525.Az

Milli birliyimizin yeni təcəssümü: Qərbi Azərbaycan amalı


 

Milli birliyimizin yeni təcəssümü: Qərbi Azərbaycan amalı<b style="color:red"></b>

Mən ilk dəfə xalqımızın möhtəşəm birliyini 1988-ci ilin Meydan hadisələrində gördüm. O zaman insan selini andıran Azadlıq meydanı dəniz kimi dalğalanırdı. Milləti o meydana yığan Vətənin və xalqın düşdüyü ağır vəziyyət idi. Uzun illər şüurumuzu, iradəmizi buxovlayan çürük sovet ideologiyasına etirazın vüsəti, Qarabağda nankor ermənilərin azərbaycanlılara qarşı törətdiyi iğtişaşların doğurduğu narahatlıqdı. Eləcə də Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın ictimai halından coşan qəzəbimizin tüğyanı, hər cür haqsızlığa, mənəvi terrora qarşı millətin göylərə bülənd olan harayı, milli oyanışın sədasıydı! Ən ümdəsi, xalqımızın Vətən, torpaq təəssübünün, şər qüvvələrə qarşı milli birliyinin təcəssümü idi. Birliyimiz sayəsində toparlandıq, çətinliklərə sinə gərib bir canda, bir qəlbdə həyatımıza davam etdik. Ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışı Azərbaycanı qorxunc bəlalardan xilas etdi. Xalqın özünəqayıdışı dövlət-xalq birliyini yaratdı. Vətən dirçəldi, ən ümdəsi müstəqilliyimizin qorunması və nöhkəmlənməsi yolunda inamlı, qətiyyətli addımlar atıldı...

Böyük Vətən savaşında yurd sevgisi, torpaqlarımızı erməni işğalından azad etmək istəyi, inamı bizi birləşdirdi. 44 günlük Vətən savaşında xalqın milli ruhu gücləndi. Həmin vaxtda biz hamımız mənəvi gücümüzlə qarabağlı olduq. Mən bir daha xalqın birliyini o zaman - Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun cəsur əsgərlərinin, şəhidlərimizin qanı bahasına qalib olduğumuz bu müharibədə gördüm. Vətənin azad nəfəs aldığı yaşayış məskənlərinə vüqarlı dönüşümüzlə, Qarabağa intəhasız sevgimiz, fərəhimizlə birliyimizin yeni bir istiqamətdən təməli qoyuldu. Bu, milli ruhun gücü, xalq birliyinin təcəssümü oldu.

44 günlük Vətən savaşında mənəvi gücümüz, qüdrətimizlə necə qarabağlı olmuşduqsa, bu gün Qərbi azərbaycanlı olmağı da bacarmalıyıq. Vətənin və xalqın yüksəlişinə hesablanan dövlət siyasətinə vətəndaş mövqeyimizi bu istiqamətdə də nümayiş etdirməliyik. Qayıdış konsepsiyası təkcə Qərbi Azərbaycan kökənli soydaşlarımızda deyil, cümlə vətəndaşlarımızda ümumxalq marağı kəsb etməlidir.

lll

Ötən əsrdə Qərbi Azərbaycandan son nəfərinədək qovulan soydaşlarımız dağlarının saf havasından, buz kimi sərin bulaqlarından ayrılıb düşdükləri isti, quraq iqlimə uyğunlaşa bilmədilər. Bomboz, quru düzəngahda yaşamağa vərdiş etməyən, Vətən həsrətinə dözməyənlər dünyasını dəyişdi. Böyük nəsillərin, ailələrin qol-qanadları, yeni doğulanlar Azərbaycanın kəndlərində, şəhərlərində özlərinə yurd-yuva qurdular.

Ötən il dövlətin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası meydana çıxanda bu qədim torpağın camaatında bir ruh yüksəkliyi, dirçəliş yarandı. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışın fəaliyyət strategiyasını beynəlxalq müstəviyə çıxarmaqla 35 il el-obasının nisgili ilə yaşayan məcburi köçkünlərə sanki yeni nəfəs verdi. Zatən, Qərbi Azərbaycana qayıdış ideyası özlüyündə ciddi, həyati məsələləri əhatə edir. Nəzəri aspektdən yanaşanda bu anlamın ilk növbədə bəşəri mahiyyət kəsb etdiyi aydın görünür. Tarixən özgə torpaqları hesabına öz ərazilərini genişləndirən, yerli insanları ev-eşiyindən didərgin salan o qədər qəddar, qaniçən acgöz məmləkət başçıları olub ki. Bu üzdən ata-baba məskənlərindən qovularaq, yad yerlərə pənah aparanların, qəlblərində vətən həsrəti, yurd itkisinin ağrıları ilə yaşamağa məhkum olanların sayı, hesabı yoxdur. Qaçqınlığın, məcburi köçkünlüyün acısını bütün xalqlar eyni ağrılarla yaşayır...

Prezident İlham Əliyevin 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycanın bir qrup ziyalıları ilə görüşdə səsləndirdiyi fikirlərin ictimai-siyasi əhəmiyyəti, mənəvi dəyəri, qayıdışa inamı böyük ruh yüksəkliyi ilə qarşılandı. Prezident son bir əsrdə əzəli torpağımızla bağlı həqiqətlərə, ermənilərin törətdiyi vəhşiliklərə - kəndlərin, şəhərlərin, dini, mədəni abidələrin dağıdılması, yerlə-yeksan olunması hadisələrinə ürək ağrısı ilə tarixi ekskurs etdi. Və bir çox məqamları xüsusi vurğulayaraq: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir... Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək" - dedi.

Son bir əsrdə Azərbaycan xalqının başına gətirilən müsibətlər, deportasiyalar, didərginlik, qaçqınlıq faciələrinə, İrəvanla bağlı bir sıra hadisələrə nəzər salan İlham Əliyev buraxılmış səhvlərdən dərs almağı da tövsiyə etdi. Bu istiqamətdə görüləcək işlərə gəlincə, Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışını səciyyələndirən mühüm vəzifələrə diqqət yönəltdi. Prezident qeyd etdi ki: "İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər". Mən də bir Azərbaycan vətəndaşı olaraq düşünürəm ki, daha çox gözə çarpmağımız ilk növbədə hamılıqla Qərbi Azərbaycan sevdalısı olmağımızdan keçir...

Prezidentin bu çıxışı İcmanın qarşısında yeni üfüqlər açdı. Bu işə haradan, nədən və necə başlamalıyıq, hansı istiqamətlərə diqqət etməliyik, geniş və aydın şəkildə izah olundu, yollar göstərildi. Qərbi Azərbaycana qayıdış qayəsinin fəaliyyət istiqamətlərinə dövlətin dəstəyi ilə yol açılması, beynəlxalq müstəviyə çıxarılması bəllidir ki, xalqımızın yeni anlamda birliyinin təcəssümüdür. Bu mənada düşünürəm ki, Prezidentin tövsiyələri, göstərdiyi yol, işgüzarlığımızı şərtləndirən amillər Qərbi Azərbaycan İcmasının fəaliyyətini nizamlayan təlimat olmaqla, həm də mükəmməl hüquqi sənəd statusundadır.

lll

Uzun ayrılıqdan sonra doğma yurda qayıtmaq indiki halda asan olmasa da, hüquqi, mənəvi haqqımızla qayıdışa iddialıyıq. Lakin bundan ötrü yaşam tariximizlə bağlı hüquqlarımızın bərpası, qaçqınlara dəymiş ziyanların ödənilməsi və digər halları tarixi faktların, sənədlərin əsasında beynəlxalq müstəviyə çıxarmalıyıq. Bizimlə ortaq faciələr yaşayan ölkələrin xalqları, birlikləri, cəmiyyətləri ilə əlaqələr qurmalıyıq. Qərbi Azərbaycana qayıdış konsepsiyası kimi həssas məsələdə amalımızı birləşdirməli, onların dəstəyini almalıyıq. Məsələnin beynəlxalq müstəvidə hərəkətdə olmasının, yeriməsinin bir yolu da məhz bu istiqamətdə görüləcək işlərdən, ağıllı tədbirlərdən keçir...

Mövzu ilə səsləşən bir məqama da diqqət edək. Bəllidir ki, qadın təkcə öz ailəsinin deyil, həm də bəşəriyyətin anası, mənsub olduğu cəmiyyətin tərbiyəçisidir. Qadın dünyaya səs salaraq müharibələrə, qaçqınlığa, didərginliyə yox deyən, cümlə aləmdə sülh istəyən qüdrət sahibidir. Unutmayaq, vaxtilə Qərbi Azərbaycanın ictimai, mədəni həyatında böyük xidmətləri ilə tanınmış ziyalı, maarifçi, xeyriyyəçi xanımlarımız az olmayıb. Belə qadınlarımızın şəxsiyyət və fəaliyyətlərini araşdırmalı, Qərbi Azərbaycanın ictimai, mədəni, mənəvi həyatına verdikləri töhfələri gözə almalıyıq. Onlara qarşı törədilən cinayətləri konkret faktlar əsasında bir neçə dildə hazırlayıb xarici ölkələrin mətbuatında, nüfuzlu telekanallarında və saytlarında yerləşdirməkdə israrlı olmalıyıq. Didərginlik, qaçqınlıq taleyini yaşayan başqa xalqların qadın təşkilatları, cəmiyyətləri ilə də əlaqələr yaratmalıyıq. Biz bu birliklərin dəstəyindən, gücündən bəhrələndikcə məqsədimizə nail olacağıq.

lll

Bəllidir ki, hər hansı bir məmləkəti, yurdu tanıdan ilk olaraq onun toponimiyası, abidələri, qədim tikililəri, mahalları, tayfaları tarixi şəxsiyyətləri, görkəmli ziyalıları, köklü nəsilləridir. Bu mənada düşünürəm ki, Qərbi Azərbaycanın qədim dövrü, ələlxüsus da XX əsrdə yaşam tariximizlə bağlı mənbələri araşdırmaqdan ötrü dünyanın bir çox arxiv və kitabxanalarında olmalıyıq. Əldə olunan materiallar əsasında yeni tədqiqat əsərləri, kitablar nəşr etdirməliyik. Bu gün siyasi müstəvidə Qərbi Azərbaycana qayıdış konsepsiyası varsa, demək, üzərimizə daha məsul vəzifələr düşür. Biz bu sahədə yeni istiqamətdə görüləcək işlərə rəvac verməliyik. Eyni zamanda Qərbi Azərbaycan kökənli soydaşlarımızı, onların varislərini dədə-baba torpaqlarımıza qayıdışa həvəsləndirməliyik.

XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda yaşamış, lakin hələ də bir çoxunun fəaliyyəti, neçə ziyalı, maarifçi İrəvanilər nəsli haqqında yetərincə bilgimiz yoxdur. Xətmi-kəlam, XX əsr Qərbi Azərbaycanda yaşam tariximiz elmi, mədəni, mənəvi varidatla zəngin olan qiymətli xəzinədir. Bu xəzinəyə sahib olmaq mənəvi, hüquqi haqqımızdır. Yaxşı olardı ki, İrəvanda 1881-1918-ci illərdə fəaliyyət göstərmiş İrəvan Gimnaziyası və İrəvan Müəllimlər Seminariyasını bitirmiş, eyni zamanda həmin məbədlərdə dərs demiş İrəvanın maarifçi ziyalılarının, şair və ədiblərinin fəaliyyətlərini daha dərindən araşdıraq, bilinməyən əsərlərini üzə çıxaraq. Yenə həmin dövrdə İrəvanda Nəşri maarif, Xeyriyyə cəmiyyətləri, İrəvanın bəzi maarifçilərinin evində açdıqları məktəblər haqqında mümkün qədər bilgiyə malik olmalıyıq.

Bu gün meydanda Qərbi Azərbaycanla bağlı genişmiqyaslı, əhatəli bir mövzu var. Ona hansı istiqamətdən yanaşılsa, hər biri yeni tarixi araşdırmaların aparılmasına, mükəmməl tədqiqatların, bədii əsərlərin, cildlərlə kitabların, xatirə-memuar, etüd, esselərin yazılmasına rəvac verir. Bütün bunlar Qərbi Azərbaycanda yaşam tariximizin keçmişinə istiqamət olan kompasdır. Eyni zamanda rişələri dərinə işləmiş kökümüzə saçılan işıqdır. O kompasın göstərdiyi yolda inamla addımlamaq, işığını təcəssüm etdirmək, heç şübhəsiz, Qərbi Azərbaycan kökənli soydaşlarımızın doğma yurdlarına qayıdışını reallaşdıracaq...

 





25.08.2023    çap et  çap et