|
|
|
|
Afrikadan Ukraynaya kimi geniş bir coğrafiyada keçirdiyi hərbi əməliyyatlarla dünya miqyasında tanınan özəl hərbi şirkət olan "Vaqner" qrupunun qurucusu Yevgeni Priqojinin içərisində olduğu təyyarənin Tver vilayətinin səmasında məhv edilməsi siyasətin və dünya mediasının əsas gündəm mövzusudur. Bu da təsadüfi deyil.
İki ay əvvəl, iyunun 23-də "Vaqner" qrupu Rusiyanın hərbi rəhbərlərinin - müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun onlara təslim edilməsi tələbi ilə qiyam qaldırdı. Qısa müddətdə Rostovdakı ordu komandanlığının qərargahını ələ keçirən "Vaqner" qrupu Moskva üzərinə yürüşə də başladı. Yalnız Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun müdaxiləsindən sonra "Vaqner" qrupu Moskva üzərinə yürüşü dayandıraraq silahları təhvil verməyə razılaşdı. Lukaşenkonun vasitəçiliyi ilə əldə olunan anlaşmaya görə, "Vaqner" qrupunun rəhbərliyinin, xüsusilə Yevgeni Priqojinin təhlükəsizliyinə təminat verilirdi. "Vaqner" qrupunun əsas hissəsi isə Belarus ərazisinə köçürüldü. İndi isə "Vaqner" ÖHŞ-nin qurucusu da daxil, qrupun rəbərliyinə daxil olan şəxslər təyyarə qəzasında məhv edildi. Təyyarənin məhv edilməsindən sonra yerə düşdükdən sonra yanması sərnişinləri tanınmaz hala salıb. Buna görə də Priqojinin təyyarədə olub-olmadığı ilə bağlı dəqiq məlumat mövcud deyil. Hətta "Vaqner" ÖHŞ-nin qurucusunun ölmədiyi haqqında fikirlər də var. Baxmayarq ki, Qərb dövlətlərinin kəşfiyyat orqanları da Priqojinin öldüyünü təsdiq ediblər. Bu barədə nüfuzlu "The New York Times" qəzeti adını açıqlamadığı yüksək rütbəli kəşfiyyat rəsmisinə istinadən məlumat yayıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarənin sərnişinləri arasında Priqojinlə yanaşı, onun müavini, Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovnik-leytenantı Dmitri Utkin də olub. Priqojinin və "Vaqner" qrupunun digər liderlərinin məhv edilməsinə səbəb olan təyyarə qəzasının texniki qəza olmadığını təsdiqləyən görüntülərlə yanaşı, başqa məqamlar da var. Son günlər "Vaqner" qrupunun Belarusdakı düşərgəsinin söküldüyü məlum olub. Düşərgərdəki 237 çadırdan 101-i artıq sökülüb. Belə görünür ki, Rusiya hakimiyyəti qiyamçı qrupu tamamilə zərərsizləşdirməkdə qərarlıdır. Rusiya iqtidarına yaxın şəxslər hesab edirlər ki, bu addım Putin rejiminin mövqelərini gücləndirə bilər. Məxfilik şərti ilə "Bloomberg"ə danışan şəxslər Priqojinin məhv edilməsinin "Vaqner"in qiyamından sonra Putin rejiminin sarsılan imicinin qismən bərpa olunacağını bildirirlər. Lakin başqa fikirlər də var. Ukraynaya qarşı müharibənin dəstəkçiləri olan "hərbi-vətənpərvər"lərin əksəriyyəti isə hesab edir ki, bu hadisə ordudakı ruh düşkünlüyünü artıracaq. Rusiyanın hərbi elitasına inamsızlıq, mənfi münasibət bundan sonra siyasi elitaya da yönələcək. Artıq hakimiyyət əleyhinə çağırışlar edilir. Hərbçilər arasında nüfuzlu şəxslərin rəhbərlikdən kənarlaşdırılmaları, onların yerinə müdafiə naziri və Baş Qərargah rəisinə sədaqətli şəxslərin təyin edilməsi ordudakı ruh düşkünlüyünü artırır. Priqojinin və "Vaqner" qrupunun rəhbərliyinin məhv edilməsi hərbçilər arasındakı ruh düşkünlüyünü daha dərinləşdirəcək.
Rusiya ərazisində və işğal edilmiş ərazilərdə baş verən gözlənilməz hadisələr isə ordudakı ruh düşkünlüyü körükləyəcək. Ukrayna kəşfiyyatının Krım ərazisində hərbi əməliyyat keçirməsi və itki vermədən yarımadanı tərk etməsi şok effekti yaradıb. Bu hadisə Rusiya hərbçilərində inamsızlıq yaradan ilk hadisə deyil. Bundan öncə Ukrayna Silahlı Qüvvələri Krımda Rusiya hərbi-sənaye kompleksinin qüruru olan S-400 hava hücumundan müdafiə sistemini məhv edib. Avqustun 23-də Krımda S-400 "Triumf" kompleksi məhv edildiyi zaman Xerson vilayətində də üç S-300 sistemi demək olar ki, yararsız hala salınıb. Ukrayna hərbçiləri bildirirlər ki, həmin S-300 sistemlərindən bundan sonra istifadə mümkün deyil.
Bu hadisələrdən bir neçə gün əvvəl, avqustun 19-da Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatı vasitəsilə Novqorod yaxınlığındakı hərbi hava limanında Tu-22M3 strateji bombardmançısını məhv edib. Ukraynadan 700 kilometr məsafədə yerləşən hava limanında Tu-22M3 strateji bombardmançısının məhv edilməsi etimadsızlığı daha dərinləşdirən ciddi hadisədir. Artıq belə qənaət yaranır ki, qiymətli hərbi texnikanın müharibə bölgəsindən daha uzaqlara, Rusiyanın dərinliklərinə daşınması da onları qoruya bilmir. Ən əsası, Krımda S-400 və Novqorod yaxınlığındakı hərbi hava limanında Tu-22M3 strateji bombardmançısının məhv edilməsi Rusiyanın hava hücumundan müdafiə sisteminin yararsız olduğunu bütün çılpaqlığı ilə üzə çıxarıb. Bütün bunlar orduda ruh düşkünlüyünü dərinləşdirərək fərariliyin artmasına səbəb olur. Elə bir vəziyyət yaranıb ki, fərarilər özləri ilə Mi-8 helikopteri götürərək Ukrayna tərəfə keçiblər.
Orduda fərarilik artdığı kimi, Rusiyadan sıravi vətəndaşların da köçü davam edir. Rəsmi məlumatlar göstərir ki, Ukraynaya qarşı geniş miqyaslı müharibə başlayandan sonra müşahidə olunan ölkədən qaçış 1920-ci illərdən bəri ən kütləvi köçdür. Tam olmayan məlumata görə, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanı bir milyona yaxın şəxs tərk edib.
Müharibə ilə birbaşa əlaqəsi olmayan başqa bir uğursuz hadisə də var. Söhbət 47 illik fasilədən sonra Aya göndərilən "Luna-25" aparatın məhv olmasından gedir. "Luna-25"in uçuşu hələ 2014-cü ildə planlaşdırılmışdı. Lakin dəfələrlə uçuş təxirə salınmışdı. Bunun da nəticəsində kosmos uğrunda ABŞ-la rəqabəti uduzan Rusiya Çindən də geri düşmüşdü. Çinlilər 4 il öncə uçuş aparatını Ayın səthinə endirməyə nail olmuşdular. İndi isə Rusiyanın bacarmadığını Hindistan həyata keçirib. Bütün bunlar isə Rusiya cəmiyyətinin əhval-ruhiyyəsinə mənfi təsir etməklə yanaşı, gerçəklikləri də tam çılpaqlığı ilə üzə çıxarır. Belə görünür ki, uzun müddət ətalətlə hərəkət edən cəmiyyət dağılma mərhələsinə daxil olub. Belə bir zamanda hər kəsi Rusiyanın nə qədər davam gətirə biləcəyi düşündürür. Fəlakətli hadisələrin baş vermə ardıcılığının tezliyi belə qənaət yaradır ki, Rusiya bundan sonra bir neçə ay, ən yaxşı halda bir il davam gətirə bilər.