525.Az

Azərbaycanda dini təhsil: yeni mərhələdəki uğurlu nəticələr


 

Azərbaycanda dini təhsil: yeni mərhələdəki uğurlu nəticələr<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizasına daxil olan müraciətlər əsasında 2127 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən134 adda dini ədəbiyyata baxılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılovun dediyinə görə, Komitə daim dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir. Həmçinin hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı profilaktik və inzibati tədbirlər görülür.

G.İsmayılov bildirib ki, Azərbaycanın dini mühitinə xaricdən təsirləri, kənar təsirləri sıfıra endirmək bizim üçün əsas məqamlardan biridir: "Çünki din sahəsində hər hansı xırda bir məsələ belə varsa, mütləq burada bir kənar təsir, ən azı kənar ideoloji müdaxilə var. Ona görə din sahəsinin sağlam qalması, Azərbaycan xalqının bu zənginliklərini qoruyub-saxlamağımız üçün kənar təsirləri sıfıra endirməliyik. Bu istiqamətdə digər aidiyyəti dövlət qurumları, o cümlədən, hüquq mühafizə orqanları, Qafzaq Müsəlmanları İdarəsi ilə birgə kənar təsirləri azaldırıq, mənə elə gəlir ki, hazırda bu istiqamətdə uğurlarımız var".

Sədr müavininin söylədiyinə görə, əsas işlərdən biri də yüksəkixtisaslı kadrlar yetişdirməkdir: "O kadrlar ki, din sahəsində milli kadr olacaq, Azərbaycanın ziyalı kontingentinin tərkib hissəsinə çevriləcək. Azərbaycanlı kimi düşünəcək, azərbaycanlı kimi yaşayacaq və Azərbaycan üçün çalışacaq. Əsas bunlara nail olmaqdır. Biz din xadimləri təyin edərkən onlarla centlmen şərt kəsirik. Təyin etdiyimiz din xadiminə deyirik ki, sizdən istədiyimiz bircə şeydir: Allaha xatir, Allah rızası üçün millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət. Sırf Allaha xatir, Allah rizası üçün ümmətə, millətə xidmət edən din xadimi Vətəninə, dövlətinə də sadiq oldusa, bizim bu sahədə demək olar ki, problemlərimiz qalmayacaq".

O vurğulayıb ki, ötən il "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik edildi. Dəyişikliyin də mahiyyəti bundan ibarət idi ki, məscid və ziyarətgahlara din xadimlərinin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilsin: "Biz bu proses şəffaf olsun və daha layiqli namizədlər təyinat alsın deyə "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nı hazırladıq və Ədliyyə Nazirliyində normativ hüquqi akt kimi qeydiyyatdan keçirdik. Qanunvericiliyə görə, müsəlman din xadimlərini Dövlət Komitəsinin sədri təyin edir. Amma Komitə sədri istənilən şəxsi din xadimi təyin edə bilməz. Birincisi, qanun tələb edir ki, din xadimi təyin olunacaq şəxsin ya ali dini, ya da orta ixtisas dini təhsili olsun. Yəni namizəd ya universitet, institut, akademiya, ya da mədrəsə bitirməlidir. Bu, qanunun tələbidir. İkincisi, Dövlət Komitəsinin sədri əgər ali təhsili olan şəxs müsahibədən keçməsə, onu imam, yaxud imam müavini təyin edə bilməz. İlahiyyatçılardan ibarət 7 nəfərlik Müsahibə komissiyası var. Komissiya üzvləri İlahiyyat İnstitutunun müəllimləri, eyni zamanda Dövlət Komitəsində çalışan ilahiyyatçı əməkdaşlardır. Yəni 7 nəfərin içərisində bir nəfər də olsun, qeyri-ilahiyyatçı yoxdur. Qaydaya əsasən, 7 nəfərin hər birinin qiymətləndirmə balı 5-dir və namizəd maksimum bal toplayacağı halda bu, 35 edir, keçid balı isə 26-dır. Bu o deməkdir ki, namizədin təsadüfən, yaxud qanundan kənar yolla müsahibədən keçməsi mümkün deyil. Çünki 7 nəfərin hər biri onu qiymətləndirməlidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimovanın dediyinə görə, ötən il "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, məscid və ziyarətgahlara din xadimlərinin təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bu prosesin şəffaf və obyektiv keçirilməsi üçün "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası" hazırlanıb və Ədliyyə Nazirliyində normativ hüquqi akt kimi qeydiyyatdan keçib.

Qanuna əsasən, din xadimi təyin olunacaq şəxsin mütləq dini ali və ya orta ixtisas dini təhsili olmalıdır. Amma bu, din xadimi kimi təyinat almaq üçün yeganə tələb deyil. Çünki dini təhsili olan, bununla yanaşı, Dövlət Komitəsi tərəfindən təşkil olunan müsahibədə uğur qazanan şəxs din xadimi kimi təyinat ala bilər.

Müsahibə isə yalnız ilahiyyatçılardan ibarət komissiya tərəfindən keçirilir. Müsahibədə din xadimi olmaq istəyən şəxslərin dini və dünyəvi bilikləri, ümumi dünyagörüşü yoxlanılır. Bunun üçün müsahibə proqramı hazırlanıb və Dövlət Komitəsinin rəsmi saytında yerləşdirilib. Hər kəs onunla tanış ola bilər. "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi" Qaydası ilə də rəsmi saytda tanış olmaq mümkündür. Bir sözlə, din xadimlərinin təyinatı ilə bağlı meyarlar birbaşa qanunvericiliyə əsaslanır: "Məscidlərdə fəaliyyət göstərən din xadimlərinin böyük hissəsi dini təhsillidir. Lakin dini təhsili olmayan şəxslər də var ki, onlar tədricən təhsilli şəxslərlə əvəz olunur. Çünki qeyd etdiyimiz kimi, bu, Qanunun tələbidir və din xadimi olmaq üçün dini ali və orta ixtisas təhsili şərtdir. Deməli, təhsilsiz şəxslər ixtisaslı kadrlarla əvəz edilməlidirlər və əminliklə demək olar ki, bu proses uğurla başa çatdırılacaq".

E.Kərimova qeyd edib ki, xaricdə dini təhsil almış şəxslər də din xadimi olmaq üçün keçirilən müsahibədə iştirak edə bilərlər. Onlara münasibətdə fərqli meyarlar və tələblər tətbiq olunmur. Harada dini təhsil almasından asılı olmayaraq, din xadimi olmaq istəyən şəxs qanunvericiliyə uyğun şəkildə müsahibədə iştirak etməli və uğur qazanmalıdır. Yalnız bundan sonra o, Dövlət Komitəsi sədrinin əmri ilə təyinat ala bilər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradılması ölkədə ali dini təhsil yeni mərhələyə qədəm qoyub. Din mənəvi dəyərdir. Prezidentin sərəncamına müvafiq olaraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keçirilməsi, dini-mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından hər cür alqışa və təqdirəlayiq olub, ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Dünya universitetlərinin əksəriyyətində ilahiyyatla bağlı fakültələr mövcuddur. Bu, dini müxtəlif yönlərdən öyrənməyə, tədqiq etməyə xidmət edir. Din də mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca bir təhsil müəssisəsinə ehtiyac vardı: "Ölkədə din təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını qarşısına məqsəd qoyan İlahiyyat İnstitutu qısa zamanda bir sıra nailiyyətlər də əldə edib. İlahiyyat İnstitutunu dünya səviyyəli təhsil müəssisəsinə çevirmək əsas məqsədimizdir və bütün imkanlarımızla bu istiqamətdə çalışırıq. Bu istiqamətdə müəyyən işlər görülüb və proses davam etdirilir. Bir çox xarici universitetlərlə tələbə-müəllim mübadiləsi ilə bağlı müqavilələrimiz mövcuddur".

Aqil Şirinov ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə Sumqayıt şəhərində, Qaradağ, Saatlı, Neftçala, Astara, Masallı, Qusar rayonlarında yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinin təşkil edildiyini bildirib.

İnstitutda təhsil alan tələbələr arasında Türkiyə və Gürcüstan vətəndaşlarının da olduğuna diqqət çəkən A.Şirinov İnstitutla Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Şeyx Abdulla Əfəndi adına İslam Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalandığını vurğulayıb.

Sevinc QARAYEVA

 





31.08.2023    çap et  çap et