525.Az

“Ana, Vətənə çatmışıq, tezliklə siz də gələrsiniz!”


 

“Ana, Vətənə çatmışıq, tezliklə siz də gələrsiniz!”<b style="color:red"></b>

Ümummilli Lider Heydər Əliyev: "Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!"
 
44 günlük Vətən müharibəsində döyüşən, şəhidliyə ucalan qəhrəman vətənpərvər oğullarımız daima qəlbimizdədir. Onların döyüş yolu şanlı Zəfərin salnaməsidir. Hər bir Vətəndaşın borcu və amalı şəhidlərimizi əbədi yaşatmaq və onları hər zaman uca tutmaqdır!
 
44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan çavuş İlkin İsgəndərovun ailəsini bu günlərdə ziyarət etdik. Qubadlıdan olan İlkin Camal oğlu İsgəndərov 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Subay idi.
 
Şəhid İlkinin atası İskəndərov Camal Nüsrət oğlu 1974-cü il Qubadlı rayonu Hacılı kəndində anadan olub. Orta təhsillidir. Hal-hazırda işsizdir. Qardaşı İskəndərov Mübariz Nüsrət oğlu Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə könüllü olaraq döyüşlərə qoşulub. Laçın döyüşlərində şəhadətə ucalıb. Oktyabrın 6-sı Hacılı kəndində dəfn olunub. 

Şəhid İlkinin atası İskəndərov Camal Nüsrət oğlu deyir ki, həmişə hara getsəydik deyərdilər ki, siz qardaşsınız? Heç ata-balaya oxşamırsınız. Həmişə mənə hər işimdə kömək edərdi. Ailədə anasına da, mənə də çox bağlı idi. İlkin gedib, belim qırılıb…

Şəhid İlkinin anası İskəndərova Ramilə Yaşasın qızı 1980-ci ildə Xocavənd rayonunda anadan olub. Orta təhsillidir, işləmir. Ramilə xanım deyir ki, ailədə bir bacı, bir qardaş idilər. Böyük övladımız İlkin idi.

Şəhidimizin bacısı Lətifova İlkanə Camal qızı 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailəlidir, iki övladı var. Orta təhsillidir. Lətifova İlkanənin yoldaşı Lətifov Elşən Rövşən oğlu 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsillidir, polis əməkdaşıdır.

Şəhidimizin nənəsi İskəndərova Səkinə Canbaxış qızı 1951-ci ildə Qubadlı rayonu Qaralar kəndində anadan olub. Şəhidimizin nənəsi İskəndərova Səkinə xanım deyir ki, İlkin əmisi Mübariz, dayısı Əvəz kimi mərd oğul idi, həmişə bizdən Qubadlını soruşardı, deyərdi ki, mən əmimin də, dayımın da qisasını alacağam, torpaqlarımızda döyüşəcəyəm. Sevdiyi qız var idi, elə hey can atırdı ailə qurmağa, çox ailəcanlı idi. Yarım qaldı arzuları, Mübarizim kimi... (Red: ağlayır)

Şəhidimizin anası İskəndərova Ramilə xanım deyir ki, balam İlkinin o qədər arzuları var idi, o qədər həyatsevər, şən, qayğıkeş idi. Hər şeyin ən yaxşısını ailəsinə, evə alardı. Sevərdi evində bər-bəzəyi, rahatlığı, tamlığı. Ən böyük arzusu FHN-də işləmək idi. Ən sevdiyi peşə isə bərbər idi. Məktəbdə həmişə tərbiyəvi davranışı, nizam-intizami ilə daima seçilərdi. Bacısını cox sevərdi, gözü kimi qoruyardı. Balamın taleyi əmisinə, dayısına oxşadı... Qardaşım Həsənov Əvəz Yaşasın oğlu Xocavəndin işğalı zamanı şiddətli döyüşlərdə 18 yaşında şəhid olmuşdu. Ağcabədi rayonu, Avşar kəndində dəfn olunub.

Ramilə xanım deyir ki, İlkin çox vətənpərvər idi, həmişə arzusu torpaqlarımıza qayıtmaq idi, döyüşə getmək istəyirdi. Müharibəyə könüllü yazılmışdı, hərbi xidmətdən bir il olardı gəlmişdi. Könüllü olaraq müharibəyə yazılmağından evdə heç birimizin xəbəri yox idi. Biləndə çox ağladım, "Evin tək oğlusan, bizi qoyub hara gedirsən deyə?" Deyirdi ki, "Ana, biz getməsək, biz döyüşməsək, Vətəni kim qoruyacaq, kim düşmənlə vuruşacaq?!" Məni həmişə tələsdirərdi ki, ana, məni evləndir, balama qismət olmadı toy... (Red: ağlayır) 

Şəhidimizin anası İskəndərova Ramilə xanım deyir ki, sentyabrın 21-i saat 8-də balam İlkini yola saldıq getdi. Heç birimizlə görüşmədi, mən onda işləyirdim. Qızımın yoldaşı Elşən zəng etdi ki, xala, İlkin getdi müharibəyə. İnana bilmədim, ailədə heç birimizlə görüşmədən sevincək getdi. Sentyabrın 25-i İlkinlə "N" saylı hərbi hissədə görüşdük, bir həftəlik təlimdən sonra ön cəbhəyə gedəcəkdilər. Balam çox sevinirdi, dedi ana, narahat olma, sizdən xahişim sadəcə şirniyyat göndərərsiniz mənə... (Red: ağlayır).

Hər gün danışırdıq, 24 oktyabrda mənə son sözü bu oldu, “Ana, Vətənə catmışıq, tezliklə siz də gələrsiniz!” Hamı ilə danışdı və özünüzdən muğayat olun dedi. Döyüşlərdəki fəal iştirakına görə "çavuş" rütbəsini almışdı. Cəbrayıl istiqamətində gedən döyüşlərdə 24-dən 25-nə keçən gecə saat üç radələrində yaralanan balam, 10:15-də şəhadətə qovuşub... (Red: ağlayır)

Şəhidimizin anası İskəndərova Ramilə xanım deyir ki, həmişə saat 9-da bizə zəng edərdi, həmin  gün balamdan zəng gəlmədi. Şəhidin dayısı Həsənov Elnur Yaşasın oğlu ard-arda İlkinin nömrəsinə yığanda şəhid xəbərini birinci ona veriblər. Sonra isə qardaşım Elnur yoldaşıma xəbər verərək deyib ki, "Gözün aydın, ata, oğlun İlkin Şəhid olub!"

Şəhidimizin anası İskəndərova Ramilə xanım deyir ki, İlkinin şəhid olduğunu məndən gizlətdilər. Qaynım İskəndərov Fikrət Nüsrət oğlu zəng etdi ki, narahat olmayın, yaralıdır, İlkini Sumqayıta gətirirlər. Hamı yaşadığımız binanın qarşısına toplaşırdı. Saat 4-ə kimi aldatdılar ki, balam yaralıdı, sağalacaq. Bayraq gələndən sonra bildim ki, balam şəhid olub... (Red: ağlayır)

Ramilə xanım deyir ki, şəhid çavuş İlkinin yaşadığı Sumqayıt şəhəri, 12 mikrorayon, Qaçqınlar şəhərciyində adına ailənin şəxsi vəsaiti hesabına tikilmiş şəhid bulağı, 8-ci blokda isə barelyefi var. Təhsil aldığı Qubadlı rayonu, Kavkadıq kənd məktəbində sinif otaqlarının birinə isə şəhidimizin adı verilib.

Şəhidimiz çavuş İlkin İskəndərovun ailəsi yekun olaraq, şəhid ailələrinə Allahdan səbr, bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayırlar. Şəhidimizin anası İskəndərova Ramilə xanım deyir ki, Allah Vətənimizi, xalqımızı, bizi səngərdə qoruyan bütün balalarımızı qorusun! Allah analara, atalara bir daha şəhid xəbəri almağı nəsib etməsin!

Azərbaycan Ordusunun çavuşu olan İlkin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin İsgəndərov oktyabrın 25-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
 
44 günlük Vətən müharibəsində  göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlkin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlkin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 
 
Ruhun şad olsun, Vətən fədaisi, Vətən oğlu!


Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
müstəqil araşdırmaçı jurnalist Günel Şəmilzadə

Əlaqə: [email protected] 

 





31.08.2023    çap et  çap et