|
|
|
|
Prezident seçkilərinin nəticələri ilə barışmaq istəməyən ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə məhkəmə prosesi gələn il martın 4-də başlayacaq. Keçmiş prezidentin vəkilləri məhkəmə prosesinin 2026-cı ilə kimi təxrə salınmasını, ittiham tərəfi isə 2024-cü ilin yanvarında başlanmasını təklif etsə də, məhkəmə heyəti prosesin mart ayında keçirilməsinə qərar verib. Çox maraqlıdır ki, məhkəmə prosesi Respublikaçılar Partiyasının prezidentliyə namizədini müəyyən edəcək praymerizlərin keçirilməsindən bir gün öncə başlayacaq. Gələn il martın 5-də ABŞ-ın əksər ştatlarında respublikaçıların prezidentliyə namizədini müəyyən etmək üçün praymerizlər keçiriləcək.
Donald Tramp 2020-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinin dəyişdirməyə, rəsmi prosedurlara müdaxiləyə, seçici hüquqlarına qarşı sui-qəsddə və ölkəni aldatmağa cəhddə ittiham olunur. Bundan başqa, keçmiş prezidentə qarşı daha üç cinayət işi var. Donald Tramp haqqında biznes hesabatlarının saxtalaşdırılması, məxfi sənədlərin qanunsuz saxlanması və seçkilərin nəticələrinin saxtalaşdırılması ittihamı ilə istintaq aparılır. Müşahidəçilər Trampın mühakimə olunacağına əmindirlər. Lakin ABŞ qanunvericiliyinə əsasən, federal məhkəmələr tərəfindən məhkum olunmuş şəxs seçkidə iştirak edə bilər. Trampın tərəfdarlarını narahat edən əsas məqam isə onun haqqında iki ştatda cinayət işinin açılmasıdır. Əgər ştatlardan birində Tramp məhkum olunsa, seçkidən kənarda qala bilər. Bütün bu ehtimallara baxmayaraq, Tramp Respublikaçılar Partiyasının prezidentliyə əsas namizədidir. Məhkəmənin mart ayının 4-də keçiriləcəyi məlum olduqdan sonra Trampın seçki kampaniyasına ianələr sürətlə artıb.
Trampın məhkəmə prosesi ABŞ-la yanaşı, dünyanın bir çox ölkələrində də diqqətlə izlənilir. Bu isə təsadüfi deyil. Trampın siyasi baxışları Vaşinqtonun İkinci Dünya müharibəsindən sonra formalaşmış Avroatlantik həmrəylik siyasətindən kəskin fərqlənir. Tramp hesab edir ki, Avropanın təhlükəsizlik problemlərinin ABŞ-a aidiyyəti yoxdur. Bu isə NATO-nun mövcudluğunu təmin edən siyasi görüşün tam əksinədir. Tramp siyasi baxışlarını ABŞ-ın dövlət siyasətinə çevirə bilsə, NATO-nun mövcudluğu təhlükəyə düşər. Tramp prezidentliyinin ilk müddətində ABŞ-ın NATO-dan çıxa biləcəyini bir neçə dəfə səsləndirsə də, Konqress, Dövlət Departamenti və Pentaqonun müqaviməti nəticəsində bu istəyi söz olaraq qalmışdı. O zaman siyasi müşahidəçilər belə hesab edirdilər ki, Tramp ikinci dəfə prezident seçilmək üçün siyasi elita və dövlət institutları ilə münaqişəyə girmək istəməyərək NATO ilə bağlı fikirlərində təkid etmədi. Ancaq ikinci dəfə prezident seçilsə, bu fikrini həyata keçirməyə cəhd edəcəyi ehtimalı yüksəkdir. Doğrudur, Konqress və digər dövlət institutları Trampın bu istəyinin qarşısını almağa qadirdir. Ancaq yüksək səlahiyyətlərə malik dövlət başçısının da Vaşinqtonun NATO ilə bağlı siyasətinə güclü təsir etmək imkanları var.
Qərbin siyasi elitasını narahat edən digər məqam Trampın prezident seçiləcəyi halda Ukraynaya və Tayvana ABŞ-ın hərbi dəstəyinin azalacağı, hətta kəsiləcəyi ehtimalının yüksək olmasıdır. Tramp prezident seçiləcəyi halda Ukraynada gedən müharibəni dərhal dayandıracağını bəyan edir və bu zaman Kiyevin Moskvaya güzəştə getməli olduğunu söyləyir. Tramp bildirir ki, Ukrayna torpaqlarının bir hissəsini güzəştə getməlidir. Rusiyalı əksər şərhçilər də hesab edirlər ki, Ukraynada hərbi-siyasi uğursuzluğa düçar olmuş Kremlin son ümidi Trampın yenidən prezident seçilməsidir. Ona görə də siyasi şərhçilər hesab edirlər ki, ağır itkilərə baxmayaraq, Kreml müharibəni ABŞ-dakı seçkilərin nəticələri məlum olana kimi davam etdirmək niyyətindədir. Rusiyalı siyasi şərhçilərin bu fikirlərini Vaşinqtonda və Brüsseldə də bölüşürlər. CNN-ə danışan Ağ ev rəsmiləri Putinin müharibəni ABŞ-dakı seçkilərin nəticələri bəlli olana kimi davam etdirmək niyyətində olduğunu bildiriblər. Avropalı bir diplomat CNN-ə deyib ki, Putinin planı müharibəni ABŞ-da prezident seçkilərinə qədər uzatmaqdır: "Putin bilir ki, Tramp ona kömək edəcək. Bunu həm ukraynalılar, həm də avropalı tərəfdaşlarımız bilirlər".
Lakin dəfələrlə hesablamaları səhv çıxmış Putinin bu gözləntisi də gerçəkləşməyə bilər. Ukrayna ilə müharibə ərəfəsində Putin hesab edirdi ki, Qərb dövlətləri ona qarşı vahid cəbhə yaratmayacaq və Ukraynanı qətiyyətlə dəstəkləməyəcək. Putin Avropaya ixrac olunan Rusiya qazının həcmini kəskin azaltmaqla "köhnə qitə"ni ram edəcəyini düşünürdü. Lakin bunların heç biri gerçəkləşmədi və Putin tam əks nəticə ilə üzləşdi. Rusiyanın işğalçılıq siyasətinə Qərb vahid cəbhədə birləşdiyi kimi, Ukraynanı qətiyyətlə dəstəkləməkdə də davam edir. Qərbin parçalanacağına ümid bəsləyən Putin Finlandiya və İsveçin bitəflikdən imtina edərək NATO-ya üzv olması faktı ilə üzləşdi. Avropanı dondurmaqla hədələyən Putin indi Rusiya qazını satmağa bazar tapa bilmir.
Donald Trampın Ağ evə qayıtmaq ehtimalının mövcudluğu Avropa dövlətlərini Ukraynaya dəstək məsələsində tələsməyə vadar edir. Son zamanlar Avropanın aparıcı paytaxtlarında diplomatlar və hərbçilər Ukraynaya dəstəyi sürətləndirməyi müzakirə edirlər. NATO-nun bir neçə aparıcı ölkəsi Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsini nəzərdə tutan müqavilənin hazırlanması ilə bağlı Kiyevlə danışıqlar aparır. Zəngin Avropa dövlətləri Ukraynanın ehtiyacı olan silahla təmin edilməsi üçün qeyri-rəsmi alyans yaratmağı da müzakirə edirlər. Ukraynaya F-16 qırıcılarının verilməsi üçün yaradılan alyans bu prosesin başlanğacı hesab olunur. Trampın Ağ evə qayıtmaq ehtimalı Ukraynaya F-16 qırıcılarının verilməsini də sürətləndirəcək. Qərbin siyasi və hərbi dairələrində əminlik var ki, Ukraynaya F-16 qırıcıları verilsə, tükənməkdə olan Rusiya ordusunu darmadağın edə bilər. Ukrayna ordusunun əks-hücumunun ikinci mərhələsində əldə etdiyi hərbi uğurlar Qərbdə Rusiyanın məğlub olacağı ilə bağlı ümidləri yenidən canlandırıb.
Tramp kabusu ABŞ və Avropanın siyasi dairələrini narahat etsə də, Rusiyanın ABŞ-dakı seçkilərə qədər davam gətirəcəyi ehtimalı çox azdır. Bu arada Rusiyada yeni hərbi qiyam ehtimalı artmaqdadır. "Vaqner" Özəl Hərbi Şirkətin qurucusu Yevgeni Priqojinin və qrupun hərbi komandirlərinin bir neçəsinin məhv edilməsi, Popov və Surovikin kimi nüfuzlu generalların rəhbərlikdən uzaqlaşdırılması, Qirkinin həbsi hərbi qiyam ehtimalını artır. Yeni hərbi qiyamın Rusiya cəmiyyətindən dəstək ala biləcəyi ehtimalı isə iki ay əvvələ nisbətən indi daha çox artıb. "Vaqner" qrupunun qiyamı zamanı da vətəndaşların Putinin hakimiyyətini müdafiə etmədikləri kimi, qiyamçılara hüsn-rəğbət göstərdikləri müşahidə olunmuşdu. Son iki ayda baş verən hadisələr isə Rusiyanın siyasi və hərbi rəhbərliyinə qarşı nifrəti daha da artırıb. Ukraynanın əhəmiyyətli bir qələbəsi, Baxmut, Mariupol və ya Melitopol kimi şəhərlərdən birinin Rusiya ordusundan geri alınması Moskvada siyasi böhrana səbəb ola bilər. Buna görə Tramp kabusu əslində Ukraynanın maraqlarına xidmət edə bilər.