525.Az

Yaddaşımdakı portret cizgiləri: Xalq şairi Qabil - Aydın Tağıyev yazır


 

Yaddaşımdakı portret cizgiləri: Xalq şairi Qabil - <b style="color:red"> Aydın Tağıyev yazır</b>

Qabilin "Yağışlı havalarda, küləkli havalarda" məşhur şeirini xatırlaya-xatırlaya onun digər bir şeirini də yada salıram, öz-özümə pıçıldayıram: "Gedən yerim olaydı..." Bir vaxtlar hər dəfə bu şeiri oxuyanda həm də hardasa bir ünvan həsrəti ilə kövrələr, nisgillənərdim. Qabil bu arzu-istəyini hərçənd ki, yağışlı, küləkli havalarda dilə gətirməyib.

Yaşımın yetmişini tamamlayandan sonra mən daha gedən yerimi bilirəm...

Bəlkə də elə buna görə "ötən günlər, ötən çağlar" və o "ötən günlərdə, ötən çağlarda" bir vaxt oturub durduğum, indi gözlərimin axtara-axtara qaldığı dostlar, o dostlarla bağlı neçə-neçə xatirələr, əhvalatlar, epizodlar yada düşür.

...Qərəz, sözü uzatmayıb mətləb üstünə gələk.

Ötən əsrin səksəninci illəri idi. Yazıçılar İttifaqının nəzdində Bədii Ədəbiyyatı Təbliğ Bürosu deyilən bir qurum var idi. Bu qurumun fəaliyyəti yazıçı və şairləri, bir sözlə, qələm adamlarını respublikamızın müxtəlif bölgələrinə göndərmək, onlar da yerlərdə ayrı-ayrı müəssisə və təşkilatlarda "zəhmətkeşlər" (adamın yadına Anarın "Molla Nəsrəddin-66"sı düşür: "zəhləmgetmişlər") qarşısında bədii ədəbiyyatı təbliğ etməli idi və bunun müqabilində olduqları müəssisə və təşkilatlarda onların "ezamiyyə vəsiqələri"nə möhür vurulur, qol çəkilir, təbliğ bürosunun hesabına pul köçürülürdü ki, o puldan da "putyovka" yiyələri qonorar alırdılar.

Deyim ki, o illərdə bu qurumun sayəsində əldə etdikləri müəyyən pul məbləği yazı-pozu adamlarının az-para əlindən tutur, işinə yarayırdı.

Ancaq qələm adamlarının çörəyi nə vaxt daşdan çıxmayıb ki? Bəzən belə putyovkalarla gələnlər yerlərdə soyuq da qarşılanırdı, illah ki, yay aylarında, yerlərdə mövsümü işlərin başdan aşıb daşdığı qızğın çağlarında zəhmətkeşlər (yenə də zəhmətkeşlər!) qarşısında bədii ədəbiyyatın təbliği "qayğısına qalmaq" kimin yadına düşürdü ki? Belədə ümid qalırdı yerlərdəki sözü keçən nüfuzlu dost, tanışın himayədarlığına.

Belə putyovkalarla dəfələrlə görkəmli sənətkarımız Qabillə səfərdə olmuş gözəl şairimiz, unudulmaz dostum İsa İsmayılzadə "Qabilli, Qabilsiz günlər" adlı topluda (Şirvannəşr, 2008) yer tutan "Yollar, sizə minnətdaram" adlı xatirələrində bu haqda ətraflı yazır.

Qabil müəllimlə bağlı o unudulmaz xatirələrində İsa İsmayılzadə elə özü də kövrələ-kövrələ qeyd edir ki, ötənləri yada salanda Qabil müəllim yamanca kövrəldi:

- Biz o rayonlarda böyük hörmət, məhəbbət gördük, - dedi.

...O yerdə ki, sənin yolunu gözləyirlər, gəlişinə sevinirlər ora getməyə nə var..."

Sonra İsa İsmayılzadə Qabilin yolunu gözləyən dostlarının ünvanlarını, ad-soyadlarını sadalayır. Kimlər, kimlər... Və... Dəvəçidə (indi Şabran) yazıçı-jurnalist Aydın Tağıyev.

Sözümün bu yerində mən təkcə yağışlı, küləkli havalarda yox, həmişə yadıma düşən iki yarpaq xatirəni oxuculara çatdırıram.

 

Dayımla Qabil necə barışdı

 

Ötən əsrin səksəninci illəri idi. Qabil müəllim elə İsa İsmayılzadə ilə bizim Şabrana (keçmiş Dəvəçi) təbliğ bürosunun putyovkaları ilə gəlmişdilər.

Mən də qonaqlarımla, direktoru "dayı" dediyim qohumum olan, böyük bir sovxoza yollandıq.

Dayımla gen-geniş, uzun kabinetində görüşdük. Məsələ işgüzarcasına az qala sayılı dəqiqələr ərzində həll olundu. Nahar fasiləsinə az qalırdı. Qabil müəllim işin-gücün bu vaxtında daha direktorun vaxtını almamaq üçün xudahafizləşmək məqsədi ilə əlini irəli uzatdı. Dayım: - Əziz qonaqlarımsınız, - dedi, - nahara da az qalır. Sonra da təkidlə: - Əşi, bir tikə çörək yeməmiş sizi hara buraxıram.

Sonra da sürücüsünü kabinetinə çağırtdırıb o illərdə rayonda ən bərkdə gedən, adlı-sanlı bir iaşə ocağının müdirinin adını çəkib: - Get ona de ki, yaxşı bir süfrə hazırlasın. Nahar fasiləsində ordayıq.

Vaxtın tamamını gözləyənəcən ortaya mürəbbəli, limonlu pürrəngi çay gəldi. Ünsiyyətcil dayımla Qabil müəllimin söhbəti tutmuşdu.

Dayım əyləşdiyi kreslodan arabir uzun kabinetinin qapısına tərəf hiss etdirmədən boylanırdı. Elə bil kiminsə içəri keçəcəyini gözləyirdi.

Qapı birdən yarımçıq aralandı və qapıda elə dayım yaşda yaşlı bir kişi göründü. Əyin-başından məlum idi ki, sovxozun fəhlələrindəndir. Dayım ona məhəl qoymayıb Qabil müəllimlə şirin söhbətini davam etdirirdi.

Qapı necə səssiz aralanmışdısa, eləcə də ustufca örtüldü. Ancaq aradan heç beşcə dəqiqə keçməmişdi ki, yenidən ehtiyatla açıldı. Direktor azca aralanmış qapıda fağır-fağır duran kişiyə bu dəfə gözlərini ağartdı.

Görünür, gələn adam da səbirsiz, hövsələsiz imiş.

Üçüncü dəfə qapı aralananda dayım coşdu, nə coşdu.

- Ay kişi, bir yaxın gəl görüm, - deyə qəzəblə səsini qaldırdı.

Kişi direktorun uzun kabinetində çəkinə-çəkinə onun masasına tərəf addımladı.

Dayım: - Ay kişi, sən nə üzlü adamsan, - deyə bozardı.

Kişi əyilə-əyilə, az qala tutulmuş ayaqlarını sürüyə-sürüyə geri addımladı.

Hamımız bir anda pərt olub tutulduq.

Qabil dərhal ayağa qalxdı, elə İsa müəllim də, mən də...

Məsələni əlbəəl duyan dayım qapıya yaxınlaşmaqda olan kişini təzədən səslədi: - Bir bəri gəl görüm, - deyə bu dəfə həlim, mehriban bir səslə dilləndi. - Ay kişi, mən səni arif bir adam bilirdim, - dedi, - sən nə dilbilməzmişsən...

Kişi duruxdu. Biz qonaqlar da dayımın sözünün axırını gözləyirdik.

Dayım kişiyə canyananlıqla: - Ay kişi, görmürsən qonaqlarım var. Nahara da az qalıb. Bayaqdan fikir-xəyaldayam ki, onları hara aparım, necə aparım? İndi sən öz ayağınla təşrif buyurmusan. Bayaqdan neçə dəfə göz-qaş etmişəm. Elə dirənib durmusan. İndi durub düşək qabağına, gedək sizə, sən də 5-10 çolpandan keçəsən... Hələ bunun başqa dəm-dəsgahı da öz yerində...

Bir anda kişinin beli dikəldi, üzü güldü. Dil-dodağı əsə-əsə: - Direktor, sənə də qurban olum, belə qonaqlarına da. O nə sözdü, 5-10 çolpa... Ayağınız altda qoç kəsməsəm, heç kişi deyiləm.

Elə bil üstümüzdən ağır bir yük götürüldü. Dayım yerindən qalxdı.

Ustad şair, həssas insan dayımla beləcə barışdı və mənim də çiynimdən ağır bir yük götürdü.

 

"Dilbər, huy..."

 

Unudulmaz şairimiz, həssas, kövrək, genişqəlbli, ürəyindəki dilində olan Qabil müəllimlə bağlı bir xatirəmi də yada salıram. Hərçənd ki, o xatirəni dostum, tanınmış yazıçı-publisist Novruz Nəcəfoğlu hələ neçə il bundan qabaq mənim haqqımda yazıb çap etdirdiyi "Nağıl adam" (Bakı, "ATV"-2016) adlı avtobioqrafik romanda yerli-yataqlı, təfsilatı ilə qələmə alıb.

lll

"...Elə həmin yaradıcılıq səfəri vaxtı Aydın qonaqlarını şam yeməyinə rayon mərkəzindəki atalı-analı evinə dəvət edir.

Sərin yay gecəsində, açıq şüşəbənddə, əsl hal əhli olan Qabil müəllimlə Aydın bir-biri ilə bəhsə giriblərmiş kimi, təmiz spirt qarışdırılmış "saf su"dan nuş edirlər. Bəlkə işin bu yerində Qabili dilləndirmək üçün Aydın hələ Xəyyamvari bir rübai də deyib:

 

Kaşı kuzələrin şöhrəti şərab,

Nuş üçün könlümə eylədi xitab.

Könlümü şövq ilə sövq etdim meyə,

Arzum təlqin oldu, əhvalım bitab...

 

Yay gecəsinin sərin havası, göydə bədirlənmiş ay. Bir-birinə göz vuran ulduzlar, gecənin lal sükutu... Bəh-bəh-bəh... Əsl poetik bir gecə, romantik duyğuların coşub daşdığı saatlar...

Birdən bu lal sükutu Aydıngillə qonşu olan qadının hay-harayı pozur:

- Ay Dilbər, huuyyy!.. Dilbər, huuyyy!..

O an Qabil müəllim yerindən sıçrayır, məhəccərə sarı, pilləkən olan tərəfə az qala quş kimi qanadlanıb uçur.

Hörmətli sənətkarın bu qəfil hərəkətini görən Aydın bir ev yiyəsi kimi əlbəəl ayağa qalxır.

Dostlarının onun ardınca gəldiyini görən Qabil müəllim əllərini dodaqlarına aparıb işarə edir ki, səsinizi çıxartmayın...

Çağırışına qızından cavab almayan qonşu qadınsa hələ də hay-huyundaymış...

- Ay Dilbər, huuyyy!.. Dilbər, huuyyy!..

Axır ki, qonşu qadının hay-huyu kəsilir. Qabil müəllim bundan sonra məhəccərdən aralanır, qayıdıb yerində oturur. Bu dəfə sağlıqsız-filansız qədəhini təkbaşına boşaldıb kövrək səslə:

- Bilirsiniz, bu "huy" sədasını axırıncı dəfə Yardımlıda, kənddə müəllim işlədiyim cavanlıq çağlarımda eşitmişəm, - deyə qəfil yerindən qalxmağının, o "huy"u daha yaxşı eşitmək üçün səda gələn tərəfə daha yaxın getməyimin səbəbini hələ də narahat-nigaran qalmış dostlarına izah edir. - O vaxtdan iyirmi ildən çox keçir. Ancaq elə bil dünən idi. - Şair bir də köks ötürür: - Hə, ömür keçdi, gün keçdi..."

lll

O da yadımdadır ki, qonaqlarım təkidimə baxmayıb gecədən xeyli keçmiş ertədən nömrə tutduqları mehmanxanaya qayıtdılar. Mehmanxananın mənimlə haqq-salamı olan direktoru məni mehmanxanasının müsafirləri ilə görüb əvvəlcə təəccübləndi. Mehmanxananın qonaqlarının kimliyi ilə onu tanış etdim. Direktor əl-ayağa düşdü. Qonaqları ikinci mərtəbədə qaldıqları otağa qalxmağa qoymayıb stolunun üstü qonaq-qara üçün həmişə hazır olan kabinetinə dəvət etdi.

Nə isə direktorun otağına keçdik. Qonaqpərvər direktor nə qədər təkid edib üz vursa da, "məclisi" davam etdirməyə Qabil müəllim qəti etiraz etdi, soyuducudakı mineral su ilə kifayətləndi.

O vaxtlar mobil telefondan xəbərsiz idik. Direktorun stolunun üstündəki telefona baxıb Qabil müəllim Bakı ilə, evi ilə danışmaq istədiyini bildirdi.

Əlbəttə, mehmanxana direktorunu yaxşı tanıyan telefonçu qız dəstəkdə onun səsini eşidən kimi: - Xətdə gözləyin, - dedi, - bu dəqiqə qoşuram.

Saniyələr keçmişdi ki, qız: - Buyurun, danışın, - dedi, - direktor dəstəyi Qabil müəllimə uzatdı. Hamımız dərhal kabinetdən çıxdıq. Kabinetdən çıxa-çıxda Qabil müəllimin səsini eşitdim.

- Bəyim, hələ yatmamısan...

Demə, o başda da Qabil müəllimin səsini eşitmək üçün oyaq qalan varmış. Sonra da pıçıltılı səs: - Mahiri oyatma...

Qabil müəllimin sonrakı kəlmələrindən xəbər tutmadıq. Koridorun o başında idik. Yəqin Qabil müəllim o gecəni rahat yatdı.

lll

Gözəl sənətkarımız, unudulmaz insan, şair Qabil haqqında bu xatirə yarpaqları ilə söhbətimi burdaca tamamlayıram.

Yəqin ki, yağışlı havalarda, küləkli havalarda yeniləri yenə də yada düşər...

Mart, 2023

 





28.08.2023    çap et  çap et