525.Az

Qədim tarixə malik qardaşlıq əlaqələri


 

Qədim tarixə malik qardaşlıq əlaqələri<b style="color:red"></b>

Bu il avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər Azərbaycan-Özbəkistan qardaşlığının və dostluğunun bariz göstəricisi idi.

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Hələ ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb.

Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, Ümummilli lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib.

Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə "Daşnaksütyun" partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib.

Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Bu il avqustun 1-də Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın iclası da keçirilib. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən, strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.  Həmçinin üçtərəfli əməkdaşlıq çərçivəsində bu ilin avqustunda Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü baş tutub. İyunda isə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Bakıda ilk üçtərəfli görüşü təşkil olunub.

Dünyada cərəyan edən son hadisələr fonunda bu gün Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Dövlətimizin başçısının Özbəkistana son səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının daşımalarının həcminin daha da artmasına təkan verəcək.

Özbəkistan Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb. Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisidir.

Qeyd edək ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə çıxarılmış "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı qətnamənin lehinə səs verən yeganə Mərkəzi Asiya ölkəsi olub.

Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan bir sıra azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə töhfələrini verməkdə davam edirlər. Təsadüfi deyil ki, 2022-ci ilin 30 avqustunda mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayevaya Azərbaycanın "Xalq artisti" fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə "Dostluq" ordeni verilib. Habelə Özbəkistan Prezidentinin müvafiq sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın "Xalq artisti" fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə "Dostlik" ordeni ilə təltif ediliblər.

Etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.

 

 





25.08.2023    çap et  çap et