Cənubi Qafqazda təsir rıçaqlarına malik olmaq istəyən Fransa, öz pozuculuq siyasəti, separatizmə verdiyi dəstəklə tam fiaskoya uğrayıb. Amma təkcə Cənubi Qafqazda deyil, digər nöqtələrdə də Paris eyni aqibəti yaşayır. Uzun illər öz təsiri altında saxladığı, müasir müstəmləkəçilik siyasətini tətbiq etdiyi Afrika qitəsində də bu gün Fransa boykot edilir. Fransız qoşunları artıq bir sıra Afrika ölkələrindən çıxarılıb. Nigerdə baş verən son hadisələrdə, yəni hakimiyyət çevrilişi zamanı Fransaya qarşı ciddi etirazlar səsləndi, səfiri isə persona non qrata, yəni "arzuolunmaz" şəxs elan edilərək ölkəni tərk etməsi üçün vaxt verildi. Fransa bəlkə də dünyada yeganə ölkədir ki, xalqların, dövlətlərin düşdüyü çətin, ağır vəziyyətdən istifadə edərək dəstək, yardım adı ilə özünün müasir müstəmləkəçilik siyasətini reallaşdırmağa, həmin ölkələri tam şəkildə özündən asılı salmağa çalışır. Uzun illər Afrika ölkələrinin təbii sərvətlərini mənimsəyən Fransa həmin xalqlara yalnız bədbəxtlik gətirib. Paris nədənsə Azərbaycana yanaşmada da oxşar siyasəti apara bilcəyini düşünürdü. Baxmayaraq ki, Azərbaycanla bir çox sahələrdə güclü əməkdaşlığın qurulması üçün çox əlverişli imkanlar var, amma Makron hakimiyyəti özünün pozuculuq siyasətinə, daha doğrusu, erməni diasporu və lobbisinin maraqlarına bütün bu imkanları qurban verdi. Çünki bu gün Makronun yanlış daxili və xarici siyasəti ölkə daxilində də çox sərt reaksiyalara səbəb olub. Mütəmadi olaraq keçirilən etiraz aksiyalarında onun istefası tələb olunur. Makron erməni lobbisinin, diasporunun dəstəyinə, maliyyəsinə arxalanır. Bu yanlış siyasəti nəticəsində nə bir zamanlar Avropanın ən nüfuzlu dövləti olan Fransadan əsər-əlamət qalıb, nə də özü bir lider olaraq qəbul edilir. Fransa həm İkinci Qarabağ müharibəsində, eləcə də müharibədən sonra özünün yaratmağa çalışdığı maneələrlə, təzyiqlərlə, Avropa ittifaqı, BMT və digər beynəlxalq platformalardan istifadə edərək Azərbaycana qarşı çirkin planlarını reallaşdıracağına ümid edirdi. Amma Azərbaycan Parisin hər təxribatına, ərazi bütövlüyümüzə zidd, separatizmi dəstəkləyən hər bəyanatına daha tutarlı cavablar verməklə, diplomatik müstəvidə onu mat edə bildi. Fransanın bu gün etdikləri onun illərlə sərgilədiyi, bəzən örtülü olaraq apardığı siyasətin daha açıq və həyasız formada davamıdır. Bir tərəfdən Paris Brüssel formatında keçirilən danışıqlara özünü soxmağa çalışmaqla prosesin inkişafına mane olur, digər tərəfdən Ermənistan hakimiyyətinə sülh prosesini irəli aparmamaq üçün təsir göstərir, Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyasına əngəl yaradaraq humanitar yardım göndərmək niyyətinə düşür. Və yenidən BMT Təhlükəsizlik Şurasına Azərbaycan əlehinə qətnamə çıxarmağa hazırlaşır. Baxmayaraq ki, indiyə kimi, bu platformada ölkəmizə qarşı bütün qərəzli cəhdləri iflasa uğrayıb. Yəni Parisin təxribatları bitib-tükənmir. Gözlədiyi nəticəni əldə edə bilməsə də, Cənubi Qafqazı alovlandırmaq üçün çalışır. Bir neçə gün əvvəl Makronun səfirlər konfransı zamanı səsləndirdiyi fikirlər də məhz bu məqsədi daşıyır, sülh prosesinə zərər gətirir. Azərbaycan XİN-in cavab açıqlamasında da qeyd olunub ki, Fransa prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir. Makronun leksikonunda "Laçın humanitar dəhlizi" kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.
Məlumdur ki, Ermənistan bir müddətdir Laçınla sərhəddə "humanitar yardım" şousu təşkil edib. Fransa mətbuatının yazdığına görə, Paris meriyasının yardım TIR-ları avqustun 30-da Laçın sərhəd-keçid məntəqəsinin qarşısında olacaq. Bu, əlbəttə ki, açıq şəkildə vəziyyəti gərginləşdirməyə yönəlib və Azərbaycanın ərazi bütövlüyünə qarşı atılacaq addımdır. Digər tərəfdən, əgər Fransa doğrudan da humanitar yardım etmək istəyirsə, ünvanı səhv salıb.
Bu gün dünyada həqiqi aclıqdan əziyyət çəkən çox sayda insanlar var və onlar Qarabağda - Azərbaycan ərazisində deyil, Fransanın müstəmləkəçilik siyasətinin qurbanı olmuş, təbii sərvətləri Paris tərəfindən talan edilmiş Afrika qitəsindədir. Əlbəttə ki, Fransanın Azərbaycanı Qarabağda erməniləri "blokada" etməkdə ittiham etmək cəhdləri absurddur. Rəsmi Bakı bununla bağlı mövqeyini dəfələrlə açıqlayıb və Qarabağdan yayılan çox sayda videolar, fotoşəkillər də deyilənləri sübut edir.
Onu da xatırladaq ki, dünən Bakıdan 40 ton un yüklənmiş humanitar yardım avtomobilləri Ağdam-Xankəndi yolu ilə hərəkət etməklə erməni sakinlərə çatdırılmaq üçün yola salındı. Bu o deməkdir ki, Azərbaycan bəyan etdiyi kimi, öz ərazisində yaşayan erməni sakinlərin bütün təminatını həyata keçirməyə hazırdır. Bu, eyni zamanda "humanitar böhran", "aclıq" şousu quran ermənilərə və onların havadarlarına çox tutarlı cavab oldu. Yəni həqiqətən ehtiyacınız varsa, "aclıq" çəkirsinizsə, yardımı qəbul edin. Nəhayət, Ermənistan və havadarları anlamalıdırlar ki, bu gün apardıqları pozucu siyasətin, müxtəlif təxribatların heç bir nəticəsi olmayacaq. Sülh yolu, danışıqlarla bütün məsələləri həll etmək imkanı olduğu təqdirdə, hansısa əngəllər yaratmaq, çirkin oyunlar qurmaq ilk növbədə İrəvanın zərərinədir. Azərbaycanın Qarabağ ərazisinin erməni sakinləri isə gələcəkləri ilə bağlı özləri qərar verməlidirlər.
Azərbaycan Prezidentinin söylədiyi kimi, haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan bütün təzyiqlərə, üzləşəcəyi təxribatlara, şər-böhtan kampaniyalarına rəğmən, bundan sonra da öz yolu ilə gedəcək, beynəlxalq hüquqa uyğun olaraq öz addımlarını davam etdirəcək və heç kimə onun daxili işlərinə qarışmağa imkan verməyəcək. Ermənistan və havadarları bunu nə qədər tez anlasalar, o qədər yaxşı olacaq.
çap et