525.Az

Avropa bir az da kiçildi...


 

Türkoloq və diplomat Yanoş Hovarinin ölümünə

Avropa bir az da kiçildi...<b style="color:red"></b>

Diplomat həyatımın on bir ildən çoxu Macarıstanda keçib. Bir igidin ömrü sayılmasa da, kifayət qədər böyük müddətdir. Bu illərin ən böyük üstünlüklərindən biri də heç şübhəsiz, ölkəmizə və şəxsimə dostlar qazanmaq olub. Yəqin ki, ətalət qüvvəsinin təsirindən daha çox Macarıstana, macar xalqına məhəbbətin nəticəsidir ki, indi də macar yenilikləri ilə yaxından maraqlanıram. Azərbaycanla, ölkəmizi təmsil etdiyim Bosniya və Herseqovina ilə bir sırada hər gün dost Macarıstanda da  nələr baş verdiyini öyrənməyə çalışıram. Budapeştdəki səfirimiz Tahir Tağızadə ilə telefon söhbətlərimizdə də tez-tez son yenilikləri müzakirə edir, ümumi tanış və həmkarlardan danışırıq.  Macar yenilikləri ilə Azərbaycan qədər intensiv maraqlandığımı, uğurlara sevinib itkilərə kədərləndiyimi  desəm, yəqin ki, mübaliğə etmiş olmaram.

Avqustun 7-də Hungarian news - macar yenilikləri  saytı acı xəbərlə açıldı - çoxdan tanıdığım, Budapeştdə çalışdığım dövrdə dostluq əlaqələri saxladığım türkoloq-alim, diplomat, Türk Dövlətləri Şurasının Budapeşt Ofisinin icraçı direktoru Yanoş Hovarinin (1955-2023) haqqın dərgahına qovuşduğunu  öyrəndim.

Orta əsrlər ingilis şairi Con Donnun Heminqueyin məşhur romanına epiqraf  seçilmiş "For whom the bell tolls" - "Zəng kimin üçün çalınır" misrasını xatırladım. Çox təəssüf ki, heç gözləmədiyimiz halda daha bir əcəl zəngini dinləməli olduq. Yaxşı adamların çevrəsi bir az da daraldı. Dünyadan yeri daim görünəcək bir ləyaqətli insan da köçdü. Yanoş Hovarinin ölümü ilə insanlara və hadisələrə obyektiv münasibət sərgiləyən, həqiqətin keşiyində dayanan Avropa bir az da kiçildi...

O, həqiqi türk dostu idi. Budapeştdəki Türkiyə Böyük Elçiliyinin, Azərbaycan Səfirliyinin, Şimali Kipr Türk Respublikası Nümayəndəliyinin, Yunis Əmrə İnstitutunun tədbirlərində imkanı daxilində iştirak etməyə çalışırdı. Çox vaxt tək gəlmirdi. Xanımı Sesiliya Xazaini də özü ilə gətirirdi. Gözlərindəki xeyirxah işıq, sifətindən bir an da olsun çəkilməyən xoş təbəssüm, eynən əsilzadə istanbullular kimi söylədiyi "Əfəndim!" müraciəti ilə bu tədbirlərə ayrıca bir rəng qatırdı. Məclislərdə tək dayandığını görmək olmurdu. Həmişə başına adamlar toplaşırdı. Sanki hər kəs ondan yeni, maraqlı məlumatlar, müsbət enerji, xoş əhval-ruhiyyə almaq istəyirdi.

Yanoş alim və diplomat kimi yüksək intellekt və bacarığı, diqqətəlayiq şəxsi keyfiyyətləri ilə seçilirdi. Həqiqi macar vətənpərvər, dürüst insan idi.

1979-cu ildə Budapeştdəki Eötvöş Lorand Universitetini (ELTE) türk tarixi ixtisası ilə bitirmişdi. Türk dilini mükəmməl bilirdi. Ən başlıcası isə sevirdi. Bu dildə danışmaqdan  zövq alırdı. Ali təhsilini başa vurandan sonra uzun müddət Macarıstan EA Tarix İnstitutunda çalışmışdı. Eyni zamanda pedaqoq kimi də fəaliyyət göstərmişdi - Pannoniya Universitetində türk tarixindən mühazirələr oxumuşdu.

Macarıstanda sosializm sisteminin süqut etdiyi 1992-ci ildə diplomatiya sahəsinə keçmişdi. Əvvəlcə Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Transqafqaz idarəsində işləmişdi. 1997-ci ildə ölkənin ən qədim ali məktəbi sayılan Peç Universitetindən tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdı. 2008-ci ildən İsrail dövləti, Küveyt, Bəhreyn və Türkiyədə Macarıstanın fövqəladə və səlahiyyətli səfiri olmuşdu. 2019-cu ildən Türk Dövlətləri Şurasının Budapeştdəki Nümayəndəliyinin icraçı direktoru vəzifəsində çalışırdı. Həm də bu işi sadəcə bir məmur kimi görmürdü. Ürəyinin bütün məhəbbətini, bütün diplomatik bacarıq və səriştəsini  Avropada türklüyün səsi və sözü olmağa  sərf edirdi. Tam əminliklə demək olar ki, qurucusu olduğu Nümayəndəlik onun rəhbərliyi dövündə məşhur Gül Baba türbəsindən sonra Budapeştə yolu düşən türk əsilli aydınların ziyarət etdiyi ikinci məbədə çevrilmişdi.

Bakıda dəfələrlə olmuşdu.2018-ci ilin mayında - Cümhuriyyətin 100-cü ildönümünün qeyd edildiyi ərəfədə birlikdə ADA universitetində türk ölkələrinin gənc diplomatları üçün təşkil olunan kurslarda silsilə mühazirələr oxumuşduq. Türksoyun baş katibi, Qazaxıstanın keçmiş mədəniyyət naziri Dusen Kaseinov eyni gündə Budapeştdə hər ikimizə türkoloji araşdırmaları sahəsində səmərəli fəaliyyətimizə görə Abay Kunanbayev xatirə medalı təqdim etmişdi.

 "Avropa türkologiyasının son mogikanı"  akademik Georq Xazai şəxsi kitabxanasından 2000-ə yaxın kitabı Səfirliyimiz vasitəsi ilə Azərbaycan MEA Əsaslı kitabxanasına bağışlamaq qərarına gələndə məni məxsusi arayıb təbrik etmişdi. Eyni zamanda incə zarafatından da qalmayaraq "Əfəndim, boyle ahbablık olurmu? Yeniçeri qoşunu kibi Budapeşti yağmaladınız"-demişdi.

Macar türkoloji məktəbinin yetirməsi olan Bəkir Çobanzadənin (1893-1937) həyat və yaradıcılığının Budapeşt dövrü haqda kitab üzərində işlədiyimi bilirdi. Odur ki, macar dilli mənbələrdə mövzu ilə bağlı rastına çıxan maraq doğura biləcək  məlumatların qaynağını xüsusi diqqətlə qeyd edib mənə çatdırırdı.

Səfirliyimizin Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" kitabını macar dilində nəşrə hazırladığını bilirdi. Təqdimatını mütləq Türk Dövlətləri Şurasının Budapeştdəki Nümaəndəliyində keçirilməsini istəyirdi. Ümidvaram ki, çapı müəyyən obyektiv səbəblər üzündən ləngiyən bu mühüm əsərin təqdimatı tezliklə keçiriləcək. Amma  təəssüf ki, Yanoşsuz...

Sonuncu dəfə düz on ay əvvəl - ötən il oktyabrın 16-da, Sarayevodan bir neçə günlüyə gəldiyim Budapeştdə görüşmüşdük. Masasının üstündən əskik olmayan ətirli türk qəhvəsi içə-içə xeyli söhbət etmişdik. Bir neçə gündən sonra Səmərqəndə, Türk Dövlətləri Şurası xətt ilə keçiriləcək toplantıya gedəcəkdi. Bu səfərin həyəcanı ilə yaşayırdı. Gələcək planlardan danışırdı.

Budapeştin İkinci rayonunda XIX əsrin memarlıq abidəsi olan Ybl-villa adlı yaraşıqlı bir  imarət var. Türk Dövlətləri Şurasının Təmsilçilik Ofisi bu binada yerləşir. 19 sentyabr 2019-cu ildə Şuraya üzv olan türk dövlətlərinin və müşahidəçi statusuna malik Macarıstan xarici işlər nazirinin iştirakı ilə Ofisin təntənəli açılış günü Yanoş Hovarinin necə sevindiyi indi də gözlərim önündən çəkilmir. Macarıstandakı diplomatik fəaliyyətimin son iki il ərzində Ofisdə bir-birindən maraqlı tədbirlərin iştirakçısı olmuşdum. Bu il avqustun 14-18 isə Ybl-villada Yanoş Hovarinin vəfatı münasibəti ilə matəm kitabı açılmışdı...

Ofisin təşəbbüsü ilə həm də onlayn matəm kitabı yaradılıb. Yanoşun dünyanın müxtəlif ölkələrindəki çoxsaylı dostları virtual olaraq ora ürək sözlərini yaza, kədərlərini bölüşə bilərlər.

İnanıram ki, Ofis qurucu statusuna malik ilk icraçı direktorunun xatirəsini daim əziz tutacaq. "525-ci qəzet"in bu yazının çap edildiyi sayının da Azərbaycan diplomatiyasının vida sözü kimi diplomat və türkoloq Yanoş Hovarinin xatirəsinə həsr edilmiş sənəd və materiallar arasında yer almasını istərdim.

Sarayevo, 16 avqust 2023-cü il.

 





28.08.2023    çap et  çap et