525.Az

“Azərbaycan” qəzeti “mışdır, mişdir” şəkilçisindən imtina etməyəcək”


 

“Azərbaycan” qəzeti  “mışdır, mişdir” şəkilçisindən imtina etməyəcək”<b style="color:red"></b>

“Azərbaycan dilinin qrammatikası, qayda-qanunları var və biz bu qaydaları orta məktəbdən başlayaraq ali məktəb də daxil olmaqla sistemli şəkildə keçirik və öyrənirik. Qrammatikaya görə şühudi keçmiş və nəqli keçmiş zaman var. Şühudi keçmiş ıb, ib, ub, üb, nəqli keçmiş mış, miş, muş, müş-dür. Müəllif əgər orada iştirak etməyibsə, hadisənin içində olmayıbsa, mış deyirsənsə, nəqli keçmiş zaman olur. Müəllif orada iştirak edibsə, tutaq ki reportaj verirsə, artıq bu şühudi keçmiş zaman olur, yəni içində olduğu hadisələrdən yazır. Yəni hər şəkilçinin öz yeri var”.

Bunu Modern.az-a açıqlamasında “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “mışdır”, “mişdir” şəkilçiləriin “Azərbaycan” qəzetində istifadəsinə münasibət bildirərkən deyib. O, AzərTAc-ın və prezident.gov.az-ın  “mışdır”, “mişdir” şəkilçilərindən imtina etməsinin “Azərbaycan” qəzetinin qərarına təsir etməyəcəyini bildirib:

““Azərbaycan” qəzeti dəblə getmir. Kim harda hansı qərarı qəbul edir, öz işidir. Biz hamının qərarına hörmətlə yanaşırıq, amma dilimizin də qayda-qanunlarına hörmətlə yanaşırıq. Ona görə də biz yeri gələndə o şəkilçilərdən istifadə edəcəyik. Jurnalist kimi öz yazımda da bu qaydaya əməl edirəm. Dildə gedən proseslər həm müddətlidir, həm də bu əmrlə, qərarla həll olunmur.

Hər-halda bu, mənim dövrümdə olmayacaq. Ancaq ola bilər ki, nə vaxtsa “mışdır”  şəkilçisi ləğv oluna, yəni praktiki olaraq danışıqda işlənməyə bilər. O da mümkün deyil. Nağıllarımız necə başlayır: biri varmış, biri yoxmuş. Bunun şirinliyini necə edək, şifahi xalq ədəbiyyatından imtina edək? Ona görə də biz hələ öz yolumuzla- qrammatikada bizə öyrədilən şəkilçilərin tətbiqi yolu ilə gedəcəyik”.

 





13.08.2014    çap et  çap et