Ermənistanın BMT Təhlükəsizlik Şurasında avqustun 16-da keçirilən müzakirələrin nəticəsiz başa çatmasından sonra yenidən bu istiqamətdə cəhdlər göstərə biləcəyi istisna edilmirdi. Çünki İrəvan bütün səylərini məhz sülh prosesinin pozulmasına, sülh sazişinin imzalanmasını yubatmağa yönəldib. Məlumatlara görə, pozuculuq prosesində Ermənistanla birgə addımlayan Fransa BMT TŞ-da Laçın yolundakı vəziyyətlə bağlı məsələni yenidən gündəmə gətirməyə və hər hansı sənədin qəbul edilməsinə nail olmağa çalışır. Azərbaycanın qeyd edilən məsələdə mövqeyi bəllidir. Hər hansı blokadadan söhbət belə gedə bilməz. Qarabağın erməni sakinlərinin Laçın yolundakı postdan keçidi üçün hər hansı problem yoxdur. Bunu ərazidə olan xarici KİV nümayəndələri də müşahidə edib. Yüklərin çatdırılması ilə bağlı Bakının mövqeyinə gəlincə isə, əlbəttə ki, bu, beynəlxalq hüquq normalarının tələblərinə tam şəkildə uyğundur. Dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət beynəlxalq hüququn əsas prinsiplərindəndir. Azərbaycan da BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Eyni münasibəti də tam haqlı olaraq özünə yanaşmada tələb edir. BMT TŞ-nın Ermənistanın müraciəti əsasında bu il avqust ayında keçirilən iclasında əksər iştirakçılar məhz bu məqamı üstün tutaraq ölkəmizin haqlı mövqeyini müdafiə etdilər. Həmçinin yüklərin çatdırılması üçün Bakının təklif etdiyi alternativ yollar, o cümlədən, Ağdam-Xankəndi marşrutunu dəstəklədilər. Əgər söhbət həqiqətən də humanitar yardımın çatdırılmasından gedirsə, o zaman Azərbaycanın təklifinə ermənilər etiraz etməməlidir. Fransa mətbuatı Parisin Qarabağ ermənilərinə çatdırılması üçün Ermənistana humanitar yardım göndərəcəyini də yazıb. Bu təxribatların məqsədi aydındır - bölgədə vəziyyəti gərginləşdirmək, sülhə zərbə vurmaq və separatizmi alovlandırmaq.
Qeyd etdiyimiz kimi, Azərbaycan öz suveren ərazisində beynəlxalq hüquqa uyğun addımlar atır, Qarabağda yaşayan erməni sakinlərlə bağlı mövqeyini də açıq şəkildə bəyan edib. Ermənistan hakimiyyəti isə beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. "Aclıq", "blokada", "soyqırımı" kimi şoular da məhz buna yönəlib. Sözdə Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklavlar da daxil olmaqla tanıdığını bəyan edən Ermənistan rəhbərliyi əməldə pozucu addımları ilə bunun sənəd üzərində yer almasını əngəlləyir. Xatırladaq ki, İrəvan-Paris cütlüyü İkinci Qarabağ müharibəsi zamanı, 2022-ci ilin sentyabr hadisələrindən sonra və ötən ilin dekabrında da BMT TŞ-də Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi üçün müraciətlər ediblər. Amma hər bir müraciətlərində də istəklərinə nail ola bilməyiblər. Ötən ilin dekabr ayının 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Aparılan müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və həmin vaxt onun sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlamışdı. Lakin Laçın yolunda keçirilən aksiyaları BMT TŞ-nin üzvlərinə "yolun bağlanması", "humanitar böhran" kimi sırımaq cəhdləri uğursuzluqla yekunlaşdı. Bəyanatın mətni fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi və mətndən "Dağlıq Qarabağ" ifadəsi çıxarılaraq əvəzində "humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər", "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. İclas zamanı Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış etdilər. 16 avqust iclası zamanı da ermənipərəst Fransa və bir neçə dövlət istisna olmaqla, əksəriyyət Bakının haqlı mövqeyini müdafiə etdi
Yeri gəlmişkən, Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyi qurumun mənzil-qərargahında Laçın yolu ilə bağlı üzv ölkələrin əksəriyyətindən gizlincə iclas keçirməsi də beynəlxalq birliyi öz yalanları ilə aldatmağa yönəlmiş növbəti təxribat olmaqla yanaşı, bu platformadan sui-istifadədir.
İrəvan-Paris cütlüyünün məsələni yenidən gündəmə gətirmək cəhdi nə ilə nəticələnə bilər? Hansısa qətnamə və ya bəyanatın qəbulu mümkündürmü?
Mövzunu şərh edən politoloq Zaur Məmmədov hesab edir ki,
əgər Fransa BMT TŞ-na Qarabağda humanitar vəziyyətlə bağlı qətnamə çıxararsa, rəsmi Parisə qarşı bu dəfə daha sərt tədbirlər görüləcək: "Yayılan məlumatlara görə, Paris BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı Xarici işlər nazirlərinin toplantısında Laçın yolundakı vəziyyətlə bağlı məsələni gündəmə gətirmək istəyir. Onlar BMT TŞ-da qətnamənin qəbulu, ikinci platformada isə bəyanatın verilməsi üçün addımlar atmağı planlaşdırır. Bundan başqa, Fransa yaxın günlərdə Qarabağa humanitar yüklər göndərməyə hazırlaşır. Mövcud davranış, sülhə zərbə, yeni müharibəyə təkan deməkdir. Təəssüflər olsun ki, qoca Avropa Merkelsiz qalaraq Makron kimi klounun öhdəsinə buraxılıb".
Politoloq əlavə edib ki, hazırda açıq-aşkar şəkildə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya edilməməsi üçün erməni-fransız planı həyata keçirilir. Bu, bəzi Qərb və regional dövlətlərin maraqlarına uyğundur. Lakin bütün beynəlxalq dairələr bilməlidirlər ki, qeyri-adekvat addımların atılması Azərbaycanı hüququn bərpa edilməsi üçün radikal addımlar atmağa vadar edə bilər".
çap et