525.Az

Fotogenom - Bahəddin Həzi yazır


 

HƏYATIN BİZDƏKİ ŞƏKLİ VƏ YA FOTOGENETİK YADDAŞIN SİRLƏRİ

Fotogenom - <b style="color:red"> Bahəddin Həzi yazır</b>

Özümüzü qoymağa yer tapmadığımız yerdə üzümüzü qoymağa... yer var, çox şükür!

 

...Bir-birinin dərdini çəkən azdır, az! Hamı bir-birinin şəklini çəkir.

Özünün, özgənin fotosunu, videosunu paylaşır hər kəs. Ya baxıb xatırlamaq üçün, ya da xatırlayıb baxmaq üçün.

Ancaq bəzən də, bilirsiniz, biz bir-birimizdə şəklimizin olmasını niyə istəyirik?! Hərdən baxıb lap yaxından və daha da dərindən... unutmaq üçün! Ayrıldığı, hətta nifrət etdiyi insanı da hərdən görmək ehtiyacı var təhtəlşüurun. Üz döndərdiyinin - həyatda üzünə baxmaq istəmədiyinin üzünün şəklinə baxmaq istəyir insan. Üz vermədiyi xatirələrlə bir daha və bir daha fotolarda üzləşmək üçün.

İstəyir ki, unutduğu, ya da unutmaq istədiyi insanın kim olduğunu xatırlasın. Görmək istəmədiyi sifəti yaddaşında tutsun. Həyatda bizə hər cür əzab çəkdirənlərlə birlikdə çəkdirdiyimiz o fotoları bir şəkildə həyatımıza sığışdırıb beləcə yaşayırıq. Təkcə sevinclərimizin deyil, dərdlərimizin də şəkilləndirdiyi zaman axınına Həyat deyilirmiş.

Qəribədir, deyilmi? Unutmaq istədiyimizi xatırlamaq ehtiyacı!

Bəlkə həm də o üzdən bu qədər şəkil çəkirik və çəkdiklərimizin üstündə əsirik. Bir növ əsir düşürük fotolara. Həm də könüllü. O qədər könül veririk ki, itirəndə çox üzülürük. Üstündə əsdiyimiz şəklin altını çəkirik sonra.

Həyatımıza verdiyimiz illüstrasiyaların, qurduğumuz dekorasiyaların dağıntıları altında qalıb əzilirik də. Ancaq geri çəkilmirik. Bax, belə bir "ifrat vizuallaşma" sindromu!

Nədir axı bu fotodan, videodan "çəkdiklərimiz", İlahi?! Bəlkə elə Sənin iradənin şəklidir bu; düşüb Yer üzünə. Dünyanın hər iki üzünə.

Nə sirdir, görəsən: bu dünyadan doxsanında köçən qocanın da yas məclisinin divarından bizə baxan o sima mərhumun cavanlıq şəkli olur! Bəlkə insan bu dünyada qocalana qədər yaşasa da, yaşlansa da, o biri dünyaya cavan şəklində getmək istər! Cavan şəkildə... Ya da yaddaşlarda cavan qalmaq arzusudur bəlkə. Son arzu! Özündən sonrakı arzu...

Bəs ifrat vizuallaşaraq necə yaşayır bu insan?! Bəlkə elə həmin o ifrat vizuallıq xəstəliyi səbəbindəndir ki, ölüm bu qədər cavanlaşıb. Öz sağlığında elə özünün qaçılmaz yoxluğuna indidən rəngli xatirələr toplayır insan. Öz ölümünə sağlığında bəzək-düzək verir. Bütün bunlara başı o qədər qarışır ki, yaşamağa vaxtı qalmır.

Yadınızdadırmı, əvvəllər albomlara yapışdırdığımız fotolarımız özümüz üçündü. Bir də uzaqbaşı uzaqdan-yaxından "çovuyub" evimizə düşən doğma qohum-qardaşın, məhrəm qonaq-qaranın gözləri üçün. Yad gözdən gizlədər, qoruyardılar, saxlayar-sakınardılar o albomları.

Fotoşəkillər tipik ailələrin yarımgizli sirriydi; bir azca, ya da az qala intimiydi. Hələ ərgən oğlanın əlinə bir ərlik qızın şəkli keçəydi! Paho, aləm dəyərdi bir-birinə. İllah da kənd-kəsəkdə bir qızın şəkli bir oğlanın cibində göründüsə, adına söz çıxardı o biçarə zərif xeylağının. Əgər həmin o şəklin necəsə düşdüyü cibin yiyəsinə verməsəydilər, o qız qarıyıb evdə də qala bilərdi...

Bəs indi?!

İndi hamıda hamının fotosu var. Hamıda hamının videosu var.  Feysbuku demirəm, instaqramda, Tik-Tokda hesabı olmayana camaat belə birtəhər baxır e.

Bəli, qardaş, indi hər kəsin şəkli hər kəsin üzünə düşüb. Ya işıq kimi, ya kölgə kimi, ya da lap ləkə kimi...

Vay o gündən o şəkilli xatirə "boğçasını" "əlindən salıb" itirəsən! Dünya qopur, nə qopur!

...Bir dostum telefonunu çox pis sındırmışdı. Telefonun yaddaşlndakı bütün fotolar, videolar itmişdi. Buna görə bir müddətlik dərin depressiyaya da qapılmışdı.

Bu arada o fotolardakıların, videolardakıların çoxu həyatda olan, dostumun yanındakı, gözünün qarşısındakı real insanlardı. Onları yenidən çəkə bilər. Amma yox! Dostum o sınan telefonun yaddaşındakı zamanı və məkanı - "o anı" itirmişdi. Ona elə gəlirdi ki, bundan sonra çəkdiklərinin heç biri əvvəlki qədər mükəmməl və fotogenik olmayacaq.

Dostumu üzən, qüssələndirən nöqtə əslində təkcə o ankı şəkil - o zamanın şəkli deyildi. O şəklin içindəki zamanı itirmişdi axı. Ömründən ötüb keçməkdə olan bir anın şəklini çəkmişdi və indi şəkillə birlkdə ömrünün bir parçasını itirmişdi. Hər halda özü elə düşünürdü.

Bir yanlış suala doğru cavab axtarıram bəlkə də: "İnsanlar şəkil çəkməyə, çəkdirməyə niyə bu qədər önəm verir görəsən?!"

Amma bax! Bu sualın da şəkli varmış! Həm də elə bu oxuduğunuz cızmaqaradır o "foto"!

...Bakı Heyvanat Parkının yanındakı kafenin divar boyu şüşə pəncərəsindən tutuquşunun qəfəsi görünür. Bir xeyli baxdım və düşündüm. Düşündüm və üzüldüm.

Qəfəsin qarşısında çoxlu uşaq, bir neçə böyük toplaşıb. Böyüklərdən ikisi tutuquşunun şəklini çəkir. O şəkilləri tanışlarına, dostlarına göstərəcəklər. Bəlkə sosial şəbəkələrdə paylaşacaqlar. Amma... yoğun məftillərdən, metal çubuqlardan hörülmüş həmin o "asosial şəbəkə"nin, yəni qəfəsin içindəki tutuquşuna bu məşhurluq lazımdırmı?! Yox!

O "azadlıqda məhbus" tutuquşu üçün tanınmış olmaq heç nə ifadə etmir, varlığına, yaşamına heç bir yeni anlam vermir, həyat ukladına ekstra dəyər qatmır. Əksinə, tutuquşunun bu "məşhurluğu" o fağırı öz dəmir məhbəsinə daha çox məhkum edib. Çünki tutuquşuna baxmağa gələnlər zooparkın xəzinəsinin "doğanağından" keçirlər. Anladığınız kimi: "mani-mani"...

O tutuquşu qəfəsinin içində "məşhurlaşdıqca", heyvanat parkı (ya da parkın direktoru) daha da varlanır. İnsan varlandıqca, tutuquşu öz qəfəsində daha çox... yox olur. Uçuş məsafəsi qısalmış, həyat eşqi azalmış, azadlıq ümidi sozalmış, yaşam arealı daralmış... Daha doğrusu, heç qalmamış! Quş da hər gün bu durumdan daha da sıxılmış, darıxmış, darılmış. Qazandığı isə, sadəcə, fantom "tanınmışlıq"!

Qəfəsdə oturmaq və məşhur olmaq...

İndi bunu başqa hara yazaq, daha necə yozaq?!

...Yetkili qurumlardan izn ala bilsən, get, ömürlük məhbusun da şəklini çək, lap elə ömürlük bəxtsizin həmin o gün üzü görməyən təkadamlıq qapalı kamerasında sən öz kameranı aç və canlı yayım et, nə olsun ki?! Bununla sən "ölümünə məhkum" olunmuşa bir fayda verə biləcəksənmi?! Onu hay-küylü populyarlıqmı çox düşündürür, yoxsa ...səssiz-səmirsiz azadlıq havasımı?!

Amma nisbi fiziki azadlıqdakı biz, deyəsən, "azadlıq" sözünün "kökü"nü buraxıb da, "şəkilçisi"ndən yapışmışıq; ruhun fəlsəfəsindən qopub, zahirin əyləncəsinə qapılmışıq, beləcə sürüklənib gedirik. Bəlkə də həyatımızı istədiyimiz kimi şəkilləndirə bilmək ehtiyacımız bizi vizuallığa, üstəlik virtuallığa doğru çəkir. İstədiyimiz kimi bir həyat qurub yaşaya bilməyəndə o həyata dair xəyalın şəklini çəkib, paylaşıb yaşayırıq. Həyatı paylaşa bilmədiklərimizlə təkcə elə fotoları paylaşırıq.

Off, nə acı!

...Kreditə girib Braziliya sahillərinin ekzotikasına, Ağdəniz kurortlarının qumsalına, ya da lap elə İsveçrə Alplarının sürüşkən ətəklərindəki adrenalin "partlayışına" qonaq gedən adam bu keçici bəxtəvərliyin aldadıcı şəkillərinə sığınacaq əlbət. Başqa nə edəcək ki?! Bankdan o borcu nahaq yerə almadığını, məmləkətimizin bu ağır, soyğunçu faiz yükünü ürəyində-kürəyində boş yerə daşımadığını özünə isbatlamaq üçün adama "dəlil" lazımdır. Ya da, nə bilim, bəlkə özünü ovutmaqdan ötrü çırpınırsa! Həyatın acı gerçəklərindən qaçıb da şəkilli, şirin bir yalanın qaranlığında daldalanacaq axtarırsa! Və mən buna "fotogenik təsəlli" desəm...

Anlıq xoşbəxtliyə çəkilən xərcin xəcalətini xəfiflətmək istəyər bəlkə insan. O halda fotodan və videodan daha inandırıcı "sübut" nə ola bilər?! Bir növ özünəbəraət qəbzi kimi bir şey...

Hə, bu arada onu da deyim: əslində öz ömrümüzü özümüz üçün deyil, başqaları üçün yaşamağa alışdığımıza görə üzümüzə gülümsəyən, xoşbəxt fotolar lazımdır axı bizə, elə deyilmi?! Hələ bir azca da irəliyə gedirik; başqalarının gözündən baxanda qüsursuz, hətta üstün görünmək çabalaması da var. Xroniki narsisizmdən əziyyət çəkən binəvaların ifrat özünüsevmişliyinə heç fəlsəfə cavab tapa bilməyib, tibb hardan əlac tapacaq ki?

Hərçənd bu cavabı tapacaq olanın Allah dərgahında bir ayrı savabı var! O ayrı...

Fəqət! Elmin də, dinin də cavabını bilmədiyi, ya da cavab verə bilmədiyi suallar varsa, deməli, hə, o zaman ortaya çıxan bir gerçəkdən qaçış yox!

Atelofobiyə ümidsizcəsinə yoluxmuşuq sanki; mükəmməl olmamaq, ya da mükəmməl ola bilməmək qorxusu ruhumuzu əsir alır. Toyda kameranı görən kimi mədəmizdən gələn siqnalları susdurub özümüzü yığışdırırıq; yeyəcəyimiz loxmadan üz çevirib, "ikinci" üzümüzü fotoqrafa tərəf çeviririk. Boğazımızdan keçəcək o loxma bizimlə birlikdə tarixə keçməsin deyə belə edirik. O bir tikə nemətin bizimlə şəkli olmasın deyə.

Niyə də, niyə?!

Yaxud çöldə-bayırda külək saçımızı dağıdıbsa, fotoqraf da bizi o cür çəkibsə, heç kim görməsin deyə dərhal şəkli silirik. Əslində isə həmin andakı adam elə biz özümüz idik. Özümüzü sildik, getdi. Və o foto həm də təbiətin şəkliydi; bizimlə yanaşı, küləyin də fotosu çəkilmişdi. Şəklimizə külək düşmüşdü, ya da küləyə şəklimiz düşmüşdü...

Beləcə, biz küləkdən qaçıb fotoda gizlənmək qəflətinə də düşürük. İstəyirik ki, şəkildə qüsursiz düşək. Həyatımızı qüsurlarla yaşayıb da, fotoda mükəmməl "oluruq". Heç kimin görmədiyi yerdə özümüz kimiyik, hamının baxdığı yerdə başqasıyıq. Bəlkə də doğrusu budur, bəlkə yox! Bəlkə külək bizi pis göstərir deyə saçımızın dağınıq şəklini silirik. Hə, şəkli sildik. Bəs küləyin özünü də həyatımızdan silə bildikmi?!

Məsələ küləkdə də deyil; demirəm ki, saçın dağılıbsa, elə də gəzməlisən. Mətləb başqadır. Ayrı vaxt yüz kilometrlərlə yol gedirik ki, təbiətin gözəllikləri fonunda şəkil çəkdirək, paylaşaq, dost-tanışa "hava ataq". Təbiətin fonunda bu qədər şəklimiz varkən, təbiət bircə dəfə bizim fonumuzda şəkil çəkdirmişdi, onu da həyatımızdan pozduq. O külək saçımızı dağıtmaqla şəkildə öz önəmini qabartmaq, ya da yalnız və yalnız varlığını vurğulamaq istəmişdi. Təkcə şəkildə də yox! Həyatımızda!

Di gəl ki biz... Allahın havasının bizimlə birlikdə "hava atmağına" imkan vermədik. Amma nahaq! Həm də çox nahaq! Deyəsən, hələ də anlamadıq! Fərqinə varmadıq ki, insan özü bir gün ağızdan çıxan son nəfəs olur, sadəcə. Son hava. Uçur, qarışır sonsuz-sınırsız havaya. Son nəfəsimizi verib, əvəzində son mənzilin qapısına düşən açarı alırıq. O an ruhumuz bədənimizdən çıxıb küləyə dönür. Kim bilir, bəlkə o fotomuzdan qovduğumuz külək də bir zaman insan olub. Kiminsə ruhlar dünyasındakı ikinci ömrüdür bəlkə. "Ya da günü sabah o külək elə mən özüm olacam" deyə düşünə bilən neçə nəfərik?!

Və son! Bu dünyadakı ömür onsuz da getməklə qalmaq arasındakı vurnuxmaların zaman ölçüsüdür. Qalmaq üçün adamın heç bir səbəbi qalmayanda getməkdən ötrü ürəyi gedir. Çünki getməmək üçün yol qalmır. "Getməyə bir yerim varsa, daha qalmağın yeri yoxdur", - deyə düşünür ruhumuz. Axır bu həyatda özümüzü qoymağa bir yer tapa bilməyəndə, üzümüzü qoymağa bir yer var, çox şükür! Beləcə insan üzünün sonuncu şəkli torpağa düşür...

 





30.08.2023    çap et  çap et