525.Az

Zabux kəndinə qayıdış


 

Zabux kəndinə qayıdış<b style="color:red"></b>

Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib. Zabux kəndində tikinti-quruculuq işlərinə 2023-cü il martın 1-də start verilib. Kənddə fərdi evlər, uşaq bağçası tikilib, yol infrastrukturu qurulub, kanalizasiya, su, işıqlandırma sistemi çəkilib, abadlıq işləri görülüb, park salınıb.

Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən bir qədər yuxarıda - iki çayın arasında, Zabux çayının sol sahilində yerləşib. Sonradan kənd bir qədər də böyüyüb və çayın əks tərəfində - Alxan dərəsində də xeyli evlər tikilib. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində - Zabux çayının üstündə idi. Kənd, Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşdiyi üçün Ermənistana gedən avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi.

Üç kənddən - Zabux, Sus və Qızılcadan ibarət "Komsomol" kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri də bu kənddə yerləşirdi. Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda yem tədarükü üçün böyük anbarlar, geniş ərazidə ot tayları da vardı. Kənddə zabuxlularla yanaşı, qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından, Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı. Zabux kəndindən keçən çaylar sayəsində bağ-bostan təsərrüfatı yaxşı inkişaf etmişdi. Tut ağacları çox olduğu üçün dədə-babadan bu kənddə baramaçılıqla da məşğul olurdular. Bundan başqa, tütün də əkilirdi. Hər üç kəndin ərazisində tütün emal etmək üçün tikililər mövcud idi. Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi.

Xəbər verdiyimiz kimi, avqustun 25-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb. Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülüb. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.

Ailələrə avqustun 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 32 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov bildirib ki, Laçın rayonunun Zabux kəndi bütün sosial-texniki infrastrukturla təchiz edilib: "İlkin mərhələdə Zabuxda 223 fərdi evdən ibarət gözəl, ən müasir standartlara cavab verəcək tərzdə kənd inşa olunub. Kənd bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. Həmin kənddə orta məktəb, uşaq bağçası, tibb məntəqəsi mövcuddur, gözəl park salınıb. Eyni zamanda yaşayış məntəqəsində yüksəksürətli internet - fiberoptik şəbəkəsi yaradılıb".

30 ildən sonra Laçın rayonun Zabuxa köçəcək sakinlərindən biri, Mübariz Rüstəmovun sözlərinə görə, 30 il Zabux həsrəti ilə yaşayıb: "Zabuxa qayıtmaq mənim üçün yenidən doğulmaq, uşaqlığıma, yeniyetməliyimə, gəncliyimə qayıtmaq deməkdir. Ömrümün bu cağlarının hamısının xatirələri Zabuxla bağlıdır. Torpaqlarımız işğaldan azad ediləndə çox sevinmişdim, amma bir az qəhərləndim ki, Zabuxun adı çəkilmədi. Sağ olsun, Ali Baş Komandanımız İlham Əliyev bizə müjdə verdi ki, ermənilərə torpağımızdan çıxmaq üçün vaxt verib. Bədnam qonşularımız yurdumuz tərk etdikdən sonra Zabux yenidən quruldu".

36 yaşında Zabuxu məcburi tərk edən Allahverdi Əliyev doğma torpağına 67 yaşında geri dönüb. Deyir ki, Zabuxu həyat yoldaşı, iki oğlu və bir qızı ilə tərk edib. İndi oğlu və qızının ailəsi ilə birgə torpağına geri dönüb.

Qeyd edək ki, avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər ediblər. Prezident və birinci xanım Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olub və burada kənd sakinləri ilə görüşüblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib. Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilir. Prezidentin tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetirilib. Artıq avqustun 25-də 20 ailə - 88 nəfər doğma yurdlarına - Zabux kəndinə qayıdıb.

Prezident İlham Əliyev bildirib ki, artıq Laçının dirçəliş dövrü başlayıb: "İkinci Qarabağ müharibəsi nəticəsində dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, ancaq Laçın şəhəri və iki kənd - Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Ona görə ki, keçmiş Laçın dəhlizi bu şəhərdən, bu kəndlərdən keçirdi. Biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq və bu gün səhər zabuxlularla mənim görüşüm olub. Onlar dünən axşam uzun fasilədən sonra - 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Laçınlılar isə mayın 28-dən etibarən artıq buradadırlar. Mayın 28-də - Müstəqillik Günündə mən birinci qrup laçınlılara onların evlərinin açarlarını təqdim etdim və beləliklə, Laçının dirçəliş dövrü başlamışdır. O vaxtdan bu günə qədər 1000-ə yaxın Laçın sakini şəhərdə məskunlaşmış və ilin sonuna qədər 900 ailə üçün evlər hazır olacaq. Yəni bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən bizim müzəffər Silahlı Qüvvələrimizdir. Fürsətdən istifadə edərək bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Onların qanı-canı bahasına, qəhrəman övladlarımızın şücaəti hesabına bu gün biz buradayıq, bu gün biz doğma torpağımızda bayram şənlikləri keçiririk. Bundan böyük xoşbəxtlik ola bilməz".

Səfər çərçivəsində Prezident Laçın rayonunda "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Həmçinin Prezident və birinci xanım Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.

Səfər zamanı İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə də tanış olub. Prezident və birinci xanım Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, prefabrik modul evlərin istehsalı müəssisəsinin və xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin fəaliyyəti ilə tanış olublar. Avqustun 25-də İlham Əliyev və Mehriban Əliyeva Laçın rayonunda "Həkəri Balıq Təsərrüfatı"nın  və Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Həmçinin Prezident və birinci xanımın iştirakı ilə Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub.

Millət vəkili Azər Badamovun sözlərinə görə, torpaqlarımızı işğaldan azad etmək, bu ərazilərdə məcburi köçkünlərimiz üçün layiqli həyat şəraiti yaratmaq Prezident İlham Əliyev və Mehriban Əliyevanın ən böyük arzusu, həyat amalı olub: "44 günlük Vətən müharibəsi başa çatandan sonra Prezident və birinci xanım işğaldan azad olunmuş ərazilərə saysız hesabsız səfərlər edir, hər yeri qarış-qarış gəzir, quruculuq işləri ilə bağlı müvafiq tapşırıqlar verirlər. Artıq 30 ilə yaxın erməni işğalı altında qalmış ərazilərimizə yenidən həyat qayıdır. Prezident İlham Əliyev və Mehriban Əliyeva torpaqlarımız erməni işğalı altında olduğu dövrdə öz ad günlərini və həyatlarının əlamətdar hadisələrini məcburi köçkün və qaçqınlarla görüşərək onlara mənzillər verir, sosial problemlərini həll edir və yenidən doğma yurdlarına qayıdacağı ilə bağlı söz verirdilər. Artıq verilən vədlər yüksək səviyyədə icra edilir və bu gün artıq Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla həyata keçirilir".

Deputat bildirib ki, artıq torpaqlar azaddır, Prezident İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad olunan ərazilərə səfərlər edirlər: "Onlar həyatlarının əlamətdar günlərini bu ərazilərdə yeni layihələrin təməlqoyma və ya açılış mərasimlərinə həsr edərək öz doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərlə qeyd edir və sevinclərini bir yerdə bölüşürlər".

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri də bu baxımdan çox əhəmiyyətli və yüksək dəyərləndirilən hadisədir: "Ölkə başçımız və birinci xanım Kəlbəcər rayonuna səfəri çərçivəsində "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak ediblər, Zar kəndinin təməlqoyma mərasiminə qatılıblar və "İstisu" mineral sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısının və Birinci vitse-prezidentin Laçına səfəri xüsusi hadisələrlə yadda qalıb. Belə ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva səfər zamanı "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, "Həkəri Balıq Təsərrüfatı"nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Bundan əlavə, onlar Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə, Laçının sənaye zonasında mebel fabrikinin açılışında iştirak edib, bir sıra müəssisələrdə yaradılan şəraitlə, Zabux kəndində görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən "Laçın Şəhəri Günü" bayram şənliklərində iştirak ediblər".

Sevinc QARAYEVA

 





29.08.2023    çap et  çap et