525.Az

Şəhid anasının son arzusu


 

Şəhid anasının <b style="color:red">son arzusu</b>

Bir neçə gün əvvəl mətbuat səhifələrində qələminə hörmət etdiyim bir jurnalist tərəfindən Şəkinin Aşağı Göynük kəndindən olan şəhid Faiq Əbdürrəhimovun anadan olduğu evin fotosu yayımlanmışdı. Yazıdan belə çıxırdı ki, şəhidin özü də daxil olmaqla 5 qardaş və 3 bacı bu daxmada anadan olublar. Şəhidin anası və onunla birgə yaşayan kiçik oğlunun ailə üzvləri hələ də bu daxmada yaşayırlar.

İlk növbədə bildirmək istəyirəm ki, 35 ildən çoxdur ki, bu ailə kənddə zəhmətkeş və qürurlu bir kişi kimi tanınan rəhmətlik Məmmədəli əminin öz alın təri ilə tikdirdiyi kürsülü, 3 otaqlı normal bir evdə yaşayıblar. Şəhid olan oğlu Faiq də bizim gözlərimiz önündə məhz bu evdən son mənzilə yola salınıb.

Hazırda şəhid anası, şəhidin kiçik qardaşı və onun ailəsi bu evdə yaşayır. Və bu mənzil tikiləndə Aşağı Göynük kəndində 3-4 səviyyəli, normal ev vardısa, onlardan da biri Məmmədəli əminin evi olub. Bu gün bu evə baş çəkən istənilən şəxs görər ki, bu həyətdə tikilən tövlə belə, mətbuatda yayımlanan daxmadan bir neçə dəfə böyükdür.

Məqaləni və şəkli ilk olaraq yayımlayan jurnalist və ona bu şəkli ötürən “qəhrəman” bilməli idi ki, hazırda şəhidin öz zəhməti ilə yaşayan iki qardaşı ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və dostları, qonşuları, iş yoldaşları, yaxın ətrafları arasında hörmət, nüfuz sahibidirlər. Şəhidin 3 bacısı ərdədir, ailəsi və övladları var. 

Bu gün bu qardaş və bacılar, kürəkənlər, onların övladları, onların kəndəki evlərini görməyən dost və tanışlarına, qonşularına, doğma analarının, qardaşı və onun ailəsinin mətbuatda yayımlanan həmin miskin daxmada yox, normal bir evdə, normal şəraitdə yaşadıqlarını izah və sübut etmək məcburiyyətində qalıblar. Doğrudanmı yazını yazan müxbir qardaşımız və bu şəkli mətbuata ötürən şəxs bir şəkillə bu şəhid ailəsinə nə qədər böyük mənəvi zərbə vurduqlarını dərk etmirlər.

Yazının müəllifi bildirir ki, fotonu ona şəhidin anası Məfkurə Əbdürrəhimova göndərib. Şəhidin anasını tanıyan hər kəs bilir ki, o da mərhum həyat yoldaşı Məmmədəli əmi kimi qürurlu və zəhmətkeşdir. Və onun faktiki yaşadığı normal şəraitli evi ola-ola, bu miskin daxmanın mətbuatda onun yaşayış evi kimi təqdim olunmasına heç vaxt razı olmaz, bunu öz qüruruna sığışdırmazdı. 

Əgər bu fotonu onun xəbəri olmadan başqa şəxs göndəribsə, şəhid anasının arxasında gizlənərək şəhidin ruhu ilə oynamasın! Bu ananı qorumağı və yaşatmağı bacaran qeyrətli oğlanları, qızları, onların həyat yoldaşları və nəvələri var. 

Bütün kənd bilir ki, əgər şəhidin atası Məmmədəli əmi sağ olsaydı heç kim, hətta öz doğma övladları belə cürət edib şəhid adından istifadə edə, şəhidin ruhunu incidə, eləcə də heç kim bu ailənin haqqına girə bilməzdi. 

Bu həmin Məmmədəli əmi idi ki, 2 oğlu Faiq və Namiq eyni vaxtda Qarabağ uğrunda döyüşlərdə iştirak ediblər. Bu həmin Məmmədəli əmi idi ki, Zəngilan alınanda hərbi hissə dağıldığına görə bir neçə günlüyə evinə qayıdan oğlu Faiqə, döyüş getdiyi bir vaxtda oğlunun kənddə olmasına görə camaat arasına çıxa bilmədiyini, təcili geri qayıtmasını tələb etmişdi və qısa müddət sonra yenidən döyüşə qatılan oğlu Faiq şəhid olduqda onun tabutunu, həmin vaxt ön cəbhədə döyüşdə olan ikinci oğlu Namiq Əbdürrəhimov öz çiyinlərində ata yurduna gətirmişdi. 

Bu həmin Məmmədəli əmi idi ki, şəhid olan oğluna görə ataya təskinlik verən hər kəsə, gözündən bir damla yaş axıtmadan bir cavabı olmuşdu: VƏTƏN SAĞ OLSUN! 

Bu həmin Məmmədəli əmi idi ki, şəhid oğlu Faiqin dəfni üçün göstərilə biləcək bütün yardımlardan qəti şəkildə imtina etmiş, başını dik tutaraq, övladını kişi kimi, öz məhdud imkanı ilə, yüksək səviyyədə son mənzilə yola salmışdı.

Bu gün şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrinin mənzillə təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Və yəqin ki, 77 yaşlı şəhid anası Məfkurə Əbdürrəhimovanın son arzusu olan evlə təminatı onun öz sağlığında həllini tapacaq. 

Yaşar ƏBDÜRRƏHİMOV 

PS. Şəhid anasının yaşadığı iddia olunan daxmanın öndən görünüşünü əlavə edirik.

 





30.08.2023    çap et  çap et