525.Az

Akademik Kamal Talıbzadə: şəxsiyyətin miqyası - Kamal Talıbzadə-100


 

Akademik Kamal Talıbzadə: şəxsiyyətin miqyası - <b style="color:red"> Kamal Talıbzadə-100</b>

(Əvvəli ötən saylarımızda)

 

Sovetlər Birliyini Öyrənmə İnstitutunun dərgisində isə Ə.Cəfəroğlu bir qədər də irəliyə gedərək K.Talıbzadənin bu əsərindəki əhəmiyyəti barədə yazırdı: "Azərbaycan realist tənqidində rus ədəbiyyatı xəzinəsindən qüvvət almayan heç bir azəri yazarını" təsəvvür etmədiyini və rus kültür tərəflisi olduğunu ifadə edərkən Kamal Talıbzadə adında başqa bir azəri aydını da tam əksinə olaraq öz ana kültürünə sahib çıxmasını tələb etməkdədir". Ümumiyyətlə, Kamal Talıbzadənin bu əsəri günümüzdə daha aktual səslənən elm tarixi terminini əvvəlcədən dövriyyəyə gətirməsi və milli ədəbi tənqid elmi tarixinin yaradıcısı olması və tənqidşünaslıq məktəbinin əsasını qoyması ilə yadda qalır. Məhz K.Talıbzadənin bu əsərindən sonra tənqid tarixi və tənqidşünaslıq ədəbi mühitdə böyük bir populyarlıq qazanır.

Kamal Talıbzadənin ədəbi, tənqidi yaradıcılığı zəngin, çoxçeşidli və polifonikdir. Onun tənqidi məqalələrində çağdaş poeziya, nəsr və dramaturgiyanın problemləri, ayrı-ayrı şəxsiyyətləri, ədəbiyyatın ümumi inkişaf meylləri tədqiq edilir. On yeddi il Azərbaycan Yazıçılar İttifaqının tənqid şöbəsinə rəhbərlik edən tənqidçi çoxlu tənqidi məqalələri ədəbi-tənqidi fikri inkişaf etdirir, yeni estetik, elmi-nəzəri meyarlar formalaşdırırdı. "Ədəbi tənqidə diqqəti artıraq", "Tənqidçi və ədəbiyyatşünaslarımızın yeni nəsli", "Əvvəl qayğı, sonra tələbkarlıq", "Mübariz tənqidin gözəl nümunələri", "Tənqidimiz haqqında qeydlər", "Elmi-nəzəri problemlərin həllinə doğru", "Ədəbi tənqidin hazırkı vəziyyəti bizi təmin edirmi?", "Səməd Vurğunun ədəbi-tənqidi irsi", "Faciə lazımdırmı?", "Yazıçı ideyası və təhkiyə", "Müasir kənd və nəsrimiz", "Azərbaycan" jurnalı-1981", "Poetik ilhamın özünəməxsusluğu", "Əzəl yaxşı bağlan bu torpağa sən..." və s. onlarla məqalələri çağdaş ədəbi tənqidin mövzu və problem mənzərəsini genişləndirir, estetik meyarlar formalaşdırır, ədəbi prosesin inkişaf meyllərini müəyyənləşdirirdi. Bu gün də ədəbi tənqiddə mövcud olan bir çox məsələləri K.Talıbzadə o zaman xüsusi qeyd edirdi. Onun "Ədəbi tənqidimizin zəif cəhətlərindən biri onun nəzəri yoxsulluğu və səthi olmasıdır" fikri bu gün də qüvvədədir. Məhz bu nəzəri zəiflik ədəbiyyatın birtərəfli inkişafını şərtləndirir, tənqid estetikanın bir çox problemləri ədəbi prosesdən kənarda qalır. Tənqidin zəif damarı kimi, tənqidçinin ikinci iradı tənqidin tərifə çevrilməsidir ki, bu da zaman-zaman ədəbi tənqidimizin xroniki xəstəliyi kimi tənqidçinin diqqətini çəkmişdir. K.Talıbzadə bu tənqidi yazılarında təkcə tənqidin nüfuzunu qaldırmaq barədə düşünmür, eləcə də tənqid estetikasının prinsiplərini formalaşdırmağa çalışır və ədəbi prosesi buna hazırlayırdı. V.Q.Belinskinin ədəbi tənqidi çox çətin və məsuliyyətli sənət hesab etdiyini bildirən K.Talıbzadə tənqidçi obrazını belə görürdü: "Tənqidçi nadir istedada, gözəlliyi, sənəti duya bilən estetik hisslərə, ədəbiyyatı sevən böyük bir qəlbə malik olmalıdır. Bütün bunlarla yanaşı, həqiqi tənqidçi dövrünün ən irəlidə gedən, geniş dünyagörüşə sahib bir adam olmalı, dövrün hakim görüşlərini izah və inkişaf etdirməyi bacarmalıdır. Ancaq bu halda o, ədəbiyyata doğru istiqamət verər, tənqidi həqiqi nəzəri yüksəkliyə qaldıra bilər".

Tənqidçi eyni zamanda yazıçı qədər həyatı bilməli, ədəbiyyat tarixini, fəlsəfəni, estetik düşüncə tərzini mənimsəməlidir. Tənqidçi yazdığı bütün məqalələrində bu meyarlara əməl edir, nəzəri, obyektiv, intellektual tənqidin örnəyini yaradırdı. "Elmi-nəzəri problemlərin həllinə doğru" məqaləsində isə K.Talıbzadə ədəbiyyatşünaslığın qarşısında duran perspektivləri müəyyənləşdirir və bu sahədə kök salan doqmatizm və ehkamçılığı tənqid edirdi. 60-cı illərdə yazdığı bu məqaləsində 30-cu illər repressiyasının ədəbiyyatşünaslığa vurduğu zərərə diqqət çəkərək B.Çobanzadə, M.Quliyev, S.Mümtaz, A.Musaxanlı, Ə.Abid, Ə.Nazim, H.Zeynallı kimi tənqidçi və ədəbiyyatşünasların repressiyasından sonra yaranan boşluğu doldurmağın vacibliyini ilk önə sürənlərdən biri də K.Talıbzadə olur. Bu, həm də həmin tənqidçi və ədəbiyyatşünasların ədəbi irsini üzə çıxarmağın vaxtının çatdığı demək idi. Təəssüf ki, tənqidçinin qaldırdığı bu məsələ bizdə bir neçə onillik gecikmiş, yalnız 80-ci illərdə bəzi ədəbiyyatşünasların ədəbi irsi işıq üzü görmüşdür.

Kamal Talıbzadənin ədəbiyyatın ayrı-ayrı şəxsiyyətlərinin yaradıcılığına və müxtəlif problemlərə aid nəzəri məqalələri ədəbiyyatşünaslığımızı inkişaf etdirmişdir. Bunu K.Talıbzadə yalnız tədqiqatları ilə deyil, ömrü boyu çalışdığı Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri və direktor müavini kimi təşkilati məsələlərdə yerinə yetirmiş, necə deyərlər, ədəbiyyatşünaslığın canlı klassiklərindən olmuşdur. "Cəlil Məmmədquluzadənin sənətə baxışı", "Sənətkarın şəxsiyyəti", "Nəriman Nərimanovun ədəbi görüşləri", "Səməd Vurğunun ədəbi irsində tənqid məsələləri", "İnqilabi poeziyanın ədəbi prinsipləri", "Böyük ideallar mövqeyindən", "Mehdinin yeri görsənir" və s. məqalələrində yazıçı şəxsiyyətlərinin yaradıcılıq aspektini ədəbiyyat tarixçiliyi və ədəbi proses kontekstindən dəyərləndirir. Bu cəhətdən C.Məmmədquluzadənin sənətə baxışı probleminin araşdırılması ədəbiyyatşünasın uğurlarındandır. Onun sənətinin əsas təsvir obyektinin xalq həyatının olduğu tənqidi realizmin prinsiplərindən irəli gəlirdi. Məqalədə C.Məmmədquluzadə realizminin estetik tələbləri, onun obrazları, ideyalılığı, ədəbi dil məsələsi elmi arqumentlərlə əsaslandırılır.

Kamal Talıbzadə araşdırmalarında Sabir yaradıcılığı da yetərincə tədqiq edilir, Sabir sənətinin prinsiplərinin həyat həqiqətinə söykəndiyi və yeni poetik-estetik düşüncə formalaşdırmasının amilləri təhlil edilir. İlk dəfə olaraq, Sabirin estetik konsepsiyası üzərinə araşdırma aparan tədqiqatçının gəldiyi qənaət ədəbiyyatşünaslıqda yeni meyarların cizgilərini bəlirləyirdi: "Sabir qəzəb və kədər poeziyasını ülvi bir gözəlliyə, əlçatmaz sənət zirvəsinə yüksəltməklə yanaşı, bu gözəlliyin, bədii zirvənin estetikasını da yaratmışdı. Elə estetik fikir konsepsiyasını ki, Sabir poeziyasının özü kimi müasir, həmişəyaşar və gözəldir, ibrətli və dərindir, sənət nəzəriyyəsinin bir çox prinsiplərini özündə birləşdirir".

Kamal Talıbzadənin S.Vurğunun, H.Mehdinin, M.İbrahimovun sənət estetikası, ədəbi tənqidi görüşləri ilə bağlı araşdırmaları onların ədəbi prosesdəki rolunu, ədəbiyyat tarixindəki mövqeyini müəyyənləşdirmək üçün nəzəri nəzəri istiqamətlər verir. Tənqidçi S.Vurğunun ədəbi prosesə münasibəti, onun bədii ədəbiyyatın ümumi məsələlərinə, ayrı-ayrı problemlərinə həsr etdiyi nəzəri məqalələrini təhlil edərək doğru nəticələrə gəlir: "...tənqid və onun ədəbi prosesdə mövqeyi haqqında şairin gəldiyi nəticələr yalnız öz bədii yaradıcılıq təcrübəsinin yekunu deyildi, həm də özünün tənqidçilik təcrübəsinin bu sahədə əldə etdiyi nailiyyətlərin yekunu idi". Onun gəldiyi bu qənaətlər S.Vurğun sənətinin özünün də dərk olunmasına imkan yaradır.

Kamal Talıbzadənin yüzdən çox elmi məqaləsi, monoqrafik tədqiqatları Azərbaycan ədəbiyyatşınaslıq elminin və tənqidinin inkişaf meyllərini özündə ən yaxşı şəkildə ehtiva edir və yeni tədqiqat istiqamətlərinin formalaşmasına təsir göstərmişdir. "Ədəbi irs və varislər", "Vətəndaş şair", "Sənətkarın şəxsiyyəti", "Azərbaycan ədəbi tənqidinin tarixi", "Ədəbi tənqid (problemlər, vəzifələr)", "Tənqid və tənqidçilər", "Seçilmiş əsərləri" (iki cilddə) və s. kitablarında yüksək professionallıq, ədəbi-tarixi hadisələrə elmi meyarlarla yanaşma, nəzəri konseptik təhlil başlıca yer tutur. Onun təhlillərində və polemikalarında elmilik, sistemlilik, ardıcıllıq, elmi prinsipiallıq, faktlara istinadlar, yüksək müzakirə mədəniyyəti vardır.

Ədəbiyyatşünaslıq bir elmdir, ədəbiyyat kimi populyar deyil, dar bir elm sahəsidir; bu mənada, ədəbiyyatşünaslıqda, tənqiddə populyarlıq qazanmaq hər alimə qismət olmur. Cəmiyyətdə hər alim bu populyarlığı və akademik  nüfuzu qazana bilmir. Ədəbiyyatşünaslığın Firudin bəy Köçərli zirvəsini yaşamaq Kamal Talıbzadəyə də qismət olmuşdur. K.Talıbzadənin ədəbiyyatşünaslıqda qazandığı mötəbər mövqe və nüfuz elmin və onun mərkəzi Akademiyanın sərhədləri ilə məhdudlaşmadı, Azərbaycan miqyasını əhatə etdi, bəzən onun sərhədlərindən belə kənara çıxdı; zamanında Moskvada, Orta Asiya Respublikalarında, Türkiyədə, Tatarıstanda, Moldovada, Başqırdıstanda onu tanıyırdılar, haqqında xoş fikirlər söyləyirdilər. Bu, onun ümimi mədəniyyətindən, daxili zənginliyindən, Şaiq evində aldığı yüksək mənəvi tərbiyədən doğurdu. Onun fəaliyyətində alimliklə ziyalılıq, vətəndaşlıq bir harmoniya təşkil edirdi. Daxili zənginliyi, elmi erudisiyası, yüksək mədəniyyəti, vətəndaşlıq mövqeyi, miqyaslı təfəkkürü onu ictimai və ədəbi mühitdə ön sıraya çıxardı və təkcə ədəbiyyatşünas, tənqidçi kimi tanıtmadı, xalqın milli-mənəvi təmsilçisi etdi. Rəhbərlik etdiyi doktorant və dissertantlarına elmlə yanaşı, şəxsiyyət olmağı, türkçülüyü, vətənçiliyi, azərbaycançılığı öyrətdi. Azərbaycan filoloji fikrinin inkişafı, boyartımı onun yaradıcılığı və ədəbi fəaliyyəti müstəvisində özünün yeni mərhələsini yaşayır, hətta belə demək mümkünsə, kamala çatır.  Akademik Kamal Talıbzadə sadə, sadə olduğu qədər də müdrik bir ömür yaşadı. Bütün elmi erudisiyası, düşüncəsi, həyatı, fəaliyyəti və yazdıqları ilə klassik akademizmin sonuncu mogikanı kimi yadda qaldı. Bu adı ona qazandıran elminin fundamentallığı, vətəndaş və ziyalı fədakarlığı, şəxsiyyətinin nüfuzu və insani səmimiliyi, tənqid və ədəbiyyatşünaslığı zənginləşdirən əsərləridir.

 

 

 

 

 





24.08.2023    çap et  çap et