhəmiyyət kəsb edən kitabından da görmək olur. Həqiqət xanım yazır: "Bir gün dedim, Mürsəl, evimiz geniş və rahatdır, anan da kənddə o boyda evdə təkdir, ananı da gətir bura. Hamımız birgə yaşayaq, sən də yollardan yığış, kənddəki evi də sat getsin".

Mürsəl dinmədi. Mən də susdum. Sonralar bu söhbəti bir-iki dəfə təkrarladım. Axırıncı dəfə bu söhbəti salanda Mürsəl həyət qapısından geri qayıtdı, sırğamdan tutub dedi: "Həqiqət, sən bu söhbəti bir neçə dəfə açmısan, indi mənə diqqətlə qulaq as və sırğa et as qulağından. Bildiyin kimi, mən kəndçi balasıyam, rayon adamıyam, amma sən şəhərlisən. Şəhərlilər üçün yurd söhbəti yoxdur, bu evi xoşlamırlar, satıb gedib başqa ev alırlar. Amma bizim üçün yurdun böyük mənası var. Əgər o yurda oğul qismətdirsə, o yurd yaşayır, içində oğul yaşasa da, yaşamasa da, ona deyirlər, bura filankəsin atasının yurdudur, yox, əgər o yurda oğul qismət deyilsə, yurdun daşları bir-bir tökülər, o tökülmüş daşlara deyərlər, bura filankəsin xarabasıdır, amma heç vaxt satılmaz".

Mürsəlin bu müdrik kəlamı ani olaraq qonşumuz Rzaqulu kişinin xaraba qalmış evini xatırlatdı, tez də unutdum.

Xətrini çox istədiyim tələbəmin ruhu şad olsun deyə Həqiqət xanımın kitabının əlyazmasını redaktə etdim, geniş ön söz yazaraq münasib tirajla çap etdirdim.

Bu yaxınlarda "525-ci qəzet"də tanınmış tənqidçi və şairə Bəsti Əlibəylinin "Köhnə ev" şeirini oxudum. Bir çox ailələr kimi, onların ailəsinə də Qarabağ müharibəsinin vurduğu sağalmaz yaradan, iki qardaş itkisindən xəbərim vardı. Lakin Əlibəyli kəndində, Ermənistanla sərhəddə tikilən, növrağı pozulan, boş qalan evlərindən xəbərim yox idi. Bəsti xanımın ata ocağına həsr etdiyi şeir məni haldan-hala saldı:

 

Köhnə xatirələr, köhnə bir evin,

Aramsız mərmi tək yağır üstünə,

İti caynağıyla bir qoca bayquş

Qanlı yaraların basır üstünə.

 

Əlbət, o evin də memarı vardı,

Memarın alagöz bir yarı vardı.

Təzə doğulmuşdu eşq adlı körpə

Onda xatirələr doğulmamışdı.

 

Balla dolu pətək dadında yuva,

Bilməm, gözə gəldi, ya qarğış aldı.

Sevgi, əmək, hüzur dolu büsatdan

Geriyə gözdağı, dərd, ağrı qaldı.

 

Qınamağa dəyməz dostu, tanışı,

Allah da gen qaçar o xarabadan.

Təkcə xatirələr sadiq dost kimi

Qovsa da, çəkilmir böyür-başından...

 

Şeiri oxuyandan sonra qəm, qüssə, kədərə qərq oldum. Göz önünə müharibədən qayıtmayan Mikayıl dayımın xarabası gəldi. Yaxşı yadımdadır, bir gün səs yayıldı ki, Mikayıl müharibədən sağ-salamat qayıdıb gəlir, kimsə onu Bakıda görüb.

Bir gün, bir gecə aşıqlar dayımın evində çalıb-oxudular. Dayımın yeganə övladı Sarı vərəm xəstəliyinə tutulub dünyasını dəyişdi. Büsatı pozulan yuva son vaxtlara qədər göz dağı kimi qalırdı.

Əslində Rzaqulu kişinin evinin xarabaya çevrilməsinə də müharibə bais olmuşdu. 1941-ci ildə İkinci Dünya müharibəsi başlayan kimi onun böyük oğlu İbadı müharibəyə apardılar. Bir müddətdən sonra onun həlak olması barədə "qara kağız" gəldi.

Rzaqulu kişinin kiçik oğlu kolxozda çobanlıq edirdi. Yaşı az olduğuna görə ona kiçik çoban deyirdilər. Bir gün xəbər yayıldı ki, Kamalı öldürüblər. İki çoban sürüdən xeyli sayda toğlunu satanda Kamal deyib ki, kolxoz sədrinə xəbər verəcək.

Bu, istintaq zamanı məlum olmuşdu. Bu hadisədən az sonra Rzaqulu kişinin arvadı, sonra isə özü dünyasını dəyişdi. Evi boş qaldı. Orada heç kim yaşamadı...

1955-ci ildə kəndimiz cərgəli formalı kəndə çevrildi. Küçələr salındı, kəndə işıq, evlərə radio və telefon xətti çəkildi. Kənddə "Radio qovşağı" yaradıldı. Bu, kəndlə şəhərin yaxınlaşması yolunda atılan inanılmaz addım idi. Kənddə filmlər göstərilməyə, konsertlər verilməyə başladı. Əvvəllər gecələr zülmətə qərq olan kəndimiz şəhər kimi çıraqban oldu. Açığını deyək ki, bunlar kənd həyatında görünməmiş tarixi hadisə idi.

Yeridir deyim ki, o dövrdə rayon adamlarının paytaxtda qeydiyyata düşməsi və şəhərdə işlə təmin olunması, demək olar ki, qeyri-mümkün idi. Ali məktəbi bitirən rayonlu gənclər mütləq doğma yerlərə işə göndərilərdi. Hətta ali məktəbi bitirən şəhərli gənclər belə iki-üç ilə məcburən rayonlara işə göndərilirdi. Onların bəzisi orada evlənir və ya ərə gedərək rayonlarda qalırdılar.

Mənə ingilis dilindən dərs deyən, əslən Biləcəridən olan Məryəm müəllimə Aydın müəllimə ərə getdi və gələcək həyatını Qazax rayonu ilə bağladı. Paytaxtda qalmaq aşağıdakı hallarda mümkün idi: ali məktəblərin elmi potensialını gücləndirmək üçün ali məktəbi fərqlənmə diplomu ilə bitirən istedadlı gəncləri Elmi Şuranın qərarı ilə aspiranturada saxlayırdılar.

Gələcəyin böyük alimləri, akademik Ağamusa Axundov, akademik Tofiq Hacıyev, professor Nizaməddin Şəmsizadə bu yolla şəhərdə qalıblar. Bundan başqa, istedadlı gənclər rayonda işləyə-işləyə aspiranturaya imtahan verib şəhərdə qalmaq şansı qazanmışdılar. Gələcəyin Əməkdar elm xadimləri Qəzənfər Kazımov, Məhərrəm Qasımlı, professor Vilayət Quliyev, Vaqif Yusifli belələrindən idi.

Keçən əsrin 90-cı illərinə qədər şəhərə axının qarşısı alındığına görə kəndlərdə evlərə böyük tələbat vardı. Qardaşlarım və bacım bütün var-yoxlarını qoyub fəxr etməyə layiq evlər tikdirmişdilər.

Lakin sonralar hər şey dəyişdi.

Sevimli şairimiz Səməd Vurğun necə də dəqiq deyib: "Cahanda hər hökmü bir zaman verər".

Təəssüflər olsun ki, ictimai formasiya dəyişdikdən sonra şəhərlərə axın gücləndi və kəndlərdə evlər boş qaldı. Zamanın hökmü beləymiş. Buna görə kimisə qınamaq, günahlandırmaq ədalətdən kənar olardı.

Bu il mart ayının 30-da Ulu öndərimizə həsr olunan konfransda məruzə etmək üçün İcra başçısının dəvəti ilə Tovuz rayonuna getmişdim. "Azərbaycan reallığında Heydər Əliyev epoxası" adlı məruzə ilə çıxış etdim. Konfransdan sonra xoş əhval-ruhiyyə ilə kəndimizə getdim. Yolüstü xeyli müddət kiçik qardaşım Ələsgər müəllimin direktor işlədiyi məktəbə baş çəkdim. Müəllimlərlə görüşdüm... Təzə çıxan kitablarımı məktəb kitabxanasına bağışladım. Bir qədər aralıda məşhur kənd klubu yerləşir. Maşını klubun yanında saxlatdım. Gördüm ki, Ulu öndərimiz Heydər Əliyevin iki dəfə Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirdiyi, vaxtilə şahmat, musiqi, dram dərnəkləri fəaliyyət göstərən,  kitabxanası olan, Mədəniyyət sarayına bənzər klub sükuta qərq olub.

Həmişəki kimi əvvəlcə yaşı doxsanı keçən, dayım oğlu, hərbi polkovnik İsfəndiyar Xasıyevə baş çəkdim. Sonra kəndin mollasını götürüb qəbiristanlıqda qohum-əqrəbanı, atamı, atamın yanında uyuyan beş yaşlı oğlum Pərvizi, bacım və üç qardaşımı, müəllimlərimi, dostlarımı ziyarət etdim.

Keçən əsrin 90-cı illərinə qədər doğma yurda bağlılıq möhkəm idi.

Unudulmaz şairimiz Zəlimxan Yaqubun aşağıdakı misralarında bu həqiqət tam dəqiqliyi ilə əksini tapmışdır:

 

Qalxıb şəhər könlüm, meyli kəndədir.

Xəyalım yaylaqda, göy çəməndədir.

Özüm Göyçədə yox, Göyçə məndədir

Hər yanı gəzməyə ömür də çatmaz

Yaxşı ki, sən varsan ay sədəfli saz.

 

Aşağıdakılar da yurda, doğma torpağa bağlılıqdan xəbər verirdi.

Bakıda böyük nüfuz sahibi olan şəxslər: Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı Kamal Hacıyev, "Azərnəşr"də dərsliklərə görə məsul redaktor Zeynal Məmmədov, görkəmli iqtisadçı alim, professor Qara Sadıxov və başqaları vəsiyyətlərinə əsasən kəndimizin qəbiristanlığında dəfn olunublar.

Ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, tanınmış şair, kəndimizin fəxri, şeirlərinə yazılan mahnılar dillər əzbəri olan Rasim Kərimli 1996-cı ildə dünyasını dəyişəndə bacılarının istəyi ilə Bakıda dəfn olundu. Bu, artıq ictimai formasiya baş verəndən sonrakı dövr idi.

Acılı-şirinli xatirələrlə qəbiristanlığı tərk edərək əvvəlcə böyük qardaşımın evinə baş çəkmək qərarına gəldim. Darvazada yekə bir qıfıl asılmışdı. Kiçik qardaşımın, bacımın, bacımın dünyasını vaxtsız dəyişmiş böyük oğlunun darvazalarında da eyni vəziyyəti gördüm.

İnanılası deyil, sadaladığım boş qalmış evlərin hər birindən iki oğul pərvazlanaraq Bakıda ali məktəb bitirmiş, işlə təmin olunmuş, paytaxtda məskunlaşmışlar.

Təsəllini onda tapıram ki, sonbeşik qardaşımın oğlu Həsən ata-baba yurdumuzda atasının iki mərtəbəli evində yaşayır. Oğluna atamızın adını verib - Məhəmməd. Atamızın mən anadan olan 1937-ci ildə tikdirdiyi evini də olduğu kimi saxlayır. Bu ürəkaçan hadisə ilə bərabər, nə gizlədim, "Altı il Dəclə-Fərat sahillərində" kitabımda fəxrlə vəsf etdiyim, boya-başa çatdığım, xeyir işlərə uça-uça getdiyim doğma kəndimiz mənə doğma görünmədi. Darvazalarında qıfıl asılmış evlər mənə yad göründü.

Taleyin hökmü ilə indi kəndimizdə belə evlər çoxdur. Görəsən, boş qalan belə evləri gələcəkdə necə adlandıracaqlar?

22 avqust 2023-cü il

 





24.08.2023    çap et  çap et