|
|
|
|
Ukraynaya qarşı müharibədə hərbi-siyasi uğursuzluğa məruz qalan Rusiya ilə Mərkəzi Asiyanın türk respublikaları arasında gərginlik artır. Rusiyanın Qazaxıstandakı baş konsulu Yevgeni Bobrov ölkəsinin rəsmi informasiya agentliyi TASS-a müsahibəsində bildirib ki, Qazaxıstanda rus dilinin istifadəsi və öyrənilməsi səviyyəsində müəyyən azalma var. Baş konsul bunun səbəbi kimi Təhsil Nazirliyinin yürütdüyü siyasəti göstərib. Bobrov bildirib ki, "rusdilli məktəblər və siniflər ixtisar edilib", qazax məktəblərinin birinci siniflərində rus dili tədris planından çıxarılıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi bu iddiaları rədd edərək, hakimiyyətin bütün məktəbləri qazax dilinə keçirmək fikrində olmadığını və vətəndaşların övladlarının hansı dildə tədris alması barədə seçim edə biləcəyi haqqında rəsmi məlumat yayıb. Yaranmış gərginlik Bobrovun vəzifəsini itirməsi ilə sonuclanıb. Qazax mətbuatının məlumatına görə, baş konsulun istefasına səbəb Qazaxıstan Xarici İşlər Nazirliyinin tələbi olub.
Qazaxıstana yönəlik ittihamlar və təhdidlər son zamanlar artıb. Moskvada hətta Qazaxıstanın Ukraynadan sonra Rusiyanın növbəti hədəfi olacağı haqqında açıq fikirlər də səslənir. Moskvada Qazaxıstana və digər Mərkəzi Asiya respublikalarına yönəlik ittihamlar artdıqca bu bölgədə antirusiya əhval-ruhiyyəsi də artır.
Qırğızıstanda rusiyalı cütlüyün yerli sakinlər tərəfindən döyülməsini də ekspertlər antirusiya əhval-ruhiyyəsinin artmasının sübutu olaraq qeyd edirlər. Bu hadisə ilə bağlı Rusiya rəsmiləri də hərəkətə keçib. Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev Qırğızıstanda rusiyalı cütlüyün döyülməsi ilə Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. İnsan Hüquqları Şurasında hesab edirlər ki, rus cütlük "etnik natəmizliyə" görə döyülüb. Məlumatlara görə, hadisə paytaxt Bişkekdəki "Səriyyə" kafesində baş verib. Döyülən şəxslər slavyan görünüşülərinə görə hücuma məruz qalıblar.
Qeyd edək ki, Sovet İttifaqının dağılmasından sonra belə hallar müşahidə olunmuşdu. Belə görünür ki, tarix yenidən təkrarlanır. Bu vəziyyətin yaranmasında isə Rusiya telekanalların xüsusi rolu var. Rusiya mətbuatı, xüsusilə telekanallar Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləməyən bütün ölkələrə, xüsusilə də keçmiş sovet respublikalarına qarşı düşmənçilik aşılayırlar. Bu zaman Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Qırğızıstana yönəlik sərt ittihamlar və təhdidlər səslənir. Gərginlik isə artan xətlə yüksəlir.