|
|
|
|
Müsəllim Həsənov, jurnalist:
- Bilirdinizmi ki, 1968-ci ildə ermənilər Yerevan şəhərinin 2750 (!!!) illiyini bayram ediblər?
Bəli, rəsmi bayram ediblər!
Bu günlərdə gənc dostumuz Orxan Məmmədli Rusiyanın hansısa kanalında "Şən və hazırcavablar"ın bu mövzuya toxunmasını ermənilərlə ən yaxşı məzələnmə nümunəsi hesab etmişdi.
Əslində isə belə bir uydurma bayram olub.
...Guya 1879-cu ildə İrəvanda əkin zamanı bir daş tapılır... Daşın üstündə isə həmişəki kimi "qədim yazı".
1950-ci ildə həmin daş, guya oxunur:
"...Arkişti Menuayın oğlu bu qalanı 10100 daşdan tikmişdir" və s.
Bununla da ermənilər öz paytaxtlarının 2750 il əvvəl tikildiyini "sübut" edirlər.
Yəni bu şəhər hətta Romadan da qədimdir!
Belə bir uydurma yubileyin keçirilməsi üçün ermənilər Moskvaya - Sov.İKP MK-yə 1967-ci ildə müraciət eirlər. Bu müraciətə Sov.İKP MK katibliyinin avqustun 29-da keçirilən iclasında baxılır. Ermənilər bu "yubileyə" xaricdən nümayəndələr də dəvət etmək istəyir. Katibliyin iclasında Mərkəzi Komitənin katibi Kirilenko etiraz edir. Deyir ki, xariciləri çağırmağa ehtiyac yoxdur. SSRİ "KQB"sinin sədri Andropov bildirir ki, məncə, bu tədbir daha çox internasional xarakter daşımalıdır. Tədbirə SSRİ xalqlarının nümayəndələri, o cümlədən, Azərbaycan SSR-dən nümayəndələr dəvət olunmalıdır. Demiçev isə əksini deyir: on minlərlə erməni dünyaya səpələnib, yaxşı olardı ki, onların nümayəndələri də dəvət edilsin. Beləcə, Moskva daha bir yalançı erməni tarixinə yaşıl işıq yandırır. Nə İrəvan xanlığı xatırlanır, nə də Rusiya-İran müharibələri... Və 68-ci ilin oktyabrında ermənilər bayram edirlər. Oktyabrın 16-da Ermənistan Elmlər Akademiyası bu saxta tarixlə bağlı elmi sessiya keçirir. Oktyabrın 19-da Opera və Balet Teatrında təntənəli yığıncaq keçirilir - "Yerevan -2750" şüarı ilə! Erməni alimləri alovlu nitqlər söyləyir. Oktyabrın 20-də isə respublika stadionunda ümumxalq şənliyi təşkil olunur. Saxta tarixi əks etdirən Yerevan muzeyi açılır. "Sovet Ermənistanı" qəzeti yazır ki, "Yerevan 2750 yaşındadır. Ermənistanın bu gözəl paytaxtı qədim Romadan qocadır".
Hətta Azərbaycan şairləri də bu "tarixə" şeir yazır, mahnı qoşurlar...
P.S. Məlumat üçün deyək ki, bu barədə sənədlər Rusiyanın Ən Yeni Tarix Arxivində saxlanılır...
O ki qaldı bu "tarixə" şeir yazan, mahnı qoşan həmyerlilərimizə... Arxiv sənədləri o adları da saxlayır. Amma biz adını demirik, eldən ayıbdır...
Qismət Rüstəmov, şair:
- Mədəniyyət Nazirliyində sentyabrın 1-də başlayacaq Azərbaycan dili və Ədəbiyyatı Forumunun iştirakçıları ilə görüş keçirildi. İlk dəfədir ki, bir nazirin çıxışında XXI əsrdə Azərbaycan mədəniyyətinin yaxın gələcəkdəki perspektivləri ilə bağlı konkret yol xəritəsinin olmasını, bu planı genişləndirmək, cilalamaq təəssübünü, cari, quş qoymaq üçün keçirilən tədbirlərdən sıyrılıb həqiqi, dünya mədəniyyətinin dilində danışan layihələr həyata keçirmək istəyini gördüm. Şəxsən özüm səsləndirmək istədiyim, əvvəldən yazıb fikrimdə tutduğum çağdaş mədəniyyətlə bağlı bəzi açar məqamlar var ki, nazir Adil Kərimli onları hamıdan qabaq elə özü səsləndirdi. Mən bu adekvat və səmimi münasibəti mədəniyyətimizlə bağlı yaxın gələcəkdə görüləcək böyük işlərin anonsu kimi oxudum.
Dilqəm Əhməd, jurnalist:
- Fransa və Almaniyanın üzərimizə hücuma keçdiyi bir məqamda Gündüz Ağayevin karikaturasını gördüm. Təəccübləndiyimi demək fikrindən uzağam. Özü bilər nə çəkər.
Sadəcə gənclərə bir tövsiyəm var. Mən vətənləri işğal altında olan kəslərin mühacirətdə nəşr etdikləri jurnallardakı materialların 90 faizini oxumuşam. Bu yazılarda bir tərəfdən işğalla mübarizə var, digər tərəfdən ideoloji mücadilə var. Amma jurnalların həmişə son səhifələrində bolşevik Azərbaycanında olan tarixi, mədəni müsbət hadisələr barədə davamlı material da verilib. Məsələn, filankəsin kitabı çıxdı, arxeoloji qazıntılarda nələr tapıldı, universitetlərdən nə qədər məzun oldu və s.
Yəni işğaldakı ölkələrində müsbət bir hadisəni yazmaqdan çəkinməyiblər.
İndi Xankəndinə humanitar yardım daşımağı məsxərəyə qoymağın adı nədir?
Hələ işçilərinə qarşı repressiya edən, onları işdən qovan radionun bəh-bəhlə paylaşmasının adı nədir?
Bu nədirsə, başqa bir şeydir.
Sahib Məmmədov, siyasətçi:
- Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır? Tanıyırsa, gərək əvvəlcə sürücülər və yükləri müşayiət edənlər viza alardı. Viza olmadan Azərbaycan ərazilərinə necə daxil olacaqlar? Lap elə Ağdam-Xankəndi yolundan keçəsi olsalar belə, viza lazımdır axı.
Asif Nərimanlı, jurnalist:
- Azərbaycan Ağdam-Xankəndi marşrutu açıldığı halda Laçın yolundan da yüklərin daşınmasına icazə verəcək: postdan mülki əhali ilə yanaşı, yüklər də keçəcək və hər iki marşrut - Ağdam və Laçın paralel şəkildə işləyəcək.
Bu məsələ müəyyən suallar yaradır, xüsusilə Bakı niyə buna razılaşır, ümumiyyətlə buna ehtiyac varmı?
Azərbaycan öz suveren ərazisində istədiyi addımı atmaq haqqına sahibdir, lakin mövcud reallıqda nəticə əldə etməyin yolu müəyyən gedişlərin edilməsini də tələb edir. Və bu, Ağdam yolunu işlək vəziyyətə salmaq üçün Laçın yolundan yüklərin buraxılmasına razılaşmaqdan ibarətdir.
Xankəndinə yüklərin Ağdam marşrutundan daşınmasını praktiki olaraq iki qüvvə həyata keçirə bilər: biri Beynəlxalq Qırmızı Xaç Komitəsidir (BQXK), digəri Rusiya sülhməramlıları; BQXK bunu etməkdən imtina edir, hərçənd, rusların bölgədəki rolu fonunda istəsə belə, nəticə əldə etməsi çətin görünür.
Mövcud vəziyyətdə Ağdamdan Xankəndinə yüklərin çatdırılmasını Rusiya sülhməramlıları həyata keçirə bilər. Ruslar bunun qarşılığında Bakıdan Laçın postundan da yüklərin keçidinə icazə verilməsini istəyir, çünki bu məsələ ermənilərin istəyindən daha çox, artıq regional mübarizənin bir hissəsinə çevrilib. Fransanın timsalında bölgəyə müdaxilə etmək istəyən tərəflərin Laçın yolu ətrafındakı manevrləri də bunu deməyə əsas verir. Rusiya Laçın yolundan yüklərin keçidinə nail olarsa, başda Fransa olmaqla bölgəyə praktiki müdaxiləyə cəhd edən tərəfləri önünü kəsə biləcəyini hesab edir.
Beynəlxalq oyunçuların toqquşması fonunda Bakının qarşısında iki qüvvə var: Ağdam marşrutuna qarşı çıxan, nəinki Laçın yolundan yüklərin keçidinə, hətta "Laçın dəhlizi"nin bərpasına nail olmağa çalışan Fransa və Ağdam və Laçın yollarının paralel açılmasına razılaşan Rusiya.
Azərbaycan hədəfinə nail olmaq üçün bu qüvvədən biri ilə - Rusiya ilə razılaşır:
Birincisi, Ağdam marşrutunu işlək vəziyyətə gətirmək və yardımları Xankəndinə çatdırmaq;
İkincisi, Fransanın praktiki mərhələdə də qarşısını almaq, oyundan uzaqlaşdırmaq;
Üçüncüsü, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq müstəvidə Azərbaycana qarşı atılacaq addımların önün kəsmək.
Rusiya sülhməramlıları Ağdam yolunda gözləyən humanitar yardımın Xankəndinə daşınması ilə bağlı danışıqlar aparır, yəni artıq nəticənin əldə edilməsi istiqamətində müəyyən addımlar var.
Ağdam marşrutunun işə düşməsi niyə önəmlidir?
Birincisi, bunun qarşılığında Laçından da yüklərin keçidinə icazə verilsə belə, Azərbaycan məhsullarının bu marşrut üzrə daşınması Xankəndinə praktiki olaraq daxil olmağımız deməkdir;
İkincisi, beynəlxalq müstəvidə aparılan "Qarabağda humanitar fəlakət" kampaniyası mənasızlaşacaq;
Üçüncüsü, Azərbaycan məhsullarının erməni əhalisinə çatdırılması reinteqrasiya prosesində önəmli addım olacaq;
Dördüncüsü, bu marşrutun işlək vəziyyətə gətirilməsinin ardınca BQXK-nin Xankəndindəki ofisinin İrəvan yox, Bakı nümayəndəliyinə tabe olması və erməni əhalisinin Azərbaycan xəstəxanalarında müalicə seçimi də gündəmə gələcək;
Beşincisi, Laçın sərhəd-keçid məntəqəsi bu yoldan daşınan yüklərə nəzarət və daşımalara müəyyən məhdudiyyətlərin qoyulması imkanı verir: beləliklə, əsas təminatın tədricən Ağdam yoluna transfer edilməsi perspektivi mövcuddur.
Lakin bunun üçün ilk öncə Ağdam-Xankəndi marşrutundan yüklərin keçidinə nail olmaq lazımdır. Ki, mövcud şərtlərdə Rusiyanın "Laçın yolu" istəyinə şərait yaratmaqla bunu edə bilərik. Və bu məsələyə Laçın yolunda sərhəd-keçid məntəqəmizin olduğu, Azərbaycan sərhədçiləri və gömrükçülərinin orada hər şey şeyə nəzarət etdiyi reallığı fonunda yanaşmaq lazımdır.
Xaqani Səfəroğlu, jurnalist:
- Xankəndində bu gün "Dağlıq Qarabağın rus icması"nın toplantısı keçirilib. "Dağlıq Qarabağ Respublikasının ağır günüdür" deyə müraciətində deyib. Hələ üstəlik, Rusiya Pravoslav Kilsəsi adından xeyir-dua səslənib.
Bu nə icmadır? Nə mesajdır?
İcma başçısının adı Aleksandr Bordovdur.
Hardan gəlib Xankəndinə düşüb??
"Rus icması" kartını oynamaq istəyənlər deyəsən, vəziyyətin fərqində deyillər.
Mir Səməd, bloger:
- Jan Pol Belmondonun çəkildiyi film var, "Professional".
Yəqin çoxumuz baxmışıq, hələ SSRİ dövründə sovet kino prokatına buraxılmışdı. Bu filmdə, dahi bəstəkar Ennio Morikonenin şedevr musiqisi səslənir. Dəhşət gözəl bəstədir, hətta cürət edib deyərdim ki, musiqi filmdən də gözəldir, daha mükəmməl bir ekran əsərinə yaraşan musiqidir.
Ancaq sözüm musiqi barədə deyil.
1981-ci ildə çəkilən film boyevikdir, əslində isə sanki Fransanın xarici siyasətini, ələlxüsus Afrika ölkələrinə münasibətini çılpaqlığı ilə açıb ortaya qoyur.
Təbii sərvətlərini mənimsəmək, buna etiraz edəni aradan götürmək, diktatorla anlaşandan sonra, onunla dostluq etmək...
Uşaq vaxtı mənə bu filmin boyevik səhnələri xoş gəlirdi. Bu dəfə yenidən izləyəndə, tam başqa spektrdən açıldı mənə...
Fransanın xarici siyasətini anlamaq üçün əla vəsaitdir, tövsiyə edirəm.