525.Az

Böyük Qayıdış yolunda yeni addımlar: Kəlbəcər sürətlə abadlaşır


 

Böyük Qayıdış yolunda yeni addımlar: Kəlbəcər sürətlə abadlaşır<b style="color:red"></b>

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonu Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Ermənistan ordusu tərəfindən boşaldılıb. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdü. Nəticədə, 60 min kəlbəcərli ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və sair talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

İşğaldan azad olunduqdan sonra Kəlbəcərə səfər edən Prezident İlham Əliyev buradakı erməni vəhşiliyi ilə bağlı deyib: "Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar".

Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən, Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Kəlbəcər rayonu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilən digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Kəlbəcər rayonunda həyata keçirilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası xüsusi əhəmiyyət kəsb edir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər. Səfər zamanı Prezident və Birinci xanım "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, "İstisu" Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə Prezidentə və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, Kəlbəcər "İstisu" mineral sudoldurma zavodu 1981-ci ildə inşa edilib. Zavod 1991-ci ilin sonlarında fəaliyyətini dayandırıb. Yeni tikiləcək "İstisu" zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək. Müəssisədə ikinövbəli əsasda təxminən 100 nəfər işlə təmin olunacaq. Zavodda Almaniya şirkəti tərəfindən təchiz olunan şüşə və plastik qablaşdırma istehsal xətləri fəaliyyət göstərəcək. Şüşə dolum xəttinin nominal gücü saatda 16 min, plastik dolum xəttinin nominal gücü isə saatda 8 min ədəd təşkil edəcək. Aylıq istehsal gücü isə 8 milyon ədədə yaxın olacaq. "İstisu" Müalicə-İstirahət Kompleksinin layihəsi barədə məlumat verilərkən bildirilib ki, 1927-ci ildə fəaliyyətə başlayan bu sanatoriya keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi. Kompleksin ərazisində üç yataq korpusu, bir müalicəvi vanna xidməti binası, bir poliklinika korpusu fəaliyyət göstərirdi. Sovet dönəmində bu kurort-sanatoriya kompleksi ildə 50 min nəfəri qəbul etmək imkanına malik olub. Buraya əsasən həzm sistemi xəstəliklərinin müalicəsi üçün müraciətlər edilirdi. Bərpa ediləcək "İstisu" Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi 32 min kvadratmetr olacaq. Kompleksdə 145 nömrə, eləcə də 10 kottec yaradılacaq.

Kompleksdəki SPA Mərkəzində isə termal hamam, müalicəvi vanna, həkim otağı, o cümlədən, müxtəlif müalicəvi hovuzlar, prosedur otaqları, təzyiqli su terapiyası, masaj, buxar, duz otaqları, istirahət zonaları, gözəllik salonu mövcud olacaq. Burada müxtəlif iaşə obyektləri - restoranlar, uşaq əyləncə mərkəzi, oyun otağı, sportskafe, karaoke otağı, kafeteriya da qonaqlara xidmət göstərəcək.

Prezident "AzərEnerji" ASC-nin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib. Bildirilib ki, hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat/saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.

"Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə "Kəlbəcər-1", 6,3 meqavat gücündə "Qamışlı" və 3,4 meqavat gücündə "Meydan" Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib.

İlham Əliyev və Mehriban Əliyeva Zar kəndinin təməlqoyma mərasimində də iştirak ediblər. Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.

Zar kəndində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə olunacaq. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Millət vəkili Kamran Bayramov qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər rayonuna səfəri bir daha sübut etdi ki, işğaldan azad edilən ərazilərimiz diqqət mərkəzindədir və sürətli inkişaf mərhələsinə qədəm qoyub. Deputatın sözlərinə görə, dövlət başçısının bu rayonlara səfəri zamanı bəzi müəssisələrin açılışında, habelə obyektlərin təməlqoyma mərasimində iştirakı o deməkdir ki, həmin rayonların sosial-iqtisadi həyatında çox böyük dirçəliş baş verir: "Bu, bölgəmizdə həyatın sürətli qayıdışından, inkişafından xəbər verir. Prezidentin bu yaxınlarda imzaladığı sərəncama əsasən, Kəlbəcər rayonunun yenidən qurulması, sosial-iqtisadi inkişafının təmin edilməsi üçün vəsaitin ayrılması diqqətçəkən məqamdır. Qısa zamanda böyük sənaye müəssisələrinin, turizm və kənd təsərrüfatı obyektlərinin, hotel və mehmanxanaların, məktəb və xəstəxanaların inşası bu rayonların, dövlətimizin iqtisadi gücünün göstəricisidir".

K.Bayramovun dediyinə görə, işğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Deputat həmin proqram çərçivəsində işlərin kortəbii yox, planlı şəkildə həyata keçirildiyini xatırladıb: "Prezident söz sahibidir, verdiyi vədlərin üstündə durur. 44 günlük Vətən müharibəsindən sonra ilk sözləri o olmuşdu ki, biz işğaldan azad edilmiş ərazilərə həyatın və soydaşlarımızın qayıtmasına çalışmalıyıq. Biz indi həmin sözlərin nəticəsini görürük. İnsanlarımızın əlverişli şəraitdə yaşaması üçün bütün addımlar atılır. Ümumiyyətlə, bu işlər regional siyasət çərçivəsində həyata keçirilir. Yəni işğaldan azad olunmuş ərazilərlə yanaşı, bütün bölgələrdə bu işlər görülür. Prezidentin digər rayonlarımıza səfəri göstərir ki, bu işlər ölkə üzrə tarazlı şəkildə həyata keçirilir".

Millət vəkili Vüqar İskəndərov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsindən sonra quruculuq və abadlıq işlərinin aparıldığı qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzur əraziləri tikinti, quruculuq, abadlıq meydanına çevrilib.

Böyük Qayıdışın başladığını xatırladan millət vəkili bu prosesin uğurla davam etdiyini söyləyib: "Prezident-xalq birliyi sayəsində müharibədə qalib gəldik, eləcə də postmüharibə dövründə də uğurlu addımlar atırıq. Qeyd edim ki, dağıdıcılığı, vəhşiliyi həyat tərzi seçən Ermənistandan fərqli olaraq Azərbaycan hər zaman quruculuğa, inkişafa hesablanan siyasət həyata keçirib. İşğaldan azad edilmiş ərazilərdə postmüharibə dövründə görülən işlər bizim qurucu xalq olduğumuzu, həm də bu torpaqların gerçək sahibləri olduğumuzu təsdiqləyir".

V.İskəndərov qeyd edib ki, elə Prezident İlham Əliyevin Kəlbəcərə son səfərinə də bu kontekstdən yanaşmaq lazımdır: "Bu səfərlər zamanı istifadəyə verilən yeni infrastruktur layihələri, Kəlbəcərdə Zar kəndinin təməlinin qoyulması, həmçinin, bəzi yerlərdə davam etdirilən işlərlə tanışlıq onu deməyə əsas verir ki, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli, müasir, müstəqil Azərbaycan işğaldan azad edilmiş şəhər, rayon və kəndləri yenidən qurur, dirçəldir. Bir sözlə, bu yerlərin yenidən cənnətə çevrilməsi üçün inamlı addımlar atılır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, artıq dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur bizim gücümüzü, istədiyimizə hər zaman nail ola biləcəyimizi göstərir".

Sevinc QARAYEVA

 





30.08.2023    çap et  çap et