|
|
|
|
Dünya ticarət hesablaşmalarında dolların payı artaraq yeni rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" agentliyi SWIFT beynəlxalq ödəniş sisteminin statistikasına istinadən xəbər yayıb. Ötən ay dünyada bütün ticarət əməliyyatlarının 46 faizi dollarla həyata keçirilib. Halbuki 10 il əvvəl dünyada ticarətin təxminən üçdə biri ABŞ valyutası ilə həyata keçirilirdi. Belə görünür ki, ötən 10 ildə dollar çox güclənib. Bu isə dünyada ticarətin dollarsızlaşdırılmasını əsas məqsədlərindən biri elan etmiş və ABŞ valyutasına qarşı müharibə başlatmış Rusiya Prezidenti Vladimir Putinin növbəti məğlubiyyətidir.
Bu gerçəkliyin tam aydın olduğuna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin dolların dünya ticarətindəki mövqelərini itirdiyini bildirib. Belə bir bəyanatla Prezident Putin BRİKS - üzv ölkələrin dövlət və hökumət başçılarının sammitində onlayn çıxışı zamanı bəyan edib. Cənubi Afrikada keçirilən sammitdə Putin həbs təhlükəsi səbəbi ilə canlı şəkildə iştirak etmədiyi üçün onlayn formatda çıxış edib. Putin həmkarlarını inandırmağa çalışıb ki, dünya ticarətinin dollarsızlaşdırılması sürətlənib. Dolların dünya ticarətində ödəniş vasitəsi kimi mövqelərini itirməsi haqqında Putin ilk dəfə çıxış etmir. Son iki ildə Rusiya Prezidenti dəfələrlə dünya ticarətinin dollarsızlaşdırılması prosesinin getdiyini, dolların mövqelərini itirdiyini bildirib. İndi isə məlum olur ki, dünyada ticarətin təxminən yarısı dollarla aparılır. Putin dollara qarşı müharibəyə balayanda bəzi dövlət başçıları da onu dəstəklədiklərini nümayiş etdirməyə başladılar. Dollara qarşı bu mübarizənin heç bir nəticə verməyəcəyini, əksinə, təşəbbüsçülərin bu prosesdən zərərlə çıxacağını ehtimal edənlər haqlı çıxdılar. Putin isə hələ də Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə dolların çökəcəyi haqqında ehtimalını təkrarlamaqdan yorulmur.
Dolların güclənməsinin isə siyasi və iqtisadi əsası var. ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalır. Belə görünür ki, XXI əsrdə də ABŞ dünyanın ən böyük iqtisadi gücü olaraq qalacaq və hətta daha önə keçəcək. Siyasi səbəb isə ondan ibarətdir ki, ABŞ-ın mərkəzində olduğu siyasi və hərbi ittifaqlar güclənir. Bu siyasi və iqtisadi amillər dolların güclənməsinin əsas səbəbidir. Dollara qarşı müharibəyə başlayan ölkələrin dünya ticarətindəki çəkisinin azalması da ABŞ valyutasının xeyrinə işləyən məqamlardandır.
Putin bildirirdi ki, ABŞ sanksiyalar tətbiq etməklə oturduğu budağı öz əli ilə kəsir. Ancaq indi məlum olur ki, bu sanksiyalar və ümumiyyətlə, ABŞ-la soyuq münasibətlər dollara qarşı müharibəyə başlayan ölkələrə ciddi zərər vurub. Ehtimal etmək olar ki, dolların dünya ticarətində mövqeləri daha da güclənəcək, populist liderlərin çılğınlıqlarının zərərini isə onların başçılıq etdiyi ölkələr ödəyəcək.